Kənan Hacı yazır
Nənəbaba
Hər dəfə kəndə gedəndə dost-tanışdan soruşuram:
- Ölüb-itən olmayıb ki?
Və hər dəfə də qüssəli cavablar eşidirəm...
“Saranın oğlu Əbdül türmədə öldü”.
“Məşədinin qardaşını toy axşamında bıçaqladılar, yazığı xəstəxanaya çatdırınca yolda keçindi...”
“Həcini tanıyırdın da, Zərbəlinin qardaşı... Avariya düşdü, düz yolda maşını sürüşüb ağaca çırpılıb. Özü də evlərinə vur-tut əlli metr qalmış... Əcələ bax daa...”
Hər dəfə qohum-əqrəbadan zəng gələndə ürəyim qopur ki, görəsən kimin qapısında vay düşüb...
Allah saxlamışlar adamı ya xeyir iş olanda yada salırlar, ya da Əzrayıl gələndən-gələnə.
Amma çox vaxt telefon zəngi ölüm xəbərləriylə qulağımı sancır və içim göynəyir... Heminqueyin “Əcəl zəngi” romanının epiqrafını xatırlayırsınız?
“...hər insanın ölümü eləcə də mənim ömrümü qısaldır, çünki mən bəşəriyyətlə vəhdətdəyəm, ona görə kilsə zənginin harayını eşitsən, heç vaxt soruşma ki, kimdir dünyadan köçən? Sənsən dünyadan köçən”.
İlk dəfə bu cümlələri oxuyanda necə sarsıldığımı xatırlayıram. Başın yaşamağa qarışdığı bir vaxtda bu amansız həqiqət yumruq kimi sinənə dəyir. Başını qaldırıb dörd dövrənə nəzər salırsan və görürsən ki, gözünü açıb tanıdığın insanlar izsiz-tozsuz bu dünyadan köçünü çəkib gediblər... Və bu insanlar sənin keçmişindi. Daha onlar yoxdular... Güzgüyə baxırsan və görürsən ki, artıq qırışlar sənin də alnını biçib-töküb. Daha gənc deyilsən... İnkişaf geriyə doğrudur...
Nəcəfqulunun ölümünü eşidəndə möhkəm sarsıldım. Son vaxtlar möhkəm sınıxmışdı. Amma bu tezliklə öləcəyinə heç inanmazdım...
Onu kənddə heç kim adıyla çağırmırdı. Fiziki cəhətdən qüsurlu idi, bir gözü də çəp idi. Cəmi ikicə sözü (onu da çətinliklə) düz-əməlli tələffüz edə bilirdi. Nənə, baba. Bu səbəbdən hər kəsə ayama qoşmaqdan ötrü sinov gedən kənd camaatı onun da “qaşqa”sına bu adı yapışdırmışdılar: Nənəbaba.
Nənəbaba iş qabiliyyətinə malik deyildi deyin, onu elə bu kənd camaatı dolandırırdı. Kim görürdüsə, cibinə beşdən-üçdən basırdı. Qışda həmişə qaloş geyinirdi, yayda isə dabanları getmiş köhnə ayaqqabıyla kəndin tozlu yolunda dolaşırdı. Bir də görürdün ki, kimsə yüngülcə qoluna toxundu. Çönüb baxırdın ki, Nənəbabadı, həmişə olduğu kimi, boynunu büküb dayanıb, baş barmağını şəhadət barmağına sürtürdü. Yəni pul ver. Kimsə çiynini çəkib deyəndə ki, pul yoxdu, onda Nənəbaba əlini yelləyib deyirdi:
-Eee, aaala, aaala!...
Yəni elə həmişə ağlayırsan ki, pul yoxdur.
Nənəbaba pulu neynirdi ki? Yeməyini-içməyini evdə verirdilər, pul ona siqaret və araq üçün lazım idi.
Nənəbabanın “sezon”u bir də payız toylarında başlayırdı. Onda pulu çox olurdu və baxırdın ki, yerlə-göylə əlləşə-əlləşə gedir. Nənəbaba mağar toylarının yaraşığı idi. Elə ki, sərpayı onu hardansa tapıb sürüyə-sürüyə gətirib mağarın içinə itələyirdi, kənarda, künc-bucaqda dayanıb siqaret çəkən, arağın “kayf”ını tutan kənd cayılları bir anda içəri comalaşırdı. Hamı, uşaqdan-böyüyə Nənəbabanın tamaşasına dururdu. Musiqiçilər onunçün xüsusi hava başlayırdılar və hansı havadan hansı havaya keçmək lazım olduğunu da bilirdilər. Nənəbaba toyxanada akrobat cəldliyilə fırlanırdı və mağarın o başıyla bu başını ölçə-ölçə şövqlə oynayırdı. Onda Nənəbabanın kirli şalvarının cibləri pulla dolub-daşırdı. Belə axşamlarda Nənəbaba xoşbəxt olurdu.
Onu kəndin hər yerində görmək olardı. Harda hüzr məclisidi, harda toyaxşamıdı, kimin qırxı, ili nə vaxt veriləcək, Nənəbaba bütün bunları dəqiq bilirdi. Dəniz kənarındakı məşhur kababxanada yeyib-içənlər yaxınlıqda Nənəbabanı görüncə mütləq çağırıb yüz qram araq payını verirdilər və kababın yağlı tikəsindən seçib bir dilim çörəklə birgə onunçün qoyurdular ki, yesin. Nənəbabanın məmnun baxışlarını görəndə yedikləri canlarına yatırdı.
Həmişə Nənəbabanı görəndə cibinə pul basırdım, ona görə məni uzaqdan görüncə yanıma qaçırdı. Bu dəfə də gözü məni aldı. Möhkəm dilxor idim, içmək istəyirdim, cibişdanda da boşluq... Fikirləşdim ki, bu da bu yandan çıxdı...
Nənəbaba qırğı kimi başımın üstünü aldı. Məyus-məyus üzünə baxıb dedim:
-Bu dəfə yanında üzüqarayam...
Əlini boğazına aparıb çırtmaladı, belə edəndə bilirdim ki, vurmaq istəyir.
- Vallah, yoxumdu...- dedim.
Əsəbi şəkildə - eeee, - elədi,- yo eee! - Gördüm ki, qoluma girib məni kafeyə tərəf dartır. İşə düşdük də. Bunu necə başa salım ki, vəziyyət qəlizdi?
Bu vaxt gözləmədiyim bir hadisə baş verdi. Nənəbaba böyümüş və əsəbi gözləriylə üzümə baxa-baxa cibindən bir qom pul çıxarıb mənə göstərdi və əlini sinəsinə döyəclədi. Əl hərəkətləriylə başa saldı ki, pulu var, sadəcə, mənimlə yeyib-içmək istəyir.
Dünyanın işinə bax... Qəsəbənin şəhərə gedən yolunun kənarında dayanıb düşünürdüm ki, bir Allah bəndəsi tapılmır, oturub onunla dərdləşəsən... Hm, bu da Allah bəndəsi!
Nənəbaba mənə qonaqlıq verirdi və mən onun dediyi anlaşılmaz sözləri sağlıq kimi qəbul edib içirdim... Onun üzündən cibi dolu vaxtlarda olduğu kimi, xoşbəxtlik yağırdı. Arada kababı dişinə çəkə-çəkə çəp nəzərləriylə üzümə baxıb gülürdü.
- Nənəbaba, beş günlük dünyadı, ye-iç, kef elə!- dedim.
- Əəəəə, - Nənəbaba başıyla mənim “düşük fəlsəfə”mi təsdiqlədi və stəkanıma yüz süzdü.
O vaxtdan bir daha Nənəbabanı görmədim. O gün uşaqlıq dostum Sahiblə doğmaların məzarını ziyarətə getmişdim. Qəbiristanlığın cığırına düşüb gedirdim, təzə qəbirlərdən biri diqqətimi çəkdi, ayaq saxladım. Qəbrin ölçüsü çox kiçik idi, düşündüm ki, burda yatan yəqin uşaq olar.
Sahib: - Nənəbabanın qəbridi, -dedi.
Nənəbaba bu fani dünyada uşaq ömrü yaşadı, heç vaxt böyümədi...