Cəhənnəm qadını ledi Betti - Həmid Piriyevin yeni hekayəsi

Cəhənnəm qadını ledi Betti - Həmid Piriyevin yeni hekayəsi
6 iyul 2024
# 10:00

Kulis.az Həmid Piriyevin “Borxesin xatirəsinə” silsiləsindən “Cəhənnəm qadını ledi Betti” adlı birinci sənədli hekayəsini təqdim edir.

İrlandiyanın Roskommon şəhərinin mərkəzində yerləşən Stone Court Centre adlı binanın acı tarixi var. Təxminən, 1740-cı ildə tikilmiş bu bina vaxtilə İrlandiyadakı ən hündür dar ağacına malik həbsxanaymış. Həbsxananın daha bir xüsusiliyi var: vaxtikən buradakı cəlladlardan biri qadın olub.
Hekayəmizin qəhrəmanı da məhz odur.
İrlandiya tarixindəki yeganə qadın cəllad – ledi Betti.

Elizabet Suqryu, təqribən, 1750-ci ildə İrlandiyanın cənub-qərbindəki Kerri qraflığında anadan olur. Yoxsul fermer qızı Elizabet elə özü kimi yoxsul olan Serc adlı fermerə ərə gedir. Cütlüyün iki oğlu dünyaya gəlir. Serc uzun sürən xəstəlikdən sonra vəfat edir, iki uşaqla Elizabeti tezliklə borca görə evlərindən çıxarırlar. Elizabet olan-qalanını yığıb daha yaxşı həyat axtarışı ilə Roskommona yola düşür. Səfər vaxtı kiçik oğlu aclıq və soyuqdan ölür, böyük oğlu Padrayk isə sağ qalır.

Üç yüz kilometrəcən yolu piyada qət edən ana-bala Roskommonun yaxınlığında - tərk edilmiş komalardan birində yerləşir. Dolanmaq üçün hər cür ağır iş görürlər, iş olmayanda da xırda oğurluqlar edirlər. Elizabet oxuyub-yazmağı bacarırdı, oğluna da öyrətmişdi.

Oğlu onun üçün yeganə ümid yeri idi. Amma xasiyyəti qəddar olduğuna görə oğlu onun əlindən qaçmağa fürsət axtarırdı. Nəhayət, Padrayk kifayət qədər böyüyəndən sonra Amerikaya gedib orduya yazılmaq qərarına gəlir. Anasının nə təhdidləri, nə də yalvarışları onu yolundan saxlaya bilir. Padrayk bir gün varlı insan kimi qayıdacağına söz verib, evdən çıxır, qapının dalından eşitdiyi axırıncı sözlər anasının söyüşləri və qarğışları olur.

Oğlunun onu tərk etməsi Elizabet Surqyunu depressiyaya salır. O, guşənişinliyə çəkilir, evdən ancaq gecələr, oğlunun getməmişdən qabaq işlədiyi mehmanxananın sahibindən yemək istəmək üçün çıxır. Padrayk ara-sıra anasına məktub yazır, bir az pul göndərir, amma bu, ananın kefini açmır. İllər keçdikcə Padraykın məktublarının arası seyrəkləşir, zamanla o özü də Elizabet üçün uzaq xatirəyə çevrilir.

Tənhalıq qadını daha da qəddarlaşdırır, bir az da dəlilik havasına salır. Bir yandan da pulsuzluq. Və qadın qərara gəlir ki, komasının boş otağını bir gecə üçün bir neçə penni verməyə hazır olan yolçulara kirayə versin.

Soyuq və yağışlı noyabr axşamlarından birində Elizabetin qapısı döyülür. Qadın qapını açanda hündür boylu, tünd saçlı, uzun saqqallı, qəribə aksentlə danışan birini görür. Geyimindən başa düşür ki, gələn adam hər kimdirsə, imkanlıdır. Qonaq şəhər mehmanxanasında yer olmadığına görə qadının evində qalmaq üçün icazə istəyir. Sonra Elizabetə bir qızıl sikkə verib, xahiş edir ki, ona yeməyə nəsə gətirsin. Elizabet bazarlıq edir, qonağı yedizdirib-içizdirib yatmağa göndərir, özü isə ocağın qabağında oturub fikirləşməyə başlayır.

Fikirləşir ki, dünya nə üçün belə qurulub? O kilsə siçanı kimi acdı, bir parça çörək tapanda sevinir, bu cavan oğlanın isə kisəsi qızılla doludu... Fikirləşdikcə hirslənir və bıçaqla oğlanı öldürür, kisəni götürüb hərisliklə qızıllara baxır, alovun işığında parıldayan qızıllar gözlərini qamaşdırır. Amma qadının sevinci çox çəkmir. Oğlanın ciblərini eşələyəndə öz adına yazılmış bir məktub və oğlunun sənədlərini tapır. Bu qonaq Padrayk imiş. Yəqin, anasının hələ də ona kin saxladığını fikirləşib, ona görə də özünü təqdim etməyib, ya da dəqiqləşdirmək istəyirmiş ki, Elizabet onu baxışlayıb, yoxsa yox...

Elizabet küçəyə qaçıb ağlaya-ağlaya qışqırır, əməlini hamıya danışır. Qonşular şəhər gözətçilərinə xəbər verir.
Və qatil qadın bir neçə gün sonra edam cəzasına məhkum edilir...

Edam günü çatır. Ətraf qəsəbə və şəhərlərdən də oğul qatilinin edamına baxmaq istəyən camaat Roskommona axışır. Həmin gün Elizabetdən əlavə iyirmi beş başqa dustaq da edam edilməliydi. Amma onların hekayəsi bir o qədər maraqlı deyildi. Əslində, hamı Elizabetə baxmağa yığışmışdı.

Dustaqları gətirib eşafota çıxarırlar. Kütlə çalxalanmağa, uğuldamağa başlayır. Az qalıb. Elizabet bir neçə dəqiqədən sonra dar ağacından asılacaq.

Amma dəqiqələr keçir, edam başlamır. Kütlə daha da uğuldayır, çalxalanır. Həbsxana rəisi havaya güllə atıb camaatı sakitləşdirir. Deyir ki, cəllad möhkəm xəstələnib, gözətçilərdən heç biri onun vəzifəsini yerinə yetirməyə razı deyil. Məcburən, edam təxirə salınmalıdı.

Elə bu vaxt Elizabet qabağa çıxıb bərkdən deyir ki, o, cəlladı əvəz etməyə hazırdır. Rəis təəccüblənsə də, razılaşır. Özlüyündə fikirləşir ki, iyirmi beş nəfəri həbsxanaya qaytarmaqdansa, bir nəfəri qaytarmaq daha sərfəlidi. Onu gələn dəfə də asmaq olar.

İyirmi beş dustağın boynunu ilgəyə keçirirlər. Elizabet soyuqqanlıqla dəstəyi çəkir... və eşafotun lyuku açılır...

Şahidlər deyir ki, onun üzündə heç bir emosiya yox idi.

Tezliklə həbsxananın cəlladı vəfat edir. Artıq hamının “Cəhənnəm qadını” adlandırdığı Elizabet Suqryu, və ya sadəcə, ledi Betti məmnuniyyətlə onun yerinə keçir. Onu üçüncü mərtəbədəki təkadamlıq kameraya köçürürlər. İşi qarşılığında pul almasa da, yemək və paltardan korluq çəkmir. Daha nə lazımdı ki?

Roskommonun əhalisi “Cəhənnəm qadını”na nifrət edir, uşaqları damdabaca və ya küpəgirən qarılarla yox, onunla qorxutmağa başlayırlar.

Ledi Betti şəxsi təhlükəsizliyi üçün qəsəbəyə çıxmır. Belə baxanda, heç lazım da deyil. Əsas odu sevimli işi ilə məşğul olur, qarnı toxdu. Qalan boş vaxtda ya həbsxananın boz divarları arasında dolaşır, ya da kamerasının divarına şəkil çəkir. Hə, onun bir vərdişi vardı axı. Edam etdiklərinin adını kömürlə kamerasının divarına yazırdı, xüsusi üz cizgiləri olanların isə şəkillərini də çəkirdi.

Ledi Betti 1807-ci ildə ölür, onu həbsxananın həyətində basdırırlar, qəbrinə isə heç bir işarə qoymurlar.

Bu əhvalatın nə qədər doğru olduğunu bilmirik, əsas məlumat qaynağımız ser Uilyam Robert Uayldın qeydləridi. Oskar Uayldın atası ser Uilyam Roskommonda doğulmuşdu və qeydlərində iddia edirdi ki, ledi Bettini şəxsən tanıyan adamları görüb.

# 2127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #