Ben Ladenlər erməni terrorçuların romantik davamçılarıdır

Ben Ladenlər erməni terrorçuların romantik davamçılarıdır
16 iyun 2016
# 21:00

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX əsr” məqaləsinin on dördüncü hissəsini təqdim edir.

On üçüncü hissəni burdan oxuya bilərsiz.

Xoş gəldin, İblis

Budur, gəlib müasir dünya mədəniyyətinin ən qəribə və əcaib yerinə çatdıq. İblisanəlik…

Əlbəttə, hər xalqın mifologiyasında şər qüvvələrin təmsilçisi olan obrazlar minilliklər boyu mövcud olub. Lakin heç bir toplum bu obrazları mütləq ali dəyərlərlə səciyyələndirib, zirvələrə qaldırmayıb.

Bunu isə yalnız Avropa romantizmi həyata keçirtdi…

Romantizmin mahiyyəti barədə yüzlərlə kitab yazılıb və əfsuslar olsun ki, bu kitabların çoxu romantik meylləri vəsf eləməkdən başqa bir şey olmayıb. Yalnız son onilliklərdə Avropada yazılan fəlsəfi araşdırmalar klassik romantizmin fəsadlarını analiz edir, bəşər təfəkkürünə vurduğu ziyanı araşdırırlar…

İlahi-ideal dəyərlərin Ali (yüksək) dəyərlərlə əvəzlənməsi – romantizmdən danışarkən ilk olaraq bu sözlər xatırlanır… Bəs görəsən bu ALİ dəyərlər nədən ibarətdir? Və nəyə görə bu Ali yüksək dəyərlər İlahi ideal dəyərlərlə ziddiyyətdə təqdim olunur?

Çünki «Ali» dəyər «İlahi-səmavi» dəyərə qarşı qiyamdı…

Biz ilahi dəyərləri qəbul eləmirik, onun müqabilində özümüzün «ali» hesab elədiyimiz dəyərləri yüksəklərə qaldırırıq… Humanizmin, maarifçiliyin təbii davamı… Beləcə gəlib qiyamçı obrazına çıxdıq… Romantik qiyam…

Romantizm ədəbiyyatına diqqət versək nəyi görərik – əski xristianlığın «Ata-oğul-müqəddəs ruh» üçbucağının müqabilinə, yeni və romantik bir üçbucaq çıxardılır… Tanrıya qarşı qiyam edən İblis, ictimai qaydalara qarşı qiyam edən marginal qəhrəman və nəhayət əxlaq normalarına asi olan fahişə-gözəlçə…

Bu üçlük demək olar ki, XIX əsrin ikinci yarısına qədər Avropa ədəbiyyatının az qala lokomotivi rolunu oynayıb…

«Faust», «İblisin memuarları», «İblisin etirafları» kimi çoxsaylı əsərlərdən tutmuş Drakulalar, Vampirlər, Frankinşteynlər, Kvazimodalar, onların da ardıyca Karmenlər, Violettalar, (hətta bu günki Malenalar) və sair bu cür obrazların ədəbiyyata, mədəniyyətə hücumu ilk olaraq romantizm dövründə başladı…

Və təbii ki, bu qəhrəmanlar şər qüvvənin təmsilçisi, rəzalətli obrazlar kimi təqdim olunmur, onlar ideallaşdırılır, qaragüruhdan əziyyət çəkən, cəmiyyətin məhv elədiyi romantik qəhrəmanlar ranqına qaldırılırdı…

Niyə? Çünki aktivdirlər, maraqlıdırlar. Hissləri, ehtirasları oyadırlar… Romantizmin ən yüksək dəyər verdiyi emosionallıq və hissiyyatlılıq…

Sual oluna bilər ki, bütün bunların bizə nə aidiyyatı var axı? Bizim ədəbiyyatda bu meyllər o qədər də güclü olmayıb….

Həqiqətən də, bizim ədəbiyyatımızda romantizm meyllərini Sovet hakimiyyətinin qurulması kəsdi. İlkin romantizm dönəmində isə bizim qələm sahibləri dini düşüncələriylə tam uyğun gəlmədiyinə görə, romantizmin əksər kanonlarını qəbul etmirdilər. Bircə «İblis» dramını çıxmaq şərtiylə bu obraz geniş mənada ədəbiyyatımızda yayılmadı, hətta bu dramda da İblis obrazı Qərb romantizmindən daha çox Şərq irfan təfəkkürünün məhsulu kimi görünür. Onun Tanrıya qarşı qiyamı ideallaşdırılmır... Bəlkə bu sırada «Pəri-cadu» pyesinin də adını çəkmək olar. Lakin yenə də, biz onu şər qüvvənin təmsilçisi kimi görürük, romantik qəhrəman kimi yox….

Ancaq Sovet hakimiyyətinin dağılmasından və senzuraların aradan götürülməsindən sonra, biz ədəbiyyatımızda sanki klassik Avropa romantizminin gecikmiş partlayışını gördük… Və bu romantizm meylləri modernizmlə qarışıq bir formada təzahür edirdi…

«İblis mələkdən gözəldi», «Göydən ölü Allah düşəcək» və sair buna bənzər başlıqlı şeirlər, hekayələr, hətta poetik toplular ötən əsrin doxsanıncı illərində bizdə ən çox oxunan və dəbdə olan ədəbiyyat nümunələri idi…

Səbəb də bu idi ki, yetmiş illik sovet təsiri nəticəsində dini düşüncə o qədər zəifləmişdi ki, əvvəlki romantiklərimizi bu cür meyllərdən uzaq saxlayan mexanizmlər artıq yox idi.

Və əfsuslar olsun ki, bu günə qədər belə romantik meyllər ədəbiyyatımızda, ələlxüsus da gənclərin arasında çox populyardır… Çox uzağa getməyək , elə ədəbiyyat saytlarının, dərgilərin ümumi mənzərəsinə fikir versək, görərik ki, gənc yazarlar tərəfindən ən çox sevilən estetik obraz məhz «gecə kəpənəyi–fahişə obrazıdır».

Onların həyatı romantik ali yüksəkliyə qaldırılır, onları qəbul etməyən cəmiyyət çirkab yuvası kimi təqdim olunur, onların bütün problemlərinin baiskarı onları bu yola salan ətraf aləm elan olunur… Hamı pisdi, onlar yaxşıdı… Ağ qarğa… Günahkar mələk… Məsum qurban… və nəhayətdə son xilas yolu – ritorik romantik ÖLÜM…

Beləliklə, «Gecə kəpənəyi» obrazı romantik haləyə bürünür… Eyni halı müxtəlif asi qiyamçı obrazlarıyla da baş verir…

Ümumiyyətlə, son illərdə ədəbi cameədə postmodernizmdən modernizmdən nə qədər danışılsa da, ümumi düşüncələr daha çox romantizm istiqamətinə meyllənib…

Əlbəttə, ədəbiyyatın zahiri tərəflərini analiz edənlər deyə bilər ki, istər iblis olsun, istər müasir «Malenalar» və ya başqa romantik marginallar, asi qiyamçılar – bütün bunlar sadəcə ədəbiyyat faktıdır. İblis obrazını və onun «xidmətçiləri»ni ədəbiyyata gətirmək elə də diqqətə layiq bir şey deyil…

Başqa sözlə desək, sadəcə abstrakt obrazlardır, insan ruhu üçün zərərli deyil…

Lakin mən başqa fikirdəyəm. İnsan şüurunu mənfi energetikadan, həm daxili, həm də xarici şər qüvvələrin təsirindən qoruyan müəyyən mənəvi filtrlər mövcuddur ki, psixikanın normal fəaliyyətini təmin edir.

Yuxarıda haqqında danışdığım obrazlar toplusu isə hərəsi bir tərəfdən bu mənəvi filtrləri, qoruyucu mexanizmləri hiss olunmadan dağıdır…

Terror romantikası

İndi isə məsələyə sırf müasir psixologiya nöqteyi-nəzərindən baxmaq istəyirəm…

(Ümumiyyətlə mən bu əsəri işləyərkən, məqsədli şəkildə öz fikirlərimi əksər hallarda elə Qərbin özünün alimlərinin yazdıqları fəlsəfi-psixoloji əsərlərə istinad edirəm. Əks halda mənim tənqidim əli armuda çatmayanın ağaca daş atmağına bənzəyər…)

Budur, romantizmin vəsf etdiyi emosiya partlayışı, qiyamçılıq, dağıdıcılıq və sair təmayüllər insanlar arasında, ələlxüsus da gənc nəslin arasında reklam olunur, beyinlərə işləyir, müəyyən fəaliyyətə stimul verir… Hansı fəaliyyətə? Əksər hallarda faciələrlə nəticələnən fəaliyyətə…

Qərb sosioloqları qeyd edir ki, cəmiyyətdəki çoxsaylı psixoloji problemlərin, depressiyaların səbəbi emosional insanların müəyyən «romantik» fəaliyyəti və bu fəaliyyətin ardıyca yaranan təəssüf və bədbinlik hissləridir…

Romantik ideallar son yüzilliklərdə on minlərlə insanın həyatını məhv edib….

Romantik ideallar uğrunda başlayan istənilən asiliyin, qiyamın, inqilabın ilk qurbanı elə romantiklərin özləri olur…

İlk romantiklər olan Dantonların, Robespyerlərin kəsilmiş başları bunun sübutudur…

Hətta belə bir tezis də var – bütün qiyamları, inqilabları romantiklər başlayır, ancaq bəhrəsini praqmatik siyasətçilər görür…

Bu fikri bəlkə başqa cür ifadə edək – məhz praqmatiklər öz məqsədlərinə çatmaqçün sadəlövh emosional romantiklərdən istifadə edirlər və sonda məqsədə nail olunduqdan sonra, elə ilk olaraq onların özlərini məhv edirlər…

İstər azadlıq mübarizələri olsun, istər başqa mənəvi qiyamlar, sosial inqilablar – eyni proses hər yerdə müşahidə olunur…

Romantika siyasətçilərin əlində kütləni qırğına verməkçün ən gözəl silah olub…

XX əsrin son romantiki Adolf Hitler idi – bu fikri də Avropa filosofları bəyan edir… Çünki alman xalqının içindəki aqressiyanı gücləndirib, az qala bütün dünyaya qarşı qaldıran və sonda məğlubiyyətə düçar edən məhz faşizm romantikası idi. Bu romantika iyirmi il ərzində alman xalqını hipnoz edərək ardıyca aparırdı…

Lakin mən qəbul eləmirəm ki, romantikanın qorxulu təzahürü faşizmlə bitib. Yox. İndi daha vahiməli bir hal alıb – terrorizm….

Bir az keçmişə qayıtsaq, görərik ki, XIX əsrdə Avropadakı terror təşkilatlarına toplaşan gənclər əksər hallarda romantizm ədəbiyyatının yaratdığı şirin xəyallarla yaşayırdılar. Hər biri öz cinayət əməllərində bir romantika görürdü, hətta bu yolda ölümə də getməyə hazır idilər. Və gedirdilər də…

Bu gün bütün dünyada terrorizm faciələrindən danışılır. Lakin əksər hallarda qeyd edilmir ki, terrorizmin özü də Qərb romantizminin törəməsidir. Bugünkü Ben Ladenlərin hər biri o vaxtkı anarxistlərin, xalqçıların, yəhudi və erməni terrorçularının romantik davamçılarıdır… İstər zahirən islam libasına bürünsün, istər başqa ideologiya olsun, fərqi yoxdur…

Romantizm olmayan yerdə terror ola bilməz….

Bəs necə olur ki, gözəl romantik ideyalar insanı caniyə, qatilə , terrorçuya çevirir? Zənnimcə burda qeyri adi heç nə yoxdur. Hiss və emosiyalar da əql qüvvəsi kimi ikili təbiətə malikdir. İşıqlı və qaranlıq , yaradıcı və dağıdıcı tərəfləri var. Və bu işığın nə vaxt qaranlığa çevriləcəyini qabaqcadan heç kim bilmir. Çünki hisslər inamın nəzarətindən qurtulub azadlığa çıxıblar…

Budur, romantizmin məşum ideologiyası – Xeyir və şərin dialektikası…

Emosiyalar, hisslər imperiyası

Yenə hisslərin, emosiyaların üzərinə qayıdaq… Romantizm insanın hiss və ehtiraslarının qarşısını kəsən bütün sədləri lənətləyir, hiss və emosiyaları insan varlığının ən əhəmiyyətli və aparıcı qüvvəsi hesab edir… Nəzarətsiz hiss və emosiyalar…

Əvvəlki hissələrdə inam və əqidənin nəzarətindən qurtulan insan əqlinin törətdiyi fəsadlardan yazmışdıq. Romantizm isə inam və əqidənin qəfəsindən qurtulan hiss və emosiyaların fəlakətidir…

Yenə də müasir psixologiyaya, etikaya nəzər salaq…

Bütün etik nəzəriyyələr hissləri və emosiyaları çərçivədə saxlamaq mexanizmlərini yaratmaq üzərində qurulub. Etiraf edirik ki, hiss və emosiya partlayışları insanı ani cinayətlərdən tutmuş böyük faciələrə qədər sürükləyə bilər…

Əsl müdrik insan hiss və duyğularına, ekspressiv emosiyalarına nəzarət edə bilən insanlar hesab olunur….

Lakin ədəbi romantikada biz bunun əksini görürük. Niyə? Niyə? Çünki belə insanlar maraqlıdı, qeyri-adidi, hisslərini cilovlamırlar deyə, fərqli görünürlər…

Ən maraqlı isə təbii ki, İblis obrazıdır. Axı İblisin asiliyində bir maraqlılıq, qeyri-adilik var… İblis obrazının ətrafındakı romantik halə indiyə qədər davam etməkdədir – Hollivud filmlərindən tutmuş sıravi cizgi filmlərinə qədər çoxsaylı sənət əsərlərində biz İblisi ən cazibədar bir sifətdə görürük. Elə bircə «İblisin vəkili» filmində məşhur Hollivud ulduzu Al Paçinonun yaratdığı obrazı xatırlamaq kifayətdir…

Maraqlı bir detalı qeyd edim. Müasir Qərb kinosunda İsa Məsihin çoxsaylı obrazlarına rast gəlmək mümkündür. Lakin əfsuslar olsun ki, indi sıravi kinosevərlərdən soruşsaq, bu obrazları yaradan aktyorların heç birinin adını çəkə bilməyəcəklər… (Etiraf edim ki, heç mən özüm də bu filmlərdə İsa peyğəmbərin obrazını yaradan aktyorları yaxşı xatırlamıram.) İblislər isə hamımızın yadındadır – Al Paçino, Cek Nikolson, Qarri Oldmen…

Niyə? Çünki biz də romantik təfəkkürdən azad deyilik. Aktiv, dinamik şər qüvvə bizə passiv, hərəkətsiz xeyirdən daha maraqlı, daha cazibədar gəlir…

Və məhz bu zaman romantizmin qorxulu təzahürlərindən biriylə üz-üzə qalmış oluruq – şər qüvvənin cazibəsi, dinamikası, aktivliyi ona gətirib çıxardır ki, real həyatda da bir çoxumuz (ələlxüsus da yeniyetmə və gənclər) bu iblisanə qəhrəmanlara bənzəməyə çalışırıq. Kimsə bilərəkdən, kimsə təhtəlşüur səviyyəsində…

Yenə fikrimizin əvvəlinə qayıdaq. Budur, romantizmin gətirdiyi İblis obrazı və onun iki köməkçisi – kişilərin ağlını başından çıxardan «romantik gecə kəpənəyi» obrazı və bütün mümkün qayda-qanunlara qarşı asi olan «dağıdıcı romantik qəhrəman»…

Zəif cins birinciyə, güclü cins ikinciyə bənzəməyə çalışır…

Bir çox müasir fəlakətlərin də səbəbi məhz bundadır… Maraqlı görünən «Şər»ə bənzəmək…

Epiloq

Qərb mədəniyyətində romantizm təmayüllərini realizm, onu da öz növbəsində modernizm və postmodernizm əvəzlədi. Lakin bu cərəyanların hər birini ayrılıqda analiz etmək fikrindən uzağam, çünki bu, üzərində işlədiyim ayrıca bir kitabın mövzusudur.

Bu əsərdə isə romantizm meylləri ilə fikirlərimi yekunlaşdırmaq istəyirəm.

Maarifçilik humanizmin inkarı idi, romantizm maarifçiliyin, realizm romantizmin, modernizm realizmin, postmodernizm də öz növbəsində modernizmin….

Son illər daha fərqli bir termin dillərdə gəzir: post-qeyri-klassik elm.

Düzülüşə fikir verək. 1 - klassik elm, 2- onu inkar edən qeyri-klassik elm, 3 - Onu da inkar edən postqeyriklassik elm…

Ancaq, dayaq nöqtəsi yenə də köhnədir… Hər yeni sadəcə köhnənin inkarı üzərində qurulub. Bu isə heç bir nəticə verməyəcək…

Köhnəni inkar eləmək cəhdləri məhz köhnə düşüncə adamları tərəfindən və köhnə metodlarla aparıldığından nəticəsiz qalıb… Bütün inkarlar bir birini təkrar edib… Ona görə də bu gün bəşəriyyət quyruğunu yeyən ilanların əhatəsində qalıb…

Köhnə bəyənilmir, lakin hər dəfə köhnəni inkar etmək də özünü doğrultmur… Deməli yenə də eyni prosesi təkrar edib, köhnəni inkar etsək, yenə də eyni nəticə ilə üzləşəcəyik və bu təkrarlar qiyamətə qədər davam edəcək… Bəs onda neyləməli? Yenə labirint?

Məlum faktdır ki, bu əsərdə mənim yazdığım fikirlərin çoxunu məndən əvvəl də onlarla müəllif – Avropa, Rusiya, Amerika ədibləri yazıb… Hətta müasir dünya düzəninin inkarı üzərində qurulan antiqlobalizm özü bir fəlsəfi qola çevrilib, özündə müxtəlif düşüncə tərzlərini birləşdirir…

Bəs sual olunur - niyə bu əsərlərin heç bir təsiri olmayıb? (misal üçün, Erix Fromm öz kitablarından birinin təkrar nəşrinə yazdığı ön sözdə qeyd edir ki, mən iyirmi il əvvəl yazdığım bu əsərdə qaldırdığım problemlər bu onilliklər ərzində bir qədər də kəskinləşib.)

Sual oluna bilər ki, əgər bu mənəvi çöküş barədə onlarla müəllif Qərb cəmiyyətini onilliklər əvvəl xəbərdar edirdisə, bəs niyə bu xəbərdarlıqların heç bir nəticəsi olmurdu? Məgər Qərb cəmiyyəti bu qədər cahil və avam kütlədən ibarətdir?

Bu xüsusda fikirlər çoxdur. Mənsə belə düşünürəm - onların özləri də həmin mədəniyyətin yetirməsiydilər və onun boşluğunu başa düşsələr də gözəlliklərindən imtina edə bilmirdilər… Yəni tam dağıtmağa ürəkləri gəlmirdi. Çünki tam dağıtsaydılar özlərini də ölümə məhkum etmiş olardılar. Bu mədəniyyət ox kimi onların ruhuna girmişdi və ya ağac kimi onların təfəkküründə geniş rişə atmışdı… Ona görə tənqid etsələr də, dartıb çıxartmağa qorxurdular…

Burda bir riyakarlıq əlaməti də var zənnimcə. Kimsə köhnəni dağıtmağı təbliğ edirsə, məqsəd odur ki, köhnə dağılsın, yalnız, onun özü qalsın… Gələcək nəsillər keçmişə baxanda yalnız onu görsünlər…

Yəni şöhrət yanğısı, psixi xəstəlik…

Ona görə də yuxarıda danışdığım cəhdlər uğursuz olub… Müasir dövrün Qərb filosoflarının, alimlərinin hər biri son yüzilliklərin mənəvi pozğunluqlarını tənqid edərkən, özünü onun içində görməyib… Hamı ətrafdakılardan yazıb, ətrafı tənqid eləyib. Məşum tezis – mən yaxşıyam, onlar pisdir…

Lakin sən də həmin «onların» içindəsən… Deməli sən də ölümə məhkumsan…

Məhz buna görə də onların silahı küt olub… XX əsri dağıtmağa çalışıblar, amma hiss edəndə ki dağılan XX əsrlə birlikdə onların özü də yoxluğa vasil olacaq, onda qeyri-şüuri əl saxlayıblar, çünki şərti mənada ölmək istəməyiblər…

Öz oturduqları ağacı xeyli baltaladıqdan sonra görüblər ki budaq qırılsa onlar da yıxılacaq, ona görə sona qədər baltalamayıblar…

Əgər ölməyi bacarsaydılar, həqiqətən də gələcək nəsillərçün dəyərli iş görmüş olardılar. Lakin bu iş onların adıyla bağlı olmazdı…. Onların adı unudulardı, əvəzində gələcək nəsillər daha xoşbəxt olardı…

Əfsus ki, bunu düşüncələrinə sıxışdıra bilməyiblər… Çünki adlarının qalmağı ən böyük ideal, adlarının tarixdən silinməyi isə ən böyük psixoloji vahimə, az qala qiyamət günü qədər qorxuludur.

XX əsrin krizisindən və yeni dünya təfəkkürünün yaranmağından yazan istənilən Qərb alimi öz ürəyinin dərinliyində düşünüb ki, bax yeni dövr yaranacaq, hər şey fərqli və yeni olacaq, o zaman mənim əsərlərim xatırlanacaq və deyəcəklər ki, filankəs bunu hələ yüz il əvvəl peyğəmbərcəsinə uzaqgörənliklə qeyd eləmişdi, filankəs bunu hələ o vaxt hiss eləmişdi… Və bu fikirlərlə eqo hissi sığallanır onlara güc gəlir…

Bəs niyə bu cür düşünür? Çünki bu yanaşmanı məhz XX əsr ortaya qoymuşdu…

Orta əsrlərdə gələcəyin necə olması barədə yüzlərlə rəy olub. Amma onların hansı biri müasir vəziyyətə uyğun olubsa, həmin adamın adı göylərə qaldırılıb, az qala peyğəmbər elan edilib ki, bax bu insan bizim bu günümüzü necə də hiss edirdi.

İndi yazanlar da məhz eynən o yeri tutmaq istəyiblər. Yüz illər sonra gələcəyi görən peyğəmbərlik səviyyəsinə qalxmaq…

Həqiqətə oxşamır? Onda özünüz sınayın... Şpenqlerdən, Fromdan tutmuş Haydeggerə qədər, hamısının dediyim mövzuda olan əsərlərini tapıb oxuyun. Heç birində belə bir fikrə rast gəlməzsiz ki, «yeni təfəkkür yaradılacaq, o zaman hər şey həqiqətən də yeni olacaq və orda bizə də yer olmayacaq, biz də unudulacağıq, çünki biz də elə unudulmağa layiq olan krizis dönəminin övladıyıq.»

Yox, belə fikri onlar heç yaxına da buraxmazdılar… Əgər içlərində belə fikir olsaydı, heç nə yaza bilməzdilər. Çünki onların illüziyalarının içində yer alan «gələcəyin peyğəmbəri» obrazı itmiş olardı… Onlara güc verən isə məhz həmin obrazdır… Bu obrazın olmamağı onların ruhu üçün ölümə bərabərdir…

Unudulmaq… İlahi, XX əsrin insanları bundan necə qorxurlar…

Çünki Allah tanımırlar… Allahı olan adam nə təklikdən, nə də unudulmaqdan qorxmur… Çünki yəqin bilir, onu hamı unutsa da Allah heç vaxt unutmaz. O hamı tərəfindən tərk edilib tək qalsa da, Allah tərəfindən tərk edilməz…

Deməli, əsl həqiqəti o fərdlər ortaya qoyacaq ki, onlar unudulmaqdan itməkdən qorxmayacaqlar, əsl qəhrəman kimi yaddaşlardan silinməyə, mənəvi cəhətdən ölməyə hazır olacaqlar…

Mənəvi şəhadət

Mən nihilizmi ən böyük fəlakət sayıram. Və onunla öz silahıyla mübarizə aparmağı məqsədəuyğun hesab edirəm….

Keçmişi unudaq. Amma bütün keçmişi yox, «Keçmişi unudaq» fikirlərinin formalaşmağa başladığı keçmişi…

Nihilist olaq. Amma nihilizmin özünə qarşı…

Unudaq. Manqurt olaq. Bu günümüzü unudaq. Dünənimizdən sabahımıza yol açmaqçün…

Qərbin müasir filosoflarının çoxu da oxşar fikirləri bəyan edir – sadəcə, mən «bu gün» deyəndə, yaxın 150 ilimizi, onlar isə Avropanın 400 illik tarixini nəzərdə tutur.

Mifik metafizik dövrün düşüncəsinə yaxınlaşıb, oradan gələcəyə körpü salmaq – çünki bu günümüzün gələcəyə çıxışı yoxdur. Dalandayıq…

Şərq irfan-təsəvvüf əsərlərinin son onilliklərdə dünyada populyarlıq qazanmağının səbəblərindən biri bəlkə də budur… Məhz fənafillah ideyası…

Gələcək olacaq, ancaq orda mən olmayacam. Başqa sözlə deyək , gələcək o vaxt gözəl olacaq ki, orda mən unudulacam, məndən heç nə qalmayacaq…

İnsanlara öz mənindən, eqosundan imtinaya çağırır və bəyan edir ki, insan yalnız bu zaman ruhən yüksəlir, çünki dünyəvi mənin əsarətindən azad olur. Əsl azadlıq budur…

Bəli, dünya bu təsəvvüf fikirlərini oxuyur, və təbii ki, bir nağıl kimi, bu dövrdə reallaşmağı mümkünsüz görünən bir yol kimi oxuyur.

Bəs niyə doğma gəlir insanlara bu gün, kosmos əsrində bu köhnə fəlsəfə? Çünki kollektiv təhtəlşüur işə düşür, insan öz psixikasının dərin qatlarındakı arxetiplərin tərpəndiyini hiss edir… Axı unudulmaq xofu son yüzilliklərin hadisəsidir… Əvvəl heç kim bundan qorxmayıb… Nə unudulmaqdan, nə də ölümdən. Nə Qərbdə, nə də Şərqdə…

Və bütün həyatını da bu cür yaşayıb. Adi insanlar da, ali insanlar da…

Müasir insan köhnə irfan-təsəvvüf fəlsəfəsini oxuyanda məhz həmin minillik yaddaşının dərin qatlarında hansısa doğmalıq hiss edir, çünki oxuduğu fəlsəfə onun özünün fərdi yaddaşına yad olsa da, babalarının ulu babalarının həyat kredosu olub… Dünyada gözəl qalmaq istəməyiblər, dünyadan rahat getməyi fikirləşiblər….

Başqa sözlə desək, ölüm onlara alıb-verdikləri nəfəs qədər doğma olub. Həm fiziki ölüm, həm də mənəvi ölüm, yəni unudulmaq. (buna görə də müsəlman aləmində böyük qəbirlər düzəltməyə pis baxıblar həmişə. Deyiblər ki, qəbir bir müddət sonra itməlidi, nişanı qalmamalıdı.)

Çünki o insanlar təbiətə bağlı idilər. Təbiətdə isə hər şey dairəvi dəyişir. Ölür, başqa formada dirilir… Əbədi olan yalnız Allah və Allah kəlamıdır… Onlar belə düşünürdülər… Ona görə xoşbəxt idilər…

Yenə bu günümüzə qayıdaq…

Son yüzilliklərdə yaranmış çoxsaylı stereotiplərin, illüziyaların, əsarətində yaşayırıq. Əvvəlkilərdən də qorxulu olan müasir miflər, stereotiplər, illüziyalar, simulyakrlar…

Və onlardan ayrı öz həyatımızı təsəvvür eləmirik… Bizə elə gəlir ki, bu illüziyalar reallıqdır və bugünkü həyatımızın, təfəkkürümüzün ayrılmaz hissəsini təşkil edir…

Onlardan ayrıla bilmiriksə, deməli sonda eyni çıxış yolumuz qalır – bizim də, onların da…

Bu günümüzü öldürmək. Bütün illüziyalarla, miflərlə, simulyakrlarla birlikdə öldürmək…

XX əsrin yalançı miflərini yalnız bu cür dağıtmaq olar…

«Xəstə bu günümüz»ü öldürməsək, «sağlam dünənimiz»dən gələcəyə körpü sala bilməyəcəyik…

Son

“Ədəbiyyat qəzeti”

# 2748 dəfə oxunub

Müəllifin son yazıları

# # #