Barat Şəkinskayanın qorxunc Əhməd Cavad jesti - “Cavabsız suallar”

Barat Şəkinskayanın qorxunc Əhməd Cavad jesti - <span style="color:red;">“Cavabsız suallar”
28 iyun 2019
# 21:00

Bu gün Xalq artisti Barat Şəkinskayanın doğum günüdür.

Teatrşünas İlham Rəhimli “Cavabsız suallar” kitabında milli teatr tariximizlə bağlı, görkəmli sənətkarlara, ictimai xadimlərə maraqlı suallarla müraciət edib. Kulis.az aktrisa Barat Şəkinskayaya verilən sualları təqdim edir.

Barat xanım Şəkinskayaya (28 iyun 1914 – 13 yanvar 1999) xitab

Birinci sual.

– Barat xanım!

Sizin haqqınızda kitab yazmağa başlayanda oğlunuz Elçin Məmmədov mənə xatirə-gündəliklərinizi vermişdi. Onları Türkiyədə çap olunmuş bir neçə «okul dəftəri»ndə və iri həcmli dəftərxana albomlarında yazmısınız. Xatirə səpkili qeydlərinizin əksər qismini 1990-cı illərdə qələmə almağa başlamısınız. Yaşlı dövrünüzdü və ona görə də mövzuların nəqlində pərakəndəlik, təkrarçılıq var. Yazıların arasında dəfələrlə özünüz də bunu etiraf etmisiniz.

Səksən yaşlı xanım üçün bunlar məqbul sayılmalıdır. Hədsiz minnətdarıq ki, bunları yazmısınız və çox-çox qaranlıq mətləblərə işıq salmısınız, bilmədiyimiz hadisələrdən bizi halı eləmisiniz.

Həmin dəftərçələrdə Şəmsi Bədəlbəyli ilə izdivacınızdan Rövşənə xanımın və Mehdi Məmmədovla kəbindən Elçin Məmmədovun doğuluşu haqqında maraqlı xatirələriniz var. Həmin xatirələrin fikirinə qətiyyən dəymədən, onları öz dilimdən oxuculara təqdim etmək istəyirəm.

Sualımı sonra verəcəm. Çünki o hadisələri danışmadan sualım göydəndüşmə olar.

Birinci olay.

Uilyam Şekspirin «Romeo və Cülyetta» faciəsinin ilk tamaşası 11 yanvar 1937-ci ildə göstərilib. Faciəni şair Əhməd Cavad tərcümə etmişdi və tamaşanın quruluşçu rejissoru Aleksandr Tuqanov idi. Baş rollardan Romeonu Ülvi Rəcəb, Cülyettanı Barat xanım ifa ediblər. Çox uğurlu alındığına görə tamaşa tez-tez göstərilirdi. Həmin il iyun ayının 28-də «Romeo və Cülyetta» növbəti dəfə oynanılıb.

Finalda ön səhnədə qurulmuş mizanda Romeo sevgilisini ölmüş bilib zəhər içərək intihar edir. Sevgilisinə qovuşmaq üçün Lorensonun (Ağasadıq Gəraybəyli) tövsiyəsi ilə yuxu dərmanı içən Cülyetta ayılır və Romeonun yanında cansız uzandığını görür. O, son sözlərini söyləyir və Romeonun kəmərinə qurşadığı xəncərini çıxararaq öz köksünə saplayır.

Xəbər ildırım surəti ilə monttekkilərə və kapulettilərə çatır. Cülyettanın anası sinyora Kapuletti (Qəmər Topuriya) ağlaya-ağlaya yerə uzanmış Cülyettanı qucaqlayır. Barat xanım güclə ona pıçıldayır ki, möhkəm sancılanmışam, elə elə tamaşaçılar sifətimi görməsinlər. Qəmər xanım rolda ağlaya-ağlaya plaşını çıxarıb onun üstünə salır. Yanında fanar tutanlardan birinə yavaşca deyir ki, səhnədən çıx, oradakılara denən təcili maşın hazırlasınlar. Baratın halı pisdir, xəstəxanaya aparmaq lazımdır.

Hərənin bir tərəfə qaçışdığı, hay-küy qopduğu epizodda fanar tutan aktyorun səhnədən çıxması təbii hal kimi qəbul olunur.

Tamaşa qurtarır.

Gurultulu alqışlar qopur.

Aktyorlar sürəkli alqışlar altında baş əyirlər.

Pərdə bağlanır.

Alqışlar kəsilmir və pərdə bir neçə dəfə açılıb bağlanır.

Barat xanım ayaq üstə güclə dayanıb. Yıxılmasın deyə Ülvi Rəcəb və Qəmər xanım hərəsi onun bir qolundan yapışıb.

Nəhayət, pərdə axırıncı dəfə bağlanır. Səhnəmizin Cülyettasını maşına qoyub aparırlar xəstəxanaya.

İyunun 29-u səhər saat 7-də Barat xanımın qızı olur. Qəhrəmanlıqla doğulduğuna görə onun adını Rövşənə (Rövşən-Koroğlu adına bənzər) qoyurlar...

İkinci olay.

Barat xanım 1943-cü ildə inciyib-küsüb Milli Dram Teatrının truppasından çıxmış və Gəncə teatrına getmişdi. Orada gənc rejissor Mehdi Məmmədovla evlənmişdi. Mehdi müəllimin Moskvada aspiranturaya daxil olmaq istəyi baş tutmadığı üçün o, Gəncəyə qayıtmaq istəmədi. Buna görə 1945-ci ilin sonlarında onlar Bakıya gəldilər. Barat xanım Milli Dram Teatrının truppasına aktrisa qəbul olundu. Həyat yoldaşı Mehdi Məmmədov da kollektivə quruluşçu rejissor götürüldü.

31 yaşlı (əslində 30 yaş. Pedaqoji məktəbə qəbul edilməsi üçün sənəddə yaşı bir il artıq yazılıb) aktrisanın teatrda ilk rolu Uilyam Şekspirin «On ikinci gecə» komediyasında Viola-Sezario obrazı olub. Əsəri tamaşaya Mehdi Məmmədov hazırlayıb. Rəssamı Sergey Yefimenko və bəstəkarı Tofiq Quliyev idi.

«On ikinci gecə»nin ilk tamaşası 1946-cı il aprel ayının 20-də göstərilib. Tamaşada Barat Şəkinskayanın əsas yöndaşları Əjdər Sultanov (Orsino), İsmayıl Dağıstanlı və Müxlis Cənizadə (Sebastian), Hökümə Qurbanova və Leyla Bədirbəyli (Oliviya) idi. Məzəli və xoş sonluqla bitən hadisələr də əsasən məhz bu dördlüyün üzərində qurulub.

Əsərin məşqləri başlayanda Barat xanım hamilə idi. Oğlu Elçin Məmmədov 1946-cı il may ayının 29-da doğulub. İlk tamaşadan doğuşa qədər olan 35 gündə aktrisa bu rolda səhnəyə 15 dəfə çıxıb. Onun roldaşı (dubyloru, əvəzedicisi) yox idi...

Görünməmiş və ağlasığmaz hadisələrdir.

İkisi də Şekspirin əsəri.

Övladların ikisi də ayın 29-da dünyaya gəlib.

Obrazların ikisi də (Barat xanımın oğlan paltarında çıxış etdiyi Sezario da üçüncü personaj) səhnədə çox çevik, cəld, zərif plastika tələb edən görkəmdədir.

Xüsusən Cülyetta səhnədə sanki kəpənək kimi uçur. Obrazın bütün mizanları çox cəld və çevik plastikaya əsaslanır.

Oliviya-Sezario bəzi epizodlarda qılınc çəkib cəngavər kimi döyüşə atılır. Oğlan paltarında özünü Sezario kimi təqdim edən aktrisa mürəkkəb hərəkətlərlə kişi ədaları göstərməli olurdu...

Bədii-estetik və texniki-plastik cəhətdən mürəkkəb vərdişlər tələb olunur...

Barat xanım!

İkicanlı ola-ola belə çətin obrazların öhdəsindən necə gəlirdiniz?

Sizi belə vəziyyətlərdə səhnəyə buraxan rejissorlar məsuliyyət daşımırdılarmı?

Yoxsa yenə tərsliyiniz və şıltaqlığınız tutub, ipə-sapa yatmayaraq inadla rollarınızı oynamısınız?

Həm «Romeo və Cülyetta»nın, həm də «On ikinci gecə»nin ilk tamaşalarından çəkilmiş şəkillər Azərbaycan Dövlət Teatr Muzeyində var. Onlardan bəzilərini haqqınızda yazdığım «Barat Şəkinskaya» (Bakı, «Tutu», 2005) kitabında da vermişəm. Nə qədər diqqətlə baxsaq da, həmin şəkillərdə boylu olduğunuz qətiyyən bilinmir.

Bəs buna necə nail olmusunuz?

Belə cazibəli, nərmə-nazik görünüşünüzün sirri nədəydi?

***

İkinci sual.

– Əzizimiz Barat xanım!

Xatirələrinizin əl yazmalarında 1937-ci il hadisələrinə geniş yer ayırmısınız. Teatrda keçirilən bir neçə «ifşa iclası»nı təsvir etmisiniz. Əsasən teatrın foyesində keçirilən yığıncaqlarda incəsənət işləri idarəsinin rəhbəri Mirzə İbrahimov da iştirak edib. İclasları əsasən teatrın direktor müavini Muradovun (adını yazmamısınız. Ləzgi olub) apardığını və bütün fitnə-fəsadın başında onun durduğunu söyləmisiniz.

Bunu da yazırsınız ki, tuta-tut qurtarandan sonra kabinetinin ağzından da qorxa-qorxa keçdiyimiz Muradov yoxa çıxdı. 1970-ci ildə onu 7 nömrəli trolleybusda görmüsünüz. Qalxıb ona tərəf gedəndə trolleybus növbəti dayanacağa çatıb. Muradaov tez düşüb və arxaya baxmadan, ləng də olsa, qaça-qaça oradan uzaqlaşıb...

Birinci iclasda Sizi məcbur ediblər ki, ana-bala Əzizə Məmmədovanın və Sona Hacıyevanın üzünə durasınız. Deyəsiniz ki, «mən cavan və yaraşıqlı olduğum üçün onlar yaradıcılığıma mane olurlar». Qətiyyətlə «yox» demisiniz. Muradov təhqirə keçə-keçə «səni belə danışmağa Mərziyə Davudova öyrədib» deyib və Sizi iclasdan çıxarıb.

Növbəti «ifşa iclası»nda Muradovun, aktrisa Şərqiyyə xanımın və aktyor Əbdülhəsən Kamalovun (hər ikisi uşaq evindən xüsusi göndərişlə teatra işə gəliblər) böhtanları ilə əvvəlcə Ülvi Rəcəb şərlənib. Şərqiyyə deyib ki, Ülvi hər gün bizi evinə aparıb türk valları çaldırır, türk kitablarını oxutdurur.

Ülvi qəzəblə soruşub ki, o mahnıların və kitabların adını deyə bilərsənmi?

Aktrisa «mıqq» eləyə bilməyib... Buna görə də Ülvinin tutulmağı növbəti mərhələyə qalıb.

Növbəti iclasda Mirzağa Əliyev, Şəmsi Bədəlbəyli, Fatma Qədri və Möhsün Sənani şərləniblər. Sonra da «xalq düşməninin ünsürləri» damğası ilə teatrdan işdən çıxarılıblar.

Onların «damğalanması» üçün əsas bəhanələr nə olub?

Teatr rayonlara qastrola çıxıb. Truppanın kiçik bir dəstəsi soyuq-şazaqlı havada maşının açıq banında, dekorasiyaların üstündə rayon mərkəzindən kəndə tamaşa göstərməyə gedirmiş. Əyni yuxa olan gənc aktrisanın üşüdüyünü görən Mirzağa Əliyev gödəkcəsini çıxarıb onun çiyninə salır.

Qız:

– Mirzağa əmi, Sizə soyuq olar...

Mirzağa Əliyev gülə-gülə deyib:

– Qorxma, qızım, heç nə olmaz. Mənim canımda Nikolay yağı var.

İclasda Mirzağa Əliyevin üzünə durublar ki, sən Nikolay hökumətinin tərəfdarısan, sovetin düşməni. Teatrda işləyə bilmərsən.

İşləmədiyi dörd-beş ay ərzində Mirzağa Əliyevin mənzili suyu sovulmuş dəyirmana bənzəyib. Hər şeyi satdığa çıxarıb bir qarın yeməyə verirmişlər...

Fatma Qədri bir neçə il əvvəl əri Əsəd Axundovdan boşanıb. 1937-ci il repressiyalarının ilk günlərində onu «xalq düşməni» kimi tutublar. İclasda Fatma xanıma deyiblər ki, sən nə vaxtsa ərinlə nərd oynayanda tez-tez gülmüsən. Qonşular da bunu eşidiblər. Deməli Əsəd Axundov Sovet hökumətini söyürmüş, sən də ləzzətnən gülürmüşsən. Sən də düşmən ünsürüsən, səhnəni mundarlayırsan.

İşdən çıxdığı günlərdə onu kitab pasajının qabağında nimdaş paltarda Şekspirin əsərlərini satan görmüsünüz...

Şəmsi Bədəlbəylinin qardaşı Sərvər Azərbaycan Dövlət Universitetində oxuyurmuş. Tarix dərsində müəllimə belə bir sual verib: «Trotskinin Lenin ideyalarına zidd olan əsas nöqsanı nədir?». Həmin gecə onu aparıblar. Teatrın yaşlı və başqa millətdən olan aktrisalarından biri Sibirdən qonşuya gələn məktubun zərfini götürüb. «Kimə» sözünün qarşısındakı adı nətərsə pozub. Ora «Şəmsi Bədəlbəyli» sözlərini yazıb. Çünki gənc Şəmsi bəy bir neçə il əvvəl onun məhəbbətinə «yox» deyib.

Şəmsi müəllimə evdən çölə çıxmağa da qadağa qoyulub. Qorxudan onlara (yəni Barat xanımgilə) heç kəs gəlmirmiş. Dörd nəfəri – özü, əri Şəmsi müəllimi, qızları beş yaşlı Solmazı və qundaqda olan Rövşənəni saxlamaq, dolandırmaq çox ağır idi. Özü tutulana qədər yalnız Panfiliya Taqnailidi onların İçərişəhərin Qala küçəsi döngəsindəki evin birinci mərtəbədəki mənzilinin yanından keçəndə pəncərədən içəri siqaret və kağıza bükülü çörək, ya ərzaq atarmış. Dayanmadan, gedə-gedə. Çünki görsəydilər onu həmin dəqiqə çuğullayardılar və həbs edərdilər.

Günə bir qutu siqaret çəkən Şəmsi müəllimə ev dustağı olduğu aylarda 3-4 qutu bəs eləmirmiş...

Möhsün Sənani Tiflisdə yaşayanda 14-15 yaşlarından Şeytanbazara işləyən qonkada bilet satırmış. O, bileti məzəli və şirin mahnılar oxuya-oxuya, gülməli rəqslər oynaya-oynaya sərnişinlərə təqdim edərmiş. Buna görə də Şeytanbazar əhli gözləyərlərmiş ki, Möhsünün olduğu qonka gəlsin, ona minsinlər. Yol boyu ləzzət çəkə-çəkə getsinlər.

Tiflis teatrının aparıcı aktorları Mirzəli Abbasov, Mirzəxan Quliyev və İbrahim İsfahanlı onu qonkada görüb teatr truppasına dəvət ediblər. O da ilk vaxtlar Möhsün Cəfərov adı və soyadı ilə aktyorluq edib.

«İfşa iclasın»da ona bu ittihamı söyləyiblər: «Sən qonkada müsavat və gürcü menşevikləri haqqında mahnılar oxumusan. Deməli, sovet hökumətinin düşmənisən. Mənfur düşmənə bizim aramızda yer yoxdur».

Möhsün Sənani şəhərə çıxmağa da çəkinirmiş ki, küçədə öyrədilmiş adamlar, teatrın «yetim komsosolçuları» ona böhtan atarlar...

1937-ci il fevral ayının 9-da teatrın direktoru Hacıbaba Nəzərlinin yerinə Süleyman Rüstəm təyin olunub. Yazırsınız ki, Süleyman Rüstəm inadla mübarizə aparırdı ki, dörd nəfəri teatra qaytarsın. Nəhayət, o buna nail oldu.

Barat xanım!

Süleyman Rüstəm kimlərlə danışıb Bədəlbəylini, Mirzağa qədeşi, Fatma xanımı, Sənanini həbsin cəngindən xilas etdi?

Süleyman Rüstəm Opera və Balet Teatrının qonaq otağında aktrisa rəfiqəniz Qəmər Topuriya ilə (əslən Tiflisdəndir) birlikdə Gürcüstandan gəlmiş hansı vəzifəli şəxslə görüşüb teatrdan qovulanların xahişini etmişdi?

Belə bir riskin altına girmək asan deyildi axı...

***

Üçüncü sual.

– Sevimli sənətkar!

İcazənizlə əvvəlcə hadisəni oxucularıma danışım. Sonra sualımı Sizə ünvanlayım.

Repressiyalardan sonra "Romeo və Cülyetta" tamaşası bir müddət repertuardan çıxarılıb. Teatrın direktoru Süleyman Rüstəmin təkidi və quruluşçu rejissor Aleksandr Tuqanovun razılıq verib yenidən işləməsi ilə tamaşa repertuara salınıb. Faciənin tərcüməsi Sabit Rəhmana tapşırılıb və o, qısa müddətə pyesi Azərbaycancaya çevirərək teatra verib. İfaçı aktyorlar təzə mətni əzbərləməyə başlayıblar. Romeo rolu Süleyman Tağızadəyə (Ülvi Rəcəb həbsdəydi), Cülyettanın dayəsi obrazı Yeva Olenskayaya (Panfiliya Tanailidi tutulmuşdu) tapşırlıb.

Məşqlərdə Barat xanım nə qədər cəhd göstərirdisə, səhnələr tamaşanın ilkin variantında olduğu qədər səmimi, real və lirik-psixoloji səpgidə, romantik məhəbbət dastanı faciəsində alınmırdı. Üstəlik Əhməd Cavadın poetik, axıcı və şairanə dilindən sonra Sabit Rəhmanm dramatik tərcüməsi Barat xanıma və təbii ki, digər ifaçılara yapışmırdı. Ancaq həbs olunmaq vahiməsinin xofundan heç kəs səsini çıxarmağa cürət etmirdi.

Nəhayət, tamaşa təzə mətn və heyətdə oynanılır. Növbəti tamaşaların birində Barat xanım Romeo ilə Cülyettanın məhəbbət səhnəsində oyuna necə aludə olursa, özünü unudur. Başlayır Əhməd Cavadın tərcüməsini söyləməyə. Süleyman Tağızadə Sabit Rəhmanın, Barat xanım isə Əhməd Cavadın tərcüməsindən dialoq aparırlar.

Tamaşa salonunda tam sakitlikdir. Süleyman Tağızadə bilir ki, Barat xanım əvvəlki mətni söyləyir, ancaq özünü o yerə qoymur. Xoşbəxtlikdən teatrda işləyən satqınlar da mətni əzbərdən bilmədikləri üçün Barat xanımın odla oynadığını, öz həbsinə özünün imza atdığını duymurlar.

Rejissor Tuqanov səhnənin sağ tərəfində əlində kitab mətni izləyən suflyor-rejissor köməkçisindən bir neçə addım kənarda durubmuş. Hiss edir ki, Barat xanım əvvəlki mətni söyləyir. Vahimə içində astaca suflyora yanaşıb sınayıcı nəzərlərlə ona baxır. Suflyor başının işarəsi ilə təsdiqləyir ki, «bəli, Baratın tərsliyi tutub, öz bildiyini eləyir».

Ürəyindən ağrı tutan Tuqanov böyük həyəcanla səhnənin başa çatmasını gözləyir.

Epizod qurtarır, salonda alqış qopur. Cülyetta – Barat Şəkinskaya səhnədən çıxır. Tuqanov gəlir onun qrim otağına. Barat xanım gülə-gülə deyir:

– Aleksandr Aleksandroviç, gördünüz səhnə necə gözəl getdi? Vallah özümnən bacarmıram. Bir də gördüm sozlər özü ağzımdan çıxır.

Aleksandr Tuqanov səksəkə içində onun sözünü kəsir:

– Sus! Sən heç bilirsən neynirsən? Axı səni məhv edə bilərlər.

Barat xanım yenə kəmhövsələlik göstərir:

– Neyniyim, qoy tutsunlar...

Tuqanov görüb ki, Barat xanım hikkəsini yerə qoyan deyil. Səhnədə öz bildiyini edəcək. Hələ ən maraqlı səhnə-epizodlar irəlidədir. Onda başlayıb yalvarışa keçməyə.

– Barat, mənə hörmətin var? Məni heç olmasa, baş rejissor, ağsaqqal adam kimi istəyirsən?

Barat xanım kövrəlir və tez böyük səmimiyyətlə deyir:

– O nə sözdür, Aleksandr Aleksandroviç? Sizi bütün teatr çox istəyir. Məni Cülyetta siz eləmisiniz...

Aktrisanın yumşaldığını duyan rejissor tez onun sözünü kəsir:

– Qızım, başa düş, sən deyənləri mən də bilirəm. Bilirəm ki, düz deyirsən. Ancaq yadından çıxarma ki, Ülvini də, Panfiliyanı da Tiflis teatrından Bakıya mən dəvət eləmişəm. Üstəlik Əhməd Cavadın tərcüməsi üstündə mən dayanmışam... İndi başa düşürsən ki, mənim bu qoca yaşımda başıma nə müsibətlər gətirə bilərlər?.. Səndən xahiş edirəm ki, bunları unutmayasan.

Aleksandr Tuqanov çevrilib asta-asta otaqdan çıxdı. Doluxsunmuş Barat xanım halsız vəziyyətdə qrim masasının qarşısındakı stula «düşdü». Yanaqlarından yaş axdığını güzgüdə gördü...

Həmin axşam teatrın direktoru Süleyman Rüstəm lojada əyləşib bütün tamaşanı izləyirmiş. Səhərisi o da öz iradlarını ikilikdə Barat xanıma deyib...

Barat xanım, ancaq yazmamısınız ki, müdafiənizə çalışan Süleyman Rüstəm Sizə nə dedi?

Mətni izləyən suflyor-rejissor köməkçisinin «ağzını necə yumdu»?

Bir neçə gün sonra Sizə direktorluq tərəfindən imzalanmış və elanbənddə xeyli vaxt asılı qalmış təşəkkür əmrində əsas nə gətirilmişdi?

Yazmısınız ki, Süleyman müəllim bunu Sizi bəd nəzərdən yayındırmaq üçün edib.

Orası çox əla.

Bəs təşəkkürün mətni nədən ibarət idi?

Teatrda hələ də qulaq şəkləyən kamalovlar, şərqiyyələr bu işə necə reaksiya verdilər?

***

Dördüncü sual.

– Əzizimiz, canımız, sevimlimiz Barat xanım!

Sənətinizin pərəstişkarları, yaradıcılığınızın heyranları yaxşı bililər ki, 15-16 yaşından Gəncənin müxtəlif dram dərnəklərində, 1933 – 1935 və 1943 – 1945-ci illərdə Gəncə Dövlət Dram Teatrında, 1935 – 1943, 1945 – 1970-ci illərdə Akademik Milli Dram Teatrında neçə-neçə baş qəhrəmanları oynamısınız. Zəngin yaradıcılıq zirvələrini bir-birinin ardınca cəsarətlə, inamla, qətiyyətlə fəth etmisiniz. Sənət dostları arasında «Səhnəmizin Cülyettası» deyə, çağrılmısınız.

Yaradıcılıq salnamənizdə parlaq sənət qələbələri var: Ziba xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Yetər (“Yağışdan çıxdıq, yağmura düşdük”, Nəcəf bəy Vəzirov), Şirin (“Fərhad və Şirin”, Səməd Vurğun), Gülər (“Xoşbəxtlər”, Sabit Rəhman), Dilşad (“Atayevlər ailəsində”, İlyas Əfəndiyev), Viola, Kordeliya, Dezdemona (“On ikinci gecə”, «Kral Lir» və «Otello», Uilyam Şekspir), Mirandolina (“Mehmanxana sahibəsi”, Karlo Qoldoni), Tiltil (“Göy quş”, Moris Meterlinq), Florela (“Rəqs müəllimi”, Lope de Veqa)...

1970-ci il sentyabr ayının 19-da Branislav Nuşiçin «Nazirin xanımı» komediyasında Jivka rolunu böyük şövq və məlahətlə oynamısınız. Tofiq Kazımovla Ələsgər Şərifovun hazırladıqları tamaşada Əliağa Ağayevdən (Rista Podoroviç), Ağahüseyn Cavadovdan (Sima Popoviç), Möhsün Sənanidən (Çeda), Ağasadıq Gəraybəylidən (Vasya dayı), Məmməd Sadıqovdan (Para), Əminə Nağıyevadan (Savka xala), Məhluqə Sadıqovadan (Nata xanım), Amaliya Pənahovadan (Anka), Hamlet Qurbanovdan (Ninkoviç), Əminə Babayevadan (Raşa) ibarət gözəl aktyor ansamblı vardı.

Hətta elə 1970 – 1971-ci illərdə vaxtilə Sizinlə birlikdə aktyorluq etmiş, sonra Sankt-Peterburqda teatr təhsili almış Ağakişi Kazımovun dəvətilə paralel olaraq Sumqayıt Dövlət Dram Teatrında Mələk xanım («Müsibəti-Fəxrəddin», Nəcəf bəy Vəzirov. 16 may 1970), Zalxa («Toy», Sabit Rəhman. 7 iyul 1970), Hicran («Mənim məhəbbətim», Adil Babayev. 27 mart 1971) rollarını ifa etmişdiniz.

Belə gözəl uğurlardan, xüsusən Jivkadakı misilsiz sənət qələbənizdən bir qədər sonra gözlənilmədən ərizə yazıb teatrdan işdən çıxdınız. 56 yaşında! Sonra dəfələrlə dəvət alsanız da, inad göstərib düz 29 il bir daha səhnəyə çıxmadınız.

Bilmək istəyirəm:

Niyə?..

Nə üçün?..

Hansı səbəblərə görə?..

İncikliyinizin kökündə nə dururdu?..

2015

# 4063 dəfə oxunub

Müəllifin son yazıları

# # #