Məni qoyub gedən qadınlar...

Məni qoyub gedən qadınlar...
5 may 2014
# 15:45

İlqar Rəsul yazır

Nənəmi hamıdan çox mən istəyirdim.

Elə o öləndə də hamıdan çox mən ağlamışdım.

Ölümündən bir müddət sonra tez-tez yuxuma girməyə başladı. Üç qat tumanı əynində, yun şalı belində, hökmü sifətində. Hər dəfə də bir təpənin üstü ilə harasa gedirdi. Görən kimi çağırırdım, dayanırdı. “Məni də özünlə apar” - deyib ayaqyalın qaçırdım ona tərəf. Gülüb “Nənən qurban, get ayaqqabılarını geyin, gəl”, - deyirdi.

Hər dəfə də ayaqqabılarımı geyinib qayıdanda görürdüm nənəm yoxdur, gedib.

Onda mən uşaq idim. Üçüncü sinifdə oxuyurdum. Bir gecə hamıdan xəlvət ayaqqabılarım ayağımda yatdım. Yatdım ki, nənəm gələndə ona qoşulub gedə bilim...

O gecədən nənəm bir də heç vaxt yuxuma gəlmədi...

Mən anamı hamıdan çox istəyirdim. Elə onun nə vaxtsa öləcəyindən də hamıdan çox qorxurdum.

Bir gün anam öldü...

Ölümündən bir müddət sonra zaman-zaman yuxuma gəlməyə başladı.

Avtobusda görürəm onu. Dayanacaqda avtobus dayanır, orta qapılar açılır, anamı görürəm. Qapı ilə üzbəüz oturacaqda, üzü dayanacağa sarı oturub. Əynində qara donu, çiynində qəhvəyi yaylığı, dizinin üstündə qara çantası...

Tez avtobusa qalxıram. Hal-əhval edib, ondan çox nigaran olduğumu deyirəm.

"Məndən nigaran olma. Orda yaxşı baxırlar mənə. Çayımı-çörəyimi vaxtında verirlər"-deyir.

Amma mən əl çəkmirəm: "yox, nigaran qalıram, səninlə gedəcəm" - deyib əlimi cibimə atıram. Baxıram ki, pulum yoxdu. "Gözlə gəlirəm"- deyib tələsik avtobusdan düşüb pul dalınca qaçıram. Hər dəfə də qayıdıb görürəm ki, anam yoxdur, gedib...

İndi mən uşaq deyiləm. Heç üçüncü sinifdə də oxumuram.

Amma hər gün axşamlar evə gələndə cibimdəki bütün pulları çıxardıb kitab rəfinə qoyuram. Qorxuram anam cibimdə pul olduğunu bilib bir də yuxuma gəlməz....

# 4382 dəfə oxunub

Müəllifin son yazıları

# # #