Məmmədağanı Bred Pittə çevirən karantin

Məmmədağanı Bred Pittə çevirən karantin
11 aprel 2020
# 10:29

Yaz xoşlandığı oğlanı görəndə saçlarına əl gəzdirən qız kimi təbiətə könül verməkdədir. Məhdudiyyətlə bağlı gec yatdığımızdan səhər tez dura bilmirəm, gözümü açanda pəncərədən Günəşin bahar tellerindəki məftun baxışları pəncərədən içəri dolur, adam oyanmağına peşman olmur, təbiət sevgisinin şahidinə çevrilir.

Sevgi demişkən, ağlıma karantindən əvvəlki vaxtlar, o münasibətlər, o sevgilər gəlir. İndi hər şeyi düşünməyə vaxt var. İndi hamıda yaşanmış ömrün müsahibəsi gedir. Hərənin bir əskiyi var, kiminin az kiminin çox. Karantin bir az da uzansa əsil mahiyyətimizə dönəcəyik, əmin olun.

Sevgi gen dünyadan təmamən itib getmişdi. Özünüz fikirləşin, qurulan neçə ailə sevgi üzərində idi? Maddiyat bu məsələdə necə önəmliydi? Hamı maksimalist olmuşdu. Bütün oğlanlar Şakira, Madonna axtarırdı, bütün qızlar Bredd Pit. Niyə, çünki informasiya əlçatandı. Niyə, çünki elə bilirdi dünyada hər şey maddiyatdan asılıdır. Günəşdən çox süni əşyalar, şüşəli binalar, qızıl gözlərimizi qamaşdırmışdı. Adamlar evlərindən çox otellərdə yaşamağı arzulayırdılar. Vaxt gəlirdi məcburiyyətdən, yoxa lənət deyib evlənirdilər. Gözlənti Bredd Pit, Şakira - evdə Məmmədağa və Hicran. Ömür gün ağuya dönürdü. Yaşamaq zəhər-zəkkum. İnsanlar hər şedən, işindən, evindən, yaşadığı şəhərdən, ailəsindən, övladından narazı hala gəlmişdi. Kim, hansı əl insanları belə tərbiyyə edirdi, kim əvvəlki saf sevgi-məhəbbəti insanlığa unutdurmaq istəyirdi? Bunu qoyaq kənara, bu uzun söhbətti.

Gözünə döndüyüm görünməyən, amma adı dünyanı lərzəyə gətirən virus neylədi? Onu elədi ki, madiyyatın hər şey olmadığını xatırlatdı. Ölə biləcəyimizi, onunçun doğmaları dostları sevməyi, özləməyi öyrətdi. Bir az da davam etsə, qutaran kimi yolda ilk dəfə bir-birini görən gənclər aşiq olacaqlar, sevəcəklər. Sevdikləri üçün gecələr ağlaya biləcəklər. Fəsillərdən, aylardan, küçələrdən, çaylardan, şəhərindən, evindən ləzzət aparacaq. Ailələr dərin nəfəs alacaqlar. İnsanlar özlərinə mahiyyətlərinə qayıdacaqlar. Bizə soxuşdurulmuş, süni, qurama qəhrəmanlardan gözləri çəkilib yanındakılara zillənəcək. Dərdlərini dinləyəcək, əl-ələ tutmağı xatırlayacaqlar. Həyatın sürəti aşağı düşəcək, toxtayacaq. Çünki virus səni məni ölümlə təhdid edəndə yanımızda Madonna olmur, Bredd Pit olmur, Əli olur, Zeynəb olur.

İnanmıram bu günləri görən adamlarda sintetik duyğular qala. Bu virus sintetik duyğu və sevgilərin qənimidi. O qədər sürət götürmüşdük ki, hamı tövşüyürdü, az qalmışdı insanlığın bağrı yarılsın. Virus hamını arxadan çağırdı, hamı dönüb arxaya baxdı və böyük peşmanlıq keçirdi. Bu insanlıq orucunun iftarı çox bərəkətli olacaq, əmin olun!

# 3327 dəfə oxunub

Müəllifin son yazıları

# # #