Kulis.Az İlqar Fəhminin “Maygülü” kinopovestini təqdim edir.
Birinci hissəni burdan oxuya bilərsiz.
- Həvəsin olsa, bir dənə təzədəm çay eləyərsən də mənimçün. İçim yatım… Yoxsa başım ağrıyacaq…
- Yaxşı, dəmləyərəm, - deyib divandan qalxdım və arxa otağın qapısını örtüb sakitcə mətbəxə keçdim.
Afa artıq hamama girmişdi. Mən dəm çaynikini boşaldanda krantdan axan suyun səsi eşidildi.
Pəncərənin qarşısında dayanıb suyun səsinə qulaq asa-asa xəyala daldım. Qeyri-ixtiyari Afa gəldi gözümün qabağına. Elə indiki anda. Onun çimməyini təsəvvür eləməyə başladım. Nədənsə «Abdulla» kinosunda qızların şəlalə altında çimməsi gəldi gözümün qabağına. Düzdü, ordakı hind qızları Afa kimi deyildilər, bədənləri ətli canlıydı, amma o lövhə və musiqi adamın lap beynini yerindən oynadırdı. Televizorda hind filmlərindən mahnılar verəndə, o səhnəyə baxıb həmişə oxuyan qızı xəyalımda Afa ilə əvəz edirdim…
Eh, nə deyim bu Etibar Məmmədova. O olmasaydı, bəlkə də Afayla ciddi münasibət qurmaq imkanı olardı. Ümid edərdim ki nə vaxtsa məni sevər, bir yerdə olarıq… Amma indi heç… Axıracan elə dost kimi baxacaq mənə… Etibar Məmmədovun yanında mən kiməm ki?
Gurultuyla qapını açıb içəri girən Həcinin səsi məni xəyaldan ayırdı. Əlində dörd dənə çörək vardı…
- Neynirsən bu qədəri? - Qeyri-ixtiyari soruşdum. - Həm də hardan tapdın axşam vaxtı? Dükanlar bağlıdı axı?
- Tindəki restorandan aldım. - Həci çörəyi stolun üstünə qoydu. - Xırdası olmadı, çox götürdüm. Yeyərsən də…
Həci içəri boylanaraq Afanı görməyib, qaşlarını çatdı. Üzündə elə ifadə vardı ki, elə bil yemləməyə gəldiyi sevimli göyərçin onu gözləməyib uçub-getmişdi.
- Bəs can-ciyər hanı?
Hamamı işarə verdim. Həci suyun səsini eşidib vəziyyəti başa düşdü… Ağlına nə gəldisə, çörəkləri stolun üstünə qoyub, qəfildən hamama tərəf gedərək, qapını döyməyə başladı.
Mən qaşlarımı çatdım, amma onun xasiyyətinə bələd olduğumçün ağlıma pis bir şey gəlmədi…
Suyun şırıltısı dayandı. İçəridən Afanın səsi eşidildi.
- Nədi?
Həci ağzını qapıya yaxınlaşdırıb bərkdən dedi.
- Həmişə təmizlikdə... Balalarıvın toyunda çiməsən… - mənə çöndü və ağıllı-ağıllı əlavə elədi. - Qoy bizi avara filan hesab eləməsin. Görsün ki qanacaqlı oğlanlarıq….
Bunu deyib yenə hamamın içinə qulaq tutdu. Afa da deyəsən bu sözdən çaşıb qalmışdı. Nəhayət uzun bir pauzadan sonra içəridən qısa cavab eşidildi.
- Çox sağ ol… - yenə açılan krantdan axan suyun səsi gəldi.
Həci özündən razı halda mənə yaxınlaşdı.
- Gördün? Ləzzət elədi ona. Öyrən də… Şəhərdə yaşamaqla deyil ey.
- Mənim cavabımı gözləmədən soyuducunu açdı. - Yumurta var?
- Hə, orda, qapağın altında. - yerini göstərdim.
- Dükançün aldığım tuşonkalardan birini açıb bişirəcəm yumurtayla. Çubuşdan da açıb vurarıq.
Yenə də cavab gözləmədən yumurtalardan bir neçəsini çıxartdı, sonra çantasından bir tuşonka bankası götürüb stolun üstünə qoydu, iri bıçaqla ağzını açmağa başladı..
- Çay dəmləyirsən? - mənə baxıb soruşdu. - Dəmlə , bir stəkan mən də içərəm. Qulaq as, amma kişi kimi düzünü de, nəyindi bu qız? İstədiyindi? Atan bilir?
- Bayaq dedim axı. Dostumdu. Ailələrinə gedib gələn adamam.
- Bəs burda niyə qalır?
- Elə belə. Hərdən bekarçılıq olanda, qalır burda. - deyib çiyinlərimi çəkdim.
Həci elə bil azca sevindi.
- Deməli istədiyin deyil. Qulaq as, padxod eləyim də ona. Bəlkə əl verdi?
Bircə anlıq onları xöşbəxt cütlük kimi bir yerdə təsəvvür elədim. Gülmək tutdu məni.
- Yox,- dedim,- xeyri olmayacaq. Əl verməyəcək. Elə qız deyil, Afa savadlı, ağıllı, səviyyəli qızdı..
- Eh, - tuşonkanı açıb yumurtaları sındırmağa keçən Həci mızıldandı.
- Əl vermirsə, neynirəm onun səviyyəsini? - ümidini deyəsən üzməmişdi. - Bəlkə yoxlayım, hə? Tutdu tutdu da.
- Dedim ki xeyri yoxdu. Afa Etibar Məmmədovu sevir…
Qəribə də olsa, bu söz təsir elədi. Həci köksünü ötürüb sakitcə yumurtaları sındıraraq kasada qarışdırmağa başladı.
Səsinin kəsilməyindən mənə elə gəldi ki, bu qapazı yeməyi deyəsən birinci dəfə deyil. Hə də, yəqin kənddəki qızların da içində Etibar Məmmədovun və ətrafındakıların fanatları çoxdu.
Gözümün qabağına gəldi ki, kənddə toylar dayanır, qızlar heç kimə «hə» demir, hansına elçi gedirlərsə, deyir getmirəm, biri deyir mən Etibarı sevirəm, o biri Rəhimi, kimisi Nizami Süleymanovu, İskəndəri, Zərdüştü Əbülfəzi, İsanı, Tamerlanı, Neməti, və sair və ilaxır…
Hər qızın da otağında bu adamlardan birinin böyüdülmüş portret şəkli… Beləcə, illər keçir, qızlar ərə getmirlər, bu portretlərin altında qalıb qarıyırlar, oğlanlar da gedib urusdan, xaxoldan alırlar…
- Bizdəkilər hamısı Həci Əbdülə balet eləyir…
Fikirli olduğumdan Həcinin sözünü yaxşı başa düşmədim…
- Kimə?
- Həci Əbdülə… Dayıvın arası sazdı onunla. Cavan vaxtı salamməleykləri də olub. - Həci mənə tərəf baxmadan tavadakı tuşonkanı qarışdıra-qarışdıra davam elədi. - Həmişə deyir ki, Ali sovetdə bir dənə kişi var, o da Həci Əbdüldü, kişi mömin adamdı, namazı, orucu… Gərək o biri deputatlar da ondan ibrət götürsünlər, namaz qılsınlar, oruc tutsunlar, Kərbəlaya, Həcə getsinlər… Onda bəlkə ölkə düzəldi…
Nədənsə gülmək tutdu məni. O saat gözümün qabağına Ali sovetin iclasları gəldi..
- İndi isə söz Kərbəlayi Etibar Məmmədova verilir. Hazırlaşsın, Məşədi İsa Qənbərov. Hacı Zərdüşt, xahiş edirəm, yerinizdən söz atmayın, bəsdirin, yoxsa Molla İskəndər Həmidov yenə basıb döyər sizi….
Mənim gülməyim deyəsən Həciyə ləzzət elədi.
- Hə, kişi belə danışanda məni də gülmək tutur, deyirəm, bəs o boyda mömin deputatların pişnamazı kim olacaq? Əbülfəz? Deyir yox ey, Hacı Əbdülə nə gəlib ki? Ali sovetdə ondan yaxşı pişnamaz?
- Bəs sən kimə balet eləyirsən? - bu dəfə ciddi səslə soruşdum və xatırladım ki, bu vaxtacan heç bir dəfə də Həcilə siyasi məsələlərdən söhbət eləməmişdik. İmkan düşməmişdi..
- Heç birini… Zəhləm gedir hamısından. - Həci də ciddi səslə dedi. - Aləmi qatıblar bir birinə. Qarabağda erməni at oynadır, bunlar burda bir-birini didirlər. Keçən il getmədim? Altı yeddi ay vuruşdum, axırda baş götürüb qaçdım. Müharibə deyil ey, dəlixanadı. İt yiyəsini tanımır, bilinmir kim kimin adamıdı, kim kimə işləyir, kim kimin ayağının altını qazıyır… Bu tərəflər ondan ba beşbetərdi. O dey, bizim kənd. Bapbalaca kənddi, bölünüb neçə yerə. Bu yandan Ayazın köhnə adamları, o yandan cəbhəçilər, ortada islamçılar, nə bilim, kimlər… O gün kənddə avtomat davasına çıxmışdılar. Ağsaqqallar ortaya girməsəydilər, qırıb çatacaqdılar bir-birini…. -dodaqlarını sıxdı. - Bir dənə Hacıleylək lazımdı bunlara…
- Nə Hacıleylək? - başa düşmədim.
- Həci Əbdülün o gün Ali sovetdə danışdıqlarını eşitmədin?
- Yox.
- Deyəsən Yaqub Məmmədovu seçəndə idi. Hərə bir namizəd verirdi. Əbdül də durub bir dənə rəvayət danışdı ki, bəs, bir göldə qurbağalar qərara gəlirlər ki, özlərinə padşah seçsinlər, amma hansını göstərirlərsə, bəyənmirlər, qulp qoyurlar, qurultu salırlar, aləm qarışır bir birinə… Birdən yekə bir Hacıleylək gəlir, oturur gölün ortasında, hansı qurbağa səsini çıxardırsa, tutub yeyir, göl də sakitləşir…
- Nə olsun ki? - fikrim hamamdan gələn su səsinin yanında olduğundan onun danışdıqlarının məğzini yaxşı tuta bilmədim… -
- Əşi heç nə… -Həci əlini yellətdi. Görünür ki mənə xırdalığınacan izah eləməyə mədəsindəki qurultular imkan vermirdi.
Birdən hamamdan Afanın səsi eşidildi…
- Azik, ordasan?
- Hə, - cavab verdim…
- Mama zəng eləməmişdi?
- Yox.
- Zəng eləsə , deyərsən ki, burdayam. Arxayın olsun…
Qızın səsini eşidən kimi, Həciin gözləri yenə parıldadı, elə bil siyasi söhbətlər keçdi ikinci plana, yenə hamamda çimən gözəl bir qızın xəyalı canlandı gözlərinin qabağında…
- Mənə bax, - əlindəki çörəyi kənara qoyub parıldayan gözlərini mənə çevirdi. - Bəlkə gedim kisəliyim onu?
Nədənsə ani olaraq gözümün qabağında Həciin Afanı hamamda kisələməsi görüntüləri canlandı. Əsəbləşdim…
- Yaxşı da, sənə söz dedim axı, başlama təzədən…
Həci çiyinlərini çəkdi.
- Nə dedim bəyəm ey? Yaxşılıq eləmək istədim də… Dayan özündən soruşum….
Gördüm ki, Həcinin fikri ciddidi, amma ağzını açmağa imkan vermədim.
- Gəl yeməyini ye… Uje bişib… Demədin acından ölürsən?
Aclığını xatırlayan Həci sakitləşdi, sındırıb kasaya tökdüyü yumurtaları tuşonkanın üstünə çırpdı..
Mən də dəmin altını yandırıb asta odda qoydum, çörəyi dilimləyib otağa apardım, qayıdıb soğan doğramağa başladım.
Həci də tavanı qonaq otağına apardı, amma yenə mətbəxə çıxıb iri çantalarda eşələnməyə başladı.
- Nə axtarırsan?
- Bir dənə çubuş açacam…
Etiraz eləmədim. Düzünə qalsa, onun gəlişi məni elə dilxor eləmişdi ki keyfimi açmaqçün, həvəslə yüz qram vurardım..
Süfrə hazır olandan sonra Həci qollarını çırmalayıb çörəkdən kəsdi, amma tavaya hücum eləməmişdən, elə bil nəsə xatırlayıb əl saxladı.
- Yox ey, yaxşı deyil, bəs can-ciyəri gözləməyək? Qoy çıxsın…
- Narahat olma, sənə dedim axı, biz ac deyilik. Həm də o qız hamama girdisə, bir saata çıxacaq. Saçları görmədin nə uzunluqdadı? Sən çörəyini ye…
- Yaxşı, özünüz bilərsiz.
Həci dolu tavaya hücum çəkdi, sonra arağı açıb hərəmizə yüz süzdü, vurandan sonra mənə də elə bil az-maz iştah gəldi, bir az yedim…
Həci bir az yeyib rahatlanandan sonra, divana yayxındı…
- Hə, bu başqa məsələ.. yoxsa gözüm qaralırdı…
Yeməyi yarıda saxlayıb siqaret çəkmək onun köhnə adəti idi. İndi də qarının ovuşdurandan sonra əlini döş cibinə atdı, siqaret qutusunun içindən hazır doldurulmuş kazbek çıxartdı. Başa düşdüm ki bu dəfə uymaq istəyir….
- Onu hardan tapıb çıxartdın? İyi çıxar həyətə, elə bilərlər mən də uyuram…
- Heç nə olmaz. - Həci doldurulmuş papirosu barmaqlarıyla sığallamağa başladı.. - Daldakı pəncərəni açarsan, ordan çıxar iyi.
- Saxla sabaha da. - mən təslim olmadım…
- Babamın qəbriyçün saxlaya bilmərəm. - Həci səmimiyyətlə dedi. - Elə dilxor eləmisən adamı ki… Gül kimi qız çimir orda, hamamda, vannanın içində, biz də burda oturub, yumurta yeyirik… Dəhşətsən ey… Dostumdu, nə bilim bacımdı.. Arvaddan da kişiyə dost olar?
Yaralı yerimə toxunmuşdu, amma hiss elətdirmədim, özümü tox tutdum.
- Fikir eləmə. Gələn dəfə gələndə qabaqcadan deyərsən, bir qız taparam səninçün.
- Eh, deyirsən də.- inamsız səslə mızıldandı. - Əlli dəfə söz vermisən, amma hələ səs səmiri yoxdu..
Onu düz deyirdi, hər dəfə kənddə belə söhbətlər düşəndə, söz verirdim ki, bir dəfə sənə əntiqə bir qız düzəldəcəm. Beləcə, başımdan rədd eləyirdim. İşim gücüm qurtarmışdı, durub Həciyçün qız axaracaqdım….
Dayoğlum əlindəki doldurulmuş papirosu yandırmamışdan əvvəl tərkibi haqqında məlumat da verməyi lazım bildi.
- Karlikdi… Əntiqə şeydi…
- Kimdi karlik? - mən başa düşmədim.
- Kim yox ey, nə… - Əlindəki papirosu göstərdi. - sortun adıdı. Ağacı balaca olur, yekəlmir. Amma bilirsən nə tutur adamı? Bütün beynini təmizləyir. Mənə tumlarını Binədə uşaqlar vermişdi. Bağda əkdim. Dəhşətdi.
- Mənim heç əvvəldən aram yoxdu uymaqla… pis günə qoyur məni. etiraf elədim.
- Bilirəm. Görmüşəm də səni uyanda. Purjunların boşalır.
Həci əlindəki Kazbeki odlayıb bir-iki qullab vurdu, mən də arxa otağa keçdim ki pəncərəni açım. Qızların üçü də yatmışdı. Həci fikrimi elə qarışdırmışdı ki, heç lezbiyankaların qucaqlaşıb yatmaqlarına baxmaq da fikrimdən çıxmışdı. Heç işığı da yandırmadım. Elə qaranlıqda pəncərəni aralayıb otağa qayıtdım. Artıq kazbekdən qalxan tüstünün kəskin qoxusu otağı başına götürmüşdü.
Gözlərini yumub papirosu dartan Həciyə gözucu nəzər salıb mətbəxə çıxdım. Hamamdan suyun səsi gəlməkdə davam edirdi. Və birdən xatırladım ki, bayaq Afanın büstqalterinin arxadakı halqasını heç cür aça bilməmişdim. Təəccübləndim. Görəsən necə soyunub? Bəlkə elə büstqalterdə çimir? Elə şey olar?
İstədim qapını döyüb soruşum, amma fikrimi dəyişdim. Dedim, çıxanda maraqlanaram.
Həciin arağı deyəsən geydirməydi, hiss eləyirdim ki, bir az ürəyim bulanır. Allah bilir nə zibildi, fikirləşdim, doldururlar şüşəyə, sırıyırlar camaata..
Soyuducudan qatıq çıxardıb bir-iki qaşıq yedim, elə bil bir az özümə gəldim, yenə otağa qayıtdım. Həci öz aləmindəydi, mən də bekarçılıqdan , televizorun antenasını götürüb qurdalamağa başladım. Bəlkə birtəhər düzəldə bildim…
Həci heç beş-altı qullam vurmamışdı ki, arxa otaqdan döşəmənin cırıldamağını eşitdim. Deyəsən qızlardan hansısa yuxudan durmuşdu. Mən nəsə fikirləşməyə macal tapmamış, bir də gördüm ki, Liliya arxadakı yataq otağından çıxdı, divanda dirsəklənib gözlərini yummuş Həciə laqeydliklə gözucu nəzər saldı, mənə yaxınlaşıb yuxulu gözlərini ovuşduraraq yavaşca dedi.
- Ya pit xoçu…- sonra bizim dildə əlavə elədi. - Su xarda?
- Gəl verim….
Mətbəxə çıxdıq, ona stəkan verdim, krantdan doldurub içdi, bir az özünə gəldi. O saat da dayanıb havanı qoxladı.
- A çto za zapax?
- Niçevo, idi spi. - onu yola verməyə çalışdım. Nə qədər Həci öz aləmindədi, qız tez gedib yatsaydı, əla olardı. Yoxsa durub yapışacaq ki, bunu da düzəlt mənimçün…
Amma alınmadı, Liliya qonaq otağından keçəndə təsadüfən stola toxundu, stolun qırağındakı boş araq şüşəsi yerə düşdüb danqıltıyla kənara diyirləndi.
Çorta getmiş Həci səsə gözlərini azca araladı və qəfildən otağın ortasında peyda olmuş qəşəng sarışın qızı gördü. Düzdü, əvvəl heç bir reaksiya vermədi. Yəqin elə bildi ki, gözünə görünüb. Amma Liliya üzr istəməyə başlayanda, Həcinin hallanmış şüuru deyəsən dərk elədi ki, bu qəşəng sarışın qız heç də kazbekin içindəki qurumuş otun yaratdığı xəyal deyil, əməlli-başlı adamdı.
Elə bil beyninin dumanı qaçdı. Cəld divandan qalxıb gözlərini geniş açmağa çalışaraq mənə baxdı.
- Aaa, bu kimdi?
Ağlıma gələn ilk bəhanəni dedim…
- Afanın qohumudu
- Burda neynir?
- Onunla gəlib…
Həci bu dəfə məndən də soruşmadan Liliyanın qolundan tutdu, əvvəl bizim dildə, sonra da sınıq-salxaq rus dilində təkid eləməyə başladı ki, qız oturub onunla yüz-yüz vursun, bir az çörək yesin…
Liliya bu qəfil təzyiq qarşısında özünü itirsə də, bir müddət etiraz elədi, lakin Həcinin əl çəkmədiyini görüb könülsüz razılaşdı, sakitcə divanda oturub əvvəlcə gözlərini ovuşdurdu, sonra da Həcinin külqabının qırağına qoyduğu kazbekə baxmağa başladı.
Nədənsə mənə elə gəldi ki, qızı cəlb eləyən də, Həcilə yüz-yüz vurmaqdan daha çox, uymaq perspektiviydi… Yəqin köhnə uyanlardandı. Lezbyanka olanda nə olar ki. Onlar adam deyil bəyəm?
Həci qızı divanda otuzdurandan sonra, stolun üstündəki boş tavanı götürüb cəld mətbəxə çıxdı. Mənsə, Liliyaya çöndüm.
- Ne bespokoysya, eto moy rodstvennik…
Qıza bu məlumatı verəndən sonra dayoğlumun dalıyca mətbəxə keçdim. Gördüm ki, Həci yenə çantasında eşələnir. Bu dəfə təkcə tuşonka və araqla kifayətlənmədi. Çantadan iri bir kalbasa palkası, paçka pendir, snikers filan da çıxartdı.
Hiss elədim ki kefyi əməlli başlı açılıb və bu saat nəyi varsa, canfəşanlıqla Liliyanın qabağına tökməyə hazırdı. Bayaq içinə çəkdiyi tüsütünün təsirindən də deyəsən əsər əlamət qalmamışdı. Ya da mənə elə gəlirdi..
- Mən ölüm, boş-boş dayanma, sən bu kalbasanı, pendiri doğra, mən də tuşonkanı qızdırım. Babamın qəbriyçün, bu dəfə əl çəkən deyiləm…
Sevincdən Həcinin şotka bığları da tərpənirdi. Bəlkə də dodağaltı nəsə mahnı oxuyurdu, yaxşı başa düşmədim. Düzü bu saat lap yazığım gəldi ona. Liliyanı bişirmək cəhdlərinin uğursuz olacağını bilsəydi, bu qədər əziyyət çəkməzdi.
Amma mağaza üçün alınan kolbasa və pendirə bıçaq vurmamışdan qabaq onu xəbərdar eləməyi özümə borc bildim.
- Mənə bax, çox yorma özünü. Liliya da əl verən deyil.
Həci bir anlıq əl saxladı, qapının arasından içəri boylanaraq, stol arxasında oturmuş sarışın qıza baxdı və elə bil azacıq qorxdu.
- Niyə ki? Bu da Jirinovskini sevir?
- Yox, Liliya ümumiyyətlə kişiləri sevmir.
Həci deyəsən başa düşmədi.
- Bəs kimi sevir? Balaca uşaqları?
- Yox ey. Liliya lezbiyankadı.
Söz deyəsən Həciyə tanış gəldi, amma mənasını xatırlamağa deyəsən səbri çatmadı…
- Xəstəlikdi? Deyirsən, yəni keçər mənə də?
Həci deyəsən spid-fason bir şey başa düşmüşdü. Məcbur oldum yaxşı-yaxşı xatırladım…
- Yox ey, xəstəlik nədi? Lezbiyanka… Qız qızla sevişir… Kinolarda görməmisən?
Bilirdim ki, Həci olsa-olsa ancaq erotik kinolarda görə bilər lezbiyankaları…
Hə, reaksiyasından başa düşdüm ki, görüb.
Əsəbiliklə tuşonkanın qabını stola çırpdı.
- Alə, yekə kişisən, bu boyda ölkədə bir dənə fərli qız tapmadın gətirib salasan yanına? Bu birinə əl vurma, intiligentdi, Etibarı sevir. O birinə əl dəymə, üzdəniraqdı, ancaq arvadlarla sevişir. Daha nə oldu bu?
Elə bu vaxt açıq qalmış qapıdan qonaq otağına baxan Həciin gözləri güldü..
- Oy da, biri də var ki… Yox ey, bu yüz faiz mənlikdi….
Mən də içəri boylandım, gördüm ki, Həciin səsinə oyanıb yataq otağından çıxan Diana divanda oturmuş Liliyaya yaxınlaşdı, ondan yavaşca nəsə soruşdu və dizlərinin üstündə oturub mehriban sevgililər kimi boynunu qucaqlayaraq başını onun çiyninə qoydu. Elə bil ki, tək yatmağa qorxurdu və bu saat bu ölkədə başını qoymaqçün yeganə rahat yeri öz sevgilisinin çiynində görürdü…
Həcinin sifəti əyildi, qəribə nəzərlərlə mənə baxdı.
Mən təəssüflə başımı yellətdim.
- Yox. Bu da sənlik deyil.. Liliyanın sevgilisidi. Soçidə yaşayırlar.
Lomakaya düşən Həci bir müddət əl saxlayıb nəsə fikirləşdi, beynində götür-qoy elədi, əvvəl kolbasanı və pendiri geriyə, çantaya qoymaq istədi, amma sonra fikrini dəyişdi.
- Əşi cəhənnəmə ki… Eybi yox, bunlar mazaqlaşar, mən də tamaşa eləyərəm. Onun da öz kayfı var.
Bunu deyib təzədən yemək hazırlamaqla məşğul oldu. Mən də kolbasanı və pendiri doğramağa başladım. Amma sifətinin ifadəsindən mənə elə gəldi ki, nə qədər olsa da, Həci bu lezbiyankaları yoldan çıxartmaq, daha doğrusu, düz yola gətirmək ümidini üzməyib. Yoxsa bu qədər malını boş-boşuna sərf eləməzdi…
Arada yenə hiss elədim ki ürəyim bulanır. Bayır qapını azca aralayıb üzümü təmiz havaya tutdum, sonra yenə beş-altı qaşıq soyuq qatıq yedim, bir az beynim açıldı.
Həci isə hazırladığı yeyib-içməkləri artıq içəri daşımışdı, indi isə açdığı ikinci tuşonkayla dolu tavanı qonaq otağına ararırdı…
Mən içəri keçəndə Həci arağı açıb qədəhlərə süzdü və qızlarla bir yerdə qaldırıb mənə çöndü…
- Sənin sağlığına, bibioğlu, - sonra qızlara baxdı. - On xaroşi malçik….
Liliya da qədəhi qaldırıb gülümsündü…
- Da, ya yevo davno znayu. Za tebya…
Hər üçü qədəhi başlarına çəkib yeməyə üz verdilər. Belə başa düşdüm ki, qızlar ac idilər, sadəcə bayaq gələndə mənim qaş-qabağımı görüb, səsə salmamışdılar, sakitcə yataq otağına çəkilib, ac qarına da olsa, özlərini yuxuya verməyə çalışıblar. Amma görünür ki, alınmayıb…
Həci isə bayaq xeyli yediyindən, indi çox yemirdi, daha çox qızlara qulluq edirdi, qədəhlərinə araq süzürdü, qabaqlarına çörək qoyurdu, hərdənbir onlarla əlli-əlli atırdı, özü də fasilə vermədən danışırdı…
- Xaraşodu da… Dva krasivı devıçka… Kajdıy den maç maçi. Heyif deyil… Zaçem nada malçiki? Ya kino vidil… Derevnya vardı. Devoçkalar yığışdılar, vsex malçikləri ubili. Sonra da naçali bir biriylə lyubov eləməyə… Krasivı idi. Yoxsa o birisi kimi? - əliylə hamama mətbəxə, hamamdakı Afaya işarə etdi. - Etibar Məmmədov lyubit… Elə bil mı ne lyudi. Devoçka ne nado lyubit palitika…
- Zaçem? - ağzı dolu olan Diana razılaşmayaraq çiyinlərini çəkdi. - Mne naprimer Rutskoy nravitsya. A yey - Liliyanı göstərdi. - Xazbulatov.
- Da, Xazbulatov klyovıy mujik…- Liliya təsdiq elədi. - No jalko çto mujik.
Hər ikisi güldü, Həci isə narazılıqla başını yellətdi..
- Elə palitika lyubiti, onunçün də malçiki ne lyubiti də. Hamıvızın başını xarab eləyib palitika….
Mən kresloda oturub onları müşahidə edirdim və nədənsə mənə elə gəlirdi ki, ara-bir öz aralarında pıçıldaşan qızlar ümumiyyətlə Həciin nə danışdığını eşitmirdilər. Ara-sıra, xala xətrin qalmasın, Həciyə cavab versələr də, fikirləri yeməyin, arağın yanında idi, hərdən də stolun qırağında, külqabıda qalan yarımçıq kazbeki süzürdülər. Elə bil yeməkdən sonra əla bir desert olacağını gözləyirdilər…
Həci isə danışa-danışa gözlərini Dianadan çəkmirdi. Arıq qızlarla arası yox idi, onunçün Liliyaya çox da fikir vermirdi, eləcə Diananın güldükcə yellənən iri sinəsinə baxırdı, az qala ağzının suyu axırdı…
- Vı kaqda naçali lyubov? Detstva?
Həcinin sualı qızları məcbur elədi ki, yeyib-içməkdən fikirlərini ayırıb ona cavab versinlər….
- Uje dva qoda. - Liliya cavab verdi…
Əlindəki qədəhi başına çəkən Diana düzəliş verdi…
- Tı çto, uja dva spolavinoy… -deyib güldü…
- Kəbin est?
Həci bunu elə tərzdə soruşdu ki, elə bil məsçid mollasıydı və yanındakıların kəbinsiz yaşadığından xəbər tutsaydı, bu saat məclisi tərk edib gedəcəkdi…
Diana təəccüblə Liliyaya baxdı. Liliya isə ara-sıra Bakıya, xalasıgilə gəlib qaldığına görə, deyəsən dumanlı da olsa, sözün mənasını bilirdi.
- Dlya nas ne obyazatelno.- deyib gülümsündü.
Həci isə qəfildən çox ciddi sifət alıb narazılıqla başını yellətdi…
- Net, tak lyubit ploxo. Yesli kəbin netu, heç olmasa, siğə nada. Oçen nada. Lazımdısa, mən təşkil eləyim. Boş siğə kağızım da var. Bir dənə adınızı yazaq…
Həci əlini cibinə atanda Liliya onun əlini tutdu.
- Sluşay perestan. Ne nado. Luçşe zabey kosyak.
Həci başa düşmədi. Deyəsən zabey sözü ilə, ubey sözünü səhv salmışdı.
- Zaçem? Krov ne nada. Gül kimi oturmuşuq özümüzçün. Xaroşi məclis. Zaçem ubivat?
Liliya ilə Diana qəhqəhə çəkdilər, sonra Diana külqabıdakı kazbeki götürüb əlini Həcinin boynuna saldı, saxta bir işvə ilə ona sıxılaraq mızıldandı.
- Eto vsyo, ili u tebya yeşşo ostalos?
Diananın apelsinləri Həcinin qoluna sürtüldükcə hiss eləyirdim ki, yazığın ağlı başından çıxır. Gözləri də axdı elə bil. Onun yerinə mən də olsaydım, dəli olardım da. O cür qız… Özü sürtülür sənə.
- Yesli netu, toqda davay etu na oçered pustim. - qızın səsində təəssüf hiss olundu.
Həci elə bil kayfdan ayıldı, qızın əlindəki kazbeki alıb barmaqlarının arasında əzdi, şəstlə külqabıya atdı, sonra əlini cibinə atıb yenə bir paket və bir kazbek çıxartdı.
- Qurbandı sizə Abşeronun bütün karlik ağacları.
- Oy, kak klyova. - Liliya da sevincək olub, əks tərəfdən Həciyə sıxılaraq qoluna girdi, başını onun çiyninə dayadı.
Həci bu dəfə əməlli başlı uçdu. Bu yandan bir qız büstqaltersiz apelsinlərini sürtür qoluna, o yandan da ikincisi başını çiyninə qoyub. İyirmi altı yaşlı kənd uşağına daha adama nə lazımdı ki? Həcinin kayfdan uçmağını ondan hiss elədim ki, bu dəfə kazbeki boşaldıb içini təzədən doldurmağı əvvəlkindən çox vaxt apardı.
Mənsə eləcə kresloya sıxılıb qalmışdım. Mənə tərəf heç baxmırdılar da… Elə bil şəffaf idim, heç görmürdülər məni.
Həci kazbeki doldurandan sonra şəstlə qızlara baxdı.
- Paravoz umeyete?
Qızların ikisi də razılıq əlaməti olaraq başlarını tərpətdilər.
Həci cəld kazbeki yandırıb bir-iki qullab vurdu, sonra yanan tərəfini geniş açdığı ağzına səliqəylə salıb, əks tərəfini Liliyanın ağzına yaxınlaşdırıb üfürdü. Qız da ağzını açıb popirosun arxasından çıxan qatı tüstünü acgözlüklə nəfəsinə çəkməyə başladı. Sonra eyni paravozu Diana ilə də təkrar edəndən sonra, kazbeki adam kimi oçeredə buraxıb çəkməyə başladılar.
Mən ikinci dəfə paddım düşməməkçün fikirləşdim ki, durub çıxım qapıya, təmiz hava dəysin mənə, yoxsa yenə halım xarab olacaq. bu zibilin iyi mənə həmişə pis təsir eləyirdi, halım dəyişirdi.
Amma mən qalxıb otaqdan çıxmamışdan əvvəl, yataq otağının qapısı aralandı və ov iyi almış tulaya oxşayan Toma başını çıxardıb, havanı iylədi və bir dequstator peşəkarlığıyla soruşdu.
- Eto çto, karlik?
Həci səs gələn tərəfə baxdı, gözünün altı göyərmiş Tomanı görüb nəsə fikirləşdi, sonra qəribə maraqla mənə çöndü.
- Mənə bax, o tərəfdə deyəsən roddomdu. Özü də ancaq qız doğurlar. Bu da lezbiyankadı? Yoxsa Pənah Hüseynovu sevir?
Ağlıma gəldi ki, Həcini prikola tutum…
- Sənlik deyil. Toma ancaq heyvanları sevir. Eşşək, at.
Həci əlini yellədib artıq stola yaxınlaşmış Tomaya baxdı, qolundan tutub kobudluqla özünə tərəf çəkdi.
- Eybi yoxdu, mən də elə heyvan kimi bir şeyəm.
Toma Liliyanı kənara itələyib Həcinin yanında oturdu və adını bilmədiyi, üzünü ilk dəfə gördüyü adamdan Kazbeki alıb acgözlüklə dartmağa başladı.
- Ay qız, xvatit. Ostav elə tam toje…
- Qorxma, xamıya çatar….
Tomanın aksentlə də olsa, bizim dildə danışmasından Həci başa düşdü ki, bu deyəsən burda yaşayan ruslardandı. Artıq gözləri axan Həci Tomanı köhnə dostlar kimi özünə çəkib dizinin üstünə otuzdurdu…
- Gəl çıx da. Öldüm ey bunlarla rus dilində qırıldatmaqdan… Sən də karlik həvəskarısan deyəsən…
- Hə, - Toma təsdiq elədi.. - Karlik bombadı….
Birdən Tomanın ağlına nəsə gəldi, mənə tərəf çönüb sual dolu baxışlarıyla sanki bu qəfil qonağın kimliyini soruşdu…
- Həci qohumumdu.
Toma bir az da rahatlanda, kazbekdən beş-altı dəfə dartandan sonra Dianaya ötürüb yeməyə girişdi, sonra araqdan da süzüb əlli vurdu.
Deyəsən keyfi düzəldi, Həciə çönüb qolunu boynuna saldı..
- Tebya boq poslal ey… - sonra sanki qeyri-ixtiyari tərcümə elədi.. - Allax gətirdi səni. A to darıxırdıq.
Heç darıxıb eləmirdik, fikirləşdim, gül kimi oturmuşduq özümüzçün. Afayla şirin-şirin söhbət edəcəkdik, sonra da yatacaqdıq. Hardan gəlib tökülüşdülər, mərdümazar uşaqları?
Birdən elə bil xatırladım ki, Afa bu saat hamamdan çıxıb bu vur-çartlasını görsə, dəli olar…
Qalxıb mətbəxə keçdim ki, qabaqcadan onu vəziyyət hazırlayım…
Amma Həci mənə aman vermədi, cəld özünü mətbəxə saldı, çantadakı araqdan və başqa yeməli şeylərdən, şirniyyatdan bir az da götürdü…
- Bunlar aclıqdan çıxıblar ki. Qulaq as, yenə adam var o biri otaqlarda?
- Yox, - dilim dolaşdı. Amma birdən mənim otağımda yatan Asifçiki xatırladım. - Var. O biri otaqda… bir dostumuz… Asif yatıb orda…
- O da yəqin qaluboydu…
Həci öz zarafatından kayf alırmış kimi qəhqəhə çəkdi və çantasından çıxartdıqlarını qucağına doldurub qonaq otağına keçdi…
İçəridən onun bərkdən səsi gəldi.
- Nu çto, devoçkalar, kayfuyem?
Ardıyca da , «kayfuyem, kayfuyem» nidaları eşidildi..
Başımı yellədib fikrə getdim. Düzü, Asifin davranışından çoxdan şübhələnmişdim. Özü rəqqas, qız kimi əzilib büzülür, danışığı da lyakalara oxşayır… Onun danışanda sözləri uzatmağı həmişə mənim özümü də əsəbləşdirirdi. Amma açıq şəkildə Afadan soruşmağa utanırdım. Özümü elə aparırdım ki, guya Askanın seksual həyatı mənim vecimə deyil.. Bəlkə doğurdan da qoluboy idi, bəlkə də elə deyildi. Nə bilim? Düzü, fikrim birinci tərəfə meylli idi. Bir oğlanın ki peşəsi bal rəqsləridi, özü də Rudolf Nuriyevin fanatıdı, ondan hər şey çıxar. Yəqin elə kumirinin yolunu gedir də.
Qəribə də olsa, məhz indi, bu an, Askanın məhz Rudolf Nuriyevə pərəstiş eləməyinə sevindim. Yaxşı ki, ürəyi ona sevgiylə doludu.
Həci içəri keçəndən sonra mən hamamın taxta qapısının yanında oturdum. Evdəkilərin səsi artıq qıcıqlandırırdı məni. Onsuz da səs küylə çox aram yoxdu, tərslikdən Həci də belə şeyə baxan deyildi, getdikcə səsləri artırdı, yarı rusca yarı azərbaycanca gic-gic söhbətlər edirdilər, qəhqəhə çəkib gülürdülər…
Arada ürəyimdən keçdi ki bəlkə sayğacdan işığı söndürüm? Sonra özümü saxladım, axı qaranlıqda Afa hamamda qorxardı.
Hamamdan isə suyun şırıltısı kəsilmişdi, əvəzində fenin səsi gəlirdi. Deyəsən Afa artıq çimib qurtarmışdı, indi də saçlarını qurudurdu.
Qapını döyüb soruşdum.
- Çıxırsan?
- Hə, bu saat. - Afanın səsi gəldi.
Fikirləşdim ki, qoy çıxsın, aparım onu öz otağıma, salım Askanın yanına, yatsın. Hər ikisi möhkəm yorğundular. Yəqin Həcilə qızların səsi çox mane olmaz onlara. Qapını da möhkəm örtərəm, yatarlar…
Bəs mən? Səhərəcən oturmalıyam bunlarla? Bəlkə mən də gedim yatım? Amma yox, Həciyə göz olmaq lazımdı, yoxsa bir hoqqa çıxardar.
Amma hiss edirdim ki çox dözə bilməyəcəm. Karlikin iyi arağın təsiriylə birləşərək onsuz da məni haldan salmışdı. Gözlərimin içi gicişirdi. Peysərimdə də yavaş-yavaş kütləşmə gedirdi sanki. Şüşəbəndin pəncərəsini aralayıb özümü təmiz havaya versəm də, xeyri o qədər olmurdu. Gözlərimin qabağını hiss olunmadan sarımtıl duman tuturdu. Qulaqlarımda isə yüngülvari cırıltı eşidilməyə başlayırdı.
Afa hamamdan çıxanda gördüm ki saçları yaşdı. Təəcübləndim.
- Bəs bayaqdan fenləmirdin saçlarını?
- Yox canik. -Afa başını tərpətdi. - Saçlarımı qurudası olsam çox çəkər. Büstqalteri qurudurdum. Halqasını aça bilmədim də.. Onunçün soyunmadım. Onunla çimdim…
Köynəyinin sinəsinə fikir verəndə, gördüm ki nə qədər qurutsa da yenə nəmi qalıb, çünki büstqalterin relyefli parçası ağ köynəyin parçasına qəribə nəmli naxışlar salmışdı. Elə bil kopyalamışdılar…
- Soyuqlayarsan ki? - qeyri-ixtiyari dilləndim.
- Heç nə olmaz. Yaydı da. - birdən Afa qoxunu hiss elədi. -Bu nədi belə? - elə bil ki qonaq otağından gələn səsləri yalnız indi eşitdi, içəri boylandı.
- Həci qızlara qonaqlıq verir. - mən baxışlarımı Afanın gözlərindən yayındırmağa çalışaraq mızıldandım.
- Bəs yatmışdılar axı.
- Durdular da.
- Bəs bu nə iydi? Uyurlar? - Afa narazı sifət aldı.
- Hə.
Afa nəsə fikirləşib əlini yellətdi.
Bilirdim ki, paddım düşən deyil. Neçə nəfə onun yanında Tomagil uymuşdular, məndən fərqli olaraq tüstü ona o qədər də təsir eləməmişdi. Uzağı bir balaca boğazı acışırdı. Bu zibil hərəyə bir cür təsir eləyir. Kiməsə ümumiyyətlə təsir eləmir…
- Denən ki, ev dəlixana olacaq da bir azdan….
Afa bunu deyib üz-gözünü turşutdu. Deyəsən eynən mənim hisslərimi keçirdirdi. Sakit gecədən artıq əl üzmək olardı.
- Keç Asifin yanında uzan. İkiniz də yorğunsuz.
Amma içəri keçəndə gördük ki, Asif də səsə oyanıb, qonaq otağına çıxıb. İndi də süfrə başında oturub, tüstü içində olmağının fərqinə varmadan tavanı dimdikləyir.
Afa içəri girən kimi, gözləri qızarmış Həci cəld ayağa durdu, hörmətli bir qonağı təqdim edirmiş kimi, köynəyinin yaxasını düzəltdi, Afaya yaxınlaşıb ərklə onun çiynini qucaqlayaraq qızlara tərəf çöndü.
- Eto maya sestra.
Otaqdakılar qəhqəhə çəkib güldülər. Həci bunun səbəbini başa düşməsə də izahat verməyi lazım bildi.
- Azikin bacısı elə mənim bacımdı…
- Da zdrastvuyet drujba.
Bunu Toma dedi və qədəhinin dibində qalmış arağı da başına çəkdi.
Mən bayırda olduğum müddətdə Həci iki daşın arasında deyəsən Askanı da içirtməyə macal tapmışdı, çünki Afayla biz otağa girən kimi Asif nəsə demək istəsə də dili topuq vurdu, mırıldanıb əlini yellətdi və yenə də tavanı dimdikləməyə davam etdi.
Afa isə ani çaşqınlıqdan sonra ehmalla çiynini Həciin qolunun altından çəkdi və qızlara «priyatnovo apetita» deyib iri qonaq otağının aşağı başına çəkildi, stulu çəkib oturdu və televizoru yandıraraq antenanı qurdalamağa başladı.
Hiss eləyirdim ki, televizoru işə salıb fikrini bu hay-küydən yayındırmaq istəyir. Amma xeyri yox idi. Antenanın içində deyəsən nəsə qırılmışdı. Ekrana çökmüş qaranlıq sanki bu saat bütün otaqdakıları udmağa hazır idi.
Hiss eləyirdim ki, uşaqlarla söhbətini davam elətdirsə də, Həcinin fikri Afanın yanındadır. Nəhayət qızın anteynayla çox əlləşdiyini görüb, uşaqlarla söhbətini yarımçıq saxlayaraq Afanın başının üstünü kəsdirdi.
- Neynirsən ki?
Afa başını qaldırmadan mızıldandı.
- Etibar danışmalıydı. Antena yerə düşüb sındı. Düzələnə oxşamır.
Həci mənə çöndü.
- Bəs sizdə damda narujnı antena da vardı axı. Bir dəfə gələndə atan dırmaşdırdı məni yuxarı, yerini bərkitməyə. Sən evdə yox idin.
- Hə var idi. Şnuru da o dey ordadı… - mən gicgahlarımı ovuşduraraq dedim. - Amma keçən həftə külək aşırdıb…
Həci nəsə fikirləşib mətbəxə çıxdı, alətlər olan siyirtmədən bir kəlbətin, atvyorka çıxardıb qapıya tərəf getdi.
- Hara gedirsən? - çətinliklə də olsa, soruşdum.
- Bu saat. - Həci bundan artıq izahat verməyə ehtiyac görməyib çıxdı.
Düzü, onun hara getdiyini təxmin eləsəm də, bu barədə düşünməyə halım yox idi. Başımın ağrısı güclənirdi və ürəyim də bulanmağa başlayırdı. Soyuducudakı bankada qalan qatığın hamısını yedim, ürəyimin bulanması dayansa da, başağrım keçmədi.
Otağa keçəndə gördüm ki, Toma Həcini Afaya tərifləyir.
- Takoy klyevıy çuvak. Prikolistıy…
Asif də əlavə elədi.
- Hə, interesnı tipaj. Bayaqdan mənə elə qəribə baxırdı ki... Elə bil adam görməyib.
Toma onun çiynindən itələdi..
- Navernoe sənin kimisini görməyib də, Aska. - deyib qəhqəhə çəkdi.
Afa isə qaşqabaqla başını yellətdi.
-Kəntoşdu.
Dalını deməyə Həci imkan vermədi, otağa girib cəld televizorun yanına gəldi, bayır antenasının şnurunu televizorun arxasına saldı, əliylə yoxlayıb yerinə oturtdu.
Elə o saat da qaranlıq ekran işıqlandı..
Afaya elə bil dünyanı verdilər. Böyük bir qəhrəmanlıq etmiş kimi, Həciyə təşəkkür eləməyə başladı.
- Oyy, çox sağ ol, nə yaxşı düzəldi.
Hiss elədim ki, bayaqdan onun barəsində o qədər də yüksək fikirdə olmayan Afa bu saat Həcini bağrına basıb qucaqlamağa da hazırdı. Əlbəttə ki, Həcinin özünə görə yox, Etibar Məmmədova görə.
Mənə də maraqlı gəldi. Görəsən necə düzəldib. Axı bizim damdakı antena sınıb dağılmışdı.
- Neynədin ki?
Həci çiyinlərini çəkdi.
- Neyniyəcəm? Şnuru birləşdirdim qonşunun antenasına.
- Bəs onunku?
- Kəsib atdım.
- Dəlisən? - Mən əsəbləşdim, başımı ovuşduraraq deyindim. - İndi çıxıb baxacaqlar ki, bizə birləşdirilib.
- Heç nə olmaz. Onsuz da evdə yoxdular. İşıqları yanmır.
Həci əlindəki alətləri yerinə qoymaqçün mətbəxə keçəndə, mən çətinliklə də olsa qalxıb onun dalıyca çıxdım.
- Səhər çıxıb birləşdirərəsən qonşunun şnurunu… Ayıbdı…
- Yaxşı.
Bunu deyən Həci içəri nəzər saldı, həvəslə televizorun qabağında oturub ekrana zillənən Afaya baxdı, birdən gülümsündü.
- Qulaq as, Afanın bir döşünə əl vursam, hirslənər?
- Əlbəttə - mən qaşlarımı çatdım.
- Bəs o birisinə? - Həci qəribə tərsliklə mənə baxdı.
Bu dəfə cavab vermədim. Elə bil qorxdum onun səsindən. Nədənsə mənə elə gəldi ki, bütün bu hay-küylər, yeyib içməklər, deyib gülməklər - bunların hamısı Həciyçün yalnız bir məqsədini həyata keçirtməkçün lazım idi. O məqsədini də, nəhayət ki, indi dilinə gətirdi.
- İt qızı yaman göyçəkdi. - Həcinin səsində qəribə xəyalpərəstlik notları peyda oldu. - Allah kənddə bir dənə beləsini çıxartmır da qabağıma.
Qısa sükütdan sonra Həci elə bil nəyisə xatırladı.
- Sən də evin dalında bir babat yer düzəlt də çıxmağa. Camaatı qonaq çağırırsan, pəncərədən çıxanda əzilirlər.
- Kimi qonaq çağırıram? Kim əzilir ki? -başa düşmədim.
- Qızı deyirəm də. O qayışbaldırı. Görmürsən necə əzilib? Üz gözü göm-göydü…
Tomanı deyirdi. Amma o yıxılmamışdı axı.
- Yox ey, heç kim yıxılıb eləməyib. - dedim. - Tomanı anasıyla onun aşnası döyüb. Bir saat bundan qabaq.
- Bəs axı mən soruşanda dedi ki, sənin pəncərənə çıxanda yıxılmışam? - Həcinin axan gözlərində sanki bir qəzəb qıtılcımı parladı.
- Yəqin sənə düzünü deməyə utanıb. Hər nədisə, özləri bilərlər, ailə məsələsidi. Anası evə kişi gətirib, sonra da qızını döydürüb ona.
Həci fikrə getdi. Sifətinə diqqətlə baxanda gördüm ki, gözlərinin ağını nazik qırmızı tor tutub.
Karlikin təsiriydi. Ağlı başında olsa da, görünür ki, beynində nəsə qəribə prosseslər gedirdi.
- Evləri uzaqdadı?
- Yox, bu dey burda, iki tin aşağıda. - dedim. - neynirsən ki?
Həci cavab vermədi, nəsə fikirləşdi, başını qaşıdı, sonra qətiyyətlə otağa keçdi, Tomanın qulağına nəsə pıçıldayaraq qolundan dartıb şüşəbəndə çıxartdı və mən özümə gələnəcən, gördüm ki, onunla birlikdə ayaqqabılarını geyinib bayıra çıxdılar.
Cəld onların dalıyca çıxdım. Həyətdəkilər görsəydi, biabırçılıq olacaqdı. Yaxşı ki yarımqaranlıq həyətdə sakitlik idi. Deyəsən qonşular yatmışdılar. Ya da evdə yox idilər.
Bir az rahatlandım. Otağa keçib dolabdakı dərmanları eşəlməyə başladım. Başağrı dərmanı yox idi.
Yox, bir az da belə getsə, halım xarab olacaqdı. Karlikin iyi əməlli başlı tutmuşdu məni deyəsən. Birdən ağlıma gəldi ki, bəlkə yüz də vurum? Bir iki dəfə olmuşdu belə. Halım xarab olandan sonra təzədən vurmuşdum, bir az babat olmuşdum.
Stolun üstündəki araqdan yüz süzüb başıma çəkdim. Sanki özümü bir az yaxşı hiss elədim, gözlərim açıldı. Həvəsə düşüb yüz də vurdum. Yəqin ki indi mütləq özümə gələcəm.
- Çto s toboy? Canik? -Liliya soruşdu.
Cavab vermədim, əlimi yellətdim ki, əl çəksin məndən. Gəlib yenə kresloda oturdum.
Karlikin otağı bürümüş tüstüsünə əhəmiyyət verməyən Afanın isə dünya aləm vecinə deyildi. Televizorda yenə də siyasətdən danışırdılar. Ara-sıra Ali sovetin iclaslarından fraqmentlər göstərirdilər, gah Əbülfəz, gah Araz, gah Etibar danışırdı, hərdən də Hacı Əbdülün replikaları eşidilirdi.
Afa gözlərini ekrana elə zilləmişdi ki, bu saat yanında karlik yox, lap kimyavi bomba da partlasaydı, ona təsir eləməyəcəkdi.
- A kuda oni uşli? - mənə yaxınlaşan Diana sinəsini yellədərək soruşdu.
Qıza cavab vermək istəsəm də, yenə də fikrim onun apelsinlərində qaldı…
- Apelsin….
- Çto?
Dilim dolaşdı…
- Apelsinı... Paşli kupit apelsinı. - ağlıma gələn ilk sözü dedim…
- Noçyu? - Diana təcili çiyinlərini çəkdi - A çto, u vas bazarı noçyu rabotayut?
Divanda uzanıb ayaqlarını stulun üstünə uzadan Liliya da gülərək əlavə elədi.
- U nix tolko noçyu rabotaet. Vsyo…
Bunu deyən kimi ikisi də qəhqəhə çəkdi.
Amma bu zarafatın mahiyyətini dərk etməyə macal tapmadım.
Siyasət havasına köklənmiş Afa çönüb sərt səslə sözümüzü kəsdi.
- Tişe daa. Ya je sluşayu.
Qızlar sakitləşdi, öz aralarında nəsə pıçıldaşmağa başladılar. Mənsə yenə də qapıya çıxdım. Başımın ağrısı hiss olunmadan güclənsə də, bayırdakılardan yaman narahat idim. Həciylə Toma qayıdanda qonşulardan hansısa təsadüfən həyətdə olub, onları görsəydi, biabırçılıq olacaqdı. Elə Tomanın görkəminə baxan kimi, başa düşəcəkdilər ki, patentovkadı. Atam gələndə ovcuna qoyacaqdılar ki, sən Neft daşlarında olanda, oğlun evə qız gətirir…
Ürəyimdə fikirləşirdim ki, əgər kişiyə söz çatdırsalar, hər şeyi yıxaram Həcinin üstünə, deyərəm, mənim xəbərim yoxdu, Həci qız gətirmişdi, mən də qovdum getdilər.
Mətbəxə çıxan Asif yarımyuxulu gözlərini ovuşduraraq mənə yaxınlaşdı…
- Azik, axı hara getdilər onlar?
- Bilmirəm. - çiyinlərimi çəkib soruşdum. - Niyə yatmadın ki?
- Yatmışdım ey, canik, yaman yorğun idim. Bu gün səhərdən məşqdəyik, sonra da Afayla maqazinləri gəzdik…- Afis qız kimi əzilib büzülərək dedi. - Şənbə günü konsertimizdi axı. Ağır proqramdı. Akrobatik hərəkətlər çoxdu. Bomba şou olacaq. Onunçün çox yorğun idim. Amma uşaqların səslərinə durdum..
Ürəyimdə fikirləşdim ki, xöşbəxt adamdı. Ölkə dağılıb gedir, Qarabağda qırğındı, gündə bir dostumuzu itiririk, bunlar da şou hazırlayır.
Asif də mənim kimi tək uşaq idi, onunçün əskər aparmamışdılar. Amma məndən fərqli olaraq, bütün bu hadislər ümumiyətlə onun vecinə deyildi. Yanında vətəndən, müharibədən danışanda, çəkilirdi kənara, baş qoşmurdu, hiss olunurdu ki, bütün bunlar onunçün dəhşətli dərəcədə maraqsızdı.
- Get uzan, birtəhər yuxuya ver özünü də. - dedim.
- Yox, uje yuxum qaçdı.. - Asif nəsə fikirləşib soruşdu. - Qohumun klyovı oğlandı. Əla bədən quruluşu var. Yaxşı rəqs eleyə bilsəydi, nömrələrimizin birində istifadə edərdik ondan. Enerjisi aşıb daşır.
Həcii Asiflə birlikdə rəqs edən vəziyyətdə təsəvvür edəndə, bir neçə saniyəlik də olsa başımın ağrısını unutdum. Gülmək tutdu məni. Fikirləşdim ki, əla duetləri alınar, amma bu rəqsin axırı mütləq pis qurtaracaq.
- Oynamağı pis deyil. Kənddəki palatka toylarında sökür həmişə. - etiraf elədim. - Ortadan çıxartmaq olmur onu.
Həcini elə təriflədim ki, elə bil bu saat böyük bir rəqs ansanblının qabağındaydım və mənim təriflərimdən Həciin gələcək karyerası asılı idi..
Asif isə öz aləmindəydi.
- Əla bədən quruluşu var. Muskulları, stoykası.
Elə bu vaxt Afa onu çağırdı, Asif içəri keçdi, mən isə yenə qapını aralayıb yarımqaranlıq həyətə baxmağa başladım.
Görəsən hara getdilər? Yəqin Tomanın ürəyindən nəsə keçib, Həci də aparıb almağa.
Amma bu saat şəhərdə bir-iki restorandan başqa hər yer bağlı idi. Hələ yaxşı ki, axır vaxtlar komendant saatı filan yoxdu. Yoxsa iki-üç il qabaqdı vaxtlar olsaydı, tutub əskərlər ikisini də basardılar komendaturaya.
Bir neçə dəqiqədən sonra dalandan addım səsləri eşidildi. Deyəsən qayıdırdılar.
Yanılmamışdım. Həyətə daxil olan Həci eynən elə getdikləri formada, müəllimin məktəb uşağını direktor yanına aparması kimi Tomanın qolundan tutub ardıyca dartırdı. Arıq, cılız Toma isə bu yekəpər müəlimin əlində sanki uçurdu. Elə bil ayaqları da yerə dəymirdi.
Evə girib ayaqqabılarını çıxardaraq mənim yanımdan sivişib, otağa girdilər. Onların ardıyca içəri girəndə gördüm ki,Tomanın keyfi kökdü, gülür, Həci isə əsəbidi. Çünki Asifi yana itələyib özünü divana salan kimi, qaşqabaqla cibindən üçüncü paketi çıxartdı, növbəti kazbeki karliklə doldura-doldura qəzəblə deyinməyə başladı.
- Oğraş köpəy oğlu. Adam da qıza əl qaldırar? Bazdığa gəlmisən, əcəb eləmisən. Get anasıyla işini gör də. Qızı niyə döyürsən, heyvan oğlu heyvan.
Həci doldurduğu kazbeki yandırıb sümürəndən sonra sakitləşdi və yalnız bundan sonra televizordan aralanan Afa Tomaya yaxınlaşdı….
- Hara getmişdiz ki?
- Bizə… evə..
- Niyə?
Toma gülə-gülə Həcii göstərdi.
- Mamanın çuvakını döydü eşşək kimi… Otpizdil kak nado… Sonra da dedi ki, qıza bir də əliniz dəysə, cıraram ikinizi də…
Üç-dörd qullamdan sonra rahatlanan Həci kazbeki Dianaya ötürüb Tomaya baxdı.
- Düz sözümdü, əmi qəbri. Barmaqları dəysə sənə, xəbər elə, gəlim hamısını yortum. Adını kişi qoyub, qıza əl qaldırır, matışka. Hələ yaxşı ki, qız saxladı məni, yalvarıb düşdü ayaqlarıma, yoxsa bıçağı çıxardıb oğraşı…
Qəfildən Toma Həcinin qucağına oturub dodaqlarını onun karlik ətri verən dordaqlarına çıxdı və dayoğlumun qəzəb dolu monoloqu qəfildən kəsildi.
Həcinin çıxardıb doldurduğu üçüncü paket deyəsən əvvəlkilərdən güclü idi. Yəqin ağacın yağlı yerindən idi, çünki hiss elədim ki, bu dəfə bayaqkından daha sürətlə paddım düşürəm. Bayaq içdiyim araq da mənə əks təsir elədi, qısa bir müddətə beynimdə oyanma getsə də, indi halım sürətlə pisləşməyə başladı.
Ayaqlarım boşaldığından qapının yanındakı kresloda oturdum və sanki qeyri-ixtiyari, məndən üç addım aralıda, divanda Həcinin yanında oturmuş Diananın apelsinlərinə zilləndim. Beləcə quruyub qaldım.
- Nə əntiqə toçka tutub ey… - Həcinin səsi və onun ardıyca qızların qəhqəhəsi qulaqlarımda cingildədi. Narıncı maykanın altındakı apelsinlər də bir qədər yırğalanıb sakitləşdilər.
Nəfəs aldıqca, otağa yayılan tüstünün az hissəsi də olsa, mənim ciyərlərimdən keçirdi və bronxlarımda qalan xırda hissəciklər qanıma işləyirdi, ordakı alkoqolla birləşərək bir başa beynimə yollanırdı. Və beynim yavaş-yavaş vermeşil qazanına dönürdü.
Böyük iradə bahasına daha bir neçə dəqiqə özümü normal vəziyyətdə saxlamağa müvəffəq oldum. Ancaq getdikcə vəziyyət dəyişdi. Ətrafda nə varsa, əvvəl astadan, sonra daha sürətlə, vıyıltıyla başıma fırlanmağa başladılar və yavaş-yavaş gözdən itdilər. Qaldı yalnız narıncı mayka altındakı apelsinlər. Qəfildən süküt çökdü….
Bir az sonra uzaqdan saat səsinə bənzər tıqqıltılar eşidilməyə başladılar. Elə bil kimsə işləyən iri bir divar saatını qucağına götürüb mənə tərəf gəlirdi.
Sonra tıqqıltının ritminə uyğun olaraq narıncı mayka altında olan apelsinlər də yırğalanmağa başladılar. Saatın tıqqıltısının sürəti artdıqca apelsinlər də daha həvəslə, daha bərkdən yığrağanırdı….
Bir müddət sonra hiss elədim ki, apelsinlər yekəlir. Getdikcə Həcinin dediyi kimi qarpız boyda oldular. Nəhayət narıncı maykanı da cırıb dağıtdılar və gurultuyla partladılar. Apelsinlərin içindən isə çoxlu göyərçinlər çıxdı… Qaraquyruq, boynu güllü, belixallı….
Gözlərimi yummağa çalışsam da, alınmadı. Elə bil göz qapaqlarımı dondurmuşdular.
Göyərçinlər isə qanadlarını çala-çala otağın içində uçuşmağa başladılar. Dumanda yalnız çırpılan qanadları görünürdü və səsləri eşidilirdi…. Adam kimi danışırdılar. Yaman tanış səslər idi… elə bilirdim ki, meydandayam, möhkəm mitinq gedir, səs-küy ətrafı bürüyüb, duman içində ara sıra sifətlər də görünürdü…
Hə, budu Etibar Məmmədov, yanında İsa Qənbər, nəsə pıçıldaşırlar…
Bir az aralıda Zərdüşt və Araz Əlizadə qardaşları qoşalaşıb uçurlar, ətrafa da qorxa qorxa göz qoyurlar ki İskəndər Həmidov alıcı quş kimi başlarının üstünü alar, yenə basıb döyər onları…
Yerdə də Nizami Süleymanov oturub, elə bil prezidentliyə namizədliyini verməyə hazırlaşır, sutəmizləyən bankasını yuxarı qalırmağa çalışır, amma alınmır, bankanın içindəki nədisə ağır şeydi, yazıq Nizami nə qədər qanad çalsa da bankanı yerdən aralaya bilmir…
Nemət Pənahovla Rəhim Qazıyev birbirinin qanadlarını dimdikləyirlər, hiss olunur ki, lələk davası gedir…
Amma qəfildən elə bil kimsə dumanı üfürdü, sifətlər və səslər itdi, yerində qəribə yoğun bir səs peyda oldu…
Olan qalan diqqətimi cəmləyib səslərini də ayırd eləməyə çalışdım…
Həcinin səsiydi…
- U menya juquli siqnal italyanski….
Sam vayenni, forma qrajdanski…
Deyəsən rus dilində həmin məşhur meyxananı deyirdi qızlarçün…
- Bəs sonra…. Davay dalşe… dalşe… - bu Toma idi yüz faiz…
Ardıyca yenə Həcinin səsini tanıdım…
- Gedək spalniya, dalını orda deyəcəm sənə…
- Net, ne xoçu…
- Naz eləmə, davay, dava...
Davaylar fasilə vermədən təkrar olunmağa başladı. Elə bil plastinka ilişmişdi. Nəhayət qəribə qışqırıqlardan sonra sakitlik çökdü…
Yenə ətrafımda quşlar göyərçinlərpeyda oldu, uçuşmağa başladılar… Sadəcə bu dəfə səsləri gəlmirdi…
Ancaq sükut çox çəkmədi… quşlar yenə səs-küy qaldırdı….
- Nam skuçno, skuçno. Xotim muzıku..
Hə, bu deyəsən Liliyanın səsiydi…
- Vot zdes est maqnitafon… - ardıycı Tomanın səsi kəkilli göyərçindən çıxdı…
- Davay eee… - havada Həcinin səsini tutdum…
Amma deyəsən maqnitafon işə düşmək istəmirdi. Dumanlı da olsa, xatırladım ki, maqnit başlığı yaxşı işləmir…
- Davay v spalnyu, orda ya vam pesnya spayu….
- Oy kak interesno. - qaraquyruq göyərçin Diananın səsiylə sevincək civildədi. - Liliya, poydyom, on nam spoyet…
- Net, ne xoçu…
- Mazgi xərəb eləmə, gəl görüm….
Sükut. Qışqırıqlar… Yenə sükut.
- Tı toje, poydyom v spalnyu…
- Net, net… ya je skazala, ne xoçu…
- Az danış, görüm…
Yenə qışqırıqlar, etirazlar, civiltilər… Elə bil göyərçin dəstəsinin içinə gözü qızmış quzğun düşmüşdü, «Poydyem, poydyem v spalnyu. Poydyem v spalnyu, poydyem v spalnyu»…
Yenə plastinka ilişdi sanki.
Eyni sözlər dəfələrlə qulağımda təkrar olmağa başladı.
Amma bu sözləri deyən səs tonları mütəmadi olaraq dəyişirdi. Ətrafımda vurnuxan göyərçinlər eyni sözləri gah Tomanın, gah Liliyanın, gah da Diananın səsiylə təkrar edirdilər. Hətta arada Asifin də səsini eşidirdim.
«Poydyom v spalnyu, ne xoçu, qələt eləyirsən, poydyem v spalnyu, proşu ne nada, az danış, nado, idi suda, görüm ey…»
Ara-sıra yenə gözümün qabağına mitinqlər gəlirdi, elə bilirdim ki meydanın üstünə duman çöküb, mən də bulvar tərəfdə ağaca dırmaşıb millətə baxıram. Dumanın içindən siyasətçilərin səsləri gəlirdi, sonra yenə hər şey dəyişirdi, quşlar uçuşmağa başlayırdı, Etibarın , Zərdüştün, Nizaminin, İskəndərin səsləri Diananın, Tomanın, Liliyanın civiltilərinə qarışırdı…
Qəfildən canımı vahimə bürüdü. Qorxu içində gözləməyə başladım. Elə bilirdim ki, bu saat həmin sözləri Afanın səsiylə də eşidəcəm…
İçimdə bir qəzəb hissi baş qaldırmağa başladı… Afanı müdafiə eləmək lazımdı. Nədənsə mənə elə gəlirdi ki, otaqdakı dumanın içində vurnuxan göyərçinlərdən biri - ən gözəli, ən zərifi mənim ayaqlarımın arasında dolaşır, qəzəbli qırğıdan gizlənməyə çalışır və bu quzğunun bir-bir göyərçinləri tutub «paydyom v spalnyu» nidalarıyla o biri otağa çəkməsini qorxa-qorxa seyr edir, növbənin ona çatacağı müdhiş anı dəhşət içində gözləyirdi…
Onu qorumaq lazımdı, qorumaq lazımdı, lazımdı, mütləq, mən bacaracam, mən bunu eləməliyəm…
Amma bununçün ən əvvəl ayağa durmaq gərəkdi, mənsə heç göz qapaqlarımı axıracan qaldıra bilmirdim. Çox çalışırdım ki, gözlərimi geniş açım, baxışlarım ətrafımdakı dumanı yarsın və otaqda baş verənləri yaxşı-yaxşı görüm…
Alınmırdı. Elə bil ki, göz qapaqlarım aşağı-yuxarı hərəkət edərkən, yarı yolda mühərriki sönmüş, yerində donub qalmışdı və nə qədər çalışsam da, mühərriki işə sala bilmirdim.
O ki, qaldı əllərimə, ayaqlarıma, onları da axtarırdım, tapmağa çalışırdım, lakin bir şey çıxmırdı, belə görünür ki onlar da bu saat beynimin idarəsindən çıxıb hardasa göyərçinlərin arasında veyilənirdilər özləriyçün. Zaman anlayışı da itmişdi… Otaqdakı duman ara-sıra yüngülləşəndə, düz mənim qarşımdakı iri divar saatına fikir verirdim və görürdüm ki, gah dala gedirlər, gah qabağa, gah saat on iki olur, gah dörd, gah təzədən bir olurdu, gah səhər saat beş. Elə bil ki saatın üstündə sürətlə hərəkət edən saniyə əqrəbi o biriləri tutub zorlamaq istəyirdi, saat və dəqiqə əqrəbləri də bacardıqca ondan qaçmağa çalışırdılar…
Müəyyən vaxtdan sonra otaqdakı duman elə gücləndi ki mən artıq göyərçinləri də görə bilmədim. Yalnız səsləri, qışqırıqları, civiltiləri qaldı… Aylarla, illərlə davam edən qışqırıqlar. Bir də divar saatının taqqıltıları. Heç cür kəsilmək , azalmaq istəməyən taqqıltılar…
Duman tam gözümün qabağını bağlayandan bir müddət sonra hiss elədim ki, uçuram…
Əvvəl qorxdum. Elə bildim ki mən də göyərçin olmuşam və o qəzəbli quzğun məni də «spalni»yə aparır…
Özümə güc gəlib beynimin dumanını qovmağa çalışdım və hiss elədim ki doğurdan da məni aparırlar. Sanki kimsə məni oturduğum yerdən qaldırıb, sürüyərək otaqdakı divanın üstünə buraxdı, üstümü də adyalla örtdü… Bundan sonra duman da, göyərçinlər də itdilər….
Əla yuxular görürdüm. Diananın qarpızları, Afanın açılmayan büstqalteri, Liliyanın sarı saçları, Tomanın gözünün altındakı finqal, Asifin zərif bal rəqsləri - bir tərəfdən də mitinqlər, odlu çıxışlar, Ali Sovetdəki dava-qırğınlar, Etibar Məmmədov, Nizami Süleymanov, Pənah Hüseynov, Araz Əlizadə, nemət Pənahov, bir sözlə, hər şey hamısı qarışmışdı bir birinə yuxularımda. Amma gözəl qarışmışdı. Çox dadlı bir veneqret salatı kimi…
Şükür ki, Həcinin səsinin sorağı yox idi. Bir sözlə hər şey əla idi…
Amma gecənin bir aləmi, yarıyuxulu halda hiss elədim ki, kimsə ayaqlarımı əlləşdirir. Çətinliklə də olsa, birtəhər gözümü açanda, yarımqaranlıqda gördüm ki Həcidi.
Böyük əziyyətdən sonra səsimi çıxarda bildim…
- Neynirsən?
Məndən də betər gündə olan Həci sanki bir az özünə gəldi. Gözlərini geniş açmağa çalışaraq mənə zilləndi…
- Sənsən? Bağışla, elə bildim o rəqqas gədədi…
Həci məndən əl çəkdi, və yenə də yuxularımın cənnətinə baş vurdum…
***
Səhər yuxudan duranda hiss elədim ki, başımın ağrısı bir az yüngülləşib. Əvəzində belim qurumuşdu, deyəsən hər iki tərəfdən pəncərəni açıq qoymuşdular, düz üstümə yel vurmuşdu.
Qonaq otağında heç kim yox idi. Ani olaraq mənə elə gəldi ki, dünənkilər hamısı yuxu idi…
Amma stolun üstündəki yeyib içmək qalıqları məni təzədən reallığa qaytardı. Gedib əl üzümü yuyandan sonra bir az özümə gəldim. Uşaqlar yox idilər. Fikirləşdim ki yəqin yataq otağındadırlar…
Həcinin səsi yenə qulaqlarımda cingildədi. «Paydyom v spalnyu…»
Arxadakı yataq otağına keçmək istəyəndə stolun altında nəsə diqqətimi çəkdi. Hə, həmin çəhrayı büstqalter idi. Afanın büstqalteri.
Elə bil ürəyim düşdü. Dünən mənə elə gəlirdi ki, bu büstqalter alınmaz bir qaladı və öütün dünyada bu qalanı ala bilən yeganə adam varsa, o da Etibar Məmmədovdu.
Görünür yanılmışdım.
Qorxa-qorxa əyilib büstqalteri yerdən götürdüm. Qeyri-ixtiyari arxasındakı dəmir halqasına fikir verdim. Həmin halqanı ki mən axşam çox cəhd eləsəm də aça bilməmişdim…
Halqa sağ salamat idi, açılmamışdı, sadəcə büstqalterin belinin rezini ortadan qırılmışdı. Hiss olunurdu ki dartıb cırıblar… Nədənsə Makedoniyalı İskəndərin Qordi düyününü qılıncla parçalamağını xatırladım. Yenə ürəyim əsdi…
Yataq otağına qorxa-qorxa keçdim, işığı yandırmağa da cəsarət etməyib, arxa pəncərədən düşən azacıq işıqda otağı gözdən keçirtdim. Və gördüyüm mənzərə məni çaşdırdı…
Uşaqların hamısı çarpayının yanında, yerdə saldığım yatacaqda yatmışdılar, amma bu yatmaq çoxuşaqlı ailədə övladların səliqəylə yan-yana yerdə uzanıb yatmasından deyildi, Pikassonun tablolarındakı kollektiv mənzərələrə bənzəyirdi. Kimin başı kimin qoltuğundaydı, kimin əli kimin dalındaydı, bilinmirdi. Ətraflarındakı paltar qırıntılarının arasında araq şüşələri parıldayırdı. Əsl sürrealist bir xaos idi…
Afanın cizgilərini də bu xaosun içində sezəndə, nədənsə ürəyim bulandı, tez otaqdan çıxıb, qapını arxamca örtdüm…
Amma qapının səsi deyəsən onları oyatmışdı…
Mən stolun üstündəki nimçələri, şüşələri yığışdıranda, şalvarını birtəhər ayağına keçirtmiş və köynəyinin düymələrini bağlayan Həci qonaq otağına çıxdı…
Gözlərinin altı sallanmışdı…
- Saboun xeyir…. - başını ovuşdurub əlavə elədi. - Əntiqə yatmışdın a… heç cür oyada bilmədim səni…
Bunu deyib mətbəxə keçdi, elə o saat da sinəsindən qopan fəryad az qala şüşəbəndin çərçivəsini silkələdi…
Onun fəryadını deyəsən yataq otağındakılar da eşitdi. Çünki mən mətbəxə keçməyə macal tapmamış, yataq otağından oyanan uşaqların qırıq-qırıq səslərini eşitdim…
Mətbəxə çıxanda gördüm ki Həci içi boşalmış bazar çantalarının üstündə dayanıb, dəvəsi ölmüş ərəb kimi saçlarını yolur…
- Nə olub? -qeyri-ixtiyari soruşdum…
Həci içində yalnız yeddi səkkiz qutu yuyucu toz, sabun bağlamaları, diş paçtaları və sair belə təsərrüfat malları qalmış çantaları göstərdi…
- Atam öldürəcək məni. Evdən qovacaq. Parça parça eləyəcək…
- Nədi ki?
Həci lap əsəbləşdi…
- Necə yəni nədi? Görmürsən dükanın bütün mallarının başına daş salmışam?
Nədənsə bu anı özümçün təntənə məqamı kimi qəbul elədim. Sinəmi irəli verib, məhkəmədə müttəhimə cəzasını deyən prokuror kimi hökmlü səslə dedim…
- Bəs qızları görüb açarını itirəndə belə olacaq da…
Gözümün qabağına gəldi ki, Həci suyu süzülə süzülə evə qayıdır, atası onu təpiyinin altına salıb eşşəkcə çırpır, sonra da evdən qovur ki, get , başına daş saldığın malların hamısını qaytar, olmasa evə gəlmə….
Yataq otağındakı uşaqlar da bir-bir mətbəxə çıxdılar və çantaların yanında çönbəlmiş Həciə baxmağa başladılar.
Nədənsə mən uşaqlara tərəf çönməyə ehtiyat edirdim. Elə bilirdim ki, Afanın baxışlarıyla toqquşsam, əlində ən varsa başıma çırpacaq, üzümə tüfürəcək…
Vəziyyəti ən birinci deyəsən Toma başa düşdü, «dükan» sözünü eşidən kimi Həciin yanında çönbəldi və nəvazişlə dedi…
- Dukana almışdın?
- Hə… Hamısını…
- Bəs nə olacax indi? -Toma maraqlandı.
- Nə olacaq ki? Atam öldürəcək məni… Dörd yüz dollarlıq mal vardı ye burda…
Həci heç elə bil dünənki adam deyildi, çantaların yanında büzüşüb yumağa dönmüşdü və etiraf edim ki onun bu vəziyyəti mənə ləzzət eləyirdi.
Bir müddət hamımız sakit dayanıb Hacının dodaqaltı fəryadına və iniltilərinə qulaq asdıq.
Birdən Toma qızlara və Asifə nəsə pıçıldayıb qonaq otağına çəkdi… Yalnız bundan sonra onlara ardıyca baxmağa cəsarət elədim… Ən əsas da Afanın dalıyca…
Amma Afanı o saat tanımadım. Görünür ki, səhər duranda yarımqaranlıq otaqda kimin əlinə nə paltar keçmişdisə, götürüb geyinmişdilər. Afanın köynəyi Diananın əynində, Liliyanın şalvarı isə Asifin ayağındaydı… Afa isə Tomanın koftasını geyinmişdi…
Onlar bir qədər içəridə məsləhətləşdikdən sonra otaqdan çıxdılar və Həciin başı üstündə düzüldülər…
Toma qolundan nazik gümüş qolbağını çıxartdı..
- Götür…
Onun ardıyca Diana boynundakı xaç kulonlu zərif qızıl sepini, Liliya zümrüd qaşlı gümüş üzüyünü , Asif qalın gümüş boyunbağısını çıxartdı…
Ən sonda isə Afa nənəsindən yadigar qalan xırda qaşlı qızıl sırğasını qulağından açdı.
Uşaqlar əllərindəkiləri Həciyə uzatdılar.
- Apar sat, - Afa dedi. - mallarını al…
Həci isə hələ bir müddət gözlərini döyərək onların əllərindəkilərə baxmaqdaydı… Deyəsən hiss edirdi ki, atasının qəzəbindən qurtulub. Üzündə qəribə təbəssüm parıldayırdı…
Mənsə, o birilərindən daha çox Afanın hərəkətini başa düşmürdüm…
***
İki aydan sonra onlar evləndilər… Hamısı yox, Həciylə Afa.
Şəhərdə bir adamı da bəyənməyən Afa heç nəyə fikir vermədən , Etibar Məmmədovu da fikrindən atıb, Həciyə qoşuldu, getdi kəndə…
Toylarında iştirak edə bilmədim. Yüngülcə maşın vurmuşdu məni, gəzə bilmirdim. Yalnız toydan dörd-beş ay sonra kəndə yolum düşdü. Həcigilə də dəydim. Qarnı burnuna dəyən Afa maqazində satıcı kimi Həciyə kömək edirdi…
Həcidən soruşanda dedi ki, nə qədər dilə tuturam, evdə oturmur, deyir səninçün çətindi, həm mal almağa getmək, həm də dükanda oturub satmaq. Sən mala get, mən dükanda oturaram…
Çox təəccüblüydüm. Elə bil ki mağazində, un kisələrinin arasında görüdyüm həminki Afa deyildi, başqa qız idi…
Qeyri-ixtiyari dedim.
- Axı Afa heç şəhərdə bir adamı bəyənmirdi. Etibar, İskəndər filan… Həmişə gözü yuxarılarda idi… Bəs bura necə gəlib çıxdı? Necə razılaşdı axı?
-
Başa düşmürsən? -Həci gülümsündü.
- Yox, heç cür başa düşmürəm. - etiraf elədim.
- Maygülüsən də… Onunçün başa düşmürsən - Həci bunu deyib qəhqəhə çəkdi.
***
İlin axırında Həci şəhərdən mal alıb qayıdanda oblavaya düşdü, tutub basdılar əsgərliyə.
Tərtərə düşmüşdü. Mənsə çox arxayın idim nədənsə… Hər nədisə, bilirdim ki Həci Tərtərdədisə, erməni ora yaxın gələ bilməz. Gəlsə də, hamısını tutub bizim evdəkilər kimi…
May. 2013