- Od nədi?
- Təhlükə, qorxu.
- Həm də nədi?
- Qaranlıqda işıq, soyuqda isti.
- Qaranlıqda işığın, soyuqda istinin olmasını istəmirsən?
- İstəyirəm.
- Onda gedib odu götürsən?
İnsan ildırımın vurub yandırdığı meşəyə yaxınlaşıb odu götürdü, kibrit qutusuna qoyub cibində gəzdirməyə başladı...
Sizcə insan odu niyə götürə bildi?... Yooox, qorxunu enmək sonrakı məsələdi. İnsanı buna ona verilən suallar vadar etdi.
Hər şeydən əvvəl sual (?) olub. Sonra cavab yaranıb. Yəni mövcud olan sual cavab yaradıb. Sizə sual verirlər, cavab verirsiniz. Və bəzən cavabı verən kimi də ilk ağlınıza gələn o olur ki, əgər bu sual olmasaydı, bu fikir heç vaxt ağlınıza gəlməzdi. Demək sual fikir yaratdı. Yəni cavab. Adətən verilən cavabdan yox, sualdan qorxurlar. Çünki cavab yox, məhz sual hər şeyi həll edir. Sualın miqyası cavabın çəkisini müəyyənləşdirir. Sual ciddidisə, cavab da ciddi olmalıdı yəni....
Verilməyən sualın cavabı olmur. İstər bu sualı kimsə sizə versin, istər də özünüz özünüzə... Hər şeydən əvvəl sual (?) olub. Axıra sual qalacaq.
Allah ən böyük sualdı...