Göstərməyə bir şey tapmırıqsa... - Kinomuz niyə bu gündədir?

Göstərməyə bir şey tapmırıqsa... - Kinomuz niyə bu gündədir?
2 avqust 2024
# 12:00

Kulis.az Həmid Piriyevin 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə yazdığı "Gözləyin, indi quş çıxacaq" adlı yeni yazısını təqdim edir.

İndikilərin yadında olmaz, min səkkiz yüz doxsan beşdə Lümyer familiyalı növcavan qardaşlar şəkilləri “gəzdirməyi” öyrəndi. Əvvəlcə nəsə çəkib-çəkmədiklərini bilmirəm, şübhəsiz ki, çəkiblər, amma meydana “Qatarın La-Sota vağzalına gəlişi” sənədli xronikası çıxdı ən əvvəl. Və ya, başqa dillə desək, dünya kino tarixinin əsasını qoyan ilk film.

Min səkkiz yüz doxsan beşinci ilin iyirmi səkkiz dekabrında Kapusin bulvarına yığışan əhalinin təəccübünü təsəvvür edirəm. Hesab elə, divardan ağ döşəkağı asıblar, baxırsan, heç nə yoxdu. Divardı, üstündə də döşəkağı. Bir də onda ayılırsan ki, vağzaldasan. Bir neçə saniyə içində Kapusin bulvarı dönür olur La-Sota vağzalı. Uzaqdan poçt qatarı fit verə-verə gəlir. Əlbəttə, fiti eşitmirsən, çünki film səssizdir, ancaq görüntü var. Amma təsəvvür edirsən o fiti. Qatarın bacasından çıxan tüstünü də görürsən, relslərin taqqıltısını da eşidirsən...

Yəqin, qatar çatıb dayananda zaldan qaçanlar da olub. Yəni məncə, olmamış olmaz. Necə yəni, divardan qatar çıxıb gəlsin, sən də sakitcə oturub baxasan? Olmur belə şey.

Ya da olur. Artıq mümkündür. Sehrbaz Lümyerlər bunu bacardı.

Cəmi üç il sonra həmin sehrbaz qutusu artıq Bakıda idi. Ukraynalı Mişon baba gətirmişdi onu. Mişon babanı imkanlılardan çoxları tanıyırdı tozlu-mazutlu küləklər şəhərində. Neçə il idi, fotostudiya işlədirdi, neftxudaların, zərgərlərin, gəmi tacirlərinin və titulundan asılı olmayaraq, pulunu verən hər kəsin əksini həkk edirdi kartonlara.

Bibiheybətin mədən fəhlələri görmüşdü onu həmin qutunun dəstəyini çevirən yerdə; Qubernator bağında dincələn şəhər elitası görmüşdü, hələ sirk artistlərindən biri həmin qutunun qabağına keçib, şövqlə Qafqaz rəqsi də oynamışdı.

“Gəzən şəkillər” yavaş-yavaş Badi kubə camaatının həyatına daxil olurdu.

Sonra başqa filmlər çəkilməyə başladı, kinoteatrlar açıldı... Həmin inkişaf prosesini təsvir etmək istəmirəm, aşağı-yuxarı hamımızın bildiyi şeylərdi.

Birbaşa küçirəm yüz il sonraya. Keçən əsrin doxsanıncı illərinə.

Sovetlərin çökməsi bir çox şey kimi kino industriyasına da təsirsiz keçmədi. Əlbəttə, təzəcə müstəqilliyinə qovuşmuş ölkənin daha vacib işləri vardı. Qarışıq vaxtda hamı çörək dərdinə düşür, kimə lazımdı kino, ədəbiyyat?

Amma yolundan dönməyən kino fədakarları da vardı. Onların sayəsində bu gün “Yuxu”ya, “Köpəy”ə, “Girov”a, “Ovsunçu”ya, “Adam”a ... baxırıq.

İki minlərdə bir çox incəsənət sahəsi ki, kino da yavaş-yavaş dirçəlməyə başladı. Amma...

...amma öz kökünün üstündə yox.

Əsasən, həvəskar heyətlərin uydurma və naqis ssenarilər əsasında çəkdiyi yamsılama filmlər “gözümü-könlümüzü oxşamağa” başladı.

Bir də düşük komediyalar, seriallar.

Məncə, bizim rejissorların, ssenaristlərin ən böyük çatışmazlığı xariciləri yamsılamağa çalışmaqdır.

Ən əsası da Tarkovskini. Tarkovskinin Azərbaycan kinosuna vurduğu ziyanı, yəqin, heç kim vurmayıb.

Müasir kinematoqrafiyamızı Krılovun təmsilinə oxşadıram. Oxumusunuz yəqin, çay sahilində bir araba var. Balıq, ördək və xərçəng onu dartmağa çalışır. Amma yerindən tərpədə bilmirlər. Çünki ördək havaya dartmaq istəyir, balıq suya, xərçəng quruya. Yorulub əldən düşürlər, araba da qalır yerində.

Bizim rejissorlar da eynilə belədir. Bir qismi Tarkovskinin dalınca düşüb, bir qismi başda Nuri Bilgə olmaqla Türkiyə kinosuna, bir qismi də İrana. Ortada qalıb hərəsindən bir az götürməyə çalışanlar da var.

Əzizlərim, belə etməklə, araba yerindən tərpənməyəcək, batdığı bataqlıqda qalacaq.

Ən yaxşısı, üzümüzü özümüzə çevirməkdi. Bilirsiniz, nə üçün özümüzə baxmalıyıq, dedim? Çünki Azərbaycan rejissoru da Azərbaycan yazıçısı kimi özümüzdən uzaq düşüb. Özümüzü bəyənmirik, özümüzdən qaçmağa çalışırıq. Elə bilirik, kimisə yamsılamaqla intellektual görünəcəyik. Kafkanın hərdəmxəyal personajlarını yaratsaq, ali ədəbiyyat olacaq. Heç nə baş verməyən uzun kadrlar çəksək, kino baxımlı alınacaq.

Olmur belə.

Yaradıcı adam əvvəlcə cəmiyyəti tanımalıdı, sonra onu təsvir etməlidi.

Çox yazıb başınızı ağrıtmaq istəmirəm. Çünki deyinməklə də heç nə düzəlmir. İş görmək lazımdı.

Məsələn, keçən il Azərbaycan kinosunun 125 illiyi idi. Nizami kinoteatrında keçirilən tədbirdə film göstərmədilər!!! Sadəcə, orkestr kino musiqiləri ifa etdi, qonaqlar da meyvə şirəsi içə-içə qulaq asıb dağılışdı. Bu qədər.

125 elə-belə rəqəm deyil e! Əgər Azərbaycan kinosunun 125 illiyində göstərməyə kino tapmırıqsa, onda hansı Azərbaycan kinosundan danışırıq?

Ya gərək qollarımızı çırmayıb əməlli-başlı işə girişək, ortaya məhsul qoyaq, ya da gülümsəyib kameraya baxaq.

Deyirlər, axırda quş çıxacaq.

# 1523 dəfə oxunub

Müəllifin son yazıları

# # #