Bu gün görkəmli irland yazıçı Ceyms Coysun doğum günüdür.
Kulis.az İradə Musayevanın “Ceyms Coysda Dublinin allahı olmaq iddiası” yazısını təqdim edib.
Coysu bu əsərinə görə “Romanı öldürən adam”-deyə
günahlandıranlar, onun yeni bir mərhələnin
qapısını açaraq fərqli bir roman tipi ortaya qoyduğunun
fərqində olmamışlar...
(Mümtaz Sarıçiçək)
Modern ədəbiyyatın, postmodern estetikanın, yeni roman təfəkkürünün ilk nümunələrindən olan “Uliss” haqqında Tomas Eliot yazırdı: “Əsərində mifdən istifadə etməklə insanın çağdaş təcrübəsi ilə keçmişdəki təcrübəsi arasındakı fərqi və bənzərlikləri bir araya gətirən Mister Coys özündən sonrakıların da yararlanması lazım olan yeni bir metod yaratmışdı. Mister Coysu təqlid edəcək olan yazarlar öz araşdırmalarında Eynişteynin kəşflərindən istifadə edən alimlərdən daha çox təqlidçi sayılmazlar”.
“Uliss” dünya ədəbiyyatında yeni roman təfəkkürü, romanyazma ustalığı, roman mətni kompazisiyasında sistem novatorluğu (bəlkə də sistemsizlik) nümayiş etdirən dəyərli əsərdir. Ona istinadən yazılan romanlar (V.Vulf- “Missis Dellouy”, O.Atay -“Tutunamayanlar” və s.) sübut etdi ki, şüur axını, düşüncə seli əsasında qurulan mətn öz səmimi, təbii axarı,dərin fəlsəfi düşüncə qatları ilə digər ənənəvi roman estetikalarını üstələyə bilər. Coys bədii təfəkkürün sonsuz imkanlarını açıb göstərə bildi. Onun “Uliss” romanını oxuyub dərk edən oxucu qalan məşhur romanları sadə mətn parçaları kimi qəbul edə bilir. “Uliss”in monumentallığı həm də ondan ibarətdir ki, bu əsər onlarla müxtəlif roman texnikası modelini içərisində əridə bilib. Təkcə Coysun istifadə, parodiya etdiyi məlum üslublar baxımından deyil, daha fərqli və daha dinamik roman texnologiyaları, daha səriştəli roman müəlliflərinin bədii “kəşfləri” bu əsərdə bəzən sadəcə bir element rolunu oynaya bilir...
Coys şablonları dağıtdı, bir neçə əsrlik standart ədəbi –bədii mətnqurma qanunlarına “Yox!” deyə bildi və nümunəni özü yazdı, təqdim etdi. Coys yeni, modern estetikanın nəzəriyyəsini yazacaq adamlara material və faktlar verdi. Əldə olan bu böyük nümunə ilə ədəbiyyatşünaslar modernizm və daha sonra postmodernizm haqqında öz nəzəri-estetik konsepsiyalarını hasilə gətirdi. O təkcə modern ədəbiyyatın deyil, ümumən ədəbiyyatşünaslığın, yeni roman nəzəriyyəsi ideyasının da öncülü kimi sənət tarixində qaldı. Onun bu estetik, elmi-nəzəri, bədii-intellektual novatorluğu digər sənət növlərinə- musiqi, rəssamlıq, heykəltəraşlıq və s. sahələrə də sirayət etdi. Coys Allahı inkar edə-edə bütün sualları, etirazları və üsyanları ilə Allaha doğru yürüdü... Həm də dünyanın modeli kimi təsvir etdiyi “Uliss Dublini”ni yaratdı, Dublinin allahı olmaq iddiasına düşdü. Coysun yaratdığı dünyanın yolları insanın özündən başlayıb özündə bitdi. Bu yolların yolçuları “şüur atı”na minib “Sən kimsən, ey insan?” axtarışı ilə uzun-uzun məsafələr qət etdi, özündən çıxıb özünə doğru geri döndü, dairə qapandı. Bu əsərdə insan özü-özünü yaradan, özünü kəşf edən, öz obrazının müəllifi kimi təqdim edilir.
“Uliss”də mifoloji təfəkkür fantaziyası şüur axını kontekstində daha da hüdudsuzlanılr. T.Eliotun da dediyi kimi, Coys elə bir ədəbi metoddan istifadə etdi ki, orada insan bütün tarixi ilə-yaradılışının başlanğıcı və taleyinin sonu ilə göz önünə gəldi.
Reallıq və fantaziya şüur məkanında bir-birini əvəzlədikcə, keçmiş və gələcək xəyalda, bu gün isə reallıqda inikas olundu. Bir də qeyri-müəyyən zaman və abstrakt məkan illüziyaları, Blumun xəyali uçuşlarla səyahətə çıxdığı “o biri dünya” mənzərələri... Məşhər “etüdləri”, eybəcər təsvirlər...
Coys düşüncələrini bu romanda həyatın və insan xislətinin, vücudunun, niyyətinin qaranlıqlarında vurnuxan bir ruh kimi dolaşan obraza yerləşdirir. Bu obraz bəzən Leopold Blum olur, bəzən Stiven Dedal, bəzən adi, epizodik rolda görünən bir dənizçi və s. Homerin, Dantenin, Hötenin düşüncəsinin, ruhunun gəzdiyi cəhənnəmlərdən, qaranlıq dünyalardan keçib gedir və sonda onlardan fərqli bir qənaət əldə edir. Coys insan şüurunun gücünün hüdudsuzluğunu faktlarla göstərir, bir günə, cəmi 20 saatlıq bir zamana, bir insan düşüncəsinə, bir taleyə yerləşə biləcək dünyanın az qala insandan da balaca maketini təqdim edir. İnsan şüuru hər şeyi (hətta içərisində özünün bir zərrə kimi göründüyü yer kürəsini) udur, o hüdudsuzdur... İnsan beyni fəaliyyət göstərdikcə yer kürəsi onun şüurunda fələyin çarxı kimi fırlanır. İnsan düşünə bilmək üstünlüyünə görə böyük güc və əzəmətli canlı rolunda görünür. Amma nədənsə Coysun insanı həm də aciz və bədbəxtdir... Çünki dünyada onun daimi səadəti üçün stimul ola biləcək etibarlı heç nə yoxdur... dünya insana cəza evi kimi sərgilənmiş bir cəhənnəmdir. İnsan yer üzünə günahkar kimi enib, Coys sual verir: Bu günahkarlığın müqabili kimi tikilən, qurulan evin memarı Allahdırmı?
“Uliss” romanında Allah obrazı” ayrıca tədqiqat mövzusudur. Coys öz əsərində sanki Allahı da özü yaradır və yaratdığı Allahın qarşısına yenə özünün yaratdığı yeni insanla çıxır. Bu yeni, modern qəhrəman XX əsrin əvvəllərində inqilab və təkamül, intibah cərəyanlarının ideoloqu ampulasında görünür. 1914-cü ildə, Birinci dünya Müharibəsi zamanı yazmağa başladığı romanda həmin müharibənin xəritəsi görünməsə də, müəllif hərb, ölüm və qan səhnələrini tarixin bütün dövrlərində daima aktual olan qanunauyğunluq kimi təsvir edir. Bu müharibə, öldürmək, məhv etmək kimi şeytani patalogiyanın inikası, zorakılıq, torpaq və sərvət qovğası da insanın içinin, xislətinin anatomiyasıtək rəsm edilir. Həmin zamanın fəlsəfəsinə, estetikasına “Ulissizm” və Coysvari baxış nəzəriyyəsi müddəaları əlavə olunmaqdaydı. Faruk Kökoğlu “Nitşe və modern insanın sonu” məqaləsində yazırdı: Modern insan eyni zamanda həm də ibtidai insandır. İnsanlıq tarixi, Tövratın Adəmindən Darvinin təkamülünə, Babildə qala tikib insanlara öz dillərini zorla qəbul etdirməyə çalışan Sami oğullarından zamanımızın irqçi, təcavüzkar və imperialist güclərinə, Sokrat və Platondan Hegel və Freydə, İncilin İsasından Coysun Ulissinə qədər modern insan tiplərilə qarşı-qarşıyadır. Yaxşı, bəs kimdir bu modern insan? Və ya, nədir insana “modern” damğasını vurduran özəlliklər? Hər yeni əsrdən miras qalan yükün ağırlığı altında əzilib XX əsrdə çökən, tənəzzül edən insan çiyinlərində hansı yükü daşıyırdı?”
Məsələ də bunda idi. Dövrün fəlsəfəsi və ədəbiyyatı bu modern, amma dekadans taleyini, çöküş aqibətini yaşamaqda olan insanı anlamağa, təhlil etməyə çalışırdı. Faruk Kökoğlunun da qeyd etdiyi kimi, Nitşedəki tanrının ölümü motivi, insanın sonu mövzusundan ayrı olaraq düşünülməz. Onsuz da tarix boyunca insanın ən böyük hədəfi tanrıya bənzəmək, tanrının yerini ala bilmək, tanrılar yaratmaq, və ya nələrisə tanrılaşdırmaq deyildimi? Və ya, dialektik və antropoloji mənada, insanın qədəri nə tanrı, nə də insan olmadan yox olub getmək deyilmi?.. Tanrının ölümü mövzusu sadəcə insanın ölməsiylə və insanın eqosunun parçalanıb dağılmasıyla tam hədəfinə vara biləcəkdir...
Coys romanının kompazisiya, süjet və hətta fəsil və yarımfəsil başlıqlarını Homerin “Odisseya”əsərinə istinadən götürüb. Simvolik mənalandırmalar hər iki əsərdə eyni bədii-estetik çalar daşıyır. Leopold Blumun və Stiven Dedalın əvvəl ayrı-ayrılıqda, sonra isə birlikdə axtardıqları həqiqətin ana mövzusu da məhz “Odisseya” romanının ideyası ilə səsləşir. Stiven Dedal Odesseyin oğlu Telemaks rolundadır. Troyadan çıxıb on il boyunca yolunu itirmiş, dənizlərdə sahibsiz qayıqlar kimi sahildən - sahilə çırpılan Odissey çox diyarlar gəzir, hətta Ölülər ölkəsinə gedib çıxır. Blumu da həmin məqamda, ölülər diyarında, ruhlar əhatəsində gördük. Odissey kimi Blum da gah alqışlandı, qaldırıldı, ucaldıldı, gah da ən rəzil, miskin bir varlıq kimi heçə endirildi. Gah xoşbəxt, gah bədbəxt durumlara düşdü, eynən Odissey kimi. Ölüm acısı, eşq, ehtiras, övlad itkisinin ağrısı, qadın xəyanəti və s. kimi yaşantıları Leopold Blumun yaşlı bir insanın çəkəcəkləri qədər çəkdiyi məşəqqətin ağırlığını göstərir.
Odissey dünyaya qarmaqarışıq bir yolla səfər edir, Leopold Blum üçün isə müasir dünya modeli Dublin küçələridir. O da labrintvari küçələrdə həm özündən, həm də zamanından, məkanından azır, uzaqlaşır. Blum şüur axını ilə Odisseyin dolaşdığı dünyadan daha çox ərazini fəth etmiş olur. Reallıqda isə çox sadə və qısa bir yolçuluğu olur Blumun. Əvvəl qəssab dükanına gedir, səhər yeməyi üçün böyrək alıb gəlir evinə (Bu məqamda onu da qeyd edim ki, müəllif heyvanın böyrəyi, qara ciyəri, ürəyi, bağırsağı və s. hissələri ilə bağlı fraqmentləri təsadüfən mətninə salmayıb. Bunların da öz simvolikası var.) yeməkdən sonra poçta, kilsəyə, qəbristanlığa, qəzet redaksiyasına, kitabxanaya, bara, xəstəxanaya gedir. Dedalusla, başqa dostları ilə görüşür və sonrakı yolçuluğu Dedalusla birlikdə olur.
Romanda Dublin dünyanın kiçildilmiş maketi kimi təqdim edilir. Amma bu şəhərin həm də bir insanları bədbəxt edən cəhənnəm siması da var. “Uzaqdan səslər: Dublin yanır! Dublin yanır! Alov aldı, alov aldı! (Kükürtlü alovlar daha da yüksəlir... Ağır Gatling topları guruldayır. Bir cəhənnəm. Əsgər dəstələri dağılır... Nal səsləri... Topçular... Zənglər, zənglər... Tərəfdarlar qışqırır. Sərxoşlar atəşə atılır. Fahişələr çığırışır... Sərkərdələrin hayqırışı... Ölənlərin fəryadları... Süngülər zirehlərə zərbəilə dəyər. Oğrular ölüləri soyarlar... Sakitcə yer yarılır və bir uçurum peyda olur...”
Məkan və zaman uçurumu yaranır gözlərimiz önündə. Dublin insanları yadplanetlilər, başqa qalaktikanın adamları ilə hansısa zamanın, hansısa əlaqələndirici vasitələri ilə ünsiyyətə girir. Pəriqızı Blumla danışır. Blum ona: “Biz başqa bir ulduzda görüşmüşdük, o vaxtdan tanışıq”-deyir... Bu məşhər səhnələrində tarixdən məlum olan şəxsiyyətlərin, o cümlədən İlyas peyğəmbərin parodik obrazı canlandırılır həm də...
Dramatik mənzərələrdə Blumun arvadı Molly və Boylan tərəfindən aşağılandığı məqamlar real həyatda olduğundan fərqli olaraq daha təhqiramiz şəkildə ifadəsini tapır. Bütün çılpaqlıqlar, bütün açıqlıq, həqiqi üzlər, simalar, əlaqələr bu səhnələrdə görünür. Müəllif insan münasibətlərindəki şüuraltı nifrət, ikrah və qəzəb çalarlarını elə o yanaşma ilə də təsvir edir. Xəyanətə düçar olmuş Blumu arvadı və onun məşuqu nümayişkaranə şəkildə təhqirə məruz qoyur. “Boylan özündən razı halda arabadan düşür və hamının eşidə biləcəyi bir səslə ucadan deyir:- salam, Blum! Xanım Blum hələ geyinmədimi? Göy qətifədən pencək, qısa şalvar və saman rəngli corab geymiş, uşaq qiyafəli Blum:-Qorxuram, xeyir əfəndim... son şeylərini... Boylan ona pul atır və deyir:-Al bunu cin içərsən... Şapkasını zərif bir hərəkətlə Blumun başındakı buynuzun budaqlarından birinə asır. –“Məni geri apar, sənin arvadınla özəl bir işim var anladınmı?” Blum deyir: - Sağ olun, əfəndim! Baş üstə əfəndim. Madam hamamdadı, əfəndim...”
Leopold Blumun arvadı Mollynin də monoloqu şüur axını formasında yazılıb. Bütün roman boyu süjetin kişi qəhrəmanının düşüncəsi hakim olduğu halda, final qadın zehninin, düşüncəsinin ifadəsi ilə yazılır. 40-42 səhifəlik material Mollynin düşüncə selinə həsr edilib. Birnəfəsə, nöqtəsiz-vergülsüz çıxış, nitq assosasiyası yaradan bu monoloq, əslində yeni bir roman mövzusuna keçid kimi görünür. Molly daha sakit, cəsarətli və səmimidir öz düşüncələrində. Blum geri dönür, Molly Boylanla və Blumla olan əlaqələrini düşünür. Hətta əsgər sevgilisi Mulveylə bağlı xatirələri də qoşulur bu düşüncə axınına. Eləcə də Stivenlə könül, ruh ünsiyyəti də... Və bu düşüncələr o qədər canlı, təbii və analizlərlə, təhlillərlə izah eilir ki, Molly romanın mərkəz nöqtəsinə gətirilir.
Mollynin, bir qadın kimi həm fizioloji halları, aybaşı, cinsi istəklər, münasibətlər və s, həm də müxtəlif xarakterli kişi tiplərinə (Blum, Boylan, Stiven, Mulvey) tərəf müqabili kimi obrazı qabardılır. Mollynin Blum nifrəti tədricən, elə onun düşüncə, şüur axını prosesindəcə rəğbətə çevrilir. Boylanla tanışlıq, sevişmələr, mahnı yaradıcılığı əməkdaşlığı, Cəbəllətarix xatirələri, Blumun onun üçün aldığı kitab, səsini sevgi nəğməsinə bənzətdiyi qatar səsləri, Blumun Stiveni evə gətirməsi, səhhəti ilə bağlı narahatlığı, Blumla din mövzusundakı mübahisələri, ona qızğınlığı və s. fraqmentlər kino lenti kimi şüurunun axarından keçib gedir. Amma bütün bu gedişat onu geriye, ailə başlanğıcına-Bluma doğru qaytarır. Blum Mollynin sevgisini qazana bilir, Molly düşüncəsinin pik həddində sual qarşısında qalır. Seçim zamanı çatıb, amma bu artıq gənc Mollynin seçimi olmalıdır. Blumun evlilik təklifinə “hə” cavabını verir, əsər tamamlanır.
Düşüncələrin başlanğıcına dönmə halı da dairəvi dövretmə sistemi Yer kürəsinin hərəkəti istiqamətini nişan verir. Beyin Yer kürəsi mexanizmi ilə işləyirmiş, necə ki günlər, aylar, illər eyni mexanizm ilə təkrarlanır, beyin də öz istehsalını-düşüncələrini həmin formada təkrar-təkrar doğur. Romanda 20 saatlıq zaman bu təkrarlara örnəkdir. Bitmə və başlama zamanı bir saat əqrəbinin üstündə görüşəcəksə, nədən bu qədər uzun çəkir ömrümüz? Nədən doğum və ölüm nöqtələri bir mərkəzi (torpaqdan yaranıb torpağa dönmə) nişan verirkən dünyada bu qədər boşuna vaxt itiririk?- kimi suallar çıxır ortaya... Həyat boşluqda dolanmaqdırmı? İnsan təkrarlanan, dairə boyunca qaçan, qaçan və finişə çıxa bilməyən bir uğursuzluqdurmu? Coys Leopold Blum və Stiven Dedal sələf-xələfliyində qəribə bir riyazi hesablama aparır. “16 il qabaq, 1988-ci ildə Blum Stivenin indiki yaşında olanda Stiven 6 yaşında idi. 16 il sonra 1920-ci ildə Stiven Blumun indiki yaşına çatacaq və onda Blum 54 yaşında olacaq. 1936-cı ildə Blum 70, Stiven isə 54 yaşa qədəm qoyacaq...” Coys hər ikisinin yaşını gah keçmiş, gah da gələcək zaman təqvimləri ilə hesablayır və qəribə rəqəmlər alır. Blumun min illərlə yaşı, Stivenin geri dönən zaman hesablamasındakı azalan yaşından çox uzaqlaşır. Və göstərir ki, bəşəriyyətin var olması üçün bu adamların (sələf-xələf qanunauyğunluğu) hər ikisi olmalıdır. Biri yox olarsa, bəşər tarixi mütləq dəyişməlidir. “Bu hesablamaları hansı hadisələr dəyişə bilər? Hər ikisinin birdən, ya da ikisindən birinin yox olması, yeni bir təqvim erasının başladılması, dünyanın məhv edilməsi demək idi. Və insan nəslinin kökü kəsilib, yenidən var olarsa, yenə də məlum olacaq ki,bu adamlar bir-biri ilə tanışdır...”
Təsadüfi deyil ki, əsərdə “Dönüş” (“Nostos”) bölümü var. Simvolik olaraq Dedalusun mənəvi atası hesab edə biləcəyimiz Leopold Blumla bərabər yolçuluğu təsvir edilir. Homerin Odissey və Telemaksı kimi, burada da xəyali aləmə səyahət dönüşü yer alır. “Penolopa” bölümündə isə Mollynin düşüncə axını hadisələrə, daha doğrusu, Blumun şüur axını ilə yola çıxılan səyahətinə yekun vurulur... Bu səyahətdə isə həm siyasət vardı, həm kilsələr, həm qəbristanlıq, həm fəlsəfi-dini söhbətlər, həm də sevgi... Məkan isə Coysun doğma vətəni İrlandiya, Dublin şəhəridir.
C.Coys İrlandiyaya Stivenin dili ilə “yaşlı dişsiz nənə”, “öz balalarını yeyən qoca donuz” deyir... Və yaşlı dişsiz nənə Stivendən soruşur: “Zavallı qoca İrlandiyanı gördün və onun nə halda olduğunu anladınmı?” “Zavallı qoca İrlandiya” elə dünyanın özüdür. Elə bil ki, bu sual: “Gördün, tanıdınmı zor altında inləyən dünyanı?” –mənasında səsləndirilir.
Məlumdur ki, Homerin əsərində Odissey həqiqi yolçuluğa çıxır, Coysun romanında isə Blum düşüncə yolçuluğuna... Odissey nəhəng, güclü, iradəli və inadkar qəhrəmandır, qalib görkəmi var. Blum yer üzündən qovulmuş, tərki-dünya ovqatlı bədbin və zəif yəhudidir. Blum öz düşüncəsində isə daha güclü və sərhədsizdir... Odissey Troya müharibəsinin sonunda tanrıların qəzəbinə tuş gəldiyi üçün yolunu azır, illərlə (10 il. Tədqiqatçılar hətta Blumla Mollynin oğlu Rudynin ölümündən sonra 10 il ərzində cinsi yaxınlıq ünsiyyətinin kəsilməsini bu müddətlə əlaqələndirir. Yəni, Odisseyin 10 il boyunca səyahətdə olub, Penelopa ilə görüşə bilməməsi tarixi...) Ağ dəniz və Egey sularında dolaşır, təhlükələrlə üz-üzə qalır. Amma insan kimi sevgisini və hissiyyatını, yaddaşını qoruyub saxlayır. Arvadını, oğlunu, yurdunu sevir, onlara dönüşünün təntənəsini görmək üçün mücadilə edir. Hətta yolçuluq zamanı qarşısına çıxan “Ölümsüzlük” qismətini yaşamaqdan imtina edir.
“Odissey dünyanı səyahətə çıxmış, doğma yuvadan kənarda məşəqqətlərə düçar olmuş ulu insanların bir nəslinin nümunəsidir. Odisseyin İtakanı tərk etməsi, dünyanı dolaşıb çoxlu macəralara düçar olması və yenidən doğma İtakaya, öz ocağına, sadiq Penelopanın yanına qayıtması bir nəslin macəralarıdır. Sonrakı nəsil bu yolu yenidən və bir az başqa şəkildə keçəcəkdir. Və nəhayət, əsrlər, minilliklər öldükcə bu səfər də insanın özü də dəyişəcək – ta ki, Uiliss olaraq qalacaq, yəni insan elə insan olaraq qalmalıdır.
Odissey öz ayaqları altında möhkəm torpaq və mənəvi zəmin hiss edir. Lakin o, dalğalı nəhrlərin ağuşuna atılanda, sanki zəmindən zəminsizliyə adlayır, onun nə qədər yad və qorxulu olduğunu duyur və yenidən öz sahilinə qayıdır. Bu sahilsiz, zəminəsiz, bu oqcaqsız o, yaşaya bilmir. Onu bu böyük və sonsuz dünyaya bağlayan da elə bu ana torpaqdır, ona olan ülvi məhəbbətdir. Keçmişinə sədaqət sevgisi onu özü olmağa vadar edir”. (M.Qpcayev)
Odisseyin Itakaya dönüş uğrundakı mübarizə motivi Coysun qəhrəmanlarında fərqli ampulada inikas olunur. Yer üzündə sərgərdan gəzib-dolaşan, həqiqi, sözün müstəqim mənasında yolunu azmaq yox, ruhu, şüur səyahəti zamanı özünü itirmiş adamın-Leopold Blumun fikir yolçuluğu göstərilir. İngilis işğalı altında olan İrlandiya və iki min illik zaman boyunca yurdsuzluq ağrısını varlığında faciə kimi daşıyan yəhudilik kuliminasiyası, dramatizmi açılır. Blum əsərin sonunda yuxuya gedir...
Nəticə etibari iləsə, hər iki obraz-Odisey və Leopold Blum sözün bütün mənalarında azmış yolçulardır. Özündən, içindən, keçmişindən, ailəsindən, yurdundan, arzu və istəklərindən, düşüncələrindən uzaqlaşmış, azmış insanlar... Təəssüf ki, Coysun insanının Allaha dönüşü yoxdur. Coys insanı öz içərisində dövr etdirməklə onun Allaha gedən yolunu bağlamış olur. Və nəticədə özündə başlayıb özündə tükənən insan böyüməmiş qalır. Yalnız şüur aktı onu böyüdə bilir... Şüur əlaməti isə insanın Allahdan başlanğıc götürməsi deməkdir. Nədənsə Coys bu başlanğıca-Allaha varmanın yolunu ciddi-cəhdlə kəsir... Hər iki əsərin müəllifi qəhrəmanlarını geri qaytarmağa, ilkinliyə, başlanğıca döndərməyə çalışır. Coysda isə bu mücadilə daha çətindir. Yol çox-çox uzaqlara səsləyir. Çünki, burda məsafələr torpaq yolla ölçülmür, insan şüurunun hüdudsuzluğu ilə müəyyənləşir...
M.Çarıçiçək yazırdı ki, “Coysu bu əsərinə görə “Romanı öldürən adam”-deyə günahlandıranlar, onun yeni bir mərhələnin qapısını açaraq yeni bir roman tipi ortaya qoyduğunun fərqində olmamışlar...”
Doğrudan da Coys təkcə roman janrı ilə bağlı deyil, ümumiyyətlə ədəbi-mədəni düşüncə, təfəkkür, estetik nümunə baxımından yeni era açdı. Nümunələr də yarandı dünya ədəbiyyatında. Həmin nümunələrin özü də çox zaman sükutla, anlaşılmazlıq jestləri ilə qarşılandı. “Tutunamayanlar” “Uliss”in türk variantıdır. Oğuz Atay (1934-1977) Türk romanına 1940-cı illərdən etibarən Tanpınar, Peyami Safa və Atılğanın əsərləri ilə sızmağa başlayan modernist, postmodernist bilgiləri əsaslandıran, yenilikləri nümunə ola biləcək bir estetikaya daşıyan romançıdır. “Tutunamayanlar” romanı çap olunanda müəllifin “Nədən yazdıqlarımı anlamırlar, nədən ətrafda heç kim yoxdur? Bəlkə də anlaşılacaq, əhəmiyyətli hesab ediləcək bir şey yazmadım?- deyə sızlamışdı. Susqunluq, bir az da Tanpınarın dediyi kimi, “sükut sui-qəsdi”, laqeyidliyi ilə qarşılanmışdı roman. Bu cür qarşılanma Atayın o zamanlar tanınmış bir sənətçi olmaması ilə də əlaqəli idi. Onun gətirdiyi yenilik həqiqi bir devrim hadisəsi idi. Çünki türk oxucusu o günə qədər, yeni estetika yaratmağı bu dərəcədə ideya önünə çıxarma cəsarəti göstərən bir türk romanı oxumamışdır”.
Coysun sənəti, ədəbiyyat estetikası, fəlsəfəsi, metodikası və üslubu bu və ya digər şəkildə dünya ədəbiyyatı nümunələrinə öz təsirini göstərdi. Əsər dilimizə tərcümə olunmasa da, Azərbaycan oxucusu bu əsərlə müəyyən dərəcədə tanışdır. Bəs ədəbi nümunələrimizdə necə, Coysun dünya ədəbi-estetik paradiqmasını alt-üst edən modern inqilabının izi varmı? Bizim ədəbiyyatda da V.Vulfun, Nabokovun və ya O.Atayın romanları sırasına qoyulacaq əsər yazıldımı? Əlbəttə yox... Bəzi nəsr nümunələrimizdə (məsələn, S.Budaqlının qəhrəmanlarında) monoloqların coysvari şüur axını üslubu ilə ifadəsinə rast gəlsək də, misal üçün “Uliss”ə bərabər roman adı çəkə bilmirik...
Lakin “Uliss” əsəri ilə bağlı əvvəlki məqalələrimdə də qeyd etdiyim kimi, bizim klassik ədəbiyyatımızda N.Gəncəvinin, Ə.Xaqaninin fəlsəfi-irfani baxışları, M.Füzulinin “Leyli və Məcnun” mənzum romanının, Ş.İ.Xətainin “Dəhnamə” poemasının “dünya və insan”, “həyat və ölüm” mövzusu ilə bağlı dini-sufi görüşləri, səyahətnamələrdəki “yolçuluq fəlsəfəsi” bu və ya digər şəkildə “Uliss” romanında modern impravizə ilə ifadəsini tapmışdır. Bu iddianı bəzi faktlar əsasında əvvəlki məqalələrdə qeyd etmişəm. Və biz bu müqayisələrdən, elə düşünürəm ki, çəkinməməliyik. Bizim Şekspir, Heyne, Höte yaradıcılığı üçün dəyərli mənbə rolunu oynaya bilən klassik ədəbiyatımız var... Bunu qərb ədəbiyyatşünaslığı özü də etiraf edir...
XX əsrin əvvəllərində xarici ölkələrdə təhsil alan, avropa mədəniyyətini, ədəbiyyatını və estetik nəzəriyyələr tarixini öyrənən mütəfəkkirlərimiz modern sənət estetikasını mükəmməl mənimsəmiş və öz orijinal ideyalarını “ortaqlaşmış şərq-qərb fəlsəfi düşüncəsi” kontekstində əsərləri ilə reallaşdırmış, qərb ədəbi-estetik düşüncəsinə bu və ya digər şəkildə təsirini də göstərmişdir. O mütəfəkkirlərdən biri də Əli bəy Hüseynzadə idi. Ə.Hüseynzadənin “Uliss” romanından xeyli əvvəl
yazılmış “Siyasəti-fürusət” əsərində tədqiqatçı A.Turanın konkret və dəqiq faktlara əsaslanan araşdırması da sübut etdi ki, “Uliss” üçün motiv ola biləcək xeyli ideoloji və bədii-estetik məqamlar mövcuddur. A.Turan “Modernizm dalğaları” silsiləsindən yazdığı “Ceyms Coys və Əli bəy Hüseynzadə” adlı məqaləsində yazırdı: “Eyni bir yüzilin içində, fərqli məkanda, fərqli ədəbi-estetik ənənələrdə yaranmış iki mətni müqayisə müstəvisinə çıxarmağımızın səbəbi Azərbaycan modernizminin mənalar məkanını müəyyənləşdirmək, ədəbiyyatımızda Şərq-Qərb səsləşmələrini görmək, Azərbaycan modernizm düşüncəsinin hüdudlarını dəqiqləşdirmək cəhdidir. Əlbəttə, mövzu baxımından, janrca, üslubca “Uliss”lə “Siyasəti-fürusət”i eyni rakursda dəyərləndirmək mümkün deyil. Amma hər halda, diqqəti bu istiqamətə yönəltmək, məncə, ədəbiyyatımızın xeyrinə olacaq... Ən azı o səbəbdən ki, “Siyasəti-fürusət” “Uliss”dən on iki il əvvəl yazılıb”.
Həqiqətən də biz öz klassiklərimizi və XX əsrin əvvəllərində dünya modern sənətinin intibah havası ilə nəfəs alan ədəbiyyatımızı doğru-düzgün tədqiq edib lazımınca qiymətləndirməmişik. O çümlədən də Ə.Hüseynzadənin “Siyasəti-fürusət” əsərini.
“Biz isə ən gərəkli kitablarımızdan biri olan “Siyasəti-fürusət” üçün heç bir əyar bəlləməmiş və onu demək olar ki, yerli-dibli tədqiq etməmişik. Baxmayaraq ki, “Uliss” hər nə qədər Avropa ədəbiyyatının mifo-politik əsəridirsə, “Siyasəti-fürusət” də bir o qədər Azərbaycan və ümumtürk ədəbiyyatında birbaşa ilk mifo-politik əsər hesab oluna bilər.
“Uliss”də Dublin dünyanın simvolu, “Siyasəti-fürusət”də isə mağara 2500 illik zamanın simvoludur. “Uliss”in ikinci bölümü tarix dərsinə həsr olunub. Tarix müəllimi ilə söhbət edən məktəb direktoru Dizinin damarlarında “ana tərəfdən üsyankarların qanı axır”, amma onun əcdadları irlandlardır və hamısı kralların varisidir. “Uliss”in Homer planında Dizi atları ram edən Nestordur. (XX yüzilin əvvəllərində Homerin qismən tərcüməsi zamanı Nestorla bağlı məqamlar Əli bəyin diqqət mərkəzindəydi). “Dizi yayılmaqda olan dabaq xəstəliyinin epidemiyasına görə bərk narahatdır, onun kabinetində divarlardan atların rəsmləri və nəhəng atbaz olan şahzadə Uelskinin portreti asılmışdır...” “Siyasəti-fürusət” isə əslində neçə min ili ehtiva edən tarix dərsinin hökmdarların, kralların, şahların iştirakı ilə keçən sorğu-sualıdır. Hakimiyyət diskursudur - at oynatma siyasətidir. “Siyasəti-fürusət”in “Qacarlar”, “Uliss”in isə 5-ci bölümündə xədim və soprano səsli kilsə müğənniləri barədə söhbət gedir... “Uliss”in də, “Siyasəti-fürusətin”də bir neçə yerində soprano səs, ümumiyyətlə, axtalanmış oğlan səsi ilə qiyaslandırılır”.
A.Turanın sözügedən məqaləsində xeyli sayda maraqlı və dəqiq paralellər müqayisəli şəkildə təhlil edilmişdir...
Düşünürəm ki, biz dünya ədəbi düşüncəsini silkələyən C.Coysun yaradıcılığını, eləcə də “Uliss” romanını ədəbiyyatşünaslığın tədqiqat mərkəzinə gətirməliyik. Mənim 4 aya yaxın bir vaxt ərzində ərsəyə gətirdiyim silsilə məqalələr ilk geniş araşdırma olsa da, ədəbiyyatşünaslığımızın bu əsərə daha fərqli rakurslardan baxış zərurəti aktual olaraq qalmaqdadır. Bu yolda hər kəsə uğur diləyirəm.