Əsl bilik xəzinəsi – Kamal Abdulla yazır...

Əsl bilik xəzinəsi – <span style="color:red;">Kamal Abdulla yazır...
29 iyun 2018
# 11:45

Kulis.az akademik Kamal Abdullanın yeni çap olunan “Azərbaycan tərcümə ensiklopediyası” kitabına yazdığı ön sözü təqdim edir.

Qardaş ədəbiyyatların çiçəklənməsi və yaxınlaşması nın çoxcəhətli proseslərində qarşılıqlı tərcümələr getdikcə daha böyük rol oynayır. Bu, milli mədəniyyətlərin qarşılıqlı öyrənilməsi və zənginləşməsinin böyük ictima-siyasi əhəmiyyətə malik qüdrətli vasitəsidir. Qeyd etmək lazımdır ki, bu sahədə respublikada az iş görülməyib... Lakin bu sahədə indiyədək həll olunmamış problemlər də az deyildir. Mən ən əvvəl bu işdə kortəbii axın elementləri olduğuna diqqəti cəlb etmək istəyirəm. Nəşriyyatlarda dünya və rus klassikasının, sovet ədəbiyyatı əsərlərinin seçilib Azərbaycan dilində nəşr edilməsi üçün dərin düşünülmüş, uzunmüddətli fəaliyyət planı tərtib olunmamışdır. Yüksəkixtisaslı tərcüməçi kadrları çatmır. Yeri gəlmişkən qeyd edək ki, indiyədək heç kəs yüksəkixtisaslı professional tərcüməçilər hazırlamaq və bunları təkmilləşdirmək işini təşkil etməyə ciddi təşəbbüs göstərməmişdir. Bizdə olan tərcüməçi qüvvələri isə hələ də pərakəndə haldadır. Bədii tərcümələrin keyfiyyəti problemi ciddi problem olaraq qalmaqdadır.

Ulu Öndər Heydər Əliyevin

Azərbaycan Yazıçılar Birliyinin

VII qurultayındakı nitqindən (12 iyun 1981-ci il)

İlk dəfə olaraq “Azərbaycan tərcümə ensiklopediyası” adlı monumental tədqiqat əsəri oxucuya təqdim edilir. Ensiklopediya tərcümənin fəlsəfi əsaslarını, predmet və problemlərini, Azərbaycanda tərcümə tarixinin mühüm nöqtələrini, nəzəri-praktik məsələlərini və ən əsası, personaliyaları əhatə edir.

Azərbaycan tərcüməşünaslığının zəngin tarixi var. XIV əsrdə dini əsərlərin, sülalələr haqqında təzkirələrin sətiraltı, mətni, xüsusilə də, sərbəst tərcümələrindən başlayaraq daha sonralar(XIX əsrdə) püxtələşmiş ədəbi cərəyanlara aid bədii nümunələrin – şeirlərin, təmsillərin, pyeslərin, romanların tərcüməsinə qədər yaradılan nadir nümunələr, nəhayət etibarilə, tərcüməçiliyin son dərəcə maraqlı və faydalı ədəbi-bədii peşəyə çevirilməsini şərtləndirmişdir.

Eyni zamanda tərcüməçilik anlayışını birtərəfli qəbul etmək də doğru olmazdı. Azərbaycan dilinə tərcümələrlə yanaşı, əlbəttə ki, daha sonrakı dövrlərdə, Azərbaycan dilindən başqa dillərə edilən tərcümələrin də önəmini vurğulamaq vacibdir. Hər iki istiqamət üzrə həyata keçirilən fəaliyyət bu fundamental əsərdə öz təsvirini tapmışdır. Kitabın xüsusi dəyəri həm də bununla müəyyənləşdirilə bilər.

Ümid edirəm ki, Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı heç bir vacib şəxs, heç bir əhəmiyyətli əsər bu kitabda unudulmamışdır. Bəlkə bəziləri barədə daha dolğun məlumat olmadığından onlar haqqında xəbər növbəti nəşrlərə qaldı. Eyni zamanda tərcüməşünaslığın ən əsas şaxə və istiqamətləri barədə də kitab özündə dəyərli informasiya qoruyub saxlayır. Sevindirici haldır ki, uzun illərin zəhməti boşa getməmişdir. Bu fundamental əsərin ərsəyə gəlməsində zəhməti olanların sayı çoxdur. Mənim müxtəlif universitetlərdən olan tələbələrimin, magistrlərimin, sayı xeylidir. Bu şərəfli işdə bizimlə əməkdaşlıq edən alimlərə, mütəxəssislərə xüsusi təşəkkür edirəm.

Tərcümə mədəniyyətimizin bariz göstəricisi olan bu əsər dünyanı daha yaxşı tanımağın, özünü dünyaya daha ləyaqətlə təqdim etməyin möhtəşəm üsuludur. Tərcümə bir mədəniyyətin təzahürü deyil, ən azı iki mədəniyyətin qovuşduğu məqamdır, əsl multikultural reallıqdır. Və belə bir multikultural reallıq Azərbaycanda ümumi multikultural mənzərənin ən vacib komponentlərindəndir.

“Azərbaycan tərcümə ensiklopediyası” kitabı illərin yadigarıdır. Həm müəlliflər və tərtibçilər, həm redaktorlar, həm də texniki redaktorlar və korrektorlar onlara təklif edilən sxemi canlandırmaq işində çox böyük zəhmət çəkiblər. Əlbəttə ki, tərcümə prosesi daum təzələnən, genişlənən prosesdir. Nə qədər ümidli olsaq da, anlamalıyıq ki, bu kitaba düşməyən əsər və müəllif adları da ola bilər və bu təbiidir. Amma o da var ki, tərcümə ensiklopediyası da birdəfəlik, ilk və axırıncı təşəbbüs deyil. Ensiklopediyanın daha təkmil və dolğun variantları yenə də yaranacaq. Bu da təbiidir. İlk təşəbbüs layiqli başlanğıc olsa, missiya yerinə yetirildi, deməli.

Kitabın təkcə tərcüməçilər və bu sahə ilə maraqlananlar üçün deyil, eyni zamanda filoloqlar və yazarlar üçün də xüsusi intellektual faydası olacaq qənaətindəyəm. Gənc ədəbiyyatşünaslar, fikrimcə, ondan yetərincə faydalanacaqlar. Belə ki, ensiklopediyanın nəzəri və praktik hissələri, personalilər yerinə yetirilən, yetirilməkdə olan elmi işlər üçün son dərəcə ciddi və möhkəm faktoloji, həm də nəzəri bünövrədir.

Ensiklopediya yazmaq maraqlı olduğu qədər şərəfli işdir. Bu kitab bir çoxuna ömürlük yoldaş olacaq. Onun vasitəsilə yeni-yeni ədəbiyyat üfüqləri görünəcək. Yeni adlar, yeni əsərlər... Köhnə adların yeni oxunuşu... Görünən və görünməyən genişliklər, dərinliklər...

Hər bir ensiklopediya kimi “Azərbaycan tərcümə ensiklopediyası” da əsl bilik xəzinəsi kimi yarandı. Qiymətini minnətdar oxucu əlbəttə ki, verəcək.

Kamal Abdulla,

AMEA-nın hqəqiqi üzvü,

Azərbaycan Dillər Universitetinin rektoru

# 3326 dəfə oxunub

Müəllifin son yazıları

# # #