Kulis.az İlham Rəhimlinin “Bitməyən söhbətlər” silsiləsindən üçüncü yazını təqdim edir.
1979-cu il iyun ayının 16 idi. Azərbaycan Dövlət İncəsənət İnstitutunda dövlət imtahanı gedirdi. İmtahan komissiyasının sədri Mehdi Məmmədov idi. İştirak edən müəllimlərdən biri də mən idim. Qəzetdə işləsəm də, institutda yarımştat dərs deyirdim.
İmtahandan sonra tələbələr qonşu auditoriyada şirniyyat süfrəsi açmışdılar. Prorektor Məmmədağa Tərlanov, dekan Timuçin Əfəndiyev, müəllimlərdən Mahmud Allahverdiyev, Cabir Səfərov, Fikrət Sultanov, Məcid Zeynalov, Nəsir Sadıqzadə, Könül Axundova, Rafiq Sadıqov və daha bir neçə nəfər süfrəyə dəvət olunduq. Mən cəhd göstərirdim ki, Mehdi müəllimlə yanaşı əyləşim. Buna görə də, guya təsadüfən qabağa keçdim və istəyimə nail oldum.
Müəyyən rəsmi söhbətlərdən sonra asta-asta suallarımı Mehdi müəllimə ünvanladım. Ancaq özümü elə aparırdım ki, guya sualları sözgəlişi verirəm.
– İkinci kursun birinci semestrində bizə teatr tənqidindən dərs dediniz. İkinci semestrdə sizi İslam İbrahimov əvəz etdi. Niyə kursumuzu axıra qədər aparmadınız?
– Yadıma gəlir, təkcə sizin qrup deyildi, daha iki teatrşünas kursu vardı. Əvvəla, teatr tənqidi kursunu aparmaq vaxtımı çox alırdı. İkincisi, mənim ixtisasım rejissorluqdur. Ona görə rejissor və aktyor sənətindən dərs demək mənim üçün daha maraqlıdır. Həm öyrədirəm, (gülür) həm də özüm öyrənirəm.
– “Azdrama”nın direktoru Əli İsmayılov teatrın yay qastrolları ilə bağlı müsahibə vermişdi. Perspektiv planlardan danışanda qeyd etmişdi ki, 1976 – 1977-ci il teatr mövsümündə Mehdi Məmmədov da yeni tamaşa hazırlayacaq. Hansı əsəri hazırlamaq istəyirsiniz?
– O fikir Əlinin ağlına hardan gəlib, deyə bilmərəm. Amma mənim hələ tamaşa hazırlamaq planım yoxdur. Perspektiv müəyyən mənada mücərrəd məfhumdur. Bu, beş ay da çəkə bilər, beş il də.
– Bəlkə təklif ediblər, siz də razılıq vermisiniz?
– Yadıma elə bir təklif düşmür. Hələ zehnim elə korşalmayıb ki, verdiyim söz yadımdan çıxsın.
– Mehdi müəllim, axı başqa rejissorlar ildə azı bir tamaşa təhvil verirlər.
– Versinlər də, onların əlini tutan var?
– Siz niyə uzun fasilələrlə tamaşa hazırlayırsınız.
– (Kinayə ilə) Yəqin mənim istedadım hələ o səviyyəyə çatmayıb ki, ildə bir-iki tamaşa qoyum.
– Moskvada Lyubimov teatrı, Efros teatrı, Pluçek teatrı, Leninqradda Tovstonoqov teatrı, Tifisdə Strua teatrı... deyirlər. Vaxtilə Azərbaycanda Ədil İsgəndərov teatrı deyilib. Ancaq Mehdi Məmmədov teatrı deyilməyib...
– Adların çəkdiyin rejissorlar uzun illər bir kollektivdə baş rejissorluq ediblər və həqiqətən də öz teatrlarını yaradıblar. Mən dörd teatrda işləmişəm. (Ürəkdən gülür) Mən də siz teatrşünasların “Mehdi Məmmədovun monumental tamaşaları” tituluna layiq görülmüşəm.
– Azərbaycanda fəlsəfi-psixoloji janrda daha məşhur romantik-monumental tamaşaları siz yaratmısınız. Bəs nə üçün həmin teatr poetikasını, onun estetik səciyyələrini, nəzəri əsaslarının bədii xüsusiyyətlərini elmi şəkildə yazıb çap etdirmirsiniz? Heç olmasa dərslik kimi.
– Rejissorluqdan yorulanda nəzəriyyə ilə məşğul olaram...
* * *
Növbəti dəfə yenə institutda görüşdük. Tənəffüs vaxtı idi. Rejissor sənəti kafedrasının lobarantı yaxınlaşıb dedi ki, Mehdi müəllim səni çağırır. Gəlib görüşdüm. Sual verdi.
– Sən yenə qəzetdə işləyirsən də?
– Mənə həmişə redaksiyaya zəng vurursunuz də. Evim yoxdu ki, telefonum da olsun.
– (Gülə-gülə) Mən Baksovetdə işləsəydim mütləq sənə ev verərdim.
– Təşəkkür edirəm.
– Yaxşı, qaşqabağını turşutma. Redaksiyanızda təmiz yaza bilən makinaçı varmı?
– Əlbəttə var. Necə bəyəm?
– Bir yazım var, onun üzünü makinda çıxartmaq lazımdır.
– Əvvəlcə soruş gör razıdırmı? Neçə vaxta yaza bilər?
– Neçə səhifədir?
– Çoxdur... Bəlkə kitab kimi çap elətdirdim.
– Öyrənərəm, Mehdi müəllim.
- Nəticəsini axşam evə zəng vurub deyərsən.
Elə həmin gün redaksiyadakı iti yazan makinaçılardan biri ilə danışdım. Razılıq alıb xəbər elədim və Mehdi müəllim əl yazılarını göndərdi. Hər 20-30 səhifə hazır olanda götürüb ya institutda, ya da evində Mehdi Məmmədova verirdim. Sonralar bildim ki, həmin əl yazısı Hüseyn Cavid yaradıcılığına həsr olunmuş “Acı fəryadlar, şirin arzular” kitabı imiş.
Növbəti makina yazısını evində verdim. Onda 1980-ci il, fevral ayının 17-i, gündüz saat 11 radələri idi.
– Biz söhbət etdiyimiz iş otağınızdır?
– Bəyəm hiss olunmur? Neçə dəfə bizdə olmusan, hələ indi soruşursan?
– Hiss olunur, divarın birinə kitab rəfləri düzülüb.
– Bəs onda nə üçün soruşursan?
– Hər tərəfə baxıram, ancaq Xəyyam rolundakı şəklinizi divardan asmısınız. Bəs digər rollarınız?
– Oynadığım rolların arasında Xəyyam yeganə tarixi şəxsiyyətdir.
– Bəs daha çox hansı səhnə obrazınızı sevirsiniz?
– Sevmədiyim obrazı səhnədə ifa edə bilmərəm.
– “Xəyyam”da Sevdanı Şəfiqə Məmmədovadan başqa kim oynaya bilərdi?
– Şəfiqə özü.
– Xəyyamın iki ifaçısı var. Bəs nə üçün Şəfiqə xanıma roldaş verməmisiniz?
– Teatrda başqa Sevda görməmişəm, ona görə də verməmişəm.
– Truppadakı aktyorlardan kimsə üçüncü Xəyyam ola bilərdi?
– Olsaydı yəqin səhnədə sən də görərdin.
– Axı Məlik Dadaşov da məşq edirdi Xəyyamı.
– Məşq edirdi ayrı şeydi, oynamaq bir başqa.
– Bunu necə başa düşüm?
– Əgər başa düşmək istəyirsənsə, bil ki, Məlikdə Xəyyam alınmadı. Mən də bunu hiss etdim, Məlik özü də. (Təbəssümlə) Sən bu məsələdə “siyasi” motiv axtarırsan?
– Xeyir, heç bir motiv axtarmıram. Məlik Dadaşovun oyununu bəyənsəydiniz özünüz Xəyyamı oynayacaqdınız?
– Xəyyamın ifaçılarının sayı lap beşə də çatsaydı altıncı yəqin mən olacaqdım.
– Şəfiqə xanım Sevdanı oynadığı üçün?
– Şəfiqənin bura nə dəxli var? Bəyəm mən “Xəyyam” tamaşasını ancaq Şəfiqəyə görə hazırlamışam?
– Deyirəm bəlkə...
– (Sözümü əsəbiliklə kəsir) Axı sən teatrşünassan, gərək bunları biləsən. Rolu aktyorlar yox, rejissor bölür...
Ayağa durub otaqda var-gəl eləməyə başladı. Sualıma ara verdim. Bir azdan Mehdi müəllim qayıdıb yerində əyləşdi.
– İcazə versəniz bir neçə sual da verərəm.
– Axı mən dərsə getməliyəm.
– Mehdi müəllim, bu gün dərsiniz yoxdur.
– (Gülə-gülə) Sən mənim dərs cədvəlimi də öyrənmisən?.. Yaxşı, suallarını ver. Amma məni konfliktə çəkmə.
– Cavan vaxtlarınızda “Hamlet” faciəsini radio teatrında hazırlamısınız. Həmin lent yazısı indi də dövlət radiosunun Qızıl fondunda saxlanılır. Özünüz də Hamlet rolunu ifa etmisiniz. Rza Təhmasib bir dəfə söhbətində sizin hazırladığınız “Hamlet”i çox təriflədi. Bunu da dedi ki, məsləhət görüb bu əsəri teatrda hazırlayasınız. Siz də söz vermisiniz. Elədir?
– Ola bilsin elədir.
– Bəs niyə o əsəri hazırlamadınız?
– Mənim “Hamlet” yaşım keçib.
– Özünüz oynamayın, amma tamaşanı qoyun.
– Hamleti oynayacaq aktyoru tapanda fikirləşərəm.
– Bəyəm Həsən Turabov pis oynadı Hamleti?
– Mən elə demədim… Turabov Tofiq Kazımovun Hamleti idi. Mənə öz Hamletim lazımdır.
– Şəfiqə Məmmədova deyib ki, Mehdi müəllim rejissorluq etsə mən Hamleti oynayaram.
– Şəfiqə çox şey deyə bilər…
– “Canlı meyit”də Maşa, “Xəyyam”da Sevda Hamletdən zəif obrazlardı?
– Deyə bilmərəm…
– Şəfiqə xanım o rolları ecazkar istedadla yaratdı. İnanıram ki, Hamleti də oynayar.
– İnanırsansa özün “Hamlet”i tamaşaya qoy.
– Mən rejissoram ki?
– Deyilsən… amma ola bilərsən… İndi kefi istəyən rejissorluq edir…
– 1968-ci ilin əvvəlində, gərək ki, fevral ayı idi, “Bakı” qəzetində verilmiş yazıda akademik teatrın direktoru Əliheydər Ələkbərov kollektivin il ərzində hazırlayacağı tamaşalardan danışırdı. O, Hüseyn Cavidin “Xəyyam” faciəsinin adını çəkir, əsəri sizin hazırlayacağınızı söyləyirdi. Aktyorlar məşqlərə nə vaxt başlayacağınızı intizarla gözləyirdilər. Bu intizar qəflətən gözlənilməzliklə əvəzləndi. Qəzetlər məlumat verdilər ki, Mehdi Məmmədov səhnədən uzaqlaşdığı beş illik fasilədən sonra teatrda rus klassiki Lev Tolstoyun “Diri meyit” faciəsinin məşqlərinə başlayıb. Necə oldu ki, fikrinizi dəyişdiniz?
– Özümü daxilən hələ “Xəyyam”a hazır bilmirdim.
– Mətbuatda əvvəllər “Diri meyit” yazırdılar. Sonralar arxivdə işləyəndə rast gəldim ki, teatrdaxili elanlarda, məşqlərin gün və saat təyinlərində də əsərin adı belə gedib. Bu adı niyə dəyişdiniz?
– Mənə elə gəlirdi ki, “Diri meyit” ifadəsi qulağa yatımlı deyil. Canlı meyit sözü daha vahiməli və iki mənalı səslənir. Əsəri tərcümə edən Ənvər Məmmədxanlıdan xahiş etdim, o da mənimlə razılaşdı.
– Dediniz ki, “Xəyyam”ı tamaşaya qoymağa daxilən hazır deyildiniz. Bəs qısa müddətdə “Canlı meyit”i hazırlamağa necə hazır oldunuz?
– Ənvərin tərcüməsi ilə əllinci illərdən tanışam. Düzdür, heç bir müsahibəmdə bu barədə deməmişəm, ancaq əsər barədə, onun səhnə həlli ilə bağlı vaxtaşırı düşünürdüm.
– Nə üçün tamaşaya qoymurdunuz?
– (Təbəssümlə) Teatrda Maşanı oynaya biləcək aktrisa görmürdüm.
– Necə oldu bu rolu Şəfiqə Məmmədovaya verdiniz?
– Onu “Hamlet”də Hertruda rolunda gördüm və tam əmin oldum ki, Maşanı tapdım...
* * *
Akademik teatr rejissor Əşrəf Quliyevin quruluşunda Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasını tamaşaya hazırlamışdı. Premyera 1980-ci il oktyabrın 3-də və 4-də oynanıldı. Əliqulu rolunu ilk tamaşada Hamlet Qurbanov oynamışdı və mən onun da ifasına baxmışdım. Həmin rolu bu gün, yəni oktyabrın 4-də Ağasadıq Gəraybəyli ifa edirdi.
Mehdi Məmmədov ikinci tamaşaya gəlmişdi. Direktor lojasında əyləşmişdi. Tamaşa qurtaranda inzibati çıxış qapısından bir az aşağıda onu gözlədim. Qapıdan çıxıb sola buruldu və asta addımlarla mənə tərəf gəldi. Yanımdan keçəndə mən də onunla yanaşı addımlaya-addımlaya salamlaşdım.
– Axşamınız xeyir, Mehdi müəllim.
– Səninlə bayaq görüşdük axı.
– Kənardan baxanlar salam vermədiyimə irad tutarlar.
– (Gülümsəyib başını buladı, istehzalı ahəngdə) Çox nəzakətlisən.
– Tamaşa xoşunuza gəldi?
– Sən necə, bəyəndinmi?
– O qədər də yox.
– Bəs onda niyə soruşursan?
– Vaxtilə bu komediyanı siz də tamaşaya qoymusunuz, istəyirəm...
– (Sözümü kəsdi) İstəmə... mən tamaşaya müqayisə aparmaq üçün gəlməmişəm.
– Ağasadıq Gəraybəylinin 83 yaşı var, bu rol üçün çox qoca deyilmi?
– Onu tamaşanın rejissorundan soruşarsan.
– Məncə tamaşanın ictimai-sosial kəsəri azdır. Siz necə fikirləşirsiniz?
Dinmədi və xeyli yanaşı addımladıq. Yenə sual verdim.
– Mehdi müəllim, icazə verirsiniz sizi evə ötürüm?
– (İstehzayla) Bayaqdan bir yerdə gedirik, hələ indi icazə alırsan?!
– Teatrdan bir az aralanmışıq, ona görə icazəni indi istədim.
– (Gedə-gedə çönüb mənə baxdı) Yox desəm kənardan baxanlar düşünərlər ki, müəllim tələbəsi ilə yanaşı getməyi özünə yaraşdırmadı. Axı, sənin kimi biz də nəzakətli olmalıyıq.
İkimiz də güldük. Yolboyu sual-cavabımız davam etdi.
– Mehdi müəllim, Gəncə teatrında işləyəndə Sabit Rəhmanın “Toy” komediyasını tamaşaya hazırlamısınız. Elmi işinizdə də “Toy” komediyasından bəhs edəndə “kərəmovçuluğu” estetik kateqoriya kimi təhlilə çəkmisiniz. Bu əsəri akademik teatrda tamaşaya qoymaq fikriniz yoxdur?
– Nəyə görə soruşursan?
– Mənim üçün maraqlıdır, bilmək istəyirəm ki, Mehdi Məmmədov bu gün cəmiyyətdə kərəmovçuluğu necə görür?
– Cəmiyyəti niyə deyirsən… Bəla ondadır ki, kərəmovçuluq virusu teatrlara da yoluxub.
– Nə mənada?
– Hansı mənada başa düşürsənsə elə o mənada…
– Yenə də olsun, teatrdakı kərəmovçuluq əlamətlərindən birini göstərin.
– Məni teatrlarla düşmən etmək istəyirsən?.. Onsuz da çoxuynan aramız sərindi.
– Yox, allah eləməsin… Soruşuram də…
– Teatrlarda direktorlar yox, baş rejissorlar diktator olmalıdır. Diktator sözünü dırnaq içində deyirəm. Yəni yaxşı mənada diktator.
– Mehdi müəllim, 1960 – 1963-cü illərdə akademik teatrda baş rejissor olmusunuz. Onda siz diktator idiniz?
– Ola bilmədim.
– Ola bilmədiniz, yoxsa olmaq istəmədiniz? Ya qoymadılar?
– Necə başa düşürsənsə elə də yoz… Ancaq deyəsən bacarmadım.
– Baş rejissor vəzifəsində heç üç iliniz tamam olmamış ərizə verib işdən çıxdınız. Soruşanlara da dediniz ki, elmi işimə görə uzaqlaşdım teatrdan…
– Buna şübhən var?
– Şübhə deyəndə ki… Bəyəm elmi iş sizə teatrdan vacib idi? Haçansa oxumuşdum, hardasa yazmısınız ki, teatr mənim ikinci həyatımdır…
– Sən bu gün yol gedə-gedə söhbət eləmək istəyirsənsən, yoxsa məni müstəntiq kimi sorğu-suala tutmaq?
– Sizinlə həmişə belə rahat söhbət eləmək olmur. Məqamdı, istəyirəm biləm.
– Mən özüm biləndə deyərəm, sən də bilərsən.
– Necə yəni, baş rejissorluqdan niyə çıxdığınızı bilmirsiniz?
– Dedim də… biləndə sənə də deyərəm… Yəqin söhbətimiz bitdi.
– Məni qovmaq istəyirsiniz?
– Soruşuram...
– Mehdi müəllim, Əkrəm Əylislinin “Yastı təpə” pyesinin tamaşasına baxmısınız? Rəhmətlik Tofiq Kazımovun son işidir.
– Niyə soruşursan?
– Bilmək istəyirəm görüm siz müasir dövrdə Əylisli və teatr məsələsinə necə baxırsınız?
– Şəksiz istedadlı yazıçıdır… Amma teatr deyilən bu möcüzəli aləmin, sehrli səhnənin bir özgə tələbləri var. Dramaturgiya çox mürəkkəb janrdır.
– Teatr onun iki əsərini tamaşaya hazırlamaqda səhv edib?
– Deməzdim səhv edib… Səhv etməyib… Onunla dramaturq kimi ciddi işlənilməyib.
– Kim ciddi işləməyib?
– (Başını buladı) Qəribə suallar verirsən… Teatr… Yenə teatr… Sən Gənc Tamaşaçılar Teatrında onun “Mənim nəğməkar bibim” əsərinin taamaşasına baxmısanmı? Ulduz Rəfili hazırlamışdı.
– Baxmışam… Resenziya da yazmışam.
– Orada dramaturgiya güclüdür… Görünür Ulduz müəlliflə tələbkarlıqla işləyib.
– Qadınların rejissura sənətini seçmələrinə necə baxırsınız?
– Sən xanımların rejissor sənətinə gəlmələrinə də qadağa qoymaq istəyirsən?
– Mən nə karəyəm ki, qadağa qoyam.
– Bəs onda o nə sualdı verirsən? Ulduz da, Gülcahan da, Cana da istedadlı rejissorlardı.
– Deyirlər Gülcahan Güləhmədova sevimli tələbəniz olub…
– (Əsəbi) Deyirlər… ayrı nə deyirlər?.. Bəli, tələbəm olub…
* * *
Redaksiyadan növbəti tapşırıq almışdım, Mehdi Məmmədovla müsahibə aparmalıydım. 1982-cü il aprelin 23-də saat 10 radələrində evinə zəng vurdum. Dəstəyi götürdü, ancaq səsi yox, nəfəsi eşidildi. O, ağır-ağır danışır, sorğuya, eləcə də telefona gec “bəli”, yaxud “eşidirəm” deyirdi. Bir də dərindən nəfəs alanda mən dilləndim.
– Salam, Mehdi müəllim. İlhamdı.., Rəhimli. Necəsiniz?
Yenə cavab yoxdur. Anlar keçir, nəhayət...
– Eşidirəm, İlham (sözləri azacıq uzadır, ancaq çox səlis, aydın, cingiltili tələffüz edir). Nə əcəb yada düşmüşəm?
Bir məqaləsini qəzet üçün çapa hazırlamışdıq. Həmin yazı çapa getmədiyi üçün bizim şöbədən incimişdi.
– Mehdi müəllim, 1 maya bayram nömrəsi hazırlayırıq. Redaktor tapşırıb ki, onunla bağlı sizinlə müsahibə aparım. Əgər vaxtınız varsa, sizə gəlmək istəyirəm.
Necə nəfəs aldığını açıq-aydın eşidirəm. Birdən gözləmədiyim sual verir.
– Axı, nə üçün mənimlə... .O qədər lazımlı (kinayəni hiss edirəm) adamlar var ki, söz deməyi də xoşlayırlar...
O vaxtlar Mehdi Məmmədov “Canlı meyit”, “Xəyyam”, “Dəli yığıncağı” tamaşalarını hazırlamışdı. Bu tamaşalar əsl sənət nümunələri idi. Ancaq müəyyən dairələrin tamaşalara, Mehdi müəllimin özünə biganəliyi sənətkarı möhkəm sarsıtmışdı. Teatr bu tamaşaları müxtəlif vaxtlarda Dövlət mükafatına təqdim etmək istəsə də, Mərkəzi Komitədən razılıq verilməmişdi.
– Belə məsləhət olub da, Mehdi müəllim...
– (Yenə pauza) Nə vaxt gəlmək istəyirsən?
– Elə indi.
– (Pauza). Yox, saat 12-nin yarısında.
– Oldu, Mehdi müəllim.
Vədələşdiyimiz vaxtda görüşdük. Əvvəlcə qəzet işini gördüm. Sonra fürsətdən istifadə edib özüm üçün (heç o vaxt bu barədə yazmaq fikrim yox idi) maraqlı suallar verdim. Kresloda əyləşmişdi, sərbəst, azacıq yayxanmış halda. Tez-tez sağ əli ilə gicgahını və alnını ovuşdururdu. Asta-asta danışırdı. Həmin söhbətlərdən müəyyən fraqmentlər. Mehdi Məmmədovun cavabından başlayıram.
– Elmi işimlə əlaqədar 1963-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının baş rejissoru vəzifəsindən uzaqlaşmalı oldum. O vaxtdan bəri yaradıcılığıma şübhələr dövrü kimi baxıram. Düzdür, axtarışlarım olub, ancaq özüm-özümə şübhəylə yanaşmışam. Hiss etmişəm ki, məni daxilən silkələyən, qəlbimi riqqətə gətirən problemləri səhnədə bütünlükdə tamaşanın canına hopdura bilməmişəm. Hətta bəzən hər şeyi təzədən – teatr sənətinin əlifbasından başlamaq istəyirəm. Buna görə də institut məni çox çəkir. Tələbələrə dərs deyə-deyə özüm də öyrənirəm, sanki həvəsim və enerjim artır.
– Mehdi müəllim, səhnə sənətinə aktyorluqla başlamısınız, bəs necə olub ki, rejissorluğa bağlanmısınız? (Bu sualı bir neçə il sonra ona yenə verəcəm).
– Mənim aktyorluq qabiliyyətim və aktyor imkanlarım sənət idealına uyğun gəlmir. Aktyorluğu, aktyor sənətinin müqəddəsliyini, qüdrətini, təlqin və tərbiyə gücünü artist olmaq bacarığımdan yüksək tuturam.
– Hansı teatrda işləmək sizə daha çox zövq verir. Rejissor imkanlarınızın yeni keyfiyyətlərinin pardaqlanmasına hansı janr daha geniş imkan yaradır?
– Səhnə sənətilə musiqinin peyvəndinə həmişə yüksək qiymət vermişəm. Bu sahədə biliyimi və gücümü potensial rejissor imkanlarımı təcrübədən çıxarmaq üçün opera teatrından faydalanmışam. Aktyor sənəti operaya lənglik gətirir fikri köhnəlsə də, zərərli təsiri qalmışdır və mən bunun əleyhinəyəm. Musiqini duyan, hiss edən rejissorla sənəti sevən müğənni bəstəkar arasında münaqişə ola bilməz.
– Ən çox sevdiyiniz tamaşanız hansıdır?
– Hmmm... yadıma çox az düşür... “Nə yardan doyur, nə əldən qoyur”, “Madrid”, “12-ci gecə”, “Gənc qvardiya”, “Xəyyam, “İnsan, “Dəli yığıncağı”.
– Tutaq ki, quruluş verdiyiniz bütün tamaşalar kino lenti kimi necə vardısa, bütün təravətilə, eləcə də qalıb və dünya müsabiqəsi keçirilir. Müsabiqəyə hansı tamaşanı aparardınız?
– “Dəli yığıncağı”nı.
– Nəyə görə?
– Bədii bütövlüyünə, müasir fikir dərinliyinə görə.
– Hər yerdə ciddi adamsınız, çox vaxt qayğılı, bəlkə də fikirli görünürsünüz. Bəzən hətta çox gülməli həyat epizodlarına daxili, hissi, emosional münasibətinizi bildirməməyə çalışırsınız. Bəzən gülməyə başlayırsınız, ancaq tez ozünüzü yığışdırıb gülməyi kəsirsiniz. Komediya janrlı əsərləri isə uğurla tamaşaya hazırlayırsınız. Bunun sirri nədədir?
– (Təbəssümlə) Gülə-gülə cavab verim?
– Necə istəyirsiniz.
– Həyatda qənaətlə yığıb saxladığım yumoru səhnədə səxavətlə xərcləyirəm.
Birdən-birə Mehdi müəllimin çöhrəsinə təbəssüm qondu və get-gedə bu gülüş səsə keçdi. Dodaqları təbəssüm yağışında, amma qaşları çatıldı. Bir qədər beləcə dayandı. Xarakterinə məxsus ağırlıqla dilləndi.
– Bir gün Mehdi Hüseyngilə getmişdim. Xeyli vaxt idi oturmuşduq. Ordan-burdan söhbətləşirdik. Telefon zəng çaldı. Mehdinin yoldaşı Fatma xanım o biri otaqdan dəstəyi götürdü. Heç bir dəqiqə keçməmiş başladı şaqqanaq çəkib gülməyə. Gülə-gülə də biz əyləşən otağa keçdi. Mehdi soruşdu ki, nəyə gülürsən? Zəng vuran kim idi? Fatma xanım gülə-gülə dedi: – Səməd Vurğun idi. Səni soruşdu. Dedim Mehdi qardaşla söhbətləşirlər. Nə desə yaxşıdı? Bah atonnan, – eləyib bərkdən güldü. – A Fatma, onlar ikisi də qaraqabaqdı. Görən bir-birindən nə qanerlər...
Mehdi müəllim bu kiçik epizodu gülə-gülə danışırdı. Neçə illik tanışlığımızda birinci dəfə idi ki, onun bir söhbəti gülə-gülə danışdığını görürdüm.
– Fəlsəfə və estetikaya meylinizin kökündə nə durur?
– Fəlsəfə ilə maraqlanmaq üçün gərək onun kökündə nəsə olsun? İnsan, ümumiyyətlə, fəlsəfəyə meyllidir. Məsələn, “İnsan”da Şahbaz və Albert hər ikisi filosofdur. Ancaq dərindən fikir versək, görərik ki, əsərdəki bütün personajlar haradasa, hansı hadisəyə münasibətdəsə filosofdurlar. Fəlsəfə həyatın dərin idrakıdır. Rejissor ciddi düşünürsə, elə o da filosofdur. Ancaq mən heç vaxt qarşıma filosof kimi görünmək məqsədi qoymamışam. Fəlsəfəyə meyl özümdən asılı deyil.
– Dram nəzəriyyəsini yaxşı bilirsiniz, hətta “Azəri dramaturgiyasının estetik problemləri” adlı doktorluq dissertasiyası yazmısınız. Onu kitab kimi də nəşr etdirmisiniz. Nə üçün qələminizi pyes yazmaqda sınamırsınız?
– Dramaturgiyanın nəzəriyyəsini bilmək başqa şeydir, bu, elmin bacarığıdır. Pyes yazmaq isə bədii istedaddır. Teatrlarla dramaturqlar arasındakı münaqişənin əsas səbəblərindən biri bu incəliyi duymamaqdan irəli gəlir.
– Klassikaya müdaxilənin əleyhinəsiniz, amma özünüz “Xəyyam”da, “Dəli yığıncağı”nda əlavələr, ixtisarlar etmisiniz...
– “Xəyyam”da biz əsərin səhnə redaksiyasını yaratmağa çalışdıq. Çünki “Xəyyam” dramatik poema olduğuna görə onu yazıldığı kimi tamaşaya qoymaqla həm kollektiv, həm də əsər özü uduzardı. Cavidin bədii ruhuna xələl gətirməmişik. “Dəli yığıncağı” pyesinin əvvəlindəki iki hadisəni paralel inkişafda vermişəm. Bu, süjet xəttində mühüm rol oynayan fikrin dərkini sürətləndirir. Belə bir variantda Saib əl Zamanın zühuru tamaşaçılara daha aydın olur. Yadınızdadırsa, Həzrət Əşrəfi tamaşada müqəvva vermişik. Əsərə diqqətlə nəzər salsaq, görərik ki, bu, müəllifin özündən gəlir. Həzrəti Əşrəfin dilsizliyi izlənən ali məqsədə, əsas fikrə çox uyğundur.
– Tamaşada forma məsələsinə hansı prinsiplərlə yanaşırsınız?
– Formaya məzmun qədər böyük əhəmiyyət verirəm. Bədii yaradıcılıqda bədii forma yoxdursa, bədii məzmun bütün dərinliyi ilə heç vaxt üzə çıxmaz. Formalizmin əleyhinəyəmsə, məzmunu əyaniləşdirən, onu gözəl ifadə edən münasib formanın həmişə tərəfdarıyam. Belə formanı tapmaq istedad əlamətidir.
– Hazırda hansı əsər üzərində işləyirsiniz?
– Hüseyn Cavidin “İblis” faciəsi çoxdan məni cəlb edib.
– Bəzən bir əsər üzərində on il, hətta daha çox düşünməyinizin obyektiv və subyektiv səbəbləri varmı?
– Ta ki, əsərlə özüm arasında tam bir yaxınlıq duymayınca həmin pyesi tamaşaya qoymuram. Həmin doğmalığı tapmayanda ideyanı dürüst müəyyənləşdirə bilmirəm.
– Yəqin ki, “İblis” faciəsini Akademik teatrda tamaşaya qoyacaqsınız. İblisi kim oynaya bilər?
– İblisi qadın da oynaya bilər, kişi də.
– Bəs Arifi?
– (Xeyli susb, qaşlarını çatır) Rol bölgüsünü əsər üzərində işin əhəmiyyətli mərhələsi hesab edirəm. Pyesi ilk dəfə oxuyanda rejissorda ayrı-ayrı rolları kimin oynaya biləcəyi fikri yarana bilər. Sonralar bu mülahizələrdə dəyişiklik olması təbiidir.
– Pyes üzərində işləyə-işləyə əsas rollara bir kimsəni nəzərdə tutmamısınız?
– Hara tələsirsən.? Əgər mən “İblis”i hazırlamaqda qəti qərara gəlsəm, yəqin onda sən də ifaçıların kimliyini bilərsən...