"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?
22 noyabr 2024
# 18:40

Bu gün görkəmli rejissor Rasim Ocaqovun doğum günüdür.

Kulis.az Təranə Məhərrəmovanın "Ağır təbiətli, qaraqabaq, ürəyitəmiz, zəhmətkeş və vicdanlı insan" yazısını təqdim edir.

Rasim Ocaqovun kamerası

Rasim Ocaqov 1933-cü ildə Şəkidə dünyaya gəlib. Uşaqlıqdan foto ilə maraqlanır, həvəskar şəkillər çəkirdi. Arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün onların yanına gedir. Sirli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. R.Ocaqov orta məktəbi bitirdikdən sonra Moskvaya gedir. Moskva Ümumittifaq Kino İnstitutuna daxil olan gənc 1951-1956-cı illərdə kinooperatorluq fakültəsində dərs alır. B.Qolovnya və L.Kosmatov kimi sənətkarların emalatxanası ona kino aləminin möcüzəli sirlərini açır.

Gallery

1956-cı ildən "Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayan R.Ocaqov, ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan” filmini lentə alır. Filmdə baş operator Marqarita Pilixina olub. 1958-ci ildə çəkdiyi "Onun böyük ürəyi” filmi isə R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdı. İnsanların od püskürən soba qarşısındakı gərgin anları, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılıb ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır. Bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. O cümlədən, "Bir cənub şəhərində”, "Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. "Əsl dost”, "Mən rəqs edəcəyəm”, "Sən niyə susursan?” və "Skripkanın sərgüzəşti” filmlərindəki işi ilə Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yatmağa müvəffəq olub. Ancaq o, içində kinoya aşıb-daşan sevgisinə, yaradıcılıq arzusuna təkcə kameradakı işi ilə cavab tapa bilmir. R.Ocaqov rejissor kimi film çəkmək istəyir. Bu arzu ilə M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsinə daxil olub, bu təhsil ocağını bitirsə də, kino çəkmək arzusunu tezliklə həyata keçirə bilmir. Ona film çəkməyi həvalə etmirlər. Bir gün "Azərbaycanfilm”in rəhbəri onu çağıraraq "sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan, kino üzünə həsrət qalacaqsan” deyir. Beləcə "Gəncəbasarlı qisasçı” filmi Rasim Ocaqova həvalə olunur. Tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o, qəhrəmanların ifaçılarını dəyişir, ssenarini yenidən işləyir. Qatır Məmməd obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırır. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə ekran əsərinin uğurlu olması mətbuatda geniş qeyd edilir. Bununla da Rasim Ocaqovun rejissorluğu yolunda yaşıl işıq yanır. Rasim Ocaqovun həyat hadisələrini, ətrafındakıları kameranın ştativindən dəqiq görüb-göstərmək bacarığı ona rejissorluq fəaliyyətində də uğur qazandırır.

Gallery

R.Ocaqovun rejissor kimi ikinci işi "Tütək səsi” filmi olur. Film öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirir.

"Özgə ömür”, "Park”, "Təhminə”, "Bağlı qapı”, "Həm ticarət, həm ziyarət”, "Ölsəm, bağışla”, "İstintaq” filmləri R.Ocaqovun filmoqrafiyasının incisinə, tamaşaçıların sevimli filmlərinə çevrilir. Rejissorun sonuncu filmi isə "Otel otağı” olur.

Onun bütün filmlərində dramaturq, rejissor, bəstəkar ideyalarının kompleksləşmiş əksi aktyor ifaçılığında özünü aydın göstərib, milyonların rəğbətini qazanıb. Rasim Ocaqovun hər filmi aktyorlar üçün yeni bir məktəb idi. Çünki aktyorlarla fərdi işləmək bacarığı onun filmlərində koloritli üslubda təqdim olunurdu. O, həyatı boyu müasiri olduğu zamanın və insanların mikroaləmini ekranlara məqsədyönlü şəkildə gətirməkdə, filmlərində bədii-estetik dəyərləri yüksək səviyyədə təqdim etməkdə israrlı idi və bunu da edirdi. Onun ekranda yaratdığı personajlar həyatiliyinə, təbiiliyinə görə düşüncələrimizin bir hissəsində kök sala bilirdilər.

Gallery

Bəx­tim on­da gə­ti­rib ki...

Rasim Ocaqovun öz aktyor komandası vardı - onlarla işləməyi xoşlayırdı. "Mə­nim öz qru­pum var­dı. Ey­ni adam­lar­la iş­lə­yirdim. Mən on­la­ra, on­lar da mə­nə öy­rəş­miş­di­lər. Bi­lir­di­lər ki, çox tə­ləb­ka­ram. Film elə­dir ki, qur­ta­ran­dan son­ra tə­zə­si­ni çək­mə­din­sə, on­lar iş­lə­mək üçün baş­qa qrup­la­ra ge­dir­lər. Am­ma o adam­lar­la ki, iş­lə­mi­şəm, in­di də on­la­rı se­vi­rəm. On­lar mə­nim­çün in­di də doğ­ma­dır. Al­lah qoy­sa, ye­nə film çək­mə­yə baş­la­sam, ye­nə öz qru­pu­mu ya­ra­da­ca­ğam”- deyə "Kaspi” yə müsahibəsində demişdi. Rejissor kimi çəkdiyi filmlərin uğurundan razı idi: "12 bə­dii film çək­mi­şəm, heç bi­rin­dən utan­mı­ram. Mən­də si­fa­riş­li film­lər heç vaxt ol­ma­yıb. İs­tə­di­yim şey­lə­ri çək­mi­şəm”. 1990-cı ildən "Ocaq” studiyasını yaradan R.Ocaqov öz sevimli işini müstəqil davam etdirməyə başlayır.

Son illər Rasim Ocaqovu Azərbaycan kinosunun vəziyyəti çox narahat edirdi. Rejissor kinodakı keçirdiyi illərindən söz düşəndə 60-70 və ya 80-ci illəri xatırlayırdı: "Mə­nim bəx­tim on­da gə­ti­rib ki, Azər­bay­can ki­no­su­nun yax­şı il­lə­rin­də iş­lə­mi­şəm. O vaxtlar Azər­bay­can ki­no­su­nun ən yax­şı döv­rü idi. At­mos­fer ta­ma­mi­lə ay­rı cür idi. Gün­lər də uçub ge­dir­di. Axır il­lər ki, ki­no­da çə­tin­lik­lər ol­du, elə bil gün­lər də ya­vaş-ya­vaş get­mə­yə baş­la­dı. İndi mən­də is­tər-is­tə­məz so­vet döv­rü­nün xif­fə­ti var. Düz­dür, o döv­rün pis tə­rəf­lə­ri də var­dı. Am­ma yax­şı tə­rə­fi da­ha çox idi. Hər şey ar­xa­da qal­dı... Əgər 40-50 ya­şım ol­say­dı, de­yər­dim ki, hə­lə hər şey irə­li­də­dir. An­caq qa­baq­da heç bir ümid ye­ri yox­dur”- deyə ümidsizliyə də qapılırdı.

Bundan sonra Rasim Ocaqov olmayacaq

Rasim Ocaqovun filmlərində rol alan aktyorlar bu gün onun kimi rejissorların olmamağını milli kinomuz üçün böyük itki hesab edirlər. "Rasim.Ocaqovun yaradıcılığının əsas qayəsi insan mənəviyyatı, psixologiyası, həyatdakı mövqeyini ekranda dəqiq xarakterizə etmək, müasirlərinin mənəvi keyfiyyətlərinin təhlil obyektinə çevirmək idi. O, çəkdiyi filmlərdəki personajları yalnız tamaşaçıya təqdim etmək məqsədi güdmürdü. Müxtəlif fonlu çəkilişləri ilə həm naturanın əhəmiyyətini, dekorasiyaların uyğunluğunu, personajların xarakterik sifətlərində əks olunan hadisələrin dəqiq ünvanını tamaşaçıya çatdırıb, onu kinonun ibrətamiz, dəyərli keyfiyyətlərinə heyran qoyurdu” deyən Xalq artisti Rasim Balayev bir neçə filmində rol aldığı Rasim Ocaqovu böyük sənətkar kimi xatırlayır: "Rasim Ocaqov Azərbaycanın ən görkəmli rejissorlarından biridir. O, milli kino tarixində öz dəsti-xətti olan, yaratdığı əsərlərlə Azərbaycan tamaşaçısının qəlbində yaşayan sənətkardır. Rasim Ocaqov çox ciddi, intizamlı, ədalətli adam idi. Azərbaycanın bir neçə ustad sənətkarları olub, mən deyərdim ki, onların içərisində əsil vətəndaş sənətkarlardan biri də Rasim Ocaqov idi. Çox xoşbəxtəm ki, onun 4 filmində çəkilmişəm. Rollarımın bəzisi əsas, bəzisi isə epizodik rollar olub. Rasim Ocaqov kinonu dərindən bilən, sevən bir sənətkar idi. Aramızda yaş fərqinə baxmayaraq, onunla dostluğumuz da var idi. Hələ lap ilk işindən o, operator kimi məni «Ömrün ilk günü» filminə çəkib. Ondan sonra Rasim Ocaqova «Qatır Məmməd» filmini verdilər, mən də orada çəkildim. O vaxtdan biz dostluq edirdik və axırıncı illərdə də bir yerdə işləyirdik”. Aktyor Rasim Ocaqovu əvəzolunmaz insan adlandırır: "Rasim Ocaqov kimi olmaq qətiyyən mümkün deyil. Rasim Ocaqovun özünəməxsusluğu, öz dünyagörüşü, öz baxışı, öz düşüncə tərzi vardı. Bundan sonra ikinci Rasim Ocaqov olmayacaq. İndi gənclərin hansının istedadlı, hansının istedadsız olduğunu bilmirəm. Hələlik, adamın gözünə qabarıq dəyən adamları görə bilmirəm. Amma yəqin ki, yetişməlidir. Çünki qanunauyğunluq var - zaman öz sənətkarını yetişdirir. Ola bilsin ki, bəzən müəyyən sənət növlərində bir az durğunluq olur, obyektiv və subyektiv səbəblər üzündən bir az tənəzzül baş verir. Bu da yəqin ki, müvəqqətidir. Tarixdə belə hallar baş verir. İncəsənətin bütün növlərində bu cür hadisələrə rast gəlmək mümkündür. Məsələn, bir neçə il bundan əvvəl muğam sənəti ölkəmizdə arxa plana keçmişdi. Bildiyiniz kimi, indi muğam sənətinə yüksək diqqət və qayğı göstərilir. İstedadların yetişməsi üçün şərait yaradılır. Bu, çox amillərlə bağlıdır. Mən inanıram ki, zaman öz sənətkarını yetişdirəcək. Ancaq bütün hallarda, Rasim Ocaqov olmaq mümkün deyil”.

Tiada huraian foto disediakan.

Rasim Ocaqov "Günəşin kələfi” adlı film çəkmək haqda düşünürdü. Baş rolda sevimli aktyoru Fəxrəddin Manafov olacaqdı. Filmin ssenarisini də oxumağa vermişdi. Amma qəfil ürək tutması tanınmış rejissorun məqsədinin qarşısına sədd çəkdi. Rasim Ocaqov 2006-cı il iyulun 12-də, 73 yaşında həyatdan köçdü. Ancaq kino tariximizdə bir-birindən maraqlı, baxımlı filmləri, onu yaxından tanıyan, bir komandada çalışan insanların yaddaşında isə ağır təbiətli, qaraqabaq, ürəyitəmiz, zəhmətkeş və vicdanlı” insan kimi qaldı...

# 159 dəfə oxunub

Oxşar xəbərlər

Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
Füzuli Hüseynov niyə filmlərdə çəkilmir?

Füzuli Hüseynov niyə filmlərdə çəkilmir?

14:26 22 noyabr 2024
#
#
# # #