“Boy çiçəyi”nin yeni məhəbbət ətri

“Boy çiçəyi”nin yeni məhəbbət ətri
30 mart 2017
# 10:36

Kulis.az İlham Rəhimlinin “İnsanlığın təntənəsi və yaxud “Boy çiçəyi”nin yeni məhəbbət ətri” yazısını təqdim edir.

Mənim tamaşa barədə resenziya yazmaq iddiam, yaxud fikrim yoxdur.

Amma və di gəl ki, bir pyesə 6 ildə iki quruluş verən rejissorun sənətkar cəsarəti, bu yaradıcılıq cəhdinin məram və məqsədi barədə düşündüklərimi yığcam şəkildə dostlarım Azər Paşa Nemətə və Ramiz Novruza, həmçinin teatrsevərlərə çatdırmaq istəyirəm

İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” (ilkin adı “Boy çiçəyi”dir) pyesi 1964-cü il oktyabr ayının 14-də Tofiq Kazımovun möhtəşəm quruluşunda Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Sənət hadisəsinə çevrilən bu tamaşa ilə Azərbaycan teatrında lirik-psixoloji üsluba geniş meydan açılıb. Tamaşanın hüsnü, təravəti, məlahəti, cazibədarlığı yaşlı tamaşaçıların yaddaşlarında silinməz xoş xatirə kimi bu gün də canlanır.

Əlli yeddi il sonra, 2011-ci il noyabr ayının 2-də çağdaşımız olan görkəmli rejissor Azər Paşa Nemət bu əsəri “Boy çiçəyi” adı ilə Akademik Milli Dram Teatrında tamaşaya qoydu. Tamaşanın proqramında Azər Paşanın adının önündə yazılıb: tamaşanın müəllifi, rejissoru və rəssamı.

Niyə bu ifadəni xatırladım?

Cəsarətlə və qəti əminliklə deyə bilərəm ki, akademik teatrda Tofiq Kazımovdan sonra “tamaşanın müəllifi” yükünün reallığını və ağırlığını mətanətlə çəkə bilən rejissor məhz Azər Paşa Nemətdir. Digər tərəfdən, o, uzun illərdir ki, Sankt-Peterburqdan, Arxangelskdən, Tallindən, İrəvandan üzü bəri müxtəlif şəhərlərdə hazırladığı bir sıra tamaşalara səhnə tərtibatını da özü verib. Azər Paşa zövqlü, səhnə incəliklərini dərindən bilən, həssas duyumlu rəssamdır. Bilməyənlər üçün xatırladım ki, o, həm də Azərbaycan Rəssmlar İttifaqının üzvüdür.

Bu, öz yerində.

Rejissor tamaşaya nə üçün dramaturqun verdiyi “Boy çiçəyi” adını seçib?

Əvvəla, mərhum görkəmli dramaturq İlyas Əfəndiyev özü həm mətbuatda, həm söhbətlərində etiraf edib ki, “Boy çiçəyi” adını daha çox bəyənir və əsərin ilk quruluşuna “Sən həmişə mənimləsən” adını Tofiq Kazımovun istəyi ilə qoyub. Adın ilkin variantda saxlanılması məsələnin görünən tərəfidir. Amma və di gəl ki, Azər Paşa Nemət heç vədə “görünən” mətləblərlə kifayətlənən sənətkar deyil. Onun fəlsəfi qənaətləri həmişə çoxşaxəli olur. Eləcə də bu tamaşasında Azər Paşanın sənətkar mətləbi və məqsədi daha dərin qatlardadır.

Bilirik ki, boy çiçəyi xüsusən Kiçik Qafqaz dağlarında bitir və dəriləndən sonra quryub xəzələ dönəndə də uzun müddət ətrini, lətafətini, hətta həzin, ürkək kövrəklk cazibəsini itirmir. Azər Paşa Nemət öz tamaşasında boy çiçəyi sözünün məna tutumunu psixoloji meyar, mənəvi dəyər, məhəg daşı, əyar (qiymətli metal ölçüsü) kimi götürüb. Həsənzadənin xeyirxahlığı, müdrikliyi, alicənablığı geniş mənada insanlığın boy çiçəyidir. Və bu boy çiçəyinin ətri ürəklərə, ülvi duyğulara sirayət etmək gücündədir.

Nargilənin məhəbbətinin, sevgisinin boy çiçəyi hələlik qönçədir, butadır, tumrcuqdur və bunun açıb, pardaxlanıb ətir saçması üçün Həsənzadənin insanlıq dərsinin təravətinə, müdrikliyinə ehtiyac var. Elə buna görə də rejissor Həsənzadənin boy çiçəyi barədə Nargiləyə danışdığı səhnədə ətraf işıqları yığır, gücü hər iki ifaçının lirik, emosional, səmimi oyununa yönəldir. Bu məqamda boy çiçəyinin ətri tamaşaçı salonona da yayılır. “Sən həmişə mənimlə olacaqsan” fəlsəfi-psixoloji fikrinin estetik mahiyyəti məhz boy çiçəyi ətrinin bürümündə bədii-estetik təcəssümünü tapır. Tamaşaçı inanır ki, Həsənzadənin insanlıq dərsinin ətrindən Nəzakət xanıma, Sarısaç qıza da pay düşəcək.

Mən bu sözləri “Boy çiçəyi”nin yeni quruluşuna baxandan sonrakı təəssüratlarımla yazıram.

Azər Paşa Nemət 2017-ci il mart ayının 10-da “Boy çiçəyi”ini yeni quruluşda, ancaq əvvəlki səhnə tərtibatında premyera kim təqdim etdi. Bir roldan başqa bütün obrazların ifaçıları əvvəlkilərdir. Təzə quruluşda yalnız Həzənzadə rolunu yeni aktyor – Ramiz Novruz oynayır.

Onda sual oluna bilər: Aya, bəs sənətkar dostumuz niyə tamaşanı premyera təntənəsində göstərib?

Əslində mən ifadəni düzgün işlətmirəm. Çünki bu təntənəni Akademik Milli Dram Teatrının rəhbəri Azər Paşa Nemət yox, tamaşanın müəllifi Azər Paşa Nemətin əsrarəngiz quruluşunun yeni ruhu, yeni canı, yeni boy çiçəyi ətri yaratmışdı. Sevincdən kövrələn və hisslərini, daxili duyğularını səngiməz alqışlarla bildirən tamaşaçılara da “Boy çiçəyi”nin sənət dili ilə canlandırdığı insanlığın ətir payı düşmüşdü. Məhz Azər Paşanın indiki səhnə təfsirində bu emosinal təsir, səhnə ilə tamaşaçı salonunun bu səmimiyyəti daha bol, daha ifadəli və daha coşqundur.

Digər məsələ.

Ramiz Novruzun Həsnzadə obrazını ifa etməsi tamam yeni bir tamaşadır: həm güclü, emosional aktyor ifası, obraza yanaşma tərzi ilə; həm də ümumilikdə rejissor konsepsiyasının yeni ladlardakı musiqili fikir və ideya ahəngində səslənməsi ilə. Nargilə rolunun məlahətli ifaçısı Məsmə Aslanqızı da Ramiz Novruzla yöndaşlığında obrazı yeni estetik təsir gücündə oynayır.

Çarpaz, çoxmərtəbəli mizanlar qurmaqda səriştəli və kifayət qədər təcrübəli olan Azər Paşa üç məkan-otağı (Həsənzadənin mənzili, Hargilənin ata mənzili, Nargilənin xalasının mənzili) və küçəni eyni anda seyrçilərə çatdırmaqla lirik-psixoloji ahəngli tamaşaya çevik sürət-ritm verib. Başqalarını deyə bilmərəm, ancaq şəxsən mən bu mizan qurumunda da boy çiçəyinin ətrin duydum. Həsənzadənin otağının ortada verilməsi də rəmzi məna daşıyır. Məhz bu otaq ana və bala arasında, Nargilə və insanlar arasında yaranmış uçuruma körpü salır.

Rejissorun və aktyor Ramiz Novruzun Həsənzadə obrazına verdikləri yozum dərin psixoloji qatda əvvəlki quruluşdan tamamilə fərqlidir. İndiki yozumda Həsənzadə üçün vaxtsız itirdiyi həyat yoldaşı Xurşud xanımla, Azərbaycandan uzaqda olan oğlu Aydınla bağlı qayğılı xatirələrinin ifadəsində səmimiyyət, canlılıq və həyatilik daha realdır, daha emosional təsir bağışlayır.

Ramiz Nobruz öz obrazını ətraf mühitdən, eləcə də real həyat ləzzətindən təcrid edilmiş şəkildə oynamır. Onun Nargiləyə münasibəti də “quru” deyi. Nə də 45 haşlı Həsənzadə 18 yaşlı Nargilənin ülfətinə etinasız, biganə, hissiz, duyğusuz qalmır. Sadəcə olaraq, həm aktyor, həm də rejissor Həsənzadənın ülvi duyğusunu ikinci planda, daha həzin qatda verməklə birinci planda insanlıq, vicdan, ləyaqət, qürur kimi estetik anlayışları önə çəkiblər. Ramiz bu fikri emosional həssaslıqla, munis duyğularla ifa edir. Daha dəqiqi, obrazın bütün mənəvi varlığını, ləyaqətini rejissorun ideyası bürümündə tamaşaçılara çatdırır.

Azər Paşa müəllifdən gələn bir ideyanın səhnə həllini yeni quruluşunda daha canlı tərzdə, çox emosional ahəngdə həll edib. “Qaragilə” mahnısının özünü rejissor boy çiçəyinin ətri kimi realizə edib. Bu mahnını oxuyan cavan oğlan bütün tamaşa boyu səhnədə görünmür. Ancaq mahnı bir neçə epizodda səslənir. Son məqamda Nargilə Həsənzadədən xahiş edir ki, oğluna desin, o da bu mahnını oxumasın. Aktyor Ramiz Novruzun təbəssümlə, sözaltı fikrə işarə vurmaqla, Məsmə xanımın şıltaq ərkəyanalıqla, bir qədər tərəddüdlü ötkəmliklə yoğrulmuş ifa tərzləri səhnəni daha canlı, daha səmimi, daha heyrətamiz edib. Hənsənzadənin evində Nargilə deyir: “ona neçə dəfə demişəm ki, mənim adım Qaragilə yox, Nargilədir”. Aktrisa Məsmə Aslanqızının oyununun titrək, kövrək, ülvi emosionallığı səhnənin təsir gücünü bir qədər də artırır. Ramizin təbəssümlü pauza, müdrik insan nəvazişi ilə Nargiləni süzməsi emosionallığı ükiqat gücləndirir. Tamaşaçı səmimiyyətlə inanır ki, Həzənzadənin başqa respublikaya işləməyə getməsi ilə Nargilə ilə “Qaragilə” mahnısının ifaçısı arasında məhəbbət ətirli boy çiçəyi bitəcək.

Bitəcək...

Və bu ətrin təravətindən, bu iki gəncin ünsiyyətinin ülvi hərarətindən, məsum məlahətindən uzaqda olan Həsənzadəyə də, ikinci əri Fərəcin mundarlıq məngənəsindən xilas olan Nəzakət xanıma da, düşük həyat tərzindən bezib işləməyə can atan Sarısaç qıza da pay düşəcək.

“Boy çiçəyi” tamaşasının müəllifi Azər Paşa Nemətin, Həsənzadə və Nargilə rollarının ifaçıları Ramiz Novruzla Məsmə Aslanqızının yaradıcılıq niyyətləri də məhz insanlığın təntənəsinə ətir saçılması ilə bağlıdır...

Ətir saçan “Boy çiçəyi” tamaşanız mübarək, dostlar!...

# 3113 dəfə oxunub

Müəllifin son yazıları

# # #