Müəllifi bu mahnıya niyə sahib çıxa bilmir? – Plagiatın qurbanı olan “Bayatılar”ımız

Müəllifi bu mahnıya niyə sahib çıxa bilmir? – Plagiatın qurbanı olan “Bayatılar”ımız
17 sentyabr 2021
# 09:00

Kulis.az “İllərin mahnısı” layihəsindən “Bayatılar” mahnısı haqda faktları təqdim edir.

Söhbət açacağımız bu mahnını çoxlarınız yaxşı bilir və sevirsiniz. 1989-cu ildə AzTv-də, ənənəvi konsert proqramlarının birində fərqli bir mahnı səsləndirildi və o mahnı hamının diqqətini özünə çəkməyi bacardı. Bu, Eldar Mansurovun bəstələdiyi, sözləri Vahid Əzizin olan məşhur “Bayatılar” mahnısı idi.

***

Vahid Əzizin sözlərinə görə, “Bayatılar” antikvar şeirdir, bu şeir 20 il əvvəl yox, ondan da əvvəl, 30 il öncə yazılıb və şairin 1985-ci ildə çap olunan “Əllərimin kölgəsi” kitabında çap olunub. Yəni bu şeir sırf mahnı üçün yazılmayıb.


Sözlərin müəllifi Xalq şairi Vahid Əziz

Şair Vahid Əziz bəstəkar Eldar Mansurova bir neçə şeir təqdim edir. Eldar Mansurov deyir ki, Vahid Əzizin mahnı duyumu, mənim isə şeir duyumum olduğu üçün bizim birgə işimiz alınırdı. Şeirlərə baxan bəstəkar ən nəhayətində birinin üstündə dayanır və nədənsə, bu şeir ona bayatıları xatırladır. Düşünür ki, bu şeiri “Bayatılar” adı ilə dünyada məşhurlaşdırmaq olar.

***

“Bayatılar” mahnı mətni ilə Vahid Əzizin yazdığı şeir mətni arasında bircə fərq var. Mahnı mətnində bir bənd artıqdır. Deməli, Eldar Mansurov Vahid Əzizə zəng edib və deyib ki, sənin “Bayatılar”ına qəşəng bir musiqi yazmışam, bir bənd çatmır. Vahid Əziz həmin günü xatırlayaraq danışır: “Dedim, nə bənd. Eldar da dedi ki, bir bənd lazımdır da. Götürdüm kitabı, şeiri tapıb yadıma saldım. Sonra xanımıma dedim, dur gedək bulvara bir gəzək. Çıxdıq xanımımla gəzməyə. Bir yerdə bənd axtarışına. Dənizin qırağında gəzirdik və mən mahnını zümzümə edirdim. Çünki Eldar mənə musiqini demişdi, artıq musiqini də bilirdim”.


Mahnının bəstəkarı, Xalq artisti Eldar Mansurov

Və bu yerdə mahnıya əlavə olunacaq bənd gəlib çıxır:

“Qalanın daşı oldum
Gözünün yaşı oldum
Dünyada gün görmədim
Sevəndə naşı oldum”.

Mahnı mətni tamama yetdi və Eldar Mansurova təqdim olundu:

Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var.
Oyatma bənövşəni,
Kol dibində ayaz var.

Kədərli baxmayaydın,
Göz yaşım axmayaydı.
Yad baxmağı bir yana,
Yar yada baxmayaydı.


Eldar Mansurov və Vahid Əziz

Bu dünya çətin qala,
Yolları çətin qala.
Yaxşı yarı yazda gəz,
Payıza çətin qala.

Qalanın daşı oldum,
Gözümün yaşı oldun.
Dünyada gün görmədim,
Sevəndə naşı oldum.

Yanımda qal bir az da,
Göz yaşı var arazda.
Yar yuxusun danışıb,
Şəkli qalıb arazda.

Yenə də axşam oldu,
Gün keçdi, axşam oldu.
Gecələr mən alışdım,
Əriyən şam oldu.

Beləliklə, mahnı 1989-cu ildə Brilliant Dadaşovanın ifasında lentə yazıldı. Brilliant Dadaşova deyir, indi bu mahnını söz-söz də oxuyub lentə yazdırmaq olur, ancaq o vaxtları səsyazma studiyası elə idi ki, başdan başlayan kimi sona qədər oxumalıydın. “Mən də o zaman hamiləydim, nəfəsim də çox çatmırdı, ona görə də oxuduğumu bəyənmədim. Səsyazma studiyasında isə dedilər ki, çıx, çıx, biz bəyəndik, şair də, Vahid Əziz də bəyəndi. Bütövlükdə hər şey çox gözəldi, heç nəyə əl vurmuruq”. Brilliant Dadaşova nə qədər də öz oxuduğunu ilk anlar qəbul etməsə də, bu mahnıyla estrada sahəsindəki yerini bərkitdi və müğənni kimi möhürünü vurdu.


Müğənni Levent Yüksəl

Vahid Əzizin sözlərinə görə, “Bayatılar”ın çıxan ərəfə musiqi dünyasında bir durğunluq var idi və bu mahnının ərsəyə gəlməsi həmin durğunluğu aradan götürdü. Ondan sonra yeni-yeni mahnılar da ortaya çıxdı, ancaq bu mahnılarda orijinallıq yox idi, onlar “Bayatılar”ı imitasiya edir, musiqisində, aranjemanında oxşarlıqlar tapılırdı.

***

Eldar Mansurovun sözlərinə görə, “Bayatılar” mahnısına çalğı elementləri əlavə etmək istəyirlərmiş. O vaxtları bu metod çox işlənməmişdi və bəstəkar müxtəlif çalğı alətlərinin ifaçılarını çağırır, səs yazdırırmış. “O vaxtları Vilayət adında çox istedadlı bir musiqiçi vardı. Moskvada olanda qəzada dünyasını dəyişdi. Həmin Vilayəti çağırdım yanıma. Mahnının aranjemanında türk saz səsinə ehtiyac vardı, çünki bizim saz səsi ilə alınmırdı. Vilayətə dedim, necə eləyə bilərik. Vilayət neylədi? Adi gitaranı elə köklədi ki, türk sazının səsini verdi” – Eldar Mansurov daha sonra əlavə edir.

***

Daha sonra bu mahnıya müraciət edənlər çox oldu. Eldar Mansurovun çıxan albomunda bir çox müğənnilərin ifaları yer almışdı. Həmin albomun adı da “Bayatılar” olmuşdu. Brilliant Dadaşovadan sonra ilk dəfə bu mahnını İlqar Muradovun ifasında eşitmişdik və həmin ifa da xeyli sevilmişdi. Türkmənistanın məşhur “Aşqabad” qrupu da “Bayatılar”ı çox bəyənmiş və bəstəkardan mahnının icazəsini alaraq ifa etmişdilər. Çox qəribədir ki, “Aşqabad” qrupunun çıxan albomunda da bu mahnı yer almışdı və müəllif kimi Eldar Mansurov Türkmənistan bəstəkarı kimi qeyd olunmuşdu.


Xalq artisti İlqar Muradov

Türkmənistandan sonra bu mahnı dünyanı dolaşmağa başladı. Mahnı İsrail və Fələstin münaqişəsini əks etdirən “Promises” sənədli filminin soundractklarından biri oldu. Həmin sənədli film dünyanın bir çox festivallarında mükafatlandırıldı. Mahnı dünyanın bir çox yerində müxtəlif müğənnilər tərəfindən oxunsa da, təəssüf ki, bəstəkara buna görə haqq ödənməyib. Çünki dünyanın böyük mahnı şirkəti bu mahnının müəlliflik hüquqlarını ələ keçirib və nə yazıq ki, Eldar Mansurov da öz haqqını tələb edə bilmir. Onun sözlərinə görə, bizdə bu cür müəllif hüquqları yoxdur ki, o tələbi də etmək mümkün olsun. Bu problemə baxmayaraq, mahnı ölkə hüdudlarını aşaraq xeyli məşhurluq qazandı. Hətta Sezen Aksunun “Zalim” mahnısında belə “Bayatılar”ın musiqisindən istifadə olunub. Sezen Aksu və Levent Yüksəl bu mahnını ifa ediblər. Yunan müğənni Kaiti Garbinin “Esena Mono” mahnısında da “Bayatılar” musiqisində istifadə olunmuşdu və təəssüf ki, o klipdə də bəstəkarın adı yazılmamışdı. Bundan başqa, bir neçə xarici müğənnilərin də repertuarında bu mahnıya yer ayrılmışdı. Bizim ifaçılardan Faiq Ağayev isə bu mahnını həm Azərbaycan, həm rus dilində, həm də türk dilində oxudu və fərqli təqdimatla mahnıya yeni rəng qatdı. Sonradan bu mahnını Aygün Kazımova da oxudu və yenidən sevdirdi.

# 7817 dəfə oxunub

Müəllifin son yazıları

# # #