Şeirimizdə yeni intonasiya – İradə Musayeva yazır

Şeirimizdə yeni intonasiya – <span style="color:red;">İradə Musayeva yazır
24 oktyabr 2016
# 13:18

Kulis.az İradə Musayevanın “Şeirimizdə yeni səs...” adlı məqaləsini təqdim edir.

(Orxan Bahadursoyun şeirləri haqqında)

Şeirdən, poeziyadan, poetik ovqatın inikasından danışanda adətən, təsəvvürümüzdə sadəcə ruhi, abstrakt, mücərrəd, qeyri-real mənzərələr yaratmaq lazım olduğunu düşünürük. Halbuki əsil poeziya mücərrəd deyil, baş verən, olan, yaşanan, real bir durumun poetik şəklidir. Hansı şair ki yaşamadığından, duymadığından, ağrımadığı, sevinmədiyi bir hadisədən, mənzərədən, detaldan yazır, o saxtakardır. Nasir və dramaturq da həmçinin... Hətta əgər şair hecada düşünüb, bir şeir səhnəsini əruzda ya sərbəstdə ifadə edirsə, onu da saxtakarlıq kimi qəbul edirəm. Bu gün şeirimiz gülə-gülə ağlaşmadan yazan şairlərlə doludur. Portretlərindəki simalarına baxanda belə bu qeyri-səmimilik açıqca hiss olunur...

Hər düşüncə tərzinin öz forması, geyimi (vəzni və s) var. Məsələn, mən əsil sərbəst şeiri oxuyarkən müəllifin şeir yazma anındakı “sərbəst ovqatını” hiss edirəm. Başqa vəznlərdə də həmçinin... Vəznin, qafiyənin, bölgünün, hətta həcmin belə diktəsi var oxucuya.

Bu yaxınlarda Orxan Bahadursoy adlı gənc bir şairin şeirlərini oxudum. Yeni, fərqli ifadə tərzi və intonasiyalı poetik səs... Hecada və sərbəstdə yazdığı şeirləri ilə çağdaş poeziyamızın həmin vəznlərinə yeni ritm, intonasiya rəngi qata bilib. Şair kimi yaşantının həm də şair kimi ərzi... Qələmə və qələmdən də kağıza gələnə qədər ən az itki ilə şeirləşən hadisələr, yaşantılar, hiss və duyğuların, şeir kimi durumların zövqünü yaşadıq. Onun poeziyasında sürətli poetik nitq həm də musiqisini yaradır şeirləşmə məqamında:

Yenə mən, yenə gecə,
yenə təkəm, bilirsən...
Bəlkə çıxıb gələsən
yanıma, nə deyirsən?

Təklik də bahalaşıb -
şərab, siqaret baha...
Gecəni tək keçirsəm,
pulum qalmaz sabaha.

Gəl, qapım da açıqdır,
heç döyməsən də olar.
Qapını açıq qoyur
bütün tənha adamlar.

Gəl, bir başına dönüm,
haçandı pir gəzirəm.
Uzan, qollarını aç,
ölməyə yer gəzirəm.

Gəl, heç sarılma mənə,
əlimi tut, eybi yox.
Gəl, bu gecə dərdləşək,
sonra unut, eybi yox...

Orxanın uğurlu şeir yaradıcısı olmasının bir əsas səbəbi də yeni poetik deyimlər formalaşdıra bilməsindədir. Bu şeirdə “Təklik də bahalaşıb”, “Qapını açıq qoyur bütün tənha adamlar”, “Gəl, bir başına dönüm, haçandı pir gəzirəm”, “Uzan, qollarını aç, ölməyə yer gəzirəm” – kimi misralar artıq düşüncəmizdə özünə yer elədi. Həm də qəribə sevgi münasibəti var onun şeirlərində. Saymazyana əda ilə sevgilisini səsləyən, etinasız görünən aşiq (Gəl, heç sarılma mənə, əlimi tut, eybi yox. Gəl, bu gecə dərdləşək, sonra unut, eybi yox...) əslində sevgilisini “pir” bilir və “gəl başına dönüm” deyimindəki doğmalığa qədər səmimidir. Onun poetik dünyasında klassik şairlərin təkliyindən fərqli bir Təklik obrazı var. Hətta, sevgilisinin surəti onun otağında, xəyalında dolaşanda məcnunsayaq bir irad da çıxır ortaya- Gəlib təkliyimin sükutunu pozma! Bu Təkliyin mahiyyətində elə bir böyüklük, genişlik var ki, orda əsil sevgi və sevgili də tapmaq olar. Və sükutun içərisində bütün bunlar daha gözəl görünür. Ona görə də bu anlamda qəbul edək ki, müəllif deyir: sən onsuz da təkliyimin sükutunda və mənim yanımda, canımdasan. Xəyalını tez-tez otağıma göndərib, bizi (yəni, səni və məni) narahat etmə! Məcnun səhrada yanına qaça-qaça gələn Leyliyə dediyi kimi: Get, get, sən o Leyli deyilsən...

Həqiqi aşiqlərin isə Leylisi, əlbəttə, yanında yox, canında olur...

Tənhalığa dözümün yox, bilirəm,
Gəlib hər gün otağımda gəzirsən.
Daha gəlmə, bir az gözlə, mən gəlim,
Təkliyimin sükutunu pozursan!

Növbəti nümunəyə diqqət edək. Şeir mənzərəli fraqmentlər film kimi axır gözlərimizin qarşısından. Burda da Təklik qəhrəmanımızın yanındadı, daha doğrusu burda Təklik bir az hörmətsiz-küçə iti səviyyəsindədir.

Gecə ağır, şəhərin işıqlı yol qırağı...
Qaçıb arxamca gəlir təklik də itsayağı.

Burdakı şeir söyləyəni adamın dili gəlmir ki, “lirik qəhrəman”, “poetik mən” kimi (ancaq müəllifə aid ifadələrlə) səciyyələndirsin. Çünki bu adam öz ağrısı, sızıltısı, bir neçə saatlıq əhval-ruhiyyəsinin təsirləndirici məqamları ilə bizim də içimizdə gizlənmiş biridir, içimizdən qopan fəryaddır, səsdir, gecənin bağrında çırpınan, döyünən ürəkdir. Bu şeirdə bizdən qopmuş bir qəriblik, bir sərgərdanlıq, bir dağınıqlıq və bir nisgil var. Və yaxud da o qəriblikdə, sərgərdanlıqda, dağınıqlıqda və nisgildə də biz varıq. Və dediyim kimi, şeiri oxuduqca orada təsvir olunan hər detalın canlanıb hərəkətlindiyini, süjeti, kompazisiyası olan film ssenarisi assosiasiyalı mətn görürük.

Acı sümük ağrısı, bir də quru öskürək...
Sərxoş kişi də deyir: “Bir siqaret ver görək!”
Ətraf şam ağacları, hürən meşə itləri...
Mənim kimi tək qalıb piyada keçidləri.
Qopub düşür önümə iri-xırda qozalar.
Körpü altında durub yaşlı “mamaroza”lar.

İndi bir mən oyağam, bir də ki, fahişələr.
Bu körpüdə ovunur neçə tənha kişilər.
Gedirəm ağır-ağır, yorğun, səssiz-səmirsiz.
”Mamaroza” soruşur: - Əylənmək istəmirsiz?
"Yox" deyiram astaca, "Mən indi can üstəyəm!"
Gülür “mamaroza” da, elə bilir xəstəyəm.
Keçirəm o körpüdən, keçirəm ağır-ağır.
Siqaret yandırıram, tüstü təpəmdən çıxır.

Məqalənin əvvəlində dedim ki, Orxan Bahadursoy yeni intonasiyalı, ahəngli şeirləri ilə gəlib ədəbiyyata. Təhlil etmək istədiyimiz şeirdə də bu fərqlilik hiss olunur. Nədir o özünəməxsusluq? Diqqət edin, ən kədərli ovqatı sanki ən sürətli, intensiv və şən ahəngdarlıqla çatdırır. Təhkiyədə şuxluq, mənada isə sıxıntı və dərd var. Amma qəhrəmanımız tək deyil. Üç “yoldaş” da var yanında - Tənhalıq, Darıxmaq və Yoxluq:

Tənhalıq həmişəki... darıxmağı demirəm...
Hələ sənin yoxluğun - o da başqa bir aləm!
Gah siqaret, gah içki, nəfəsim də təngiyib.
Fikrim səndə ilişib, yuxum səndə ləngiyib.
Dodağımı çeynəyir əsəbimdən dişlərim.
Sənsizlikdən doğuldu bütün pis vərdişlərim.
Hara gedim bilmirəm, heç olmasa zəng elə,
Eyni yerə qayıdır bu döndüyüm döngələr.

“Filmin” kuliminasiya nöqtəsi-tənha, xəstə, tərki-dünya və sanki əlacsızdan-əlacsız, sevgisində uğursuz bir oğlan gecə ilə ölümə yol alır. Ölümə doğru saymazyana, siqaret çəkə-çəkə, öskürə-öskürə yol gedir. Amma qəribədir, bu qədər hüznlü bir yolçuluqda həm də balaca bir ümid pəncərəsini açıq qoyub: sevgilisi ona dönsə, heç olmasa zəng eləsə...


Bu dərdlərin içində naçarlıq da dərd olur.
Buralarda olmalı bir köhnə dəmir yolu.
Ordan arabir keçir neft daşıyan qatarlar.
Bütün tənha adamlar özün ora atırlar.
Sən də çox biganəsən, daha özün bilərsən.
Telefonum açıqdı, istəsən, zəng edərsən!

Və nəhayətdə - finalda bir Anna Karenina faciəsinin poetik ifadəsi:

Mən dəmir yolundayam, burda bir it də ölüb.
Taxta döşəmələrə əl-ayağı tökülüb.
Bu yol qara, qorxulu, uzun-uzun döngələr...
Sən də tez ol zəng elə, geciksən, qatar gələr!

Nə gözəl sonluq! Bundan da gözəl bir ölüm, bundan da böyük bir sevgi etirafı, bundan da poetik bir ağrı mənzərəsinə rast gəldinizmi, son illərin Azərbaycan şeirində?

Şeirin əvvəlində Tənhalıq qəhrəmanımızla “itsayağı” qoşa addımlayırdı və sonda onu özünün qurbanına çevirdi. Qara, qorxulu, uzun-uzun döngələri olan dəmir ( ölüm ) yolunda bir kimsəsiz, sahibsiz it də ölüb. Bəri başdan qəhrəmanımız öz ölüm səhnəsini yaradıb- həmin bu itsayağı öləcəyini bizə andırır...

Orxan məcazlardan çox ustalıqla istifadə edir. Bənzətdiklərini yeni baxış tərzində rəsmləyə bilir:

Mən dəmir yolundayam, burda bir it də ölüb.
Taxta döşəmələrə əl-ayağı tökülüb.

Əgər yazsaydı ki, “taxta döşəmələrdə əl-ayağı qırılıb, əzilib qalıb” - təbii ki, bu effektdə olmayacaqdı. Artıq qatar altında ölüb qalmış itlərin təsəvvürümüzdəki obrazına həmin mənzərə üçün xarakterik olan bədii bir təyin əlavə olundu: “taxta döşəmələrə əl-ayağı tökülüb qalan” it cəsədləri...

Orxan şeirin sonunda bir maraqlı üsuldan da istifadə edib. Oxucunu həmin oğlanla bağlı həmişəlik həyəcanda saxlayan bir dramatik situasiya yaradır. Və biz hələ də həyəcan içərisində düşünürük: görəsən, sevgilisi zəng elədi? Təxəyyülümüzdə iki versiya canlanır. Birincidə zəng gəlir və oğlan həmin qara yollarla geriyə dönür, yollar da təsəvvürümüzdə işıqlanır. İkinci versiya (və daha real görünən) əlbəttə, zəng gəlmir, amma qatar gəlir...

Sən də tez ol zəng elə, geciksən, qatar gələr!

İkinci versiyanı ona görə “real görünən” hesab edirik ki, şeirin bütün məna və ahəngi əvvəldən bu sonluğa köklənib. Başından bu aqibət üçün çıxılan qədərə, taleyə, yola necə inanmamaq olar...

Orxan yaşadığını şerləşdirəndə həmin şeirləşən ovqat özünə uğurlu forma, üslub, vəzn və şəkil tapa bilir. Borxesin bu məsələ ilə bağlı çox sadə, aydın və nəzəri cəhətdən örnək götürülə biləcək fikri var: “Niyə bəzən sonet, bəzən isə sərbəst şeir yazıram? Əsas sirr budur – şeirlərimin necə yazıldığı. Küçədə gəzərkən, ya da Milli Kitabxananın – indicə ağlıma Buenos Aires gəldi – pilləkənlərini çıxıb-düşəndə, birdən-birə içimə nəyinsə olacağı hissi dolur. Oturub gözləməyə başlayıram. Olacağa diqqətlə yanaşmalıyam. Bu bəlkə bir hekayədir, bəlkə də bir şeir – sərbəst, ya da başqa bir qəlibdə. O anda gərək gözlədiyin şeyin təbii axarına burnunu soxmayasan. Hirsli deyilsənsə, Müqəddəs Ruhun, İlham Pərisinin, ya da çağdaş mifologiyanı sevirsinizsə, alt şüurumuzun bizi idarə etməsinə icazə verməliyik. Sonra zamanı gələndə, özümü aldatmamışamsa, bir misra, ya da çox uzaqlarda bir şeirin bulanıq cizgiləri gözümdə canlanır. Çox vaxt onu tam seçə bilmirəm, birdən o bulanıq şey, o boz bulud, müəyyən bir formaya düşür və içimdə çoxalan səsi eşitməyə başlayıram. O səsin ritmindən bir şeir yazmaq üzrə olub-olmadığımı müəyyənləşdirirəm. Bu, şeir yazmağın bir yoludur”.

Bəli, təkcə şeir üçün yox, ümumiyyətlə, yaradıcılıq üçün meyar da məhz bu olmalıdır: ilhamın, təbin təbii doğuşu məsələsinə, Borxes demiş”burun soxmamaq” və şüuraltı diktəni, yaşantını ruhunla, təbinlə nizamlamaq, kağıza köçürmək...

Köhnə dəmir yolunun taxta döşəmələrinə “əl-ayağı tökülüb qalan” it cəsədini və buna bənzər insan aqibətini unutmamışdıq ki, həmin insanın başqa bir səhnədə, yenə acı sonunu müşahidə etdik.Darıxan” və “tənha adam” kimi əlillik statusu məsələsini ortaya atır:

Bu şəhərdə tənhalar əlil hesab olunmur,
Dövlət təqaüd vermir darıxan adamlara.
Bu abırlı şəhərin ən pozğun adamıyam,
Gəlib o əxlaqlılar, çəksinlər məni dara!

Orxanın qəribə, belə demək mümkünsə, təklik, ölüm, kimsəsiz insanların ağrısı, nisgili, faciəsi ilə bir az “şıltaq” kimi görünən davranışı da onun şair simasının, obrazının cizgisitək əks olunur. Məsələn, növbəti şeirdə, baxın həmin insanın başına nə “oyunlar” gətirir. Amma şairin bu insana canının yanğısı daha betər əks-səda verir. Həm də diqqəti çəkən maraqlı deyimlər, fəlsəfi ifadələr işlədir. Yenə hekayə, nəql mətni kmi söylənəcək nəzm nümunəsi yaradıb. Bu şeirdə də süjet, hadisə, kompazisiya ustalığı var. Ən əsası da şeirin tonu, ahəngi və taleyini ürəyimizə salıb, dərdini yaşayacağımız obraz yarada bilib. Kimdir bu adam? Sonuncü misrada deyildiyi kimi, elə bir kəsdir ki, dünyada ondan da tənha biri yoxmuş, hətta o qədər tənha ki, öləndən sonra ruhu belə onu kimsəsiz görüb, uça bilmir, çıxıb getmir, yanında keşiyini çəkir... “Şəhərin uzağında ölən”, “köhnə paltarlarından tənhalıq qoxusu gələn”, meyidində “neçə -neçə arzuların dustağa döndüyü” bu adamı bir sərxoş tapır:

Bir gün bir adam öləcək
bu şəhərin uzağında...
Öləcək arzuların,
ümidlərin qucağında.
Öləcək öz ömrünün
hələ bahar çağında.

Köhnə paltarlarından
gələr təklik qoxusu.
Gözlərində əbədi
bir ölümün yuxusu.
Heç kəs də yaxın durmaz,
qorxub qaçar çoxusu.

Gün açılar, səhərin
ətri ölüyə hopar.
Bu kimsəsiz ölünü
bir sərxoş kişi tapar.
Sərxoşun günahı da
bu ölüyə yazılar.

Bu meyitin üstünə
qusar içdiklərini.
Bəlkə də sağdır deyə
vurar təpiklərini.
Görəcək ki, ölüdür,
yığar qəpiklərini.

Sonra da oğrun-oğrun
qaçıb gedər uzağa.
Neçə arzular dönər
bir meyitdə dustağa.
Tənha ölən adamlar
gömülmürmüş torpağa.

Bir kimsə sahib çıxmaz
bu kimsəsiz ölüyə.
Onu tək qoymamaqçün
ruhu da uçmaz göyə.
Hamı kimsəsiz qoyar
o kimsəsizdir deyə...

Bu adamın(şairin) cinayəti də qəribədir:

Polis axtarır məni
cinayətim bir deyil,
iki deyil, üç deyil...
Səksəkəyə düşmüşəm,
təlatüm qulağıma
pıçıldayıb qaç deyir...

Dünən axşam dərdliydim,
məhəllə dükanından
pivə oğurlamışam.
O qədər hirsləndim ki,
səni öz otağımda
öldürdüm dünən axşam.

Hər kəsin - indiki anlamda yəqin ki hər şairin içində unuda bilmədiyi bir adam olur adətən və ona lirik-psixoloji üslubda, epitetlərlə dolu, romantik şeirlər yazır. Bu cür şeirlər o qədər də diqqəti cəlb etmir artıq, hətta mahnılar da. Orxan isə bu adamı, bir az naturalistcəsinə də olsa qusur... Bəli, mən də ilk oxunuşda ürpəndim və şeirdə “sevgilini qusmaq?” – pintiliyinə razılaşmaq olmaz!-nidası ilə reaksiya verdim. Şeiri oxuyub bitirdikdən sonra isə “bu ,əlbəttə, şeirdir və hətta poeziyanın lap özüdür”-dedim:

İçəsən, başın dönə,
ürəyin də bulana.
Bütün döşəmə-tavan
gözündə yuvarlana.

Elə qapı ağzında
atasan pencəyini.
Bir küncə şalvarını,
bir küncə köynəyini.

Axşamdan səhərəcən
qusasan, ögüyəsən.
Unuda bilmədiyin
adam çıxa içindən.

Birində əli çıxa,
birində da ayağı.
Qusasan bu adamı
elə doğuşsayağı.

Bu doğuş artım deyil,
bu doğuş ölüm ola.
İçində parçalanıb
ölən sevgilin ola.

Bayaq Orxan Bahadursoyun yeni poetik deyimlərindən söz açdım. Yeni baxış, yeni yozum, yeni ifadə və yeni ahəng, forma və s.

“Mənə sevgililər paltar kimiydi, Səni geyindim də... soyunmaq olmur! –deyib özünü hər gün birini sevən” kimi göstərir, hətta başqa bir şeirində “Bu abırlı şəhərin ən pozğun adamıyam” etirafında da bulunur, amma məlum olur ki, sevdiyi və ayrıla, unuda bilmədiyi bircə doğması var:

Bəsdir də, sən canın, darıxdı sinəm
Ayrıl qollarımdan, ayaqlarımdan!
Çıx əynimdən mənim, hər kəs cəhənnəm,
Ayıbdır dünyanın çılpaqlarından!

Çağdaş Azərbaycan şeirinin inkişafı ilə bağlı mülahizələrdə bəzən formanın, poetik, estetik təsir gücünün, bəzən isə məna-məzmun, məntiqi qənaət kimi mahiyyətin əsas olduğunu düşünürük. Bəs hər ikisi bir yaradıcılıqda varsa? Həyəcanlandırıcı ritmlə hiss və duyğuların şeirləşməsi kimi yeni bir poetik havaya şeirimizin ehtiyacı var. Biz məlumdan-məlum dərdlərin və sevinclərin, sevgi çeşidlərinin, hicranların, vüsalların, unuda bilməmək şablonlarının kökündən dəyişilməsindən (bu mümkün də deyil) daha çox, bütün bunlar haqqında yeni tərzdə, yeni forma və intonasiyada söz eşitmək arzusundayıq. Emosiya, həyəcan, ritm-ritm döyünən şeir detalları, səhnələri... Başınızı qoyduğunuz balınclarda ürək döyüntülərinizin “at qaçır” assosasiyasını yaşamısınızmı?

Yastıqdan ürəyimin döyüntü səsi gəlir,
bu yastığın içində elə bil ki, at qaçır...
Gah sinəmə əl çəkib, gah nəbzimi ölçürəm,
görürəm əllərimdən çılğın bir həyat qaçır.

***

sən mənim yoxluğuma,
üşüdünsə, bağışla...

***

Tüstü yox, ah çıxarar
evimizin bacası...


***

Ruhum buludlar aşar,
Cismim yanar, alışar.
Milyon dildə danışar,
Bir kəndirdə susaram.


***

Aşkar-aşkar dəm çəkirəm,
gizli-gizli qəm çəkirəm.
Üstümə göz yaşı yağır,
yavaş-yavaş nəm çəkirəm.

***

Boz döşəmə, boz divar, üstümdə boz tavandı.
Bu toz çəkən pəncərə baxır boz-boz üzümə,
Gəlməyən bir adamı gözləyib havalandım.

***

Çıxıram evdən çölə, azıram yoxluğunda...

***

Nə danışır bu yollar? Nə qışqırır bu maşın?
Niyə uçmur o körpü? Niyə sönmür bu işıq?
İndi hər şey əbəsdir, ha dinim, ha danışım!
Səndə mənsiz qalmışıq, məndə sənsiz qalmışıq
.

***

Bu şəhər tənhalığın qədrini bilmir hələ...
Bilmir ki, bu tənhalıq neçə şairlər doğur.
Bilmir ki, bu şeirlər öz-özünə yaranmır,
Gündüzlər ağrı çəkir, gecə şairlər doğur.

***

Gedək asaq özümüzü
mən ağacdan, sən də məndən.
İkimiz də yorulmuşuq,
çıxıb gedək bu bədəndən.

Dimdikləsin qara quşlar
burnumuzu, gözümüzü.
Bu bədəndən gülə-gülə
yola salaq özümüzü.

Sonra başqa bədən tapaq
daha rahat, daha isti.
İki bədən nəyə lazım?
İkimizə biri bəsdi.

Bir gözündən sən baxarsan,
bir gözündən mən baxaram.
Sənə düşən əl payını,
əlimdə möhkəm sıxaram.

Bir ayaqda sən gəzərsən,
bir ayaqda mən gəzərəm.
Saçların sən tərəfinə
ara-sıra gül düzərəm.

Bu sevincdən, səadətdən
bir ömür cavan qalarıq.
Bir ev kimi bir bədəndə,
mən ölüm, xoşbəxt olarıq.

***

Quşlar dimdikləyib barmaqlarımı,
Pişik cırmaqlayıb ayaqlarımı.
Qorxma, öpməmişəm hələ heç kəsi,
Tüstülər çatladıb dodaqlarımı.

Elə əvvəlkitək qərib gəlmişəm.
Beş-altı tozlu gül dərib, gəlmişəm.
Yol boyu darıxan adamlar görüb,
Gülü də onlara verib, gəlmişəm.

***

Gəlmə, zəif adam, mən xeyli sərtəm,
Ovcumda əriyən şama dönərsən.
Saçımı oxşasan əlin ağrıyar,
Sinəmə toxunsan çiliklənərsən.

Dünya ədəbiyyatşünaslığının poeziya haqqındakı nəzəriyyələrində “poetik dürüstlük” deyilən bir anlayışı tez-tez misal çəkirlər. Bu ifadə bizim işlətdiyimiz “poetik həqiqət” mənasına yaxın olsa da orda söhbət daha incə məqama dayanır. “Hisslərin həqiqəti. Belə ki, mən hansısa bir əhvalat uydururam, fərqi yoxdur bu, fantasitk ya da uydurma əhvalat ola bilər, özlüyümdə bunun uydurma olduğunu bilirəm, lakin neçə ki, bunu yazıram, gərək ona inanam. Bu həm də Kolricin fikrinə uyğundur, o demişdi ki, poetik dürüstlük şübhə yolunun bir dəqiqəlik qapanmasıdır”. (L.X.Borxes)

Məsələn, bu şeirdə biz də bilirik ki, evdə dərdli-dərdli, ağrılar içərisində oturan bir insanın soyuğu küçədən keçənləri üşüdə bilməz. Amma Orxanın poetik dürüstlüyü bizim həyati həqiqətimizi, məntiqlə mühakimə yürütmək iddiamızı təkzib edə bilir:

Açmıram otağımın
pəncərəsin haçandı,
qoy küçədən keçənlər
üşüməsin, amandı...

Bədənimin təri də,
göz yaşım da soyuqdu.
Damarım buz bağlayıb,
isti qanım da yoxdu.

Bu sənsizlik ağrısı -
ən qorxulu dilemma.
Ya sən varsan, ya da sən,
başqa yolum yox, amma...

Onun qarğış kimi deyilən misrasında da sevgi var:

Yuxun şirin olmasın,
yastığımdan o yanda.
Axı məndən savayı
hamı yatıb, oyan da!

“Darıxıb ölənlərin qəbri üçün gül seçən” cütlüyün fərəhinə baxın:

Gəl, biraz deyib-gülək,
Biraz da yeyib-içək.
Darıxıb ölənlərin
Qəbri üçün gül seçək.

Nərgiz – yox, yaz gülüdür,
Yasəmən – o da olmaz…
Qızılgül – xoşbəxtlikdir,
Zanbaq - əlvandı biraz.

Lalə - yaman bənzəyir
Darıxan adamlara
Çölü qıpqırmızıdı
İçi isə qapqara.

Qulaq as, nə deyirəm,
Bax, gör necə fikirdi?
Tezcə gəlməyin üçün
Gözüm yol çəkir indi.

Bilirsən, narahatdı
Bizim yollar, yoxuşlar.
Vallah, nəzir demişəm,
Gəlsən, kəsər yağışlar…

Orxanın şeirlərində detallar, əşyalar, məkan və zaman da canlanır, sanki “dil olub dillənir”, emosional və dramatik durumlarda şəxsləndirirlir, funksionallaşır. Ötən ilin ad günündən boş qalmış tort qutusu da həmin günün “davasını edir”, elə bil, tərk edilmiş insanın səsinə səs verib haray çəkir:

Bağışla, fikirlərim yenə gedir tərsinə...
Yenə əlim alnımda - şeir yazıram sənə.
Çöldə də dəli tufan... sağanaq yağış yağır.
Bu yaz mənə oxşayır, tez-tez özündən çıxır.
Sən gedəndən belədi - tufan, göy gurultusu.
Sənin gediş şəklindi boş qalan tort qutusu.
Axı ad günün idi ötən ilin bu vaxtı.
Tortu kəsilmiş qutu o gün üçün darıxdı...
Mən də qutudan betər darıxıram, biləsən!
Məni anlamaq üçün gərək tərk ediləsən!

Dərdi, həsrəti çəkilən adam isə bu sevən oğlanın varlığına elə bir şəkildə çökür ki, onun qiyafəsini, yaşını, gününü-güzarınını belə dəyişir, (Qırış-qırış çökmüsən bütün yaraşığıma!), taleyini tərəddüdlər içərisində qoyur:

Sən məni anlamazsan, bir az başqa təhərəm.
Gah dostdan, sevgilidən, gah özümdən küsərəm!
Anlamazsan, ay adam, göydən düşmüşəm yerə.
Mən bu cavan bədəndə qocaldım birdən-birə!
Saçlarım topa-topa töküldü qurşağıma.
Qırış-qırış çökmüsən bütün yaraşığıma!
Gözüm dərinə batdı, kirpiklərim qısaldı.
Boyum onsuz az idi, hər gün bir az azaldı.
Anlamazsan, bilirəm, heç bir adam anlamır.
Dostum, qardaşım, bacım, anam, atam anlamır.
İndi bircə çarəm var, o da səni unutmaq...
Çıx yadımdan, ay adam, məndən uzaq ol, uzaq!
Niyə getmirsən axı, nə dərdim dəyib sənə?
Məndən belə tutmağı axı kim deyib sənə?
Belə olmamalıydı, hələ çox azdı yaşım.
Çıx get məndən, ay adam, get, bir az cavanlaşım.
Getsən, bəlkə düzəldi... bəlkə gələnim oldu!?
Halımdan anlayanım, qədir bilənim oldu!?
Həm xahişdi, həm tələb... anla, gözüm işığı!
Məndə nəyin var, götür, çıx get, adamsan axı!

Orxan Bahadursoy şeirlərindəki intonasiya yenilik axtaran poetik ruhumuza yeni səs kimi təsir etdi. Tərzi, emosiya və həyəcanı oxucuya təsirli şəkildə ötürmək bacarığı və şeir texnikasından dəqiqliklə istifadəsi diqqəti cəlb edir. Sadəcə mövzu məhdudiyyəti və oxşar ovqatların şairi olmaq təhlükəsi var...

23.10.2016

# 4222 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #