Etibar Məmmədovun pərəstişkarı

Etibar Məmmədovun pərəstişkarı
5 may 2014
# 15:01

Kulis.Az İlqar Fəhminin “Maygülü” kinopovestini təqdim edir.

Məkan - Bakı

Zaman - 90-cı illərin əvvəlləri

***

- Anam da həmişə deyir ki, Azik ayrı aləmdi. Elə bil heç bu dünyanın adamı deyil. - Afa divanda oturub arxasını mənə çevirdi, yavaş-yavaş köynəyinin düymələrini açmağa başladı-mədənidi, ləyaqətlidi, Ən əsas da gözütox oğlandı. O birilər kimi yanıq deyil. Prosto duşka.

- Hə, atam da belədi. - köynəyi aşağı düşdükcə onun çılpaqlaşan ağappaq çiyinlərinə baxa-baxa mızıldandım. - mən də ona oxşamışam yəqin.

Afa köynəyini soyunub divanın üstünə atdı, çəhrayı büstqalterinin kürəyə sıxılmış plastmass halqasını açmağa başladı.

- Ona görə də anam sizə gəlib getməyimə heç nə demir də. Deyir, mən səni ancaq Azikə etibar edirəm, bilirəm ki onun yanında olanda, sənin başından bir tük də əskik olmaz... Eeeh, nə oldu buna, ilişib deyəsən - üzünü azca arxaya tərəf çevirib dedi. - Aç da bunu. Amma ehtiyatlı ol, qırılmasın.

Əl atıb çəhrayı büstqalterinin arxadakı düyməsini açmağa çalışdım, amma alınmadı. Plastmas halqalar nədənsə biri birinə yaman möhkəm keçmişdilər, aralanmaq fikirləri də yox idi.

Halqaları açmaq istədiyim müddətdə əllərim onun çılpaq kürəyinə toxunurdu və mən hiss edirdim ki, bütün bədənim boşalır. Əlbəttə ki bunu yalnız mən hiss edirdim, Afa hiss etmirdi, çünki hiss etməli deyildi, axı biz dost idik, dostluqda isə təbii ki, belə şeylərə yer yoxdu.

Amma dost olmağımız büstqalterin düymələrini açmağa yardımçı olmadı, bəlkə də əllərim onun bədəninə toxunluqca fikrim tamam başqa yerə gedirdi, ya nəydi, hər halda xırda plastmass halqalar biri-birinə elə sıxılmışdı ki deyəsən Peseydon gəlib öz dəmir şanasını onların arasına soxmayınca, açılmayacaqlarına söz vermişdilər. Fikirləşdim ki, bəlkə atamın Neft daşlarından gətirdiyi alətlərdən istifadə edim? Sonra ağlıma gəldi ki, sındıraram halqaları…

- Bilmirəm bu niyə belə zay çıxdı - Afanın narazı səsi məni fikirdən ayırdı, - evdə də zülüm çəkirəm açınca.

- Geyinmə də - mən dırnaq boyda plastmass halqalarla gərgin mübarizəmə ara vermədən mızıldandım.

- Qəşəngdi axı. İmportnıdı ye. Anamın padruqası Türkiyədən gətirib. Bakıda bu lifçikdən cəmisi üç dənədi. Biri Oktyabrski rayonun milis rəisinin qızındadı, biri Qlavpoçtamtın böyüyünün sekretarşasındadı, üçüncüsünü də mama mənimçün aldı. Yox, düz demədim, birincisi məndədi, o ikinci-üçüncü də onlarda. Kimdəsə dördüncü adamda görsəm, cırıb tullayaram. Nə oldu açılmadı? - ani pauza verən Afa fikirli halda əlavə elədi - görəsən o birilərin də halqaları belə çətin açılır?

- Əşi onlara nə var ey - əsəbiliklə dedim - milis rəisinin qızıdı, uzağı Omonu çağıracaq, gülləylə vurub açacaqlar.

Mənim elə belə dediyim bu sözdən Afa uğunub getdi və bədəni silkələndiyi üçün mən əlimi çəkdim. Belə demək olarsa, büstqalterin halqasıyla mübarizədə taym-aut götürdüm, dərindən nəfəs alıb qonaq otağını gözdən keçirtməyə başladım. Elə bil ki, otaqda mənə kömək edə biləcək nəsə bir alət axtarırdım. Amma rəflərdəki kitablardan, servantdakı qab-qaşıqdan başqa mənə əl yetirə biləcək bir şey gözümə dəymədi…

Afa isə gülüb sakitləşəndən sonra mənə çöndü.

- Doğrudan ey, təsəvvür elə ki, bütün milis idarəsi yığılıb, rəisin qızının lifçikini açmağa çalışır. Sonra da Qarabağdan Omonu çağırırlar. Prikoldu e. - deyib yenə üzünü divara tərəf çevirdi - tez ol birtəhər aç da, ürəyim sıxıldı.

Mübarizənin ikinci taymı başlandı. Yenə də qollarımı çırmalayıb halqaları biri birindən ayırmağa çalışdım. Ən çətini bu idi ki zibili bərk dartsaydım birdəfəli qırılacaqdı. İmportnı olsa da, bircə büstqalterə görə Afa kimi dostu itirməyinə dəyməzdi. Əsəblərim isə yavaş yavaş gərilirdi.

- Sən mənim canım - artıq qeyri-ixtiyari yalvarmağa başladım. - gəl qayçıyla kəsim bu zibili, canımız qurtarsın.

- Yoox, uymusan? - Afanın elə bil babasının gorunu söydülər. - qırma, mən bu lifçiki atamdan çox istəyirəm. Bir dənə privaznoy şeyim var, onu da qayçılayıb yerə qoyum?

- Nə olsun ki? Evdə başqası yoxdu bəyəm?- çiyinlərimi çəkdim.

- Onlar başqa , bu başqa. Mən bunu geyəndə özümü Anjelika Varum hiss edirəm. K stati, bu modelin adı da Anjelikadı. Eh, sən belə şeyləri başa düşməzsən.

- Onsuz da köynəyin altında qalır da..- etiraz eləməyə uğursuz da olsa cəhd göstərdim.

- Nə olsun ki? Za to sinəmi gör necə saxlayır? Prosto sən fikir verməmisən. Qadın sinəsinin gözəlliyinin səksən faizi büstqalterdən asılıdı. Yox ey, doxsan. Hə, doxsan faiz. Sən bundan nənəmə də geyindirsən, qurşaqdan yuxarı Alleqrovaya dönəcək.

- Səndəki qəşəngdi. Niyə narahat olursan? - ona təskinlik vermək istədim. Sinəsini gözucu bir-iki dəfə görmüşdüm, dənizdə çiməndə, massaj edəndə. Eynən iranski apelsinlərə oxşayırdı. Məncə narahatçılığına heç bir əsas yox idi. İyirmi iki yaşında qızı uşağının sinəsi daha necə olmalıdı? Sallanıb dizlərinə çatmayacaqdı ki?

- Yaşı keçən qadınlar onun fikrini çəksinlər, bahalı büstqalterlər alıb geyinsinlər. Sənə nə gəlib? - süni laqeydliklə dedim.

- Yox, məndə də ideal deyil. Xoşuma gəlmir. Bir az yanlara dartılıb. Amma bu liftçik əməlli başlı düzəldir onu. Həm də üstündəki naxışlar

- Afa qəfildən susdu, elə bil ağlına nəsə gəldi. - Mənə bax, dişinlə yoxla da, bəlkə açıldı.

Hə, dişlə yoxlamaq olar. Amma burda da bir əmma çıxırdı, tarım sıxılmış bağın halqaları onun kürəyinə elə yapışmışdı ki, dişimlə açmaq istəsəydim, dodaqlarım onun çılpaq kürəyinə toxunacaqdı. Bu isə heç yaxşı deyildi. Yenə də içimdə qara-qura hisslər yaranacaqdı. Mənsə Afayla ağappaq dost olmağı söz vermişdi. Ona da, elə özümə də. Aramızda heç bir qara-qura fikirlər yaranmaamlıydı.

- Nə oldu, tərpən də…

Çarəsiz qalıb başımı onun kürəyinə sıxdım, dodaqlarım onun kürəyinin dərisinə toxunan kimi bir anlıq donub qaldım, qəfildən mənə elə gəldi ki, o, soyunub üzü üstə qarşımda uzanıb, mən də kürəyini öpə-öpə gedirəm üzü aşağı. Yox, voobşe to üzü yuxarı yaxşıdı.

Birtəhər özümü ələ alıb iradəmi topladım, dişlərimlə halqaları sıxıb açmağa çalışdım. Xeyri olmadı. Afa da deyəsən hiss elədi ki, deyəsən bu gün bu zibilə qalmış büstqalteri onun bədənindən ayırmaq olmayacaq. Onunçün təəssüflə də olsa mızıldandı.

- Eybi yox, qoy qalsın, anam evdə birtəhər açar. Bunun dilini bircə o bilir.

Belimi dikəldib rahatlıqla ah çəkdim. Heç Leyliylə Məcnunu biri birindən ayırmaq istəyən İbn Salam bu qədər əziyyət çəkməmişdi.

Afa isə üzü üstə divanda uzandı, yastığı qucaqlayıb dedi.

- Davay, başla….

Mən o nifrətə layiq büstqalterə bir də kinli nəzərlərlə baxıb divanda, Afanın yanında oturdum və həmişə olduğu kimi yavaş-yavaş onun kürəyini massaj etməyə başladım. Amma büstqalterin rezinləri əlimə tez-tez ilişdiyi üçün əsəbəlşirdim.

- Nə pis xırçıldayırsan belə? Elə bil daş daşımısan bütün günü.- soruşdum.

- Asifçik yorub məni bu gün. Bütün günü şəhərdəki kamisyonnuları gəzmişik, rəqs ayaqqabıları axtarmışıq, axşamtərəfi də məşqlər. Bütün belim, ayaqlarım dağılır. - Afa yastığa sıxılmış üzünü yana çevirib o biri otağın qapısına tərəf baxdı. - Özü başını qoyan kimi yatdı, heç vecinə də deyil.

Mən də qeyri-ixtiyari öz otağıma tərəf baxdım. Asifin səsi gəlmirdi, deyəsən doğrudan da leş düşmüşdü. Elə bayaq Afayla birgə gələndə hiss elədim ki dəhşət yorğundu. Pəncərədən tullanıb girəndə az qaldı ki yıxılsın. Onunçün öz otağımdakı çarpayıda yerbəyer elədim ki rahatlanıb dincəlsin….

Afa elə bil mənim fikrimdəkiləri oxudu.

- Amma bayaq əntiqə ilişdi pəncərəyə. Üzü üstə dəyəcəkdi yerə, şənbə konserti otmen olacaqdı. - Sonra ah çəkib əlavə elədi. - Zarafatsız, yaxşı ki tutdun onu… Bütün günahlar səndədi.

Qeyri-ixtiyari əl saxladım.

- Mən neynədim ki?

- Adam da dost tanışı pəncərədən buraxar içəri? Gül kimi həyət var, qapı var….- Afa narazılıq elədi.

Mən yenə onun kürəyini massaj edə-edə, əlli dəfə dediyimi bu dəfə də təkrar elədim.

- Görmürsən bura ümumi həyətdi? Onu istəyirsən ki qonşular atama sukalıq eləsinlər, desinlər ki sən Neft daşlarında, işdə olanda Ayaz evi bardelə döndərir?

Afa çiyinlərini çəkdi.

- Burda nə var ki? De ki dostlarımdı da. Atan bəyəm cavan olmayıb?

Döyüb öldürməyəcək ki səni?

- Yox ey, qonşulardan ayıbdı. Həyətdə arvad-uşaq var, böyük kiçik var. Hərəsinin ağlına bir şey gələcək. İstəmirəm desinlər ki, anasız böyüyüb, tək qalıb, onunçün avara çıxıb. Sənin fikrin bina evlərinə getməsin. Bizim məhəllələrdə belə şeylərə pis baxırlar. Elə arxa tərəfdəki pəncərəni də onunçün açdım da. Evimizin arxası gedib çıxır o biri küçəyə, bağçanın həyətinə. Ora da əlli dənə adam girib çıxır. Həm də pəncərə ağaclığın arxasındadı. Kənardan baxanda heç görünmür. Rahat gəlib-gedirsiz də.

- Nəyi rahatdı? həmişə ora dırmaşanda , az qalır şalvarım cırılsın. Bəs atan gələndə görmür ki, arxa otağın pəncərəsindən raşotkanı çıxartmısan? - Afa maraqlandı.

- Yox, o gələndə tez raşotkanı keçirdirəm yerinə.

- Yaman otstalı məhəlləniz var. Elə bil aydan düşmüsüz. İyirminci əsrin qurtarmağına yeddi səkkiz il qalıb, amma siz elə bil on yeddinci əsrdə qalmısız. Evə qız gətirmək olmaz, bərkdən mahnıya qulaq asmaq olmaz, ürəkdən gülmək olmaz. Yaxşı ki eviniz ikinci mərtəbədə deyil, yoxsa nərdivanla dırmaşdırardın bizi. Ujas kakoy to.

- Eybi yox, - zarafata saldım - sökülər bu tərəflər, bizə təzə ev verərlər, onda rahat gəlib gedərsən.

- Eh, kim sökəcək ki - Afa təəssüflə dedi - Heç olmasa sizdə üç otaqdı, yataq otağı ayrı, qonaq otağı ayrı, sənin də ayrıca öz otağın var… Bizdə amma darısqaldı… Sovet höküməti də dağıldı. O dey mama işdə on iki ildi növbədədi. Axırıncı dəfə beşinciydi deyəsən. Təzə binanın özülünü atandan sonra aləm qarışdı biri birinə. Heç bir mərtəbəsini də tikməyiblər. Elə qalıb katlavan. Tak çto ağzını yaxala. Sən elə iyirmi birinci əsri də burda qarşılayacaqsan.

- Qismətdi də. - laqeydliklə dilləndim.

Sükut çökdü. Barmaqlarım onun kürəyinin damarlarını ovuşdurduqca, Afa da yavaşca inildəyirdi. Əvvəllər səsi çıxmırdı, amma bu dəfə deyəsən doğrudan da belinin damarları qurumuşdu, əməlli başlı xırçıldayırdı, hər xırçıltıdan sonra onun iniltiləri bir az da artırdı.

O inildədikcə mənim də gözümün qabağına pis pis şeylər gəlirdi, lakin bacardıqca bunları fikrimdən uzaqlaşdırmağa çalışırdım. Olmazdı. Axı Afa mənim dostumdu.

- Hə, oy, oy, yuxarı, hə, bərk sıxma, oy mama, hə, hə…- və beş-on dəqiqədən sonra bu şirin iniltilər elə ehtiraslı həddə çatdı ki, kənardan qulaq asan olsaydı, yüz faiz ağlına başqa şey gələcəkdi. Düzü, elə bu saat mənim özüm də o məsələdən başqa heç nə barədə düşünə bilmirdim. Əllərim elə bil mənim idarəmdən çıxmışdı, özləri avtomatik hərəkətlər edərək onun çiyinlərini, belini ovuşdururdu, mən özüm isə elə bil bu saat burda deyildim, hardasa uzaqda, kimsəsiz bir dəniz sahilində, Afayla yanaşı uzanmışdıq, onun zərif bədənin sığallayırdım, həm də dost kimi massaj filan yox ey, əməlli başlı tumarlayırdım, öpürdüm, nə bilim neynirdim…

Allah dostluq çıxardanın atasına lənət eləsin. Oğlanla qız arasında da dostluq olar? Amma neyləyim ki, Afa mənə başqa cür baxa bilmir. Elə neçə il əvvəl təzə tanış olanda da belə dedi. Yalnız dost ola bilərik. Ağlına başqa bir şey gəlməsin.

Mən də onunla daim yaxın olmaq üçün zahirdə də olsa bu təklifi qəbul elədim və o vaxtdan bu yana özümü əsl dost kimi aparmağa çalışıram. Onu itirməkdən qorxuram. Çünki onunla ünsiyyət mənimçün həddən artıq maraqlıdı. Sanki ilham pərisi kimi bir şeydi mənə. Axı indiki zamanda belə qızlar doğrudan da çox azdı. Yüksək zövqü var, incəsənətdən ədəbiyyatdan çox yaxşı başı çıxır, qiymət verməyi bacarır, yol göstərə bilir. Düzdü, məndən cəmisi dörd yaş böyükdür, amma hərdən mənə elə gəlir ki onun səviyyəsinə çatmaq üçün mənə aşağısı on beş il vaxt lazımdı. Amma nə qədər yüksək səviyyəli olsa da, qadın cinsinə məxsus bəzi zəifliklər ondan da yan keçməyib. Ən əsas da geyim-keçib xəstəliyi.

Heç nəyi bəyənən deyil, vay o gündən ki anası ona nəsə almaqçün pul verə. Mənim qanım gedir, şəhərdə kamisyonnu qalmır ki, ayaq döyməyək. O bir şey alana qədər mən gedib o dünyanı görüb qaydıram, amma gələndə görürəm ki hələ də seçir, onunçün təzədən gedirəm o dünyaya…

- Aaa, özümə gəldim e bir az. - Afanın səsi məni fikirdən ayırdı. - Bayaqdan elə bil taxtaya dönmüşdü bədənim. Sən əjdahasan e. Vallah, gərək peşəkar massajist olaydın. O gün anama deyirəm ki, bir gün Ayazı gətirəcəm, yorulanda səni də massaj eləsin. O qədər güldü ki… Dedi, məni massaj eləməyə Azikin gücü çatmaz, tez yorular, nərmənazik uşaqdı.

Düz deyirdi. Afanın özündən fərqli olaraq anası hündür, ətli-canlı qadın idi, onu massaj eləməkçün adamda gərək iki vedrə muskul olsun, yoxsa, sən qolların qırılanacan əlləşəcəksən, amma o elə biləcək ki, bədənində qarışqa gəzir.

- Bəs sən kimə oxşamısan belə? - bədənini qurtarandan sonra yubkasını bir az yuxarı çəkib ayaqlarını massaj etməyə başladım, dabanlarını, baldırlarını ovuşdurdum.

- Mən atama oxşayıram. O da belə arıq idi, ən uzağı altmış, altmış beş kilo. - birdən elə bil Afa nəyisə xatırladı - Amma o gün Moskvadan zəng vurmuşdu, söhbət edəndə dedi ki xeyli kökəlmişəm.

- Yəqin Marusyalar yaxşı qulluq edir ona da . - zarafata saldım.

Amma Afanın fikri deyəsən ayrı yerdəydi, elə bil eşitmədi məni.

- Doğurdan, görəsən kökəlsə necə olar, köklük yaraşar ona? Yox ey, pis göstərər. Hə?

Deməyə bir söz tapmadım, çünki mən onunla tanış olanda artıq atası neçə il idi ki Moskvaya işləməyə getmişdi, Afa isə anasıyla və nənəsiylə yaşayırdı.

Bir az susub nəhayət dilləndim.

- Demirdin ki, atana oxşayırsan? Gözünün qabağına gətir ki sən kökəlsən necə olar….

- Allah eləməsin. - Afa sözümü kəsdi. - Nə danışırsan. Mən heç vaxt kökəlməyəcəm, həmişə belə qalacam… yaxşı bəsdi.

Mən əlimi onun zərif ayaqlarından çəkib qalxdım, kresloda oturdum. Afa isə köynəyini götürüb təzədən əyninə keçirtdi.

- Kürəyim bir az düzəldi, amma ayaqlarım yenə öldürür məni. - yerində dirsəklənib mənə çöndü - Hamamda qaynar su var? Gərək qaynar suya qoyum ayaqlarımı.

- Yoxdu, indi kalonkanı yandıraram, amma qızmağı çox çəkəcək, bir saata güclə qızar. Qaz da azdı.

- Eybi yox, yandır, yavaş-yavaş qızsın. Yatmamışdan qabaq çimərəm.

Ayağa qalxıb hamama keçdim. Hamam deyəndə ki heç əməlli başlı hamam da deyildi, ayaqyolu böyük idi deyə, atam bir küncə kalonka qoymuşdu, olmuşdu hamam-tualet bir yerdə.

Kalonkanı yandırmağım xeyli çəkdi, ustalar o vaxt düzəldəndə başdansovdu eləmişdilər, kalonka üzü divara quraşdırılmışdı, onunçün içini görmək olmurdu, elə kağızı yandırıb qarasına salırdım içinə, qazın krantını açırdım. Bir-iki dəfə əlimi də yandırmışdım.

Bu dəfə də zülümlə yandırdım, qazı artırdım. Qoy yaxşı qızsın, bəlkə özüm də çimdim.

Kalonkanı yandırıb geri qayıdanda gördüm ki Afa qonaq otağında yoxdu. Əvvəl elə bildim yatmağa gedib, Asifin yatdığı otağa keçib gördüm yoxdu, ağlıma gəldi ki arxadakı yataq otağındadı…

Yanılmamışdım. Yataq otağına keçəndə lap keyfim pozuldu. Gördüm ki, Afa yataq otağından arxa tərəfə - o biri küçədəki bağçanın həyətinə açılan pəncərənin qarşısında dayanıb, bir neçə qıza yuxarı dırmaşmağa kömək eləyir. Hə, onlar idi deyəsən. Toma ilə xalası qızı Liliya.

Eh, heç Toma yeriydi?

Heç cür anlamırdım ki, Afanı Toma ilə nə birləşdirə bilər? O hara, bu hara? Afa ağıllı, səviyyəli qız idi, Toma isə avara, gəzəyənin biriydi. Anası da avaraydı, restoranda ofisiantka işləyirdi, özü də möhkəm içən idi, atası ümumiyyətlə bilinmirdi kimdi. Özü də iyirmi iki yaşına baxmayaraq Bakıda adam qalmamışdı altına girməsin. Heç fərli başlı sər-sifəti də yox idi. Kilkaya oxşayırdı, üzü də çilli. Sifətinə baxan kimi, başa düşürdün ki, bar fahişəsidi. Ağzını da açanda söyüşlə açırdı, həm də anası kimi içən idi, hərdən uymağı da vardı.

Afayla onun barədə danışanda həmişə deyirdim ki, sən gərək onunla bayıra çıxmağa da xəcalət çəkəsən, ancaq yanına salıb, hər yerə gedirsən, onun dost-tanışlayırla yaxınlıq edirsən. Nə olsun ki bir sinifdə oxumusuz, uşaqlıqdan rəfiqə olmusuz? Axı o başqa yuvanın quşudur.

Mən bu barədə fikirlərimi bildirəndə, Afa əsəbləşirdi həmişə, deyirdi, sən də anam kimi danışırsan, onun da acığı gəlir Tomadan, amma heç biriniz başa düşmürsüz ki insanın ürəyinin təmizliyi, mənimçün hər şeydən vacibdi, Toma da ürəyi təmiz qızdı, lazım olsa adamçün canından keçər.

Onu düz deyirdi, doğurdan da, zəhləmgetmişin vardı elə xasiyyəti, yaxınlarından kimisə çətinə düşən görsəydi, hər şeyindən keçərdi onunçün. Bir dəfə mənə də köməyi dəymişdi. Zibilə düşmüşdüm, təcili səkkiz şirvan pul lazım idi, qalmışdım belə, bilmirdim neyləyim. Bu qız getdi iki saatın içində tapıb gətirdi, sonra demişdi ki anamın yanına gələn kişilərdən birinin cibindən oğurlamışam.

Bunun üstündə anası o qədər çırpmışdı bədbəxti.

Elə onunçün də yola verməyə çalışırdım onu, amma Afaya tapşırmışdım ki, bizə çox da gətirməsin.

O biri qız da onun xalası qızı Liliyaydı. Tomanın xalası Soçidə ərdəydi, amma qızı həftə səkkiz mən doqquz durub gəlirdi Bakıya, bunlarda qalırdı. Deyəsən təzə atalığıyla nəsə yola getmirdi, nəydi. Dəqiq bilmirdim, maraqlanmamışdım, eləcə Afayla danışanda eşitmişdim təsadüfən. Bura o qədər gəlib getmişdi ki, bizim dili də az-maz öyrənmişdi. Ən əsas da söyüşləri…

Liliya vid-vasonca Tomadan xeyli üstün idi. Düzdü, onun kimi arıq qız idi, amma suyuşirindi. Özünü aparmağı da nisbətən babat idi, sözünün danışığının yerini bilirdi, hərdən bir ağıllı söz də çıxırdı ağzından. Hətta onu təzə görəndə gözüm də düşmüşdü, istəyirdim padxod eləyim, amma sonra Afa mənə dedi ki, Liliya sənlik deyil, ümumiyyətlə oğlanlarla gəzmir, lezbiyankadı. Mən də əl çəkdim ondan. Əvvəl elə bilirdim ki, lezbiyanka qızlarla ünsiyyət çox maraqlı olar, amma sonra baxdım ki qeyri-adi bir şey yoxdu onda. Həyatda heç o birilərdən fərqlənmir. Sadəcə ünsiyyətdə olduğu qızlara qarşı qəribə, isti bir davranış tərzi vardı. Hətta arada bir mənə elə gəldi ki Afaya gözü düşüb, onunla xüsusi yaxınlıq etməyə çalışır. Şübhələrimi Afaya deyəndə gülüb cavab verdi ki, neynir məni, Liliyanın Soçidə sevgilisi var, ölürlər biri-biriyçün. Burda da olanda həmişə o qızdan danışır, bütün günü onu tərifləyir.

Mən arxa otağa keçəndə Afa artıq Tomanı yuxarı qaldırmışdı, indi də Liliyanı çıxartmaqla məşğul idi.

Toma məni görən kimi qucaqlayıb öpdü. Özümdən zorla ayırdım onu.

- İzvini canik, Mane olduq kajetsya. No u nas ÇP. Nekuda bılo idti.

Yenə ayaq üstə güclə dururdu. Düzdü, qızların içməyinə pis baxmırdım, əlbəttə ki bu cür yox. Ağzı da söz tutmurdu.

Afa birəhər Liliyanı da yuxarı çıxarandan sonra gördüm ki, aşağıda yenə kimsə var. Afa da, mən də təəccüblə Tomaya baxdıq, amma Toma özündə deyildi, təngnəfəs halda divara söykənib qalmışdı, nəfəsini dərirdi. Elə bil ki birinci mərtəbənin pəncərəsinə yox, Misir piramidasına dırmaşmışdı. Hamısı siqaretin zibili idi. Yaman çox çəkirdi…

Mənimlə Afanın təzə qıza baxdığımızı görəndə, Tomanın yerinə xalası qızı Liliya cavab verdi.

- Eto moya podrujka. Ona toje s nami.

Afa bir söz deməyib o qızı da yuxarı qaldırdı. İşığı yandırmadığıma görə sifətini yaxşı görə bilmədim, bircə onu sezdim ki, elə bunlarla eyni yaşda, amma sarışın qızdı.

Nəhayət bu qızı da yuxarı qaldırandan sonra otağın pərdəsini çəkib bağladım, işığı yandırdım. Afa da, mən də tanımadığımız bu üçüncü qıza baxmağa başladıq.

Toma isə atasının evindəymiş kimi özünü otaqdakı boş kravata yıxdı, sarsaq bir görkəmdə ağlamağa başladı. Bizi təzə qızla yenə də Liliya tanış eləməli oldu.

- Eto Diana. Ona toje iz Soçi. Mı v qosti priyexali v Baku.

Qız əl verib bizimlə görüşdü. Elə gözucu baxan kimi qızın sinəsi nəzərimi çəkdi. Zalım balasının geyindiyi narıncı nazik qısaqol maykanın altında elə bil apelsindən də böyük iki dənə yumşaq şar yerləşdirmişdilər, nəfəs alıb verdikcə şarlar elə qalxıb enirdi ki, adam lap apelsin yemək istəyirdi. Mənim qızın sinəsinə fikir verdiyimi deyəsən Afa da hiss elədi, onunçün özümü yığışdırdım, laqeydliklə əlimi yellətdim və çarəsiz qalıb onları qonaq otağına dəvət elədim.

Soçidən gələn qızlar qonaq otağına keçib oturdular. Amma hiss olunurdu ki, hər ikisi yorğundular. Toma isə hələ də arxa otaqda, mənim çarpayımda uzanıb qalmışdı…

Düzü nə mən, nə də Afa ona çox əhəmiyyət vermədik, düşündük ki, yəqin sərxoşdu, hardasa möhkəm vurub. Amma xalası qızı Liliya ilə rəfiqəsi ayıq idilər. Ədəb-ərkanla gəlib qonaq otağında, bayaq mənim Afanı massaj elədim divanda oturdular. Hiss olunurdu ki, bir az sıxılırlar. Düzdü, Tomanın xalası qızı Liliya məni çoxdan tanıyırdı, amma evimizdə birinci dəfəydi gəlirdi.

Afa qızlara çay qoymaq üçün mətbəxə keçəndə mən də onun ardıyca çıxdım, deyinməyə başladım…

- Gül kimi oturmuşduq da özümüzçün. Bunları niyə çağırmısan? İndi yenə ev dönəcək dəlixanaya. Bilirsən ki hay-küydən zəhləm gedir. Qonşular eşidəcək..

- Vallah mənim xəbərim yoxdu. - stəkanlara çay süzən Afa səmimiyyətlə and içdi. - Prosto gördüm arxa pəncərə döyülür. Gedib baxdım ki, bunlardı. Daha qovmayacaqdım ki.

- İndi nə olacaq, səhərəcən burda qalacaqlar? -əsəbiliklə dedim.

- Bilmirəm -Afa çiyinlərini çəkdi - Toma bilir ki sənin səs-küydən çox xoşun gəlmir, onunçün də heç vaxt öz başına durub gəlməyib. Yəqin indi nəsə olub da. Görmədin ağlayırdı?

Afa Soçidən gələn qızlarçün çay gətirib qoyandan sonra, birlikdə yenə arxaya- yataq otağına keçdik, gördük ki, Toma hələ də mənim çarpayımda uzanıb ağlayır. Yalnız indi, qız başını qaldıranda fikir verdim ki, sifətinin dərisi bir neçə yerdə göyərib.

Afa onun yanında oturdu.

- Nə olub, can-ciyər? Yenə barda dava eləmisiz?

- Net - Toma gözlərini sildi - Mamagil vurublar.

- Niyə?

- Uzun söhbətdi. - Toma əlini yellətdi.

- Danış da. Bəlkə köməyimiz dəydi.- Afa nəvazişlə dedi.

Toma çarpayıda oturub köksünü ötürdü.

- Mamanın təzə çuvakı var, bir həftədi bizə gəlir. Mama ölür onunçün. Bu axşam da oturub kalan içdilər, sonra getdilər yatmağa. Biz də qızlarla bir az içdik, qızlar getdi yatmağa, mən girdim vannaya. Elə çimib qurulanırdım, gördüm mamanın çuvakı otaqdan çıxdı, tualetə gedəndə sluçaynı qapının arasından məni gördü, girdi hamama, başladı padxod eləməyə.

- Bəs sən? - Afa maraqla soruşdu.

- A çto ya? Durub qışqır-bağır salmayacaqdım ki? Nu, bir az soprativleniya elədim, i vsyo. Elə təzə başlamışdıq, qapı açıldı, mama girdi içəri, dedi, çto vı delayete? O paskuda da, məni götsərib dedi ki, eto vsyo ona naçala. Mama da elə bildi ki mən onun çuvakını kleyit eləmişəm, hirslənib şvabrayla vurdu məni. Sonra o kretin də qoşuldu mamaya, ikisi bir yerdə çırpdılar məni kalan… Pis gündəyəm, gəzə bilmirəm. Ayaqlarım, belim… Məni şvabralya döydü. Sonra da qovdu. Məni də, qızları da. Poslala na xren.

Yalnız indi başa düşdüm ki, bayaqdan sərxoş deyilmiş Toma, anası o qədər döyüb ki, qızın ayaq üstə durmağa halı qalmayıb.

Toma sözünü qurtarandan sonra mənə çöndü.

- Azik, çestnoye slovo, uşaqlardan kimin yanına getdik, yer tapa bilmədik. Kto to zanyat, kto to na daçe. Olar gecə qalaq burda? Səsimiz çıxmayacaq. Na zavtra çto to pridumayu.

Düzü, ömrümdə birinci dəfə yazığım gəldi ona. Ürəyim yumşaldı, əlimi yellədib dedi.

- Qalın da. qovmayacam ki sizi. Prosto sakit olun. Hay-küy salmayın.

Rahat nəfəs alan Toma başını tərpətdi.

- Net, ne boysya. Mən də pis gündəyəm, devoçki toje ustalıye. Mama yuxudan durğuzub, qovub onları da. Tak çto indi mən də, qızlar da yatacağıq, tebe meşat ne budem.

- Sluşay, bəlkə bir yerin sınıb eləyib? Həkim lazımdı? -Bunu Afa soruşdu.

- Net, niçeqo seryoznoqo, prosto yatmaq istəyirəm. Elə burda yataram. Qızlar da burda, yerdə, palazın üstündə yatar.

Nə isə, Toma arxa otaqda qaldı, biz bu biri otağa qayıdıb o biri qızlarla bir az söhbət elədik. İkisi də elə mini yubka və qısa rəngli mayka geyinmişdilər ki, geyinməsəydilər, ondan daha abırlı görünərdilər. Mənsə Diana dedikləri bu üçüncü qızdan gözümü çəkə bilmirdim. Qəşəng qız idi, göygöz sarısaç. Fiqurası da pis deyildi. Amma sinəsi… Altdan heç nə geyməmişdi deyə, güləndə apelsinləri yırğalandıqca, mənim də ruhumu yırğalandırırdı. İt qızı adamı lap iştaha gətirirdi.

Həm də elə bil hardasa görmüşdüm onu. Yaman tanış gəlirdi mənə. Amma nə qədər çalışsam da yadıma sala bilmədim.

Söhbət əsnasında məlum oldu ki, Liliyanın həmişə haqqında danışdığı sevgilisi məhz həmin bu Diana imiş. Liliya ərk eləyib sevgilisini də xalasıgilə qonaq gətirib, bir həftədi Bakıdadılar. Şəhəri də sevgilisinə göstərib, bir az istirahət ediblər. Elə sabah qayıtmalıymışlarlar, bilet də alıblar qatara, amma xalası onları evdən qovub, qalıblar çöldə.

Afa onları sakitləşdirdi ki, narahat olmasınlar, gecə burda qalarlar, səhər də qatara minib rahat gedərlər Soçiyə.

Bir az ordan burdan söhbət eləyəndən sonra, qızlar dedi ki, yatmaq istəyirik, mən də öz otağımdakı otaqda onlarçün yer hazırlamağa keçdim.

Atamın çarpayısında uzanan Toma artıq yatmışdı. Kravatla şifonerin arasında yerə döşək atıb qızlarçün yatacaq saldım. Liliya ilə sevgilisi də təşəkkür eləyib uzandılar.

İşığtı söndürüb otaqdan çıxandan sonra ağlıma gəldi ki, bir azdan nəsə götürmək bəhanəsiylə öz otağıma keçib işığı yandıraram. Yəqin qucaqlaşıb yataqacaqlar. Bir birinə qovuşmuş gənc lezbiyankaların şirin vüsal dəmləri həmişə mənə maraqlı gəlmişdi. Bu dəfə əyani seyr eləməyə imkan vardı…

Tomanı və onun Soçili qohumlarını yerləşdirib işığı söndürəndən sonra, qonaq otağına keçdim, gördüm ki Afa cəld televizoru yandırıb divanda yerini rahatlayır.

- Bayaqdan fikrim qalıb saatda. Bunların da ağızları açıldı, bağlanmaq bilmir. - deyib başıyla mənim otağımdakı qızları işarə elədi.

- Nə olacaq ki televizorda? - maraqlandım. Axı bu gün subbota deyildi ki, Retro olsun. Marianna serialı da birinci günlər olsur.

- Etibar danışmalıdı saat on birdə. Özün bilirsən ki o televizora çıxanda…

- Hə bilirəm, - azca əsəbiliklə onun sözünü kəsdim.

Etibar Məmmədovun adı gələndə özümdən asılı olmayaraq əsəbləşirdim. Özü də tək mən yox, bütün bizim uşaqların acığı gəlirdi ondan. Əcəb zibilə dümüşdük də. Hansı qıza padxod eləyirdin, deyirdi mən səni sevə bilmərəm, çünki Etibar Məmmədovu sevirəm. Cəhənnəmə ki… Nə olsun sevirsən? Mənim nənəm də cavan vaxtı Stalini sevirdi. Amma babama bu barədə bir kəlmə də deməmişdi. Yalnız babam öləndən sonra səsini çıxartmağa cəsarət elədi. Arvad hara çatırdısa, car çəkirdi ki, Sovet hökümətində bir kişi vardı, onun da əlli üçdə başını yedilər.

- Mənim Etibardan xoşum gəlmir. - qəribə də olsa bu dəfə Afanın xətrinə dəyəcəyimi fikirləşmədən ürəyimdəkini dedim. - Mənimki İsmət Qayıbov idi. Onu da vurdular vertalyotda. Heç ölməli kişi deyildi…Atam Nizami Süleymanovun həvəskarıdı. Deyir kişi kəllədi, bircə dənə sutəmizləyən bankayla Azərbaycanı Avropa səviyyəsinə çatdıracaq. Amma bizim həyətdəkilərin sevimlisi İskəndər Həmidovdu. Məhəllə uşaqlarımız da ona balet eləyir. Hamısı.

Nədənsə Afa əsəbləşmədi sözümdən. Gülümsünüb mızıldandı.

- Tiripaç adama oxşayır, İskəndər, heç ürəyimə yatmır, amma böyük bacım da onun balelşikidi. Deyir zalım oğlunun dili var, dilçəyi də var. Ağzından od tökülür həmişə.

- Məhəllə uşaqları da elə deyir. - Mən təsdiq elədim. - Deyirlər İskəndər əjdaha cayıldı. Qılıncının dalı da kəsir qabağı da. - yadıma bir şey düşdü. - Eşitməmisən? O gün Zərdüşt Əlizadəni də basıb döyüb?

- Elə ona görə xoşum gəlmir də ondan. Kobud adamdı. Qrubiyandı.- Afa altına yığdığı ayaqlarını qaşıya-qaşıya dedi. - Ona qalsa Rəhim Qazıyev ondan yaxşıdı. Heç olmasa camaatı basıb döymür. Qəşəng də papağı var.

- İskəndər bilir kimi döyür. Babam onların ikisinin də xətrini çox istəyir. - mən gözümü televizordakı diktordan çəkib dilləndim - Deyir, İskəndəri, ya Rəhimi Müdafiə naziri qoysalar, Qarabağı bir həftəyə ermənilərdən təmizləyərlər.

- Eh, bizdə həyətdə vaabşe prikoldu - Afa nəyisə xatırlayıb gülümsünərək mənə çöndü, - deməli, mən Etibardan ötrü əldən gedirəm, bacım İskəndər Həmidova balet eləyir, anam İsa Qəmbərin fanatıdı, deyir çox ziyalı, savadlı, mədəni, alicənab adamdı. O Ali Sovetdə danışanda, anam az qalır girsin televizora. Xalam Əbülfəz Əliyevin tərəfdarıdı, iş otağına da onun bir dənə yekə şəklini vurdurub. Kiçik dayım da Nizami Süleymanovla dostdu… Akademiyada işləyən vaxtlardan tanışdılar. Araları yaxşıdı. O ki qaldı Nənəmə, o da ki, elə indiyəcən Ayaz Mütəllibovun dalıyca ağlayır, deyir, gül kimi prezidentimiz vardı, yaraşıqlı, göyçək, simpatiçnı, amma qədrini bilmədilər, tulladılar bayıra, indi ölkə qalıb Ali sovetin ümidinə, Ali Sovetin başına da medinstitutun rektorunu qoydular. Heç həkimdən ölkə başçısı olar?... Eh o cəhənnəm, bir-iki qonşumuz var, əməlli-başlı çuşkadılar. İndiyəcən ölürlər Nemət Pənahovçün. İki bacıdılar, bütün günü oturub yadlarına salırlar ki, o vaxt Nemət mitinqdə belə deyirdi, Nemət mitinqdə belə qışqırırdı.

- Əşi Nemətin vaxtı keçdi, - əlimi yellətdim - indi başqa zamanədi…

Nəhayət televizorda gedən xəbərlər proqrammı başa çatdı, diktor elan elədi ki, bu günki siyasi icmalımızın qonağı deputat Etibar Məmmədovdur. Kamera Etibar Məmmədovun üstünə tuşlanan kimi Afa cəld qalxıb televizorun səsini qaldırdı, amma bu da deyəsən bəs eləmədi, stulu götürüb iri qonaq otağının lap başındakı televizorun qarşısına qoyub oturdu və diqqətlə verilişin qonağına baxmağa başladı.

Mən də kitab rəfinin üstündəki «Astra» qutusundan bir dənə siqaret götürdüm, arxasından bir az tütün boşaldıb ehtiyatda saxladığım filtrlərdən birini birtəhər ora yerləşdirdim. Çoxdan adət eləmişdik buna. Əlimizə importnı siqaret düşən kimi özünü çəkib filtrini saxlayırdıq, sonra da astranın, türkün məsəl, dalına soxurduq ki adamın boğazını yandırmasın, həm də tütün qırıntıları adamın dodaqlarına yapışmasın.

İndi də filtrəndirilmiş «astra»nı yandırıb üzümü Afaya çevirdim. Zalım qızı elə diqqətlə baxırdı televizora ki elə bil orada danışan Etibar Məmmədov yox, göydən düşmüş ilahi bir məxluq idi və əgər ağzından tökülən dürr-gövhərdən bircəsi də yerə düşsəydi, Afa üçün böyük fəlakət olacaqdı.

Etibar isə fasilə vermədən, coşqunluqla danışırdı. Əvvəlcə cəbhədəki hərc-mərclikdən danışdı, açıq şəkildə elan elədi ki Qarabağdakı batalyonlar biri-biriylə yola getmir, hərəsi özüyçün döyüşür, Müdafiə nazirliyini isə ümumiyyətlə sayan yoxdu. Sonra bir az öz həmkarlarından danışdı, dedi ki deputatlar Ali soveti lağlağıya döndəriblər, camaat iclaslara şou kimi baxır.

Amma onu düz deyirdi. Bizim camaatın bu saat həsrətlə gözlədiyi, iş-gücünü atıb baxdığı iki dənə veriliş var ki, biri Ali sovet iclaslarıydı, o biri də «Marianna» teleserialı.

Etibar danışdıqca gözlərini heyranlıqla ona zilləyən Afa da ara-sıra razılıq əlaməti olaraq başını tərpədir, hərdən də dodaqaltı «hə, düz deyirsən, malades» deyə mızıldanırdı.

Verilişin lap axırında isə Etibar Məmmədov bəyan elədi ki, belə qatmaqarışıq vaxtda yeni prezident seçkiləri keçirtmək ümumiyyətlə düzgün deyil, Qarabağda vəziyyət gərgindi, Şuşa təhlükə altındadı, seçkilər olsa ölkədəki siyasi qüvvələrin mübarizəsindən ermənilər istifadə edə bilərlər.

Afanın heyranlıqdan əyiliş sifətinə baxa-baxa fikirləşirdim ki, deyəsən dünyaya gəlməkdə on-on beş il gecikmişəm, yoxsa bu saat mitinqlərdə mənim də ağzımdan od tökülərdi, Ali Sovetdə dava-qırğın salardım, qara kostyum geyib televizorda siyasətdən danışardım, bütün siyasi rəqiblərimi söküb yığardım, qızlar da əldən gedərdi mənimçün, gecə yatıb yuxularında görərdilər məni. Necə ki indi Etibarı, İskəndəri görürlər.

Xəyalımda özümçün parlaq siyasi karyera qurmağa elə təzəcə başlamışdım ki Etibar Məmmədovun çıxışı başa çatdı, diktor studiyada başqa bir qonağın olduğunu bildirdi, Afa da televizorun səsini alıb yenə gəlib divanda oturdu.

- Gördün nələr dedi? Əjdahadı da. Gözündə qorxu yoxdu. Elə o birilərin də hamısı çəkinir Etibardan.

Birdən yadıma tamam başqa adam düşdü, çəkib qurtardığım «astra»nı külqabıya basıb Afaya çöndüm.

- Mənə bax, Etibar dedin, Ehtiram düşdü yadıma, nə oldu o oğlan?

- Hansı? - Afanın fikri hələ də Etibar Məmmədovun yanında olduğundan sualımı başa düşmədi deyəsən.

- İnstitutda sizin qrupda Ehtiram yox idi? Ölürdü səninçün. Demirdin ki, gedib işdə bacınla da danışıb sənin barəndə?

- Hə, onu deyirsən? - Afanın yadına düşdü - Amma doğurdan ölürdü mənimçün. Bütün günü bacımın işinə zəng vurub yalvarırdı ki, Afanı yola gətir, evlənək.

- Bəs niyə razılaşmadın? - maraqlandım. - Pis oğlana oxşamır axı. Bir dəfə göstərmişdin mənə.

- Nə bilim ey -Afa çiyinlərini çəkdi. - yaxşı oğlandı, vid fasonu da pis deyil. Amma sevə bilmədim də onu. Tək onu yox ey, o qədər eləsi olub ki… Bilirsən, özüm də çox fikirləşmişəm, amma məndən asılı deyil, onları fikrimdən keçirən kimi, Etibar gəlib durur gözümün qabağında, başlayıram müqayisə eləməyə, bütün oğlanlar gözümdən düşür. Adam gedəndə də eləsinə getsin. Həm yaraşıqlıdı, həm ağıllı savadlıdı, həm də cəsarətlidi, gözündə qorxu yoxdu, əsl vətənpərvər qəhrəmandı. Görmürdün, o vaxt Vəzirovun başına nə oyun açırdılar? Heç KQB də sındıra bilmədi onu. Kişi elə olar ey. - Afa ani bir pauza verib ah çəkdi. - Etirama da bunları dedim.

- Nəyi?

- İndi sənə dediklərimi. O da iki-üç ay əvvəl institutu yarımçıq qoyub könüllü getdi Qarabağa. Mənə sübut eləmək istəyir ki heç də Etibar kimilərdən geri qalan oğlan deyil. Arada iki dəfə məzuniyyətə gəlib, institutda dəyib mənə. Əclafa hərbi paltar əntiqə yaraşır. Amma nə qədər olsa da yenə Etibar deyil e. Nə deyirsiz deyin mənə. O ayrı aləmdi… -Afa bir az fikrə getdi və ah çəkdi. -Anamla nənəm də məni çox danlayır ki, ərə getmək lazımdı, belə olmaz, heç kimi bəynəmirsən… Nə bilim ey, özümdən asılı deyil. Getsəm də ancaq Etibar Məmmədov kimisinə gedəm. Ondan aşağısı mənim səviyyəmə uyğun deyil…

Elə bu vaxt televizorda yenə Etibar Məmmədov göründü. O biri qonaq danışandan sonra diktor sözü yenə ona verdi…

Afa yenə televizorun qarşısına keçib səsini qaldırdı, amma Etibatın ikinci çıxışına qulaq asmağa macal tapmadı. Qəfildən evin qapısı elə möhkəm döyüldü ki şüşəbəndin şüşələri də, evin taxta döşəməsi də silkələnməyə başladı. Televizorun üstündə olan kiçik antena yerə düşdü, o saat da Etibar Məmmədov ekrandan itdi…

Afa qeyri-ixtiyari təəccüblə mənə baxdı və divandan qalxıb arxa otağın qapısına yaxınlaşdı. Adət eləmişdi, bizdə olanda, təsadüfən kimsə gələrdisə, tez arxaya, yataq otağına keçərdi. Əgər gələn qonaq tez gedəcəkdisə, heç. Yox əgər qalası adam idisə, Afa elə sakitcə arxadakı pəncərədən çıxıb gedərdi… İnciməzdi belə şeydən, bilirdi ki məndən asılı deyil….

İndi də qonaq otağından çıxmağa hazırlaşaraq narahatlıqla soruşdu.

- Uşaqlardan kimsə gəlməlidi bəyəm?

- Yox, - dedim.

- Bəlkə atandı? - Afa narahatlıqla qapıya tərəf boylandı.

- Yox əşi, o həftənin axırında gələcək. Sən arxa otağa, Tomagilin yanına keç, mən görüm kimdi.

Qapı isə elə bərk döyülürdü ki, elə bil bu saat gedib açmasaydım, bütün şüşəbənd sınıb dağılacaqdı. Onunçün də bir şey fikirləşməyə macal tapmadım, Afanı arxa otağa salıb cəld qapıya çıxdım. Dedim, yəqin qonşuda filanda allah eləməsin nəsə faciə olub.

Elə qapını açmağımı gördüm ki, dayım oğlu Həci salam-kəlamsız cəld məni qapıdan itələyib ayaqqabılarını da çıxartmadan tualetə tərəf cumdu, içəri girib qapını örtdü. Yalnız bir neçə saniyədən sonra tualetdən onun həyəcanlı səsi gəldi.

- Eşitmirsən bəyəm ? Bir saatdı sındırıram qapını. Bəlkə biri ölür bayırda?

- İçəri evdəydim. Eşitmirdim. Sən hardan belə? Gecə vaxtı şəhərdə neynirsən? - tualetin taxta qapısına baxa-baxa soruşdum.

Tualetin içindən Həcinin boğuq səsi gəldi.

- Vağzaldakı optavoylara dəyməyə gəlmişdim, yubandım, axırıncı elektriçkaya gecikdim,

Həci məndən iki üç yaş böyük idi, şəhərdən 30-40 kilometr aralıdakı kəndlərin birində yaşayırdılar, beş-altı ay əvvəl dayımla məsləhətləşib qərara gəlmişdilər ki, alverə başlasınlar, həyətlərindəki tövləni təmizləyib küçəyə bir qapı açdırmışdılar, balaca bir dükan eləmişdilər orda, Həci də şəhərdən gəlib xırda-xuruş mallar alırdı, elektriçkaya qoyub aparırdı kəndə, yüngülvari alver eləyib beş-on manat qazanırdı. Elə indi də başımı qapıdan çıxarıb bayıra baxanda kandarda içi dolu üç-dörd dənə yekə çanta gördüm.

- Bunları qoyum içəri, yoxsa gedəcəksən? -yenə üzümü tualetə tərəf çöndərib narahatçılıqla soruşdum.

Tualet yenə də boğuq səslə cavab verdi.

- Yox, daha hara gedirəm? Gecə burdayam. Demədim axırıncı elektriçkaya gecikdim?

Bu dəfə əməlli başlı keyfim pozuldu. Bayaq o avara qızlar gəlib nastroyenimi korlamışdılar, indi də bu. Heç Həci yeridi? Heç olmasa tez yıxılıb yatsaydı. Amma çətin. Maşallah çənədən möhkəmdi, gecə yarıyacan zəhləmi tökəcək.

Ürəyimdə deyinərək Həciin çantalarını hıqqana-hıqqana içəri keçirtdim. Zalım balası elə bil qurğuşun doldurmuşdu içinə. Bayır qapını örtəndən sonra içəri keçib gördüm ki, Afa yataq otağının qapısını aralayıb mənə baxır. Mənim arxayın görkəmimi görüb yataq otağından rahatca çıxdı.

- Kimdi ki?

- Dayım oğludu. - əlimi yellədib cavab verdim. - Kənddən gəlib…

- Qızları oyadıb, çıxardım bayıra? -Afa narahatlıqla soruşdu.

Mənə elə gəldi ki buna ehtiyac yoxdu. Həcinin nə xasiyəti olsa da, ağızdan bütöv oğlan idi, mənim barəmdə gedib orda burda ağzına gələni danışmazdı. Onunçün də Afanı arxayın elədim.

- Yox, dəymə qızlara, qoy yatsınlar. Həci stukaç oğlan deyil. Uzağı mənim otağımda, Asifin yanında yer salaram, yatarlar.

Birdən Afanı gülmək tutdu, gülə-gülə başını yellədib dedi.

- Ev lap opşejitiyə dönəcək ki. Yataq otağında Tomayla xalasıqızı, onun sevilisi yatıb, sənin otağında Askayla bu təzə gələn qohumun yatar, qonaq otağında da biz ikimiz. Bardakdı əməlli başlı…

- Eh, - Gülümsünərək əlimi yellətdim. - Elə vaxt olub ki bu evdə iyirmi adam yerləşdirmişəm. Dost-tanış hətta atamın qrafikini də bilir. İşə gedən kimi bilirlər ki, on beş gün ev boş olacaq. Tökülüşürlər bura. Hələ mən sənlə tanış olanı ev bir az sakitləşib, uşaqların çoxu əsgər getdi, məhəllə boşaldı. Yoxsa əvvəllər kişi Neft daşlarında olanda, evdə adam əlindən tərpənmək olmurdu…

- Kefdə olmusan ki… Gərək yer pulu alardın…

Mən güldüm. Afa gəlib yenə televizorun qabağanı keçdi, yerə düşən antenanı yerinə qoyub şnuru yerinə taxdı, amma göstərmədi. Deyəsən yerə düşən antenanın zibili çıxmışdı. Bir qədər qurdalasa da xeyri olmadı…

- Heyf. Yenə siyasi veriliş olmalıydı… Mitinqdən göstərəcəkdilər….

Hiss elədim ki, əsəbləşib. Amma özünü o yola qoymadı, gəlib şkafın üstündəki qazetlərdən götürüb divanda dirsəkləndi…

Mən də mətbəxə keçdim ki görüm Həci niyə bir saatdı tualetdən çıxmır.

Tualetin qapısına yaxınlaşanda içəridən duşun səsini eşitdim.

- Neynirsən orda? -elə bil qeyri-ixtiyari soruşdum. Guya bilmirdim ki orda neynəmək olar.

Duşun səsi kəsildi.

- Nə deyirsən?

- Soruşuram neynirsən orda?

Həci qəhqəhə çəkdi.

- Futbol oynayıram.

Yenə duşun şırıltısı eşidildi və mən dilxor halda içəri keçdim.

- Çıxmadı dayoğlun? -Afa laqeydliklə soruşdu.

- Yox, indi də çimir orda.

Afa diksindi, azca yerindən qalxıb mətbəxə tərəf boylandı.

- Çimir? Bəs bir saatdı gözləyirəm ki su isti olsun. İndi orada isti su qalmayacaq ki?

Düz deyirdi, kalonka gec qızırdı, amma neyləyə bilərdim ki? Qapını sındırıb Həcii ordan çıxartmayacaqdım ki.

Çiyinlərimi çəkib mızıldandım.

- Eybi yox, az-maz qalsa, bəsdi sənə.

Afa səsini çıxartmasa da hiss elədim ki lap dilxor oldu. Yazıq doğrudan da dəhşət yorğun idi, bayaqdan da elə gözləyirdi ki hamam bir az qızsın, çimib rahat yatsın. İndi hamamda isti su qurtarsa, təzədən kalonkanın qızmağını bir saat gözləməlidi.

- Onda heç olmasa de ona ki, qız çiməcək, suyun hamısını işlətməsin.

Çarəsiz qalıb yenə mətbəxə qayıtdım, tualetin qapısını döydüm. Duşun səsi kəsildi.

- Nədi, nə istəyirsən?

- Mənə bax, bir az su saxla, qız da çiməcək.

Elə o saat da tualetin qapısı aralandı, Həcinin aylarla qırxılmamış tüklü başı çıxdı.

- Nə qız? Bazdığ eləyirsən?

Onu qaynayan gözləri məni diksindirdi lap.

- Yox ey, bir dostumdu. Həmişə gəlib gedən adamdı.

- Dayan bu saat çıxıram.

Həciin çıxmağı on dəqiqə çəkdi. O vaxtacan mən otağa gəlib Afanı sakitləşdirdim, arxayın elədim ki, Həci isti suyun hamısını işlətməyəcək.

Sonra yenə mətbəxə keçdim, onun gətirdiyi ağır çantaları şüşəbəndin küncündə yerləşdirdim. Qollarım qırıldı. Həci bu çantaları necə sürüyüb gətirmişdi bura?

O başını qurulayaraq hamamdan çıxanda elə ilk sualım da bu oldu. O isə güzgünün qabağında saçını darıyaraq başını yellətdi…

- Birtəhər dartıb gətirdim troleybus ostanovkasına…

- Bu vaxt troleybus işləyir?

- Eh, - əlini yellətdi. - Şəhər uşağısan, sən gərək məndən yaxşı biləsən. On ikiyəcən gedirlər..

Çimib çıxan Həcinin rəngi bir az açılmışdı. Elə bil təkcə sifəti yox, əynindəki qara cins şalvarla köynəyin də rəngi təzələnmişdi bir az. Bu köynək şalvarı keçən il mənimlə gedib seçmişdi. «Basin»dəki komisyonkadan. Düzdü, mən demişdim ki, yaraşmır sənə, onsuz da yekəpər oğlansan, bu paltarda lap terroristlərə oxşayırsan. Amma Həcinin gözü tutmuşdu, demişdi ki, kənddə uşaqlarda cins şalvar çoxdu, amma kömplekt yoxdu, mənimki yedinka olacaq…

- Hələ geyinirsən bunu? - soruşdum. - Mən elə bildim çoxdan dağıdıb tökmüsən.

- Kənddə geyinmirəm axı. Ancaq bayırlıqdı. - Həci saçlarını darıyıb başını qismən səliqəyə salandan sonra, darağını üfürüb döş cibinə qoydu, otağın içinə tərəf baxıb azca tüklənmiş üzünü sığalladı. - Bilsəydim qızla tanış olacam, üzümü də qırxıb gələrdim… Mənə bax, bəlkə elə indi tez-bazar qırxım, hə?

- A kişi, evlənməyə gəlmisən bəyəm? - Mən yenə çaydanın altını yandırıb ona tərəf çöndüm. - Sənə dedim ki, Afa elə qız deyil, dostumdu. Ailəsiylə də yaxınam…

Sözlərim deyəsən Həcinin bir qulağından girib o birindən çıxdı. Onunçün də qulaqlarını qurdalayıb mənə çöndü.

- Bax, gör qulaqlarımda tük yoxdu ki?

Gözucu nəzər salıb başımı yellətdim…

- Heç nə yoxdu…

Fikri içəridə olan Həci səsimdəki əsəbiliyi eşitmədi.

-Hə, onda lap əntiqə. İndi qızla tanış olmaq olar…

Mən nəsə deməyə macal tapmamış Həci məndən qabaq içəri keçdi, gəlib özünü düz Afanın qarşısındakı kresloya saldı və düz qızın gözünün içinə baxaraq yoğun səslə dedi.

- Axşamın xeyir, can-ciyər. Allah mehriban eləsin….

Meşədə qəfildən ayıya tuş gələn ceyran kimi ürkək-ürkək divanın kənarına sıxılan Afa çaşqınlıqla gözlərini döydü.

- Kimi?

Həci qəfildən kobud bir qəhqəhə çəkdi.

- Adə hamımızı… Səni, bibyoğlumu, məni… mehribançılıq yaxşı şeydi… Adın nə oldu?

- Afa…

- Əla, lap əla.. - Həci əllərini bir birinə sürtdü. - Mənim də adım Əleydərdi. Amma uşaqlıqdan hamı mənə Həci deyir. Babam Həci Əleydərin adını qoyublar da. Salamatlıq olsun, mən də gedəcəm Həccə. Bir az pul yığım, avaraçılığı tərgidib gedəcəm Həccə, olacam nastayaşşi Həci Əleydər. - mənə baxıb başını yellətdi. - Məməni də aparacam. Məşhədə... Qoy Məşədixanım olsun. Bizim kənddə arvadlar ölürlər Məşədixanım olmaqçün.

Mən əlimi yellətdim…

- Nə fərqi var ki? Onunla nə dəyişəcək bəyəm?

- Aaa, necə yəni nə dəyişəcək? - Həci əlini yellətdi. - Ən əvvəl o dəyişəcək ki, yas məclislərində keçəcək yuxarı başa… Görməmisən bəyəm Məşədixanımların yeri osobıdu? Düzdü, ən yaxşı yer Həci xanımlarındı, amma o bahalı ziyarətdi. Hələ pulum çatmaz onu yollamağa. Həm də arvad çox fərli deyil, azıb qalar, sonra gərək düşüm Ərəbistan səhralarına, məməni axtarım… - Həci qəfildən Afaya çöndü. - Can-ciyər, sən təsadüfən Məşədixanım deyilsən ki?

Bayaqdan bu söhbəti təəccüblə dinləyən Afa yenə gözlərini döyüb asta səslə mızıldandı.

- Yox…

- Eybi yox, fikir eləmə. - Həci sanki ona təskinlik verirmiş kimi, yumşaq səslə davam elədi. - Vaxtı çatar Məşədixanım da olarsan,

Həci xanım da…

Həcinin belə çoşqunluqda danışmağından hiss elədim ki, deyəsən heç yuxusu gələn adama oxşamır. Bizə də imkan verməyəcək yatmağa. Amma hər ehtimala qarşı soruşdum.

- Yorğun olarsan… Gəl yerini salım dincəl…

Mənim sözümü eşidən Həci Afaya qəribə tərzdə nəzər salıb mənə baxdı. Elə bil söyüş söymüşdüm…

- Düzdü, səhər saat altıdan ayaq üstəyəm, bazara dəymişəm, optovoyları dolanmışam. Amma sizi gördüm ürəyim açıldı, yuxum qaçdı. Heç adam da belə məclisi qoyub yatar?

Düzü, məclis deyəndə onun nəyi nəzərdə tutduğunu başa düşmədim, amma çox baş aparmadım.

- Amma biz yorğunuq. - ümidsizliklə mızıldandım. - Bayaqdan elə hazırlaşırdıq yataq…

Həci sözümü kəsdi…

- Eh, yatmaq həmişə var da… Qulaq as, acından ölürəm ey.. Nəyin var yeməyə?…

Çiyinlərimi çəkdim.

- Biz bayaq yüngülvari yemişik. Amma, - mətbəxə tərəf boylandım. Deyəsən heç çörək də qalmayıb…

Həci qətiyyətlə ayağa qalxdı.

- Eybi yoxdu, bu saat gedib alaram… - deyib otaqdan çıxdı..

- Axşam vaxt hardan tapacaqsan çörək?

Amma Həci sözümü eşitmədi, az qala ildırım sürətiylə qapıdan həyətə çıxdı…

Acizliklə Afaya baxdım…

- Siz oturun, mən gedim yatım. - Afa elə bil ildırımdan sonra bir az ürəklənib ayağa qalxdı..

- Bəs çimmirsən? Deyirdin, ayaqların ağrıyır…

Afa başını yellətdi…

- Hə, bunu görən kimi ayaqlarımın ağrısı da yadımdan çıxmışdı…

Qulaq as, bu kobudu hardan tapmısan?

- Dedim axı, dayım oğludu.

- Sən də məni bağışla, amma əsl dağ ayısına oxşayır… Heç sənin tayın deyil….

- Kənd uşağıdı da…

Afa divandan qalxıb nəsə fikirləşdi, nəhayət dilləndi.

- Yaxşı, onda çimim, özümə gəlim, sonra sənin otağında, elə Askanın yanında yataram… Siz dayoğlunla də burda yerbəyer olarsız…

Afa bunu deyib açılıb bağlanan iri divanı göstərdi.

Düzü, əməlli-başlı dilxor oldum. Bayaqdan özümü nastroyit eləmişdim ki, Afa çimib çıxacaq, sonra da bu divanı açıb qucaqlaşıb yatacağıq… Əlbəttə ki dost kimi. Onunla hətta dost kimi yatmaq da mənimçün çox xoş idi. Ruhum rahatlanırdı…

Amma indi Afa gedib Asifin böyrünə qısılacaqdı. Mən də Həcinin tərinin qoxusunda yatmalı olacaqdım… Heyf.

Afa köynəyinin yaxasını aça-aça mətbəxə çıxdı, amma hamama girməmişdən qabaq mənə tərəf çöndü.

Ardı var

# 3457 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #