Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX əsr” məqaləsinin on ikinci hissəsini təqdim edir.
On birinci burdan oxuya bilərsiniz.
Humanizmdən maarifçiliyə….
On altıncı əsrdən başlayaraq, Qərbdə Adəmiləşmək səylərini İnsanlaşmaq cəhdləri əvəz elədi. Və sonradan Humanizm öz ideyalarını daha geniş yaymağa başladı ki, bu da, Maarifçilik hərəkatı adı altında tanındı...
Bəs nə idi bu maarifçilik ki, indiyə qədər bizim üçün az qala həyat amalına çevrilib? Bizə elə gəlir ki bu xüsusda hər şeyi bilirik. Maariflənmək, savadlanmaq, elmə öyrənmək, alim olmaq və sair və ilaxır... Uşaqlıqdan beynimizə yeridilən "Güc bilikdədir" tezisi ruhumuzda o qədər dərin kök salıb ki, bəlkə də alternativsiz, yeganə mütləq həqiqət kimi şüurumuz tərəfindən qəbul olunub...
"Güc bilikdədir"... Çox gözəl... Deməli bilik nə qədər çox olarsa, insan o qədər güclü, əzəmətli olar...
İndi isə məsələyə başqa tərəfdən yanaşaq. Son əsrlərin əksər ədəbi əsərlərinə, psixoloji araşdırmalarına diqqət edəndə, görürük ki, alimlər və ədiblər böyük enerji sərf edərək, bəşər cəmiyyətində "şər qüvvə"nin mahiyyətini araşdırır, insanın daxili transformasiyalarının, ruhani mutasiyalarının səbəbini tapmağa çalışır. Sadə dillə desək, insan niyə korlanır, şər qüvvə onun içində hakim mövqeyə keçir? Və yaxud, başqa cür ifadə edək - hansı hallar baş verir ki, normal insan yavaş-yavaş dönüb qəddar, zalım, xəbis, lovğa, iddialı bir varlığa çevrilir...
Şekspirdən tutmuş müasir psixoanalitiklərə qədər bir çoxları bu suallar üzərində araşdırma apararkən, sonda təxminən bu nəticəyə gəlir - Hər şeyin səbəbkarı GÜCdür... Dünyəvi güc...
Həmişə düz gedən piyada əsgər
Vəzir olan kimi əyri yol gedər...
Böyük Nizaminin bu kəlamıyla səsləşən yüzlərlə minlərlə əsər yazılıb, əksəriyyəti də bu fikrə gəlib çıxır ki, insan özündə dünyəvi güc hiss edəndə, daxilində metamorfozlar başlayır ki, yavaş-yavaş onun müsbət xüsusiyyətlərini sıxır, şər qüvvə bu gücün hesabına insan şüurunun və həyatının aparıcı qüvvəsinə çevrilir... Bu hal həm fərdi həyatda, həm də ümumbəşəri fəlsəfi anlamda eyni cür müşahidə olunur.
Fərdi-psixoloji və ictimai-siyasi tərəfi bir kənara qoyaq, ümumbəşəri müstəviyə diqqət edək...
Budur, insan bilik kəsb edir, maariflənir. Və təbii ki güclənir... Yavaş-yavaş öz iradəsini təbiətə yeritmək , dünyanı istədiyi kimi dəyişmək niyyətinə düşür, çünki buna gücü (biliyi) çatır...
Və dəyişməyə başlayır...
Bir tərəfdən də bəyan edirik ki, güc artdıqca, fərdin içində şərə , mənfi energetikaya meyllənmə başlayır... Deməli dünyanı dəyişməyə gücü(biliyi) çatan insan artıq əvvəlki kimi sadəlövh, saf, təmiz varlıq deyil... Bu güclü (bilikli) insanın içində iddialılıq, zalımlıq, qəddarlıq, lovğalıq, riyakarlıq kimi rəzalətlər peyda olub. Bunun fonunda yaranan hakimiyyət ehtirası isə "güclü insan"da dünyaya, təbiətə hakimlik etmək, hətta kainata sahib olmaq ehtirası yaranır.
Və bu ehtirasın qarşısını kəsmək istəyən istənilən qüvvəyə nifrət və qəzəblə yanaşır, bütün maneələri, səddləri inadkarlıqla dağıdıb tökür, gözünü qan tutmuş vəhşi heyvan kimi öz şikarına doğru addımlayır...
Mason izləri
İndi isə klassik maarifçiliyin başqa aspektlərinə nəzər salaq...
18-19-cu əsrlərdə bir çox royalist mütəfəkkirlər Avropa cəmiyyətlərindəki təbəqələşmənin əleyhinə qalxan inqilabların səbəbkarı kimi masonları görürdülər, bütün qiyam və üsyanlarda onların izlərini axtarırdılar...
Bəs kim idi masonlar? Hardan yaranmışdı bu hərəkat? Bu xüsusda yüzlərlə kitablar yazılıb, filmlər çəkilib, hər alim, hər tarixçi masonluğun mahiyyətini bir cür izah edib. Hətta ABŞ-ı birbaşa masonların yaratdığı bir dövlət olaraq da təqdim edirlər. Düzünə qalsa, Amerikanın hakim qüvvələri heç bunu gizlətməyə ehtiyac da görmürlər. "Azad daşyonan"ların illüminat simvolikası ABŞ-ın bütün dövlət rəmzlərində özünü göstərir.
Bütün tarixi faktları filanı bir tərəfə qoyub, masonlar haqqında şəxsən özümün rəyimi bildirmək istəyirəm. Məncə, Masonluq cəmiyyətin müxtəlif yollarla biliklənmiş və deməli güclənmiş, lakin ali hakimiyyətə, idarəçiliyə əli çatmayan aşağı təbəqələrinin yaratdığı gizli inqilabi hərəkat idi...
Hərçənd bəzi ölkələrdə masonları zadəgan təbəqələrinin nümayəndələri təmsil edirdi, lakin bu ideyalar daha çox orta burjua təbəqənin ziyalıları arasında populyar idi. Axı bilik və güc əldə etmələrinə baxmayaraq bu iddialanmış insanlar ali zadəgan silkinə mənsub olmadıqlarına görə cəmiyyətin idarəçiliyinə yaxın buraxılmırdılar.
Royalistlərin iddialarına görə, Avropanı başına götürmüş gizli Mason lojalarının geniş təbəqələrini maarifləndirməkdə məqsəd, onları biliklə gücləndirib özünə tabe eləmək və hakim üsuli-idarələrə qarşı qiyama qaldırmaq idi…
Qiyama qaldırmaq, devirmək və hakimiyyətləri ələ almaq… Elə indinin özünə qədər bir çox tarixçilər bəyan edir ki, müasir burjua dövlətləri ideyası mason mütəfəkkirlərinə məxsusdur və son yüzilliklərdə bu cür dövlətlərin başında əksərən gizli mason lojalarının nümayəndələri durur.
Sual doğur ki, mason lojalarının nümayəndələri hakimiyyətə gəlmək istəyirdilərsə, niyə bunu əvvəlki üsul-idarə çərçivəsində həyata keçirtmirdilər? Kütləvi maariflənmə, biliklənmə ideyalarının tətbiqi onların nəyinə lazım idi? Axı hamı bilir ki, ağıllıları idarə etmək cahil kütləni idarə etməkdən qat-qat çətindir…
Stop! Məhz bu məqamda uzun illər içində olduğumuz bir illüziyanın mahiyyətinə varmaq istəyirəm. Niyə bizə elə gəlir ki, avam kütləni idarə etmək ağıllı-rasional insanları idarə etməkdən asandır?
Necə yəni niyə, deyə bilərsiniz, məgər əsrlər boyu belə olmayıb? Köhnə cəmiyyətlərdə ali ruhani zümrələr ona görə kütləni elmdən uzaq saxlayıblar ki, asan idarə etsinlər…
Yox, qətiyyən belə deyil. İnamdan, mifdən aralanan sırf rasional əql sahiblərini idarə eləmək yüz dəfə asandır.
Çünki, rasional ağıl eyni cürdür, inam-mif isə müxtəlif. Rasional təfəkkür tərzi insanları eyniləşdirir, robotlaşdırır, klonlaşdırır. Onlar eyni cür düşünür, hər şeydən eyni cür nəticə çıxardırlar. Axı bu düşüncələrin hamısı vahid məntiq qanunlarına əsaslanır.
Eyni cür düşünüb hərəkət edən insan kütləsini idarə eləmək və lazım olan istiqamətə sürü şəklində aparmaqçün standart qayda-qanunlar, modellər qurmaq olar ki, bunu da son yüzilliklərin tarixində müşahidə eləmişik.
Cahil möhürü vurduqlarımız isə rasional əqli qüvvənin hakimiyyətindən kənar olduğuna görə, onu heç bir məntiqi qanunla tam idarə eləmək mümkün deyil.
İrrassional insanların düşüncələrinin qanunları bu insanların sayı qədər çoxdur…
Haşiyə: İncəsənətin rasional tərəfi barədə minlərlə kitab yazılıb, nəzəriyyələr ortaya qoyulub. Sənətin insan ruhuna irrassional təsiri isə heç cür analiz oluna bilmir. Burda təsadüf və istedad məsələsi ortaya çıxır.
Xırda bir nümunə… Ədəbi əsərin, filmin, serialın, tamaşanın maraq cəlb etməsinin yüzlərlə məntiqi üsulları var ki, kino və ədəbiyyat industriyasında daim istifadə olunur. Bu əsərlər insanların şüuruna və ruhuna necə təsir eləmək barədə bütün qaydalara uyğun olaraq yaradılır və təsir də edir…
Ona görə də bu cür sənət nümunələrinə maraq göstəririk…
Amma yalnız bir dəfə… Bütün bu qaydalarla yaradılan əsərlər yalnız qısa zaman kəsiyində tamaşaçıya, oxucuya maraqlı gələ bilər…
Bəs görəsən belə bir sifariş verilsə ki, insanların yaddaşına uzunmüddətli həkk olunan, onilliklər boyu ruhunu silkələyən sənət əsəri yaradılsın, bunun qaydalarını qura bilərikmi? Yəni əsər sadəcə ilkin tanışlıq vaxtı maraqlı olmasın, təkrar-təkrar çoxlu-çoxlu oxunsun, baxılsın, yenə də öz təsirini itirməsin, yenə də insanları riqqətə gətirsin? Bunun əqli, məntiqi, rasional resepti varmı? Yox…
Çünki məhz bu məqamda məsələ gedib insanın ruhunun irrrassional, metafizik, mifik qatına söykənir. Burda rasional əql, məntiqi qayda-qanun acizdir.
Yenə də idarəçilik məsələsinə qayıdaq.
Belə məlum olur ki, insanların beynindəki rasional qatı həmişə aktiv şəkildə istifadə edib, irrassional, metafizik qatı yatızdırmaqla, əslində bəşəriyyəti eyni cür düşünən, eyni cür yaşayan, eyni cür hərəkət edən zombilərə çevirmək mümkündür ki, mason maarifçilərin rasionallıq təbliği əslində buna hesablanmışdı. Bütün dünyanı eyni nöqtədən maariflənmiş, eyni cür düşünüb eyni cür hərəkət edən və rahat idarə olunan rasional zombilərlə məskunlaşdırmaq. Eyni nöqtədən maariflənən, eyni biliklərə sahib olan bu kütlə rasional təfəkkürdən başqa heç bir həqiqəti tanımayacaq, heç bir reallığı qəbul etməyəcək. Qəbul etdiyi yeganə vahid tanrı isə RASİONAL ELM olacaq ki, kütlə də kor-koranə şəkildə onun ardınca gedəcək. Daha doğrusu, elmin yox, elmin sahiblərinin…
Masonların maarifçiliyinin ana məqsədi də məhz bu olub.
Siz maariflənin, amma məhz bizim dediyimiz kimi…
Siz bilik kəsb edin, amma məhz bizim verdiyimiz biliyi…
Siz düşünün, amma məhz bizim istədiyimiz kimi…
Siz inkişaf edin, amma məhz bizim göstərdiyimiz istiqamətdə…
Çünki bizim dediklərimizdən başqa həqiqət mövcud deyil. Və biz yeganə «mütləq həqiqət»in daşıyıcısı olduğumuza görə, bütün dünya bizə tabe olmalıdır, bizim istismarımıza dözməlisiz…
Yazırlar ki, son əsrlərdə gizli mason təşkilatlarının əsas şüarı və mübarizəsi bu ali dünyəvi hakimiyyət ideyasının reallaşdırılması olub…
Beləcə, yüzilliklərdə əvvəl Qərb, ardınca da bütün dünya bu cür maarifləndikcə özü də hiss eləmədən bütün ruhani azadlığını, düşüncə fərqliliyini əldən verdi, fərdi ruhdan məhrum olub robotlaşmağa başladı…
Metafizik hakimiyyət
Bəs mifik metafizik insanları necə idarə etmək olar? Minilliklər boyu bu proses necə həyata keçirilib?
Bunun yolunu məhz mifik-metafizik müdriklər, övliyalar, şamanlar bilirdilər. Ona görə də, qədim dövrlərdə dünyəvi hökm sahibləri bir çox məsələlərdə bu müdrikləri qabağa verirdilər, çünki bilirdilər ki onlarsız icmanı idarə eləmək mümkün olmayacaq… Eyni zamanda onların rəyi olmadan qərarlar qəbul eləmirdilər. Onlardan qorxurdular. Bu müdriklər həm də dünyəvi hökm sahiblərini cilovda saxlayırdılar, zalımla məzlumun arasında bir müdafiə səddini təşkil edirdilər, həm də kütlənin içindəki mənfi energetikanın üzə çıxmasının qarşısını alırdılar…
Amma onilliklər boyu tarix kitablarından bizə belə təlqin olunub ki həmişə rühani zümrə kütlələr üzərində hakimiyyətini istismar üçün istifadə edib, dünyəvi hökmdarlara xalqı tabe etdirməyə çalışıb.
Onda belə sual doğur – kütlə üzərində bu qədər gücə malik olan müqəddəslər, övliyalar, şamanlar, brahmanlar niyə özləri hakimiyyəti ələ almırdılar? Əgər hakimiyyət hərisi idilərsə, bunu rahat halda edə bilərdilər…
Çünki «müqəddəslik institutu» çərçivəsində bütün metafizik güc fərdin öz mənafeyi naminə istifadə oluna bilməzdi… Buna icazə verilmirdi.
Kəramət sahibləri, övliyalar, müdriklər kütlə içində bu nüfuzu onilliklər boyu öz xeyir əməlləriylə, zöhd-təqvalarıyla, dünya malına və şan-şöhrətə laqeydlikləriylə qazanardılar… Çünki onların həyatı bütün xalqın gözü qarşısında keçirdi və insanlar belə müqəddəslərə Tanrı iradəsinin daşıyıcısı kimi baxırdı… Əgər xalq kütlələri onlardan hansısa bəd əməl, hakimiyyət ehtirası, rəzalət, riyakarlıq görsəydi, onlara olan inamı sınardı… Belələri olurdusa da, nüfuzdan düşüb xalqa təsir gücünü də itirirdilər.
Yenə də etirazlar doğa bilər, onlarla sübut gətirə bilərsiniz ki, elə olmayıb, müqəddəslik, övliyalıq institutu da elə ruhanilərin fitnə-fəsadlarının bir hissəsidir, avam camaatı çapıb talamaqçün bir vasitə idi…
Bəs niyə əminliklə belə düşünürük? O dövrləri öz gözümüzlə görmədiyimiz halda, niyə qətiyyətlə hökm veririk?
Çünki tarix kitabları belə yazır…
Çünki ədəbi əsərlərdən belə oxumuşuq…
Yeni narazılıq
Zənnimcə maarifçilik hərəkatının məhz bizimçün maraqlı və önəmli olan əsas məqamına gəlib çıxmışıq.
Tarix və ədəbiyyat. Daha doğrusu, ədəbiyyatın vasitəsiylə tarixin dəyişdirilməsi... Xahiş edirəm bu məqama diqqət edək, çünki son yüz illikdə bizim tarix və ədəbiyyatımız üçün də aktual bir mövzudur...
İstənilən bir insan hansısa bir çətin vəziyyətlə nə vaxt barışa bilər? O zaman ki, alternativin daha da ağır olacağı inamı yaradılsın... Bəs bu alternativ deyilən nəsnə sırf "keçmiş ənənə"ylə bağlıdırsa? Belə olan halda, alternativin mənbəyi olan keçmişi maksimum gözdən salmaq lazımdır...
Bir çox alimlər bəyan edir ki, bəşər tarixində nihilizm təmayülləri məhz maarifçilik dönəmində qoyulub.
İndi isə tarixi müstəviyə diqqət edək...
Budur, maarifçilik hərəkatı yavaş-yavaş öz bəhrəsini verməyə başladı, maariflənmiş bilikli və güclü insanlar cəmiyyətləri ayağa qaldırıb inqilablar, üsyanlar yaratdılar, Avropada ard-arda ənənəvi idarəçilik qurumları devrildi, cəmiyyətin təbəqələşməyi ortadan götürüldü, yerinə bərabərlik ideyaları üzərində yaradılan fərqli quruluşlar gəldi ki, bu zaman cəmiyyətin istənilən təbəqəsinə məxsus insanlar öz bilikləri, iradələri hesabına cəmiyyətin idarəçilik strukturlarına sahib ola bilirlər... (oxşar proseslər Sovet hakimiyyətinin qurulması dönəmində də baş vermişdi.)
Ancaq onilliklər keçir, cəmiyyətlərdəki sosial problemlər azalmır, sadəcə əvvəlki dönəmdə mövcud olan mənfi hallar öz zahiri formasını dəyişib, başqa cür təzahür edir.
İdarəçilik zadəganlardan alınıb burjuaziyaya verilsə də, əhali əvvəlkindən daha çox istismara məruz qaldı... Feodalların haqsızlığı məmur korrupsiyalarıyla əvəzləndi.
Və onilliklər keçəndən sonra, istismarın azalmadığını görən insanların arasında yarana biləcək narazılıqların qarşısını almaq üçün neyləmək lazımdır? Təbii ki, əvvəlkini maksimum dərəcədə neqativ göstərmək hesabına...
"Əlbəttə, indiki quruluşda müxtəlif ictimai-sosial problemlər danılmazdır, lakin əvvəlki quruluşun ağır dözülməz problemləri yanında indikilər heç nədi…
Deməli, inkişaf gedir, irəliləyiş var, bu gedişlə indiki problemlər də yavaş-yavaş aradan qaldırılacaq, sadəcə bir az dözmək, səbr eləmək lazımdır...»
Bəs geniş kütlələri necə inandırmaq olar ki, onilliklər, əsrlər əvvəl vəziyyət daha da ağır, daha da qorxulu, daha da dəhşətli, daha da çətin olub?
Əlbətə ki, ədəbiyyatın köməyi ilə... Ədəbiyyat da öz növbəsində tarixçilərin əsərlərinə əsaslanır.
Beləliklə, Avropa maarifçilik hərəkatından başlayaraq Qərb cəmiyyətlərində tarixçilərin və ədiblərin birgə səyi nəticəsində tarixə hücumlar, tarixi dəyişmək, keçmişi qaraltmaq, müasir dövrə gərəkli formada təqdim eləmək istiqamətində geniş, çoxşaxəli fəaliyyətə start verildi...
(Daha sonra eyni proses başqa ölkələrə də yayıldı.)
Rasional seçim
Ədəbiyyatdan əvvəl tarix elminin bəzi məqamlarına nəzər salaq…
Maarifçilik dönəmindən başlayaraq, tarixçilik elmi sırf rasional metoda istinadən bütün əvvəlki tarix kitablarını təftişə başladı... Əgər Orta əsrlərdəki tarixi mənbələrdə, araşdırmalarda, bioqrafik əsərlərdə tarixi hadisələr, tarixi şəxsiyyətlər təqdim olunarkən real hadisələr metafizik ab-havayla qarışıq şəkildə təqdim edilirdisə, maarifçilikdən başlayaraq, tarix elmi bu mətnləri, mənbələri araşdıraraq, sırf rasional tərəfi önə çəkir, irrasional, metafizik məlumatları isə mövhumat kimi bir kənara atırdı...
Mif termininin dillərə düşməsi də məhz həmin dövrlərə təsadüf edir. Əski Tarixi mətnlərdə, mənbələrdə yazılan məlumatların sırf rasional əqli məntiqlə izah olunan hissəsi akademik tarix üçün yararlı bilinərək qəbul edilir, yerdə qalan hissəsinə isə mif damğası vurularaq kənara atılırdı. Və yaxud bunları irrasional miflərlə məşğul olan ayrıca alimlər araşdırırdı... Heç də nəzərə alınmırdı ki, bu mənbələr o dövrkü hadisələri bu cür təsvir edirlərsə, deməli indi mif , cəhalət, mövhumat kimi qəbul edilən məqamlar o dövr üçün reallıq idi... Hətta bir qədər də dərinə gedərək deyə bilərəm ki, mif kimi qəbul olunan məqamlar əski dövrlərdə reallığın özündən daha real idi və bəşər yaşamının ayrılmaz metafizik hissəsini təşkil edirdi.
Başqa sözlə desək, minilliklər boyu fiziki ilə metafizikanın, reallıqla irrealığın paralel mövcud olduğu, paralel inkişaf etdirildiyi bəşər cəmiyyəti bu paralel qollardan birindən yavaş-yavaş məhrum edilirdi...
Beləliklə, həqiqi tarix ilə insanlar arasında bir "rasional tarixçi alimlər" filtri yaranırdı. Və bu tarixçilərin nə qədər obyektiv olmağı da həmişə sual altında olub. Çünki konkret tarixi dönəmlərdə fəaliyyət göstərən tarixçi alimlər keçmişi öz dövrlərinin tələblərinə uyğun göstəriblər.
Daha sonra, onların elmi-tarixi əsərlərinə istinad edən ədəbiyyat xadimləri öz təxəyyüllərini də əlavə edib keçmişi daha ətraflı, daha dolğun, daha inandırıcı şəkildə təqdim etməyə başladılar... Yenə də gəlib həmin məşum "inandırıcı" məfhumunun üstünə çıxdıq. Bəli, tarixi romanlarda təsvir olunan cəhalət dolu qaranlıq keçmiş əslində həqiqət deyildi, amma dəhşətli dərəcədə inandırıcı idi. Çünki tarixçilərin birtərəfli qaydada verdiyi faktlara söykənirdi.
Ancaq əfsuslar olsun ki, geniş təbəqə bunların həqiqiliyinə şübhə etmirdi. Axı kütləvi oxucu gedib ağır tarixi mənbələrlə işləməkçün aylarla kitabxanalarda, arxivlərdə oturan deyil. Lap buna həvəsi olan insanlar da çoxsaylı maneələrlə üzləşmiş olurdu, axı Avropanın əski tarixinə həsr olunan əsərlərin çoxu latın dilindəydi, çoxsaylı əski terminlərlə zəngin idi. Yəni keçmişə özü fərdi qaydada boylanmaq istəyən müasir insanın qarşısında ilk olaraq, dil səddi vardı... Başqa maneələr də çox olub, lakin mövzumuza aid olmadığına görə cüzviyyatına getmək istəmirəm...
Deməli, bütləşmiş elmin təqdim etdiyi və ədəbiyyat xadimlərinin bir qədər də zənginləşdirib kütləyə təqdim etdiyi "tarixi keçmiş", həqiqətdə mövcud olmuş yeganə reallıq kimi qəbul olunurdu...
Ədəbiyyatın tarixi dəyişdirmək yolunda xidmətlərinə keçməmişdən öncə, dediklərimi təsdiq etməkçün bir neçə xırda nümunə gətirmək istərdim...
Yuxular hökmdarı
Fikrimizi Şərq tarixinə yönəldək. Şərqdə məşhur olan alimlərin, ariflərin, sufilərin həyatına onlarla elmi-tarixi kitablar həsr olunub.
Bu şəxslər barədə mənbələrə diqqət edəndə, görürük ki, rasional həyat faktlarıyla birlikdə çoxsaylı irrasional informasiyalara da rast gəlinir. (Misalçün, Şeyx Əttar Nişapurinin "Təzkirətül-övliya" kitabında bu məşhur şəxslərin kəramətləri barədə çoxsaylı məlumatlar verilib. Bu cür mənbələr az deyil.)
Nədi bu informasiyalar? Müxtəlif kəramətlər möcüzələr, müasir rasional məntiqə sığışmayan məlumatlar - tutalım, biri suyun üzündə dayanıb ibadət edirdi, biri eyni vaxtda iki yerdə görünə bilirdi, biri ölüb dirilə bilirdi, biri qeybdən xəbər verirdi və sair və ilaxır...
Bəs niyə rəsmi akademik elmi kitablarda bu faktların üstündən keçilir? Çünki müasir əqlə sığışmır.
Və yaxud, öz xalqımızın tarixinə baxaq... Səfəvilər dönəmini araşdıranlar üçün maraq doğuran çoxsaylı əsərlərdən biri də Şah Təhmasib tərəfindən yazıldığı iddia edilən "Təzkireyi-Təhmasib" əsəridir ki, Səfəvilər tarixinin Şah İsmayıldan sonrakı onillikləri haqqında qiymətli mənbələrdən biri sayılır...
Bəs kitaba diqqət edəndə nə görürük? Şah Təhmasib ölkədəki ictimai siyasi hadisələri xronoloji qaydada araşdırır, lakin, bütün bu faktologiyanın fonunda bir maraqlı süjet xətti də inkişaf edir - onun yuxuları...
Şah Təhmasib hər dəfə hansısa əhəmiyyətli siyasi qərarlar qəbul etmək zamanı gələndə, Quranda istixarə eləyib yatır, yuxuda öz mövlası Həzrət Əlini görür, ondan məsləhət istəyir və bu məsləhətə uyğun son qərar çıxardır....
Metafizik mənada, Səfəvi hökmdarı dövləti öz Mövlasının rəhbərliyi altında idarə edir.
Akademik tarix bu məsələni ciddi qəbul etməyib, üstündən təbii ki, asanlıqla adlayır. Yaxud bu cür izah edilir ki, Şah təbəələrini öz qərarlarının ilahi mənbəyə əsaslandığını inandırmaq üçün belə yalanlar danışır...
Niyə bu cür düşünürük? Çünki, deyilən məsələni reallıq kimi qəbul edə bilmirik, ağlımıza sığmır, hətta bizə gülməli görünür...
(Nümunələr çox gətirə bilərəm, amma məhz bu iki tarixi mənbənin adını ona görə çəkdim ki, bunlar Azərbaycanda geniş tirajla çap olunub, maraqlananlar tapıb oxuya bilər.)
İndi ortaya bir sual çıxır - əgər hansısa bir fakt indi bizim əqlimizə sığışmırsa, müasir rasional məntiqlə uzlaşmırsa, deməli həqiqət deyil?
Bəli, son əsrlərdə belə qəbul olunub. Çünki Humanizm və Maarifçiliyin səyləri nəticəsində rasional əqli məntiq hər bir hadisə barədə fikir yürütmək üçün ən ali istinad mənbəyi kimi qəbul olunub. Əqlə sığışmayan mövcud deyildir və ya mövcud olmayıb...
Ancaq bu zaman ortaya başqa bir sual çıxır. Beləysə, müasir kvant mexanikası, elementar hissəciklər fizikasının üstündən bir dənə iri qırmızı xətt çəkmək lazımdır. Çünki, fiziklərin özləri də etiraf edir ki, son əlli ildə bu sahədəki elmi kəşflər empirika ilə rasionallığın konfliktinə gətirib çıxardıb. Empirik təcrübələrin ortaya qoyduğu nəticələr rasional əqli məntiq tərəfindən qəbul edilə bilmir... Tutalım, əql necə qəbul eləsin ki, elektron eyni vaxtda iki fərqli yerdə mövcud ola bilir? Və yaxud bir yerdən başqa yerə hərəkəti sıçrayışla baş verir. Ara məsafədə mövcud olmadan, bir yerdə yox olaraq, başqa bir yerdə peyda olur? Və yaxud elementar hissəciklərin ikili təbiətə - həm maddə, həm də dalğa təbiətinə malik olmasını hansı məntiqlə izah etmək olar? Kvant fizikası ümumiyyətlə heç bir əqli məntiqə sığmır.
Ona görə də, Albert Eynşteyn ömrünün sonuna qədər Nils Borla mübahisələr apararaq, Kvant fizikasını qəbul etməkdən imtina etmişdi...
Mövzudan çox da yayınmayaq, məqsədim fizika dərsi keçmək deyil. Yenə də tarix və ədəbiyyat müstəvisinə qayıdaq....
Əminliklə deyə bilərik ki, maarifçilik dönəmindən başlayaraq, geniş təbəqələrdə keçmiş dövrlər barəsində bütün rəyi, fikri təsəvvürü ədəbiyyat - əsasən də tarixi romanlar formalaşdırıb…
Bizə elə gəlir ki, keçmişi bilirik. Ancaq bildiklərimiz əksər hallarda bu romanlardan oxuduqlarımızdır. Onilliklərdir ki, oxuyuruq və bütün varlığımızla inanırıq.
Eyni zamanda, əvvəlki fəsillərdə qeyd etmişdik ki, janrından asılı olmayaraq, ədəbiyyat gözəl yalanlar sənətidir.
Bəs bunu bilə-bilə, biz niyə ədəbiyyata keçmiş barədə həqiqi informasiya ötürücüsü kimi baxırıq? Bəlkə, bu da maarifçiliyin bizdə indiyə qədər yaratdığı illüziyalardan ibarətdir? Və bəlkə dağıdılmağı ən vacib olan bir illüziyadır?
Ardı var