Kulis.az İradə Musayevanın “İtirilmiş zamanın sorağında” romanı haqqında məqaləsinin altıncı hissəsini təqdim edir.
Biz yalnız sənət vasitəsilə başqalarının da kainatı
necə gördüyünü anlaya bilərik
M.Prust
Bir milyon yarım sözdən ibarət olan “İtirilmiş zamanın sorağında” əsərində Prust hətta əvvəlki əsərlərində olduğundan da fərqli bir üslub nümayiş etdirdi.
Qeyd etdiyimiz kimi, fransız yazıçısı və filosofu, Spinoza, Kant, Nitşe, Berqson (Prust 1891-ci ildən 1893-cü ilə qədər Berqsonun Sarbonnadakı dərslərində iştirak etmişdir.) fəlsəfəsi ilə bağlı ciddi fikirlər ortaya qoyan, yeni fəlsəfi ideyalar müəllifi J.Deleuze (1925-1995) yazırdı ki, dünyanın sonu haqqında düşündükcə Prust anlayır ki, onun tanıdığı, sevdiyi dünya artıq zədələnmiş və deformasiyaya uğramış, itirilmiş zaman tərəfindən işarələnmiş və izlənmişdir... Prust baş verən dəyişiklikləri Berqsonçu kimi izah etmir, dönüklük və ya məzara qaçış kimi başa düşür, insanları “bədbəxt yaradılıştək” səciyyələndirirdi. (Жиль Делез. Марсель Пруст и знаки. Санкт-Петербург, Алетейя,1999, 188c.c.43-44). Deleuze “zəruri (məcburi) yaddaş” və “qeyri-ixtiyari yaddaş” kontekstində Prustun mətnini təhlil edir, onun iki il sonra yazdığı (1966) “Berqsonizm” adlı əsərində isə “Purust və işarələr” kitabında ortaya çıxan suallar əsasən Berqsonun intuisiya metodu ilə əlaqələndirilir.
Prustun axtarışı bütün hallarda keçmişə deyil, gələcəyə aid olan bir istiqamət idi. Berqsonun zamanla bağlı irəli sürdüyü anlayışlar (Berqsonizm anlayışları) Deleuzenin intuisiyanı müzakirə etməsində mühüm rol oynayır. Yanlışlıq kateqoriyasını problemə tətbiq etməyi üstün tutan Berqsonizm üsulu sübut edir ki, illüziya, ehtimal olunan şeylərlə reallıq arasındakı mövcudluq ortaya yanlış, əslində, mövcud olmayan problemlər çıxarır.
Deleuze göstərirdi ki, Prust “fəlsəfi metod” fikrinin qarşısına “zəruri” və “təsadüfi” kəlmələrini qoyur. Həqiqət bizi düşünməyə və doğrunu axtarmağa məcbur edən əlamətlərlə bağlıdır. Əslində, itirilmiş vaxtın axtarışı həqiqət axtarışına ekvivalentdir. İtmiş zamanı və həqiqəti isə yüzlərlə səhifə həsr olunmuş sevgidə, təbiət təsvirlərində, sənət əsərlərində (musiqi, rəssamlıq, tarixi abidələr, dini mərasim və rituallar və s.) axtarır. Qarşılaşmaların təsadüfliyi və zərurətin qaçılmazlığı Prustun iki əsas meyarı hesab olunur. Qarşılaşmanın təsadüfliyi özü zərurətlə əlaqəlidir. “Gözlənilməz və qaçılmazdır!”– deyirdi Prust. Həqiqəti axtarmaq əslində, onu şərh etmək, deşifrə etmək, izah etməkdir. Lakin həqiqət çox zaman onu “izah” göstəricisi ilə qarışdırılır. Buna görə axtarış həmişə ani olur, əsl həqiqət isə yalnız zamanla bağlıdır. Əslində, m itirilmiş zaman elə tapılan zamandır. İtirilmiş zaman özü ilə birlikdə çox şeyi məhv edib.
J.Deleuze bildirir ki, tapılmış vaxt itirilmiş vaxtın mərkəz nöqtəsində qarşılaşdığımız, bizə əbədi görünən vaxtdır. Bu isə sənətdə təsdiqlənmiş mütləq, əsas zamandır, əsl əbədiyyətdir. (J.Deleuze. “Prust və işarələr”).
J.Deleuzenin də dəqiq ifadə etdiyi fikrə əsaslanaraq deyə bilərik ki, M.Prustun zaman axtarışı daha çox həqiqət axtarışı anlamında qəbul edilir. Prust zamanı sırf müddət kimi deyil, həm də itirilmiş həqiqət kimi geri fırladırdı... İtirilmiş həqiqət bütün zamanlarda eyni cür haqsızlığa, yanlışlığa düçar olur. Syasətdə, ictimai həyatda, məhəbbətdə və ailə münasibətləri fonunda, eləcə də ədəbiyyatda hər şey eyni obyektivliklə sorğulanır.
Əvvəldə də qeyd etmişdik ki, romanın başlanğıcında Marsel Berqotte obrazı vasitəsilə böyük fransız yazıçısı Anatol Fransa olan sonsuz heyranlığını bildirmişdi. İkinci kitabda (“Çiçək açmış gənc qızların kölgəsində”) Marsel öz idealı və əlçatmaz hesab etdiyi Berqotte (Anatol Frans) ilə Svanların evində görüşür. On altı qonaq dəvət olunmuşdu, onların arasında Berqottenin olmasından Marsel xəbərsiz idi. Madam Svanın (Odettanın) Marseli Berqotteyə təqdimatı bəlkə də, məclisin ən dramatik situasiyası hesab oluna bilər. Madam Svann dəvətlilərdən bir çoxuna onu tanıtdıqdan sonra birdən-birə, onun adının ardından, eynən onun söylədiyi şəkildə (və sanki ikimiz, bir-birimizi tanımaqdan eyni dərəcədə məmnun olacaq yeganə dəvətlilər idik) ağ saçlı müdrik qocanın adını söyləyirdi.
“Berqotte adı, üstümə açılmış tapançanın səsi kimi məni yerimdən sıçratdı, amma tez özümü ələ alıb salam verdim. Qarşımda - silah açılandan sonra - bir göyərçinin uçuşuyla birlikdə, dumanın içində frakıyla sapsağlam görünən, salamıma hoqqabazlar kimi cavab verən cavan, kobud görünüşlü, qısa boylu, qırmızı burunlu, qara keçi saqqallı bir adam dayanmışdı” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s.124).
Marselin Berqotte haqqındakı bütün idealizə olunmuş xəyalları bir anın içərisində yoxa çıxır və sonralar o an üçün “məhv oldum” ifadəsini necə ruhdan düşdüyü vəziyyətdə etiraf etməsini xatırlayır. Onun o andakı qənaətinə görə, əsərlərini damla-damla bal kimi daddığı Berqotte indi qarşısında dayanan qırmızı, ilbizvari burunlu, qarasaqqal olan bu adam ola bilməzdi. Düşünür ki, bəlkə də, Berqottenin içindəki o böyük yazıçı məhz bu keçisaqqal, qırmızıburun adamın özünü bu şəkildə qurban verməsi hesabına yaranıb.
“Burun və keçi saqqal, qaçınılmaz və son dərəcə rahatsızedici əlamətlər idi. Mən Berqottenin şəxsiyyətini təpədən dırnağa yenidən qurmağa çalışdıqca, bu xüsusiyyətlər heç durmadan təsiredici gücə malik və özündən razı, məmnun bir şəxsiyyəti işarə edir, sanki bu da oyun qaydalarını pozurdu. Çünki bu şəxsiyyətin, yumuşaq, ilahi bir müdrikliyin hâkim olduğu, çox yaxşı bildiyim kitablarına möhürünü vurmuş olan bir zəkayla heç bir əlaqəsi yox idi” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s.126).
Amma Marsel Berqottenin çox xoşuna gəlir. Növbəti gün Gilberte həyəcanla deyir: “Xoşbəxtlikdən uçuram, sevimli dostum Berqottenin könlünü fəth etdiniz. Anama sizin çox istedadlı olduğunuzu söyləyib” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s.146).
Daha sonra Balzak, Hüqo, Stendal haqqında mülahizələr söyləyir, müqayisələr aparır.
Bəzi əsərləri oxuduqca adama elə gəlir ki, müəllifin bir əlində lupa, o biri əlində pensert var. Pensertlə insan düşüncələrinin, hisslərinin, xəyallarının ən xırda elementlərini, “hüceyrələrini” tərpədir, qıcıqlandırır və dilləndirir. Bu pensertin (qələmin) ucunda hər şey maddidir, hətta xəyallar və təxəyyül, təsəvvür, arzu, nifrət, paxıllıq və sevginin də canı, əti, qanı, dərisi, sümüyü var. Prust qələmi Musa əsası kimi möcüzəvidir. Abstrakt olanlara belə ruh, can verir və onlara obraz yarada bilir.
Məlum olur ki, alışqanlıq hər şeyi zəiflətdiyi üçün, bir insanı bizə ən yaxşı xatırladan şey əslində, unutduğumuz şeydir. Önəmsiz olduğu üçün unudulmuş və buna görə də bütün gücünü qoruya bilmişdir. “Bax, ona görə də hafizəmizin ən güclü hissəsi bizim xaricimizdə, çiskinli bir küləkdə, bir otağın rütubət qoxusunda və ya yanmağa başlayan bir atəşin ilk andakı qoxusundadır, öz mənəviyyatımıza aid, zəkamızın işə yaramaz-deyə küçümsədiyi şeyi, keçmişin son və ən güclü qalıqlarını, bütün göz yaşlarımız dinmiş kimi görünürkən, hələ bizi ağlada bilən şeyi tapdığımız hər yerdədir. Bizim çölümüzdədirmi? Daha doğrusu, içimizdədir, amma bizim öz baxışlarımızdan gizlənmiş, yaxşı-pis davam edən bir unudulmuşa düçar olmuşdur” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s.220).
Ancaq bu unutqanlıq sayəsindədir ki, ara-sıra köhnə mənimizi tapır, hadisələr qarşısında o köhnə “mən” kimi tövr alır, artıq özümüz deyil, o insan olduğumuz üçün və indi bizim əlaqəsiz qaldığımız şeyi o insan sevdiyi üçün yenidən acı çəkərik. Gündəlik yaddaşın parlaq aydınlığında, keçmişin xəyalları yavaş-yavaş solar, silinər, sonda geriyə bir şey qalmaz, onları bir daha tapmağımız mümkün deyildir artıq. “Daha doğrusu, bəzi kəlimələr (məsələn, “Nəqliyyat nazirliyi xüsusi qələm müdiri”) unutqanlığa düçar olmuş olmasaydı, bu xəyalları tapmağımız mümkün olmazdı, eynən bir nüsxəsi Milli Kitabxanaya təqdim olunmayan bir kitabın tapılmasının mümkünsüzlüyü kimi...” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s.220).
Balbec qəsəbəsinin bir qatar stansiyasında mavi bir tabloda ağ hərflərlə İran üslubunda yazılmış adı da yaddaş fraqmentidir və onun bütün yaddaşını qatar stansiyasına sürgün edən bir təzyiqdir sanki...
M.Prustun yaddaş fəlsəfəsində bütün xatirələr təzyiq vasitəsidir. Məsələn, Balbec qəsəbəsinin bir qatar stansiyasında mavi bir tabloda ağ hərflərlə İran üslubunda yazılmış ad onun keçmiş "məni"ni yerlə yeksan edib içini silkələyir. Rənglər, qoxular, kədər, həyəcan, nəmişlik soyuğunun süstlük gətirən ovqatı - hər şey onu o zamankı halına kökləyib obrazını dəyişir. O indi artıq özü deyil, çox uzaqdakı bir adamdır... Bəlkə də lap yad bir adam... Görün bizim keçmişimizdə “özüm”üz bildiyimiz nə qədər qərib, yad adamlar varmış... “Uşaqlığımız”, “Gəncliyimiz” – deyirik. Onlar kimdir? Bütün hallarda biz deyilik... Və ən kədərlisi odur ki, bu yad adamları içimizdə gəzdirmək zorundayıq...
Marsel Balbecdə ona ayrılmış yeni otağı “mənim otağım” – deyə ifadə edir. Amma bu otağın sözlə çəkilmiş fotosunda onun üçün çoxlu qəribliklər var. Yalnız ad etibarilə “mənim otağım”dır – deyir. İllərlə yaşadığı otağından fərqli bir mühitə düşməsi onu kədərləndirir.
“Balbecdəki otağımda (yalnız ad etibarilə mənim idi) mənə yer yox idi, məni tanımayan əşyalarla dolu idi, mənə inamsız bir görünüşdə idilər. Məndən asılı olmayaraq, onların gündəlik qaydalarını pozduğumu göstərirdilər” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s.244).
Bircə divar saatının açıq-aydın etiraz etdiyini, sanki bu yad adama qarşı üsyan səsləri çıxardığını yazır. Bənövşəyi pərdələr və digər əşyalar isə sanki, sadəcə, çiyin silkələyib yeni və yad adama maddım-maddım baxırdılar.
Prustun qəhrəmanları sırf siyasətçilər, hansısa ictimai hərəkatın nümayəndələri deyil. Amma onların replikaları, söhbət əsnasında cəmiyyət və sosial həyat, böyük siyasi mübarizələr və s. haqqında fikirləri ümumi Fransa mənzərələri üçün etüdlər kimi görünür. Bir bar sahibi deyir: “Həqiqətən də, bir bəla içərisindəyik, Fransadan qaçmaq lazımdır, artıq!” Və ya romanın bütün cildlərində yəhudilərdən sistemli şəkildə bəhs olunur. “Yəhudi düşmənliyi” probleminin sirləri ara-sıra da olsa, açılır...”Yəhudi qanı”, “Mənim yəhudi tərəfim”, “Yəhudi düşüncəm” və s. bu kimi ifadələrin məğzi həm də siyasi nöqteyi-nəzərdən çözülür. (“Bir gün Sen-Lu ilə mən qumun üstündə oturduğumuz zaman yaxınlığımızdakı bir çadırdan Balbeci istila edən yəhudi dəstəsinə lənətlər yağdırıldığını eşitdik. “Bir yəhudiyə rast gəlmədən iki addım atmağa imkan yoxdur”- deyirdi bir səs. “Prinsip etibarilə yəhudilərə qarşı qətiyyətli bir düşmənliyim yoxdur. Amma buralar qaynayır”.)
Marsel öz dostu Blokun xarakteri haqqında elə ştrixləri təhlil edir, elə incə nüansları çözür ki, bu obrazın xarakteristikası vasitəsilə istənilən insanın xislətində rüşeym kimi mövcud olan cəhətlərlə tanış oluruq. Situasiyadan asılı olaraq bəzən mənfəətpərəsət, şöhrət düşkünü, aravuran, ikiüzlü, qorxaq kimi görünən Blok həm də təəssübkeş, istiqanlı, bəzən xeyirxah və mərhəmətlidir.
M.Prust özü ilə ən doğma adamları və uşaqlığı, ən xoş xatirələri arasında uçurum yaradan, dağıdıcı vasitə hesab etdiyi zamana qarşı bütün ömrü boyu həssaslıq və qorxu hissi ilə yanaşıb. “Bu gün bizə ən çox xoşbəxtlik bəxş edən şey – sevdiklərimizlə görüşüb danışmaq imkanı əlimizdən alınacağı bir gələcək qorxusu var” – düşüncəsiylə zamanı günahlandırır. Zaman insanı bir ömür boyu ölümə qarşı mübarizə girdabına salır. O çox hallarda zamanı deyil, yaddaşını mərhələlərə bölür, bu yaddaş parçaları ilə dünyanın, kainatın insan beynində inikasını ifadə edir. “Marsel Prust son dərəcə incə və əsaslı bir üsulla fərdin nə qədər çoxmənalı olduğunu sübut etmiş və bir qədər də obrazlı ifadə etmək arzusu ilə demişdir ki, ümumiyyətlə insan çoxlu müxtəlif “mən”lərdən ibarətdir. Təbiidir ki, o hər hansı bir patoloji halı, fikir və hisslərin, lunatiklərdə olduğu kimi təzahürünü nəzərdə tutmurdu, o sözün ən ciddi mənasında insanla məşğul idi və onun çoxmənalılığını kəşf etmişdi. Onu personajları şəxsiyyətləşdirməkdə günahlandırırlar, ancaq belə qənaət yalnız Prustu və yeni psixologiyanı başa düşməməkdən irəli gələ bilərdi. Əgər biz zahiri bir baxışla insanda monolit fərdilik aşkara çıxarırıqsa, bir başqası insanda şəxsiyyət əvəzinə ancaq paltarını və maskasını görürsə, Prust xarakterin ardıcıllığı ilə bağlı cəfəngiyyatla əylənməyi özünə rəva bilməyərək, ətrafında insan “mən”i kristallaşmış saysız-hesabsız maqnetik mərkəzlər tapdı” (Vitezslav Nezval. Avanqard ədəbiyyat haqqında mühazirə. Edebiyyat.az. 23 avqust, 2019).
Zamanla məkanın əlaqəsi fəlsəfəsi Prustun düşüncəsində yeni ideyalarla izah edilir. Məlum olur ki, eyni məkana müxtəlif zamanlarda səfər edəriksə, məkanın obrazı zamana görə dəyişə bilər. Bir detalı, əşyası belə dəyişməyən otaq zamandan asılı olaraq eyni adamın nəzərində tam fərqli görünüşdə canlana bilər. Məkan belə çoxvariantlı həqiqət modelinə çevrilir. “Keçmiş” və “köhnə yaddaş” kimi ad qoyduğumuz məfhumlar əslində, ölü zamana aid deyil, yaşayan, daima var olan, bizi müşayət edən, indiki və gələcək zamanın bətnində təkrar-təkrar doğulan “diri yaddaş”dır. Yaddaş – şüur aktıdır, unutqanlıq insanın yox olması səbəbidir. M.Prustda səsin, rəngin, qoxunun yaddaş vasitəsilə və müxtəlif assosasiyalarla yenidən doğulması prosesi zamanlar arasındakı sərhəddi itirir.
“Yaddaşın iki ölçüsü var, bu da redaktə, kodlaşdırma və saxlama kimi xidmət edir. Birincisi bioloji yaşamanın və ətraf mühitə uyğunlaşmanın həyati funksiyasıdır. Digəri, hisslərimizdən gələn məlumatları və təəssüratları ehtiyaclarımıza, gözləntilərimizə və məqsədlərimizə uyğun olaraq dəyişdirən psixoloji bir həyatdır. Yaddaş, anbar deyil, aktiv və dinamik bir prosesdir” (B.Selcuk, C.Banu).
Prust da Berqson kimi sübut etməyə çalışırdı ki, isanın xatırlamadıqları, unutduqları şeylər yaddaşda ölmür. Ümumiyyətlə, yaddaşda heç bir təhrf və itki olmur, sadəcə, insanlar yaddaş bazasından tam istifadə etmir və bunun adı “unutqanlıq” olur. Onlar hesab edirdi ki, məsələn, biz son 30 ili xatırlamaqla kifayətlənirik, halbuki doğulduğumuz zamandan da əvvələ gedib çıxa bilən yaddaşımız var. Yəqin ki genetik yaddaş fenomeni...
M.Prust da C.Coys kimi insan şüuru və yaddaşı kontekstində bütün kainatı və bəşəriyyəti təhlilə və təsvirə çəkir. Bu yaddaşın milyon illərlə yaşı ola bilər, amma bu qorunub nəsildən-nəsilə ötürülən yaddaşın bütün zamanlarda itirdiyi və elə həmin zaman hüdudunda və ya hüdudsuzluğunda böyük həyəcanla axtardığı bir həqiqət də var: itirilmiş zaman və itirilmiş həqiqət! Onun bədii mətnlərində unudulmayan ana yaddaş da məhz unudulmayan həqiqətlərlə bağlıdır.
Marsel Prustun bütün dünyada, müxtəlif ölkələrin müxtəlif ədəbi-ictimai auditoriyasında oxunması və qəbul edilməsi problemi özü bir dissertasiya mövzusudur. Məsələn, A.D.Mixaylovun “Marsel Prustun rus taleyi” məqaləsində dünyanın üç böyük yazarından (C.Coys, F.Kafka, M.Prust) biri olan M.Prustun Rusiyadakı ədəbi taleyindən söz açır və göstərir ki, 1924-cü ildə Georgi Adamoviç Paris jurnallarının birində saf və mükəmməl sənət sahibi olan M.Prustun Rusiyada seviləcəyni əminliklə bildirirdi. Lakin sonrakı müşahidələr müəllifin yanıldığını göstərdi. M.Prustu sevən və pərəstiş edən oxucular olsa da, o ümumən rus oxucusu üçün sevimli yazıçı olmadı.
Təbii ki, bu daha çox zamanla bağlı idi, 1924-cü illərdən etibarən Rusiyada stalinizmin ədəbi meyarları bolşevik siyasəti ilə tənzimləndiyi üçün Rusiya və daha sonralar ümumən bütün SSRİ üçün M.Prust “yad”, “anlaşılmaz” və “vaxt itkisi” təyinləri ilə arxa plana atıldı. Rus-sovet ədəbi tənqidinin də bu uzaqlaşdırmada xüsusi “xidmətləri” olmuşdur. Rus oxucusu üçün Prust hər zaman keçmişə, ya da gələcəyə aid yazıçı kimi kənarda qalan müəllif idi. Rusiyada sanki onun əsl zamanı olmadı...
Fransız ədəbiyyatına və mədəniyyətinə maraq göstərilən zamanlarda Rusiyada Moris Meterlink, Paul Verlen, Pol Klodel, Jan Rişlen, Artur Rembo, Stefan Mallarme, Jül Lafarq, Anri de Rene və başqaları daha çox təbliğ olundu, tanıdıldı və oxundu, məşhurlaşdı. Bu yanaşmada M.Prust kənarda qaldı...
A.D.Mixaylov Valeri Bryusov, Maksimilian Voloşin, Mixail Kuzmin və Aleksandr Benuanın adını çəkərək onları qınayır və bildirir ki, bu müəlliflər tez-tez Fransada olur, ədəbi əlaqələrin aparıcı şəxsləri kimi tərcümələr edir və məqalələr yazırdı. M.Prustu isə diqqət mərkəzinə gətirmirdilər.
Əvvəlki məqalələrimdə Lunaçarskinin M.Prustla bağlı yazıları barədə söz açmışdım. Lunaçarskinin M.Prustu tam oxumadığı söylənilir və sovet ədəbiyyatşünaslığında Prustun tədqiqinə rəvac verən şəxs olmasına baxmayaraq bəzən təhrif edildiyi yazılır, qeyd olunur ki, M.Prust Lunaçarski tərəfindən fransız aristokratiyasına rəğbət bəsləyən burjua yazıçısı kimi tanıdılır.
“Eyni zamanda, Lunaçarski bütün əsərlərində Prustun həm psixoloji bacarığını, həm də dərin sosial təhlilini daima vurğulamışdır. Məsələn, “Fransız ziyalıları hara gedir” (1933) məqaləsində o yazırdı: “Prustun ən cazibədar cəhəti onun fövqəladə yüksəlişləri və təəssüratların yayılmasında fövqəladə hərəkətliliyidir. Buna yalnız nəhəng və incə bir şeyin inkişafı ilə nail olmaq olar: həssaslıq və təxəyyül məhsuldarlığı. Çox maraqlıdır, bildiyiniz kimi, Prust öz böyük yaradıcılığında cəmiyyətin müxtəlif təbəqələrini, insan təbiətinin müxtəlif təzahürlərini ələ keçirir, ona hakim olur” (A.D.Mixaylov).
Əlbəttə, Lunaçarski Sovet ədəbi tənqidində Prustun əsərinin öyrənilməsinin ilk təşəbbüskarlarından idi.
1924-cü ildə Vladimir Vasilyeviç Veidlenin Prust haqqında yazdığı mükəmməl, Prustun ədəbi prosesdəki yerini dəqiq şəkildə müəyyənləşdirən məqaləsi də xatırlanır və məlum olur ki, uzun illər bu məqaləni oxumaq və ona istinad etmək mümkün olmamışdı, çünki V.Veidle xaricdə bolşevizm əleyhinə fəaliyyət göstəriridi.
“Veidle haqlı olaraq Prustun əsərini modernizmin hüdudlarından kənarda götürür, çünki yazıçı “sonralar baş verənlər” üçün məsuliyyət daşımırdı. Veidlenin yazıçının əsərlərinin müəyyən dərəcədə simvolist nəsrdəki boşluğu doldurduğuna dair fikirləri (simvolist olmamaq) nəticə etibarilə doğru idi” (A.D.Mixaylov).
O fikirlə də razılaşırıq ki, M.Prust bədii yaddaşı və mətni parçalamır, təhrif etmir və unutmurdu. Onun “bədii yaddaşı” bütün ədəbiyyat tarixinin bədii mətnlərinin unudulmayan ana yaddaşı kimi əks-səda verirdi. “İtmiş zamanın sorağında” romanının bütün kitabları insanlıq tarixinin xatırlanan və gələcəkdə mütləq təkrarən baş verəcək olaylarının salnaməsi idi.
Marsel Prustun 1920-1921-ci illərdə yazdığı üçüncü kitab “Guermantes tərəfi” adlanır. Yeni bir tərəf, yeni həyat, yeni mühit, yeni aristokratiya və ya bütün bunların hamısına yeni, fərqli baxış rakursu...
Kombredən Guermantes köşkünə köçməyi köklü bir ailənin ənənəvi həyat tərzindən ayrılması kimi əsaslandıran Marsel bunun səbəbini nənənin xəstəliyi ilə bağlayır. (“Sağlamlığı yaxşı olmayan nənəmin daha təmiz havaya ehtiyacı var idi, ancaq biz onu şübhələndirməmək üçün bu barədə heç nə demirdik”.) Amma, təbii ki, bu kiçik fakt Marselin və onun doğmalarının həyatında əsaslı çevriliş mərhələsini yaradır. Ailə xidmətçisi Fransuazanın “Dörd bir yandan o qədər etibar gördüyümüz mənzil” – deyə xatırlatdığı əvvəlki evin xiffətini hamı kimi Marsel də çəkir. Üzdə Fransuazanın kədərinə, ah-vayına istehza edib gülsə də, daxilində anlaşılmaz bir kədər yaşayır. “...çamadanlarını və köhnə evimizi dünyanın ən mükəmməl evi elan edən Fransuaza ilə zarafat etmişdim, amma mən də köhnəni nə qədər tez tərk etmişdimsə, yenini o qədər çətin mənimsəmişdim. Bizi hələ tanımayan qapıçıdan ruhunu oxşayan hörmət işarələrini ala bilmədiyin bir evə köçmənin, yaşlı xidmətçimizi tükənmişlik halına gətirən bir vəziyyəti görüncə onunla razılaşdım”. Marsel Fransuazanın uzaqgörənliyi ilə bağlı onu da xatırladır ki, bu qadında xüsusi bir güc, baş verə biləcək bədbəxtlikləri əvvələdən hissetmə qabiliyyəti vardı. Fransuaza Marselin anasının, atasının və özünün başıma gələ biləcək hər cür xoşagəlməzliyi anında bilirdi, sahib olduğu bu güc Marsel üçün qaranlıq qalmışdı.
Daha sonra tərəflərin (Kombre-Guermantes) və bu tərəflərə məxsus insanların, burjaziya elitasının müqayisəli təhlilləri və tanışlıqlar başlanır. Kombre kilsəsinin alt hissəsindəki senyorluqların əsrlər boyu Almaniyadan, İtaliyadan və Fransadan olan evliliklər və ya qələbələr nəticəsində yarandığı bildirilir. Guermantes Marselin xəyalında bir romanın dekoru kimi canlanır. Məlum olur ki, Kombredən 40 kilometr uzaqlıqda olan Guermantes kəndi qaladan sonra qurulmuş və adını qaladan almışdır. Qalanın əzəmətini pozmamaq üçün müəyyən edilmiş küçələrin xəttini saxlayan və evlərin hündürlüyünü məhdudlaşdıran qaydalar hələ də qüvvədədir.
Lakin Marselin Kombre dövrü həyatının xatirələri yenə Fransuazanın “deyintiləri”ndə maraqlı müqayisə ilə diqqətə çatdırılır: “Heç olmasa insanlar orada nə etdiyini, hansı mövsümdə yaşadıqlarını bilir. Bura kimi deyil; burada Pasxada da Miladda olduğu kimi bircə çiçək tapılmaz. Bu qocalmış vücudumu yerdən qaldıranda bircə dua zəngi olmasını belə istəmirəm. Orada insan hər saatı duyar, kiçicik bir kilsədir, amma insan “bax, qardaşım tarladan gəlir” – deyər, günəşin batdığını görərsən. Hər lütf üçün kilsə zəngi çalınır, lampanı yandırmazdan öncə dayanıb baxmaağa zamanın da olur. Burada isə bir gündüz, bir gecə var. Yatmağa gedirsən heyvanlar kimi. Nə etdin? – desələr, cavab tapa bilməyəcəksən...” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s.280).
Marsel üçün yeni məkanlar, hətta yeni otel otaqları qəribə bir qorxu hissi ilə müşahidə olunur həmişə. Məsələn, o dostu ilə əsgər kazarmasında qalmağa razı olur, amma yeni otel otağında yox. O yerlərdə qaçınılmaz hüznlərlə üz-üzə gələcəyindən qorxurdu. “O məkanlarda mən yoxam, düşüncəm çox uzaqlarda qalırdı”– deyirdi. Onun tənhalığında yeganə bir tanışı vardı: öz “mən”i...
Hətta qərib məkanlarda da qarşılaşdığı o böyüməmiş, kövrək, hər an ağlamağa hazır olan “mən”i idi. İllər sonra açılmış bir çamadan küncündəki “mən” kimi... İllər keçəndən sonra tapdığı, amma heç dəyişməyən, Kombredən bəri, Balbecə ilk gedişində, açılmış bir çamadanın dibində ümidsizcə ağladığı zamandan bəri böyüməmiş olan “mən”i, əşyalarla əlaqələndirməyi vacib sayır.
“İtirilmiş zamanın sorağında” romanında Marselin bir çox sənət adamlarına mistik və qeyri-adi pərəstişi, vurğunluğu zaman keçdikcə mahiyyətini dəyişir, onlarla bağlı istəkləri reallaşdıqca içinə qəribə bir anlaşılmaz kədər çökür. Berqotte (A.Frans), Berma və başqaları ilə də belə olur. Teatr sənəti və Bermaya qarşı bir zamanlar bəslədiyi duyğulardan geriyə heç bir şey qalmır. Vaxtilə seyr etmək üçün dünyanın bu başından o başına qədər qaçmağa hazır idi. Və elə bir zaman gəlmişdi ki, xəstə-xəstə öləcəyini belə düşünsə, gedib Bermaya tamaşa etməyi qanun olmuşdu. Fəqət indi uzaqdan baxanda ləl-cavahiratdan hazırlanmış kimi görünən, amma yaxına gəlincə bütün əşyalarla eyni sırada yer alan bir təpə kimi, bütün bunlar reallıqdan çıxmış, başqalarına bənzər hala gəlmişdi. Məlum olur ki, o orada olduğu üçün onlarla tanış olurdu, sənətçilər onun tanıdığı insanlarla eyni növdən, Paidranın misralarını mümkün olduğu qədər yaxşı ifadə etməyə çalışan insanlardır, misralarsa artıq hər şeydən ayrı, uca və özəl bir növ hesab edilmirdi.
Marsel ədəbiyyat, sənətlə bağlı ilahi sevgi və mücadiləsinin ildən-ilə söndüyünü, artan xəyal qırıqlığı halını obrazlı şəkildə izhar edirdi. Xəstə-xəstə Elstirin bir tablosunu, qotik bir divar xalısını görmək üçün bir qalaya getdiyi gecəni, Venedikə yollandığı günü, Bermanı seyr etməyə getdiyi günü, Balbecə doğru yollandığı zamanı xatırlayır və yuxusuz gecələrini, ağrılı saatlarını itirilmiş zaman selində tapır. Mücadiləsinin nə qədər boş olduğunu əşyaların, ətrafında nə varsa, hamısının dəyişməsində görür. Və təsəllisi olmur, vəziyyətini nevrozlu xəstə halına bənzədirdi (“Nevrozlu xəstəyə yorğun olduğunu deyəndə yorğunluğu ikiqat artar”.)
Marsel bütün taleyini sanki xəyallarına etibar etmişdi, xəyallar isə hər tərəfə meyllənir, onu da arxasınca sürüyürdü. Xəyallar reallaşanda sanki böyük bir boşluğa düşür, illərlə qoruyub saxladığı xəzinə əlindən alınırmış kimi olurdu. “Bermanı seyr etmək mənə zövq verməmişdi, necə ki Gilberteni sevdiyim zamanlarda onu görmək xoş deyildi. Öz-özümə “demək ki ona heyran deyiləm” – demişdim. Halbuki o sənətçinin sənətinin dərinliyinə enməkdən başqa bir şey düşünmür, başqa bir şeylə maraqlanmır, aktyorluğunun əhatə etdiyi hər şeyi ala bilmək üçün zehnimi mümkün olduqca açmağa çalışırdım. İndi heyranlığın məhz bu olduğunu anladım... Hətta zaman oldu ki, Bermanı təkrar izləmək belə istəmədim....”
Prust “İtirilmiş zamanın sorağında” romanının 3-cü kitabında bütün bunları məhz Guermantes şahzadəsinə münasibətinə görə xatırladır. “Madmazuel de Guermantesi hər görəndə xəyalımla gördüyüm arasında hər dəfə fərqli bir uçurum olduğunun fərqində idim”– deyir.
Əvvəldə də qeyd etmişdim ki, M.Prustun romanında hadisələrin, böyük proseslərin deyil, hisslərin dramı, hisslərin süjeti və etirafı, üsyanı və s. bu kimi mücərrəd görünən nəsnələrin fəlsəfəsi təhlil, müzakirə mövzusudur. İnsanların dilə gətirə bilmədiyi və ya gətirmək istəmədiyi etiraflar bəzən anti-humanist və anti-sevgi xarakterli kimi görünə bilər. Məsələn, Madmazuel de Guermantesi gerçəkdən sevdiyini etiraf edən Marselin düşüncəsindən belə bir heyrət doğuran fraqment keçir: O, Madmazuel de Guermantesi, həqiqətən, sevir və Tanrıdan istəyəcəyi ən böyük xoşbəxtlik onun başına hər cür fəlakəti gətirməsi, onun məhv olmuş, gözdən düşmüş, onu ondan ayıran bütün imtiyazları itirmiş halda, yaşayacaq evi də, ona salam verəcək bir kimsəsi də qalmamışkən, gəlib ona sığınmasıydı. Bu səhnəni başında canlandırırdı... Bu şəkildə saatlar boyunca hadisələr xəyal edərkən, Madmazuel de Guermantesin ona sığınması, evinə gəlməsi məqamındakı söyləyəcəyi cümlələri belə ürəyində təkrar edirdi.
Guermantesdə zadəgan mühiti, aristokratiya ədası daha kəskin qanunlarla hökm sürür. Hər məsələdə siniflər arasındakı fərq elitanın müzakirəsinə və ya qınağına tuş gələ bilər. Məsələn, Madmazuel Villeparisis haqqında deyilir ki, əsl-nəcabətli bir ailənin qızı olmasına, eyni dərəcədə də əsl-nəcabətli bir nigaha daxil olmasına baxmayaraq yüksək cəmiyyətdə önəmli qadınlardan sayılmazdı. Madmazuel de Guermantes isə əksinə, daha mövqeli xanım idi. Madmazuel de Villeparisisin səfirlə iyirmi illik əlaqəsi onu bu cəmiyyətdə fərqli cür qəbul etdirmişdi. Marsel Villeparisisi Balbecdə insanların arasında sıxışdırılmış halda gördüyünü deyir. Hamı üçün maraqlı və yaraşıqlı olan bu qadını çoxları evinə dəvət etməzdi. Və onu da vurğulayır ki, bu insanlar o qadına heç vaxt azadlıq verməyəcəkdi. O da vaxtilə aristokratiyanın “qaymaq təbəqəsi”nə aid olmuşdu. Və o durumdan həzz aldığı zamanlarda ətrafındakıları çaşdıraraq onları əsəbiləşdirən və qıcıq yaradan addımar atmışdı. Aristokratiya bunu ona bağışlamamışdır... Doğrudur, sonralarda o itirilmiş nüfuzunun həsrətini çox çəkmişdi. Zadəgən xanımlara onlardan üstün olduğunu göstərmək istəmiş, onların söyləməyə, nəsə etməyə cəsarət etmədiyi hər şeyi demiş və etmişdi. Daha sonra yaxın qohumlardan başqa zadəgan xanımların artıq onun evinə gəlməməsi, onu aşağılaması sarsıntı yaratmışdı. Yenə üstünlük əldə etmək üçün mücadiləyə qalxmış, ağıldan başqa yollardan da istifadəyə can atmışdır. O bütün üstünlüyü ilə meydan oxuyan adamların diqqətini cəlb etməyə başlamışdı. Onun həyatının bəlkə də, böyük hissəsi itirdiyi nüfuzunu geriyə qaytarmaq uğrunda mübarizəylə keçmişdir.
“Gənclərin bunu düşünə bilməsi çox çətindir, çünki gördükləri, yaşlı və hörmətə layiq bir Villeparisis Markizidir. Və bu günün, bəyaz pariklə son dərəcə ağır görünən ciddi xatirələr yazarının bir zamanlar əyləncələrə maraqlı, gecəyarısı yeməklərində ortaya çıxan, bəlkə, o zamanlar, indi məzarlarında yatan kişilərə həzzlər yaşadan, bəlkə, sərvətlərini yeyib bitirən bir qadın olduğunu ağıllarından keçirməzlər. Xüsusilə də Madmazuel Villeparisisin doğuşdan sahib olduğu üstünlükləri ayaqlar altına atması, lap çoxdan olsa belə, nüfuzuna böyük dəyər verməməsi anlamına gəlməz” (Marcel Proust. Kayıp Zamanın İzinde. Guermantes tarafı. Kitap 3. Yapı Kredi Yayınları, 2006, 630 s . s.192).
Amma Prust bu qadının təbiəti, xisləti ilə mücadiləsi arasında bir boşluq olduğunu vurğulayır və bildirir ki, insanlar sürəkli olaraq həyatlarını rəngarəng şəklə salmaq üçün mücadilə aparır, amma istər-istəməz olmaq istədikləri adamın yox, olduqları adamın cizgilərini bir rəsm kimi kopya edirlər.
Olmaq istədikləri adam kimi ola bilməyənlər, sözü, ədaları ilə öz həqiqi “mən”i arasında uçurum olan insanlardan biri də Leqrandindir. Onun barəsində əvvəlki məqalələrdə də söz açmışdım. Marsel onunla bir də yeni, fərqli bir məkanda, Fransanın başqa bir tərəfində – Guermantesdə rastlaşır. Saçlarına dən düşmüş, amma şuxluğunu və cavanlığını qoruyub saxlayan, özünü “Vivonnenin qədimdən qalma açıqgözlü kəndlisi” adlandıran Leqrandin daima aristokratlara istehza ilə yanaşan, özünü o mühitdə həbsdəki kimi hiss etdiyini deyən köhnə dost kimi ərklə nə zamansa dediyi fikri tamamlayırmış kimi birbaşa mətləbə keçir:
“Oo!” – dedi. Siz yaraşıqlı bir cənab olmusunuz, fərqli həm də! Bax, bu mənim azadlığıma əsla uyğun gəlməyən bir uniforma. Amma siz hər halda yüksək cəmiyyətə girib-çıxır, ziyarətlər edirsiniz! Mənim kimi yarıuçuq bir məzarın önündə xəyallar qurmaq üçün, boyunbağımla pencəyim bir-birini tamamlayır. Ruhunuzun incəliyini təqdir etdiyimi bilirsiniz, özünüzü kafirlərin arasında inkar etmənizə çox üzüldüm. Salonların iyrənc, mənim nəfəs ala bilmədiyim havasına bir dəqiqə olsun qatlanmaqla, gələcəyinizi peyğəmbərin nifrətinə, lənətinə təslim edirsiniz. Mən olduğum yerdən aydınca görürəm. Siz xoşbəxt könüllərə, aristokratiya pilləkanları ilə düşüb qalxırsınız. Bax, zamanımızda burjuaziyanın pis vərdişləridir bu. Ah, aristokratlar! Terror dönəmində Konvensiya nahaq yerə bunların hamısının başını kəsmədi. Hamısı ya səfil namussuzdurlar, ya da zavallı axmaqlardır” (Marcel Proust. Kayıp Zamanın İzinde. Guermantes tarafı. Kitap 3. Yapı Kredi Yayınları, 2006, 630 s . s.156).
Leqrandinin bu cəmiyyətdə özünü sürgündəki kimi hiss etməsi, əslində, Marselin içindəki başqa bir adamın durumundan xəbər verir. “Mən başqa bir planetə aidəm və məni burda saxlamaq üçün gərək bütün Yer qanunları işə düşsün” – iddiası da zaman-zaman Marselin içindən qopan ahların mənası kimi əks-səda verir.
M.Prust bütün roman boyu ədəbiyyat, musiqi, memarlıq, rəssamlıq və s. sənət sahələrini müzakirə obyektinə çevirən fraqmentlərdən, replikalardan istifadə edir. Leqrandinlə ayaqüstü söhbətində də dekadans ədəbiyyat, roman mətni səmimiyyəti və qeyri-real mənzərələrin təsviri, tərənnümü məsələsinə toxunur. Bu məqamda da Leqrandin deyir: “Sizə dəyər verdiyim üçün son romanımı göndərəcəyəm. Amma xoşunuza gəlməyəcəkdir, sizin üçün yetərincə dekadan deyil, həddindən çox içdən gələn və dürüst bir romandır, sizə, ithaf etmiş olduğunuz kimi Berqotte lazımdır... Müasir zövq düşkünlərinin cansıxıcı damaq dadına uyğun deyil, Sizin qrupda məni yaşlı bir əsgər kimi görürlər, hər halda. Mənim xatam yazılarımda ürəyimi ortaya qoymağımdır, bunun da zamanı keçdi artıq... Xüsusilə də xalq təbəqəsinin həyatı sizin modabazları maraqlandıracaq qədər özəl deyil. Hərdən İsanın sözlərini xatırlamağa çalışın: “Belə et, yaşayacaqsan”. Əlvida, dostum!”
Romanın bu hissəsində də M.Prustun sevgi, heyranlıq, aldanışlar və bütün bunların qeyri-bərabər statuslu insanlar arasında baş verməsi məsələsindən söz açdığını görürük. Əvvəlki kitablarda Svanla bağlı olan süjet indi sanki Robert və Roşellə davam edir. Marsel Robertin öz məşuqəsi (hansı ki, Marsel onu əvvəldən tanıyırdı və cəmi 20 frank müqabilində istənilən adama istənilən zamanda bədənini sata bilirdi) Roşeli nəcə ideallaşdırdığını, ona qarşı olan sonsuz pərəstiş hissini təsvir edir. Göstərirdi ki, Robert məşuqəsinə görə iztirab çəkə bilər, cinayət törədər, hətta xoşbəxt də ola bilərdi. Onun aləmində dünyada məşuqəsinin üzünə baxmaqdan, onun nə istədiyini kəşf etməkdən, onu sevindirə bilməkdən böyük zövq və həzz ola bilməzdi. Robert bu qadınla evlənməyə belə hazır idi. (Vaxtilə yüksək cəmiyyət nümayəndəsi Svan da öz məşuqəsi ilə belə davranmışdı, yəni ona pərəstiş etmiş və sonda onunla evlənmişdi.)
Lakin bu münasibətin də kulminasiya nöqtəsi var və bu dramatik nöqtə Robertin Roşelə bahalı, 30 min frank dəyərində olan bir boyunbağı alması istəyi ilə qoyulur. “Yaramazlıq etməsə, bu gün öna xoşuna gələ biləcək bir hədiyyə alacam – dedi. “Boucheronda gördüyü bir boyunbağı. Doğrudur, mənim üçün bir az bahadır, 30 min frank. Amma zavallı körpə, həyatda daha başqa əyləncəsi yoxdur. Çox məmnun olacaq. Mənə bu boyunbağıdan danışmış, tanışlarından birinin bu boyunbağını ona almaq istəməsini söyləmişdi” (Marcel Proust. Kayıp Zamanın İzinde. Guermantes tarafı. Kitap 3. Yapı Kredi Yayınları, 2006, 630 s . s.160).
Robert məşuqəsini bir an gözündən qoymur, onu sanki bütün dünyaya qısqanırdı. Amma Marsellə özü tanış edir və onun da bir ədəbiyyat həvəskarı olduğunu söyləyir. Marsellə Roşel Tolstoydan və başqa yazarlardan danışır.
Bu gəzinti zamanı, Roşellə eyni yolun yolçuları olan rəfiqələri, teatr səhnələri, rəqqasələr və digər oyunçularla bağlı ətraflı müşahidələrin şahidi oluruq. Robertlə Roşel arasında yenə gərginlik yaşanır və Robert boyunbağını almayacağı ilə Roşeli qorxutmaq istədikdə qız məmnunluqla imtina edir.
Teatr və qonaqlıqlar, ədəbi-bədii gecələr aristokratiya dünyasına qapı kimi açılır. Paris aristokratiyasını bir də teatrda müşahidə etmək lazımmış...
Bütün bu səhnələrdə fransız cəmiyyətindəki sosial həyatın daxili qatları, insanların bir-birinə yaxınlaşmasındakı təmənnalı münasibətin anatomiyası, bütün zamanlar üçün xarakterik olan əxlaq və əxlaqsızlıq kontekstindəki müzakirələri diqqətlə izləyirik. 20 frank üçün kişilərə təkliflər edən Roşel elə bir situasiyaya düşür ki, Robertin - onu dəli kimi sevən kişinin 30 min franklıq hədiyyəsindən imtina edə bilir. Əxlaqsızlıqda mənəviyyat və əxlaq, əxlaqlılıq və elit təbəqə mövqelərində əxlaqsızlıqlar, saxtakarlıqlar və ləyaqətsizliklər səhifələri açılır, qarşılaşdırılır.
M.Prustun anası yəhudi qızı idi və o anasını nə qədər müdrik, ağıllı və ədalətli qadın kimi təqdim etsə də, həm də bütün həyatı boyu əri ilə oğlu arasındakı anlaşılmaz münasibətin ortasında dayanmış dramatik fiqur kimi tanıdılır. “Anamsa babama olan sevgisiylə mənim zəkama olan ümidi arasında qalmışdı, susqunluqla ifadə etdiyi bir qərarsızlıq içindəydi” (Marcel Proust. Kayıp Zamanın İzinde. Guermantes tarafı. Kitap 3. Yapı Kredi Yayınları, 2006, 630 s . s.156).
Romanın bu hissəsində də M.Prust yəhudilərlə və yəhudiliklə bağlı tarixi münasibətləri çözür, rumınların, misirlilərin, türklərin yəhudilərə nifrət bəslədiyini söyləyir.
Ardı var...