Həmid Herisçi: "5 dəqiqə vaxt verilmişdi hamımıza"

Həmid Herisçi, şair

Həmid Herisçi, şair

18 aprel 2025
# 16:40

Bu il şair Həmid Herisçinin 65 illik yubileyidir.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

Avtoş

Avtomobillərin cərimə meydançası,
Qaçqınların çayçısı
görünür pəncərəmdən.
Budu,
Bir yuxudu
qismətimdəki bu acı mənzərəm.
Allah, qurtar məni bu
"Cinayət və cəza" süjetindən.
Lənətindən.
Baxışlarım bəzən
ayrılmır ordakı ən tozlu
avtomobillərdən.
Xüsusən, birindən.
Sahibi, yadımdadi, deyirdi:
"Sabah mütləq gələcəm,
Cəriməni ödəyəcəm".
Üç il keçdi bu vədin üzərindən.
Opera və Balet Teatrının
iki bileti,
ödənilməmiş iki bank krediti
içində saralib tamam.
Ancaq o gün
dün,
o iki kredit sahibi
yuxuma girdi...
Məni notariusa gətirdi.
etibarnamə verdi...
o tozlu, borclu avtomobilinə.
Dedi halalındı,
Dədə malındı.
Bir az kreditim qalıbdı,
ödəyərsən.
Çalış, mən kimi
ölməyəsən.
Küləyin tən yarısıydı
Yanıqlı ahı.
Suların hamısıydı
Gözyaşları.

Qanlı sərçə

Nənəmin novrağı sovrulmuş güzgüsündə
başladı bədənsiz striptizimiz...
bu bizim axır od çərşəmbəmiz...
Orda gördüm nar kolunda azıb, çaşıb,
əsir qalıb
sinəsi qanlı sərçəmiz...
Onun səsləndirmə dublyajında
unudulmazdı
Bizim nəğməmiz.
Nar kolundakı qəfəsimiz
unudulmazdı
bu qanlı sərçəmiz.

Kəndimiz, kəndimiz
Başladi yaz fəslimiz.
Reklam fasiləsiz
Cəhcəhimiz.

Soyuducuda validol

Yağışa qədərki suyam,
Yağışdan sonrakı suya
Çevrilmək,
Bu cür ölmək,
Yağışda ümumiləşmək,
"Azərsu" Səhmdar Cəmiyyətinin sayğaclarında
Qara qula,
Çox sıfırlı pula,
Hətta fil xortumundakı suya,
Xüsusən, koka-kolaya
Çevrilmək istəməzdim.
İstəmədim.
Özümə başqa yerdə iş seçdim.
Elə birinci gün özümdən,
İşimdən bezdim.
Keçdim mətbəxə,
Soyuducunu açdım,
Gördüm heç nə yoxdu...
Yarımçıq validoldan başqa.
Bildim,
Ürək sancısı,
Fələk qırmancı
Çoxlarıni ağrıdıb,
Rəngini ağardıb burda.
Eh... nəsib olduq itə, qurda...
Yağışaqədərki suyam,
Validola qədərki insan...
Yüklə məni, "Yango" tətbiqi kimi,
Telefonuna yox...
Özünə...


O qadını hələ sevməyibsən

Dikdaban çəkmələrin səsi gəlir
Gecədən.
O qadını hələ sevməyibsən.
Kölgəsi ötür üzərindən,
Küçəndən,
Əli sallanır kürəyindən.
Avtomobilinin bahalı nömrəsindən
Yaz damır,
Təkcə sənə miras qalır,
Budaqlarında bircə gilas qalır
Xatırlamağa.
Az qalır
Görüşünüzə.
O qadını sevməyibsən.
Bardakı
Mikrodalğalı soba siqnal verir,
Final verir,
Sual verir lal sevginizə.
Hər ikinizə.
Bu qanlı kimano xələtin
Çoxdan ağırlıq edir
İncə kürəklərinə.
Hələ var
o qadını sevəcəyin günə.
İnşallah, gələcəkdə.

Düymə düşdü

Qatardaykən pəncərəmi eşikdən taqqıldadan,
Şüşə arxasından
laldili danışmağı bacaran,
Məni qısqanc qardaşından uzaq saxlayan
Bir gözəl axtarıram...
Anam da belə deyirdi...
Ancaq həyat belə deyildi.
Kafedəki son müştəri də mənə dedi:
Bəlkə, evə gedəsən?
Yorğan altda yaxşıca tərləyəsən?
Hamama girəsən?
Yox... anam belə deyildi.
Belə demirdi.
Qərar verdim,
özümə bir telefon edim,
Kazbekimi tüstülədim
üzü polis idarəsinə doğru...
Xəbər gəldi: orda çoxdan polis idarəsi yoxdu.
Anam da belə deyirdi.
Ancaq həyat belə deyildi.
Düyməm düşdü, qaldı ovcumda bu gün...
Bunu ancaq özüm
gördüm.
Azca güldüm.
Anam da belə edirdi,
Ancaq həyat belə deyildi.


Məşədi Kazım bədbəxtə nəzirə

Qoy, Nəsibə Zeynalovanın qorxduğu,
küncə soxduğu
Məşədi Kazımın tünd şəkli,
soyumuş, oturuşmuş nimdaş təxti,
kimə nə dəxli!
qoy, qovuşdursun sən bədbəxti
şimaldan qopmuş soyuq qəlbimə,
bu son qəlpəmə,
bu tənha aysberqimə...
Qaçaq Avropadan, Asiyadan
uzaq Şpisberqenə!
Ağlayım orda
öz bayraqsız qələbəmə...
Bir yol var həyatda - dodaqdan qəlbə,
Onu keçdik, keçirik
Birnəfəsə.
Qalx, uzan bu təxtə...
Allahdan rəhmət oxuyaq
Məşədi Kazım bədbəxtə.

Aşkarda gizlin

Moskva.
1975-ci il.
Ümumittifaq
məktəblərarası yarışmada
bir sual qondu masama:
"Kino qəhrəmanı Ştirlitsi deşifrə edə bilərsinizmi?"
5 dəqiqə vaxt verilmişdi hamımıza.
Cavabım tələb ediləndən də az vaxt istədi məndən.
"Böyük sirlər aşkarda gizlədilir.
Ştirlitsin adında Strelets kodlu məxfi agent gizlədilib.
Bu ad polindrom kəlmədir,
Sağdan da, soldan da eyni səslənir.
Almanlar heç...bu sifrəni nə sağdan gördülər, nə soldan oxudular.
Aşkardakı "Strelets", yəni "atıcı" kəlməsini bəs siz niyə indiyədək görməyirdiz?
Gizləyirdiz?
Bu agent kinoda Almaniyaya, realda isə SSRİ-yə, sovet adamlarınin psixikasına atılıb.
Təhlükəlidir.
Tüfəngsiz ova gedir".
Cavabımı zərfə qoyub iri qutuya atdım.
Bir il sonra cavab gəldi evimizə.
Makina hərfləri bəzi yerlərdə zədələmişdi, hətta məktubu.
Məzmunu gözlədiyimdən qısaydi:
"Ştirlitsi axır tapdıq".

Cinayət lirikası

Su, yoxxxx...
su, yoxxxx...
gözyaşı... gözyaşı, çox qədimdi...
Təkcə o... yalnız o
sənindi...
qalan nə var, özgənindi...
Nə varsa, dünənindi.
Div həmişə şüşənindi,
Sənindi, mənimdi,
Ancaq uzaq üfüqdəki,
Barmaq üzüyündəki,
Şampan köpüyündəki
Bir parıltı,
Bir ani canlanma...
Bunu da ciddiyə alma.
Sevginə təzə kredit xətti aç,
Hollivud filmlərindəki sevgi cütlüyü kimi qaç
burdan,
Bu uzun-uzadı dumanlı bulvardan...
Aş yarıuçuq, köhnə divardan.
Cinayət dosyeni hələ açmadan
Son sətirləri silinmir qulaqlarımdan:
Balaxanı zibilliyindəki 5 milyon ton zibil tullantısından
Bu iki cəsədi ayırmaq,
Tapmaq,
Tanımaq
Çətin olacaq...
Ancaq, deyəsən, bu dəfə də
Quru çıxdı o,
Öz göz yaşlarından.

Anamın kitabı

Yanğından təxliyə planları, sxemləri
çəkərdi rəhmətlik anam.
Axırlarına gözəl xətlə qısa imzasını qoyardı:
"Sxemi çəkdi mühəndis T.Axundova".
İndi hansı rəsmi idarəyə getsəm,
Min qat cəriməylə hədələnsəm,
Lombarddakı nişan üzüyümü geri istəsəm,
Qəfil azca kənara çəkilsəm,
Kölgələrdən birini axıracan izləsəm,
Özümdən, taleyimdən qəfil küssəm,
Dünyanın ən əclaf sifətləri ilə üzləşsəm,
Qəfil, birdən
Divarda anamın təxliyə planını,
sxemini görəcəm...
Üzümdə heç nə bildirmədən
Anamın işarələdiyi istiqamətə gedəcəm...
Kələfin ucunu,
İdarələrdən qaçıb çıxmaq yolunu,
Azadlıq folklorunu
Tam dəqiq göstərir mənə rəhmətlik anam.
Əvvəl astaca pıçıldayır qulağıma:
"Gəl arxamcan.
İzlə çəkdiyim qırmızı oxu,
Gözlərini bərəlt, yaxşı-yaxşı oxu
Sxemdəki gizli işarələrimi.
Sənə yazdığım şeirimi.
Tut, sıx, day buraxma əlimi.
İşıqlığa, pəncərəyə, qapıya
Özüm çıxaracam səni.
Ay ana... Allah sənə rəhmət etsin qəni-qəni...
O gün məni yenə həbs etmişdilər,
Bir yumruğa yerə sərmişdilər.
Ancaq mən artıq bələdləmişdim,
Anamın səsini eşitmişdim
ən uzaq divardakı
Təxliyə sxemindən.
Bir şüa,
İlahi dua
Fikir vermədən min bir caduya
Gəlirdi köməyimə.
Küncdəki əli süpürgəli xadimə
Anam cildində canlandı
Qupquru gözlərimdə.

25-ci kinokadr

Sınıq-sökük qədim divarları
Yıxılmaqdan, uçmaqdan kim saxlayır?
Həyatda kim saxlayır?
Kürəyini həmin o divarlara, o keçmişə dirəmiş
qocalar, cayıllar, bəlkə?!
Qoy, bu divarların son əhəngi,
yanıq musiqi ahəngi
son rəngi tökülsün,
Qoy, son kərpici,
Kərpiclərinin ən bici, ən pisi görünsün,
Qoy, Adəmlə Həvvanın eybini örtən
əncir yarpağı da düşsün
bütün övliyaların, yalanların, oyunların üzərindən.
Ordan görünsün
Təkcə, yalnız sənin üçün
Həyat kinoteatrı, həyat ekranı...
Maleviçin "Qara kvadrat"ı.
Gözəgörünməz 25-ci həyat kadrı.
Görüm, necə ABŞ prezidenti Trumen
ultimatum göndərir qəlyanlı Stalinə:
"İrandan, Təbrizdən çıx,
yoxsa ikinci atom bombasını
Düz təpənə ataram".
Sovetlər çıxır Təbrizdən.
Sonra atalarımız.
Bəli. Birinci. Real atom bombası
Yaponiyaya atılmışdı.
İkinci virtual bomba Azərbaycan taleyinə,
Mənim taleyimə atıldı.
Mən bax, o radiasiya qurbanıyam,
Quluyam. Qulamıyam.
Atom şüalanmasıyam.
Budu mənim həyatım,
Təbrizdəki divarım.
25-ci kadrım. Kinoteatrım.
Qoy indi
son əncir yarpağı da düşsün, sürüşsün...
təkcə, yalnız sənin üçün
Adəmlə Həvva üzərindən...
Qoy, son malası, ağı tokülsün bu qədim divarın,
Görünsün son kərpici, lap içi, lap dibi
Bu həyatın.
Lap axırda bir qadın
Yaxın gəlsin sənə, lap yaxın,
Səni güclə xatırlasın,
Saçının ağını
sən tərəfə darasın...

"Magie Noire" -
gecə sevdası

Gözlərim ulduz istəyir...
Üfüqlərdə itib əriyən bir qız istəyir.
Telefonum tam yeni blutuz istəyir
Musiqimi
Sənə çatdırmağa.
Dadsızdı sənsiz çayım,
Adsızdı
ünvanım.
FM radiolardakı qısa dalğalarım
Bir rep nəğməmi elə hey təkrarlayır:
"Bilirsənmi, bu kəlağayının neçə yaşı var?"
Min bir gecə yaşı var...
Canında nə qədər göz yaşı var?
Bu gözəlin yeddi qardaşı var...
biri mütləq bıçaqlayacaq səni...
Bu kinoteatrın gecə seansı var,
Öz xilasedici ağ ambulansı var,
Bütün qəzalardan səni qurtarmaq şansı var.
Səmimi ol...
təkcə bu qızı sevmə...
Gecəylə qoşa sev bu gözəli -
"Magie Noire" ətrini.


Ceyran pirində əhd

Bakının Novxanı kəndində, Duz gölü tərəflərdə,
Möcüzəli, görməli,
qapısı bir-iki pilləli,
ətrafı əncirli, meynəli, meyvəli
"Ceyran piri" var.
Duz təşnəsi ceyranlar, adətən, qışda, gölə yaxınlaşardılar,
zalım ovçuların gülləsinə tuş gəlib
yara alardılar.
Qanlı-qanlı, yaralı-yaralı
ora-bura boylanardılar,
bir müddət bax beləcənə, köməksiz qalardılar.
Qəfil arxa ayaqları üstə qalxıb,
Novxanıya, novxanılılalara baxıb
Son gücləriylə irəli tullanırdılar,
yaxındakı "Ceyran piri"ndə son sığınacaq axtarardılar...
Yaralı, qana bulaşmış zavallı ceyran, pirin alçaq daş hasarını adladımı,
vəssalam,
toxunulmazlıq statusu qazanar,
ovçular üçün əlçatmaz olurdu.
Sonralar
Qan davasında canını qurtaranlar
Sığındılar
Bu pirə...
Günlərin birində,
uzaq 1907-ci ildə,
bu xüsusi statuslu müqəddəs ocağa həmişə olduğu kimi ceyran-cüyür yox...
Üz-gözü qanlı çopursifət bir gürcünü gətirirlər.
Məmmədəmin Rəsulzadə əlindəki məşəlin son şöləsini bu gürcü balasının sifətinə tuşlayınca qəfil qışqırır - "Çopur sağdı. Köməyə gəlin. Atamı çağırın".
Az sonra Məmmədəminin atası Ələkbər kişi hadisə yerinə gələrək həmin Çopuru pir ərazisində gizlədir.
Novxanıda onu indi də "Çopur" adıyla xatırlayırlar.
Məmmədəmin üçün isə o, sadəcə, "Koba" idi.
Labüd ölümdən güclə qurtaran həmin bax, bu Koba gözlərini açınca Məmmədəminə doğru "Sənə bir can borcum var" ifadəsini pıçıldayır.
Sonra 1920-ci ilin sentyabrında bu vədinə sahib çıxaraq bu dəfə Məmmədəmini labüd edamdan qurtarır.
Həmin şəxs İosif Stalin idi, biləsiz.
Möcüzəlidi "Ceyran piri"ndəki əhd.
Xoşbəxt olur orda əhd sahibləri,
Xoşbəxt.

Sizin Cəbiş müəllim
Doktor Frankenstein?
Naməlum detallar


Dünya müharibəsi başlayanda, radioda Levitanın gur səsi guruldayanda nənəm mətbəxdə kükü bişirirdi.
Təbii, müharibə divi öz şüşəsindən, Levitanın boğazından çıxan kimi nənəm bərk diksinir öz tüstülü mətbəxində.
Başılovlu, saçıdağınıq halda cumur gözünə girən ilk nöqtəyə - qonşu Kürsümün yarıaçıq qapısına.
- Yaxşı ki, rəhmətlik ata-anan görmədi bu müsibəti. Vaxtında getdilər. Demişdim sənə də... gələn il paxlava, şəkərbura bükə bilməyəcəyik.
Nöyüt plitəsi üstəki kükü, sözsüz, yanıb külə çevrildi sonra.
Döndü müharibənin ilk günahsız qurbanına.
Bax, beləcə Bakıda müharibə qurbanlarının uzun siyahısı yarandı.
Növbəti qurban keçisi isə həmin qapıbir qonşumuz Kürsüm xalaydı.
Zaman dəyişəndə çanax həmişə bu zavallı qızın başında sınardı. İnqilab zamanı valideynləri öldü. "Azneft" meydanındakı evləri müsadirə edildi.
İrandakı yük gəmiləri şirin xatirəyə döndü.
Müharibə başlayandan az sonra isə Kürsümün özü də itdi.
Nənəm deyərdi, yazığı oğurlayıb aparıblar dəniz qırağına,
Orda atıblar gəmidəki qır tiyanına.
Piyindən sabun bişirib Quba meydanında satıblar.
Nənəm bu xatirəsinin sonunu, lap axırını əvvəllər gizlərdi.
Danışmazdı.
Bir gün "Bizim Cəbiş müəllim" filminə baxdıqdan sonra qulağıma pıçıldadı:
- Bu kişiydi uşaqlardan, Kürsümdən sabun bişirən...
Maqsud İbrahimbəyov da bunu bilirdi.
Ancaq bu acı etirafı sənətə gətirmək istəməmişdi.
Xoşbəxt sonluqla,
"HEPPY END"lə bitirmişdi
bu qorxulu müharibə nağılını.
P.S. AZƏRBAYCANIN DOKTOR FRANKENSTEİNİYDİMİ O?
KİMYƏVİ KOLBALAR ARASINDA ÖZ QORXULU NAĞILLARINIMI YAŞAYIRDI?


Küləyində, kürəyində o güc varmı öz dosyeni vərəqləməyə?


“Qismətindəki zəhərli üzüklərdən, ağulu qədəhlərdən, Pişəvəri taleyindən necə qurtulmağı bacardız?” sualını mənə ünvanlasaz əgər...
Cavabım şairanə olacaq...
Uzun sükut fasiləsindən sonra deyəcəm astaca:
“SSRİ-nin İranda bir səfiri olub – V.M. Vinoqradov (1979-83).
Düzü, bəzən səfirlər diplomat kimi yox... cəllad kimi göndərilir səfirliklərə.
Sənədlərdə guya diplomatdı bu Vinoqradov.
Gizli sənədlərdə, dosyelərdə isə kod ismi “Kobra” idi.
Adətən, barmağındakı üzükdə gizlədiyi zəhərlə öldürərdi öz qurbanlarını o.
İddiamı, əfsanə, dedi-qodu da saymaq olardı. Əgər səfir V. M. Vinoqradovun bioqrafiyasında bax bu qeyd olmasaydı: "1944-48 год — студент Московского химико-технологического Института им. Д. И. Менделеева".
Belə çıxır həəəə... Vinoqradov təkcə diplomat yox, həm də kimyaçı olub. Xatırladıram – Mendeleyev İnstitutunu kriminalistlər, "Новичок" zəhərinin vətəni bilərlər.
KİÇİK HAŞİYƏ: Ötən illərdə Britaniyada zəhərlənmiş Skripal ailəsi də deyilənə görə, bu zəhərin qurbanı olub.
1979-cu ildə bu səfir Vinoqradov, İranın Xomeynidən sonra ikinci nüfuzlu dini xadimi Ayətullah Taleqani ilə görüşür. Görüş səmimi şəraitdə keçsə də, nəticələri ağlasığmazdı – Ayətullah Taleqani səhərisi gün yuxudan ayılmadan dünyasını dəyişir.
O vaxtlar Tehrandakı Sovet səfirliyində tərcüməçi işləyən Oleq Myatejniy adlı birisi xatirələrində bunu belə xatırlayır:
“Когда в Иране, власть узурпировали религиозники, по указанию Москвы, Виноградов несколько раз ездил в город Кум на встречу с Хомейни, чтобы заручиться его поддержкой в вопросах об установлении добрососедских советско-иранских отношений. Но, в третий раз, не был принят им, и в страшной злобе решил больше не навещать аяталлу.
Тогда, Москва дала ему указание встретиться с другим известным, недовольным по её мнению религиозником – аяталлой Талыгани, который поддерживал левые силы и имел много сторонников среди членов левацких организаций. Виноградов навестил его у него же в доме и после продолжительной беседы вернулся в посольство весьма довольным и в приподнятом настроении.
Но, на следующий день, газеты сообщили о смерти Талыгани после встречи с советским послом, и пошли слухи о том, что его отравил Виноградов! Злостные слухи, распространявшиеся ортодоксальными религиозниками, которые сами же отравили Талыгани, заполнили все газеты и журналы исламского бамонда. Даже входили в детали и писали, что Виноградов прощаясь с Талыгани, уколол его в ладонь отравленным кольцом(!).
Сам Виноградов после этого никак не мог прийти в себя, и его месяца два никто не мог навестить.
Дело дошло до того, что дипломаты западных стран, не поддерживавшие режим Хомейни, на встречах с советскими дипломатами, в шутку спрашивали их: "А, когда же ваш посол намеревается навестить Хомейни?!"

İddialarımın təsdiqi nümunə gətirdiyim bu vacib xatirələrdədir.
Bəzən səfirlər diplomat kimi yox... cəllad kimi göndərilir səfirliklərə.
Qismətimdəki o acı ağudan məni Bakı xəzrisi qurtardı.
Musiqi səsini, azca artırmalıyam xatirələrimin, cavabımın bu hissəsində.
Hə...Sovet vaxtları Bakı sahillərində “Quryev” adlı ağappaq sərnişin gəmisi vardı.
Bakı-Ənzəli yolunda işləyir, Güneyə, İrana sərnişin daşıyırdı.
Uşaqlıq vaxtlarımda həsrətlə çox baxmışam bu gəmiyə.
Uzaq üfüqlərdə itənəcən, kiçilənəcən, qara nöqtəyə çevrilənəcən çox baxmışam ardınca.
Bu gəmiyə çox arkadaşlarımızı əyləşdirib Güneyə yolladıq.
Hamısı tutuldu, güllələndi, asıldı dar ağaclarından. Qurd-quşa yem oldu.
Hamısı.
Lal xəyallarımız da əyləşib bu gəmidə; sərnişinlərinin yerini daraldıb.
Bir gün, 1982-83-cü illərdə atamla mənə Moskvadan dedilər ki, biletinizi alın, minin bu gəmiyə, qayıdın vətəninizə.
Biletləri aldım.
Ancaq o gündən Xəzərdə tufan başladı, bir həftə gəmi dənizə çıxammadı.
O vaxt da xəbər gəldi ki, bəs, hara gedirsiz?
İranda tutatut başlayıb, solçuları qırıb axırına çıxırlar.
Bircə xəzri xain çıxmadı bizlərə o vaxt. Labüd ölümdən qurtardı. Buna görə, təbii, Bakı küləyini, xəzrini çox sevirəm.
Xilaskarımdı axı.
Dosyemin ağır səhifələrini ancaq o vərəqləyə bilər.
P. S. 10-15 il öncə bu "Quryev" gəmisinin paslı cəsədini Şıxov çimərliyi tərəfdəki "gəmi məzarlığı"nda aşkarladım.
Şəklini çəkdim.
Kimsə arxadan qulağıma pıçıldadı ki, şəkli çəkmə. Bu gəmi, "Bakı steel kompany"nin sahibi, güneyli Paola Pərvizin şəxsi malıdı...
Susdum.
Xatirələrimin gəmisi idi o?
Yoxsa, tam yad birisinin?
Cavabını indi siz verin.
Şerimin son misrasını siz yazın.

Saatsaz

O həm də yaxşı, əla saatsazdı.
"Bakker" markalı qədim İsveçrə saatını
həmişə elə özü təmir edərdi.
Cavabsız suallarla tək-tənha qalarkən, adətən, tələsməz,
dillənməz
saatını sökər,
gözünə xüsusi təkgöz eynək taxar,
həm saatını sazlar, həm də vaxt udub,
düyünlü sualların cavabını axtarardı.
Tehranda, Rza şah vaxtları, saatsaz işlədiyini də düşünürəm hərdən.
Çörəkpulusunu daşdan yox,
saatsazlıqdan çıxarıb o.
1947-ci ilin yayında o, bu "Bekker" saatını sökür,
ancaq yenidən yığammır.
İlk dəfə köməyə peşəkar saatsaz çağırmalı olur.
Saatsaz - bakılı balası İsmayıl Həsənov görür saat sahibi xəta yapıb - saatın çərxini sındırıb.
Aradan iki gün keçincə saat sahibinin həyat çərxi də qırılır.
Saatının, həyatının çərxi eyni vaxtda qırılmış bu kəs Seyid Cəfər Pişəvəri idi.
Saatsaz kimi nə qədər dəqiq olduğunu, zamanı əvvəlcədən necə proqramlaşdırdığını mən çox sonralar bildim - 1997-ci ilin 11 iyulunda.
Həmin gündə Pişəvərinin xüsusi tapşırıqlar üzrə ən yaxın silahdaşı Qafar Kəndli - mənim atam öz dünyasını dəyişdi.
Vəfatı, Pişəvərinki ilə eyni gündə, eyni tarixdə baş verdi təxminən.
Təkcə "Bakker" saatını sazlamırdı o.
Zamanı da, 50 il sonranı da sazlamağı bacarırdı o.
Bacarırdı.

Novruz, yoxsamı Zervan?

Novruzu tərsinə oxusan, Zervan, yəni əbədiyyət tanrısının adını eşidərsən.
Deşifrəni düz vaxtında, düz bayram ərəfəsində azad edilmiş ərazilərdə eşitdim.
Çocuq Mərcanlı məktəbinin " Novruz" lövhəsini bu cür oxuyub bərk həyəcanlandım.
Ağlıma gətirəmməzdim ki, qədim Zərdüşt tanrısı Zervan, mənlə görüşünü Qarabağda, xarabalıqlar arasında təyin edəcək.
Nə vəd edir mənə bu görüş?
Yaxşı sualdı.
Azərbaycanda son 2000 ildə kimsə Zervanla bu cür görüşməmişdi.
Zərdüşt mirası, nə bilim, Novruz misteriyasi ilə hə... görüşürdülər.
Tonqal ətrafında, paxlava-filan yeyəndə həəə...görüşdülər bu qədim kölgələrlə.
Ancaq mən deyəsən, ZERVANI ilk olaraq gördüm.
Mistik görüşdü, təbii.
Zervanla görüş məni başqa həyat müstəvisinə çıxaracaq.
Möcüzə vədlidi bu görüş.
Qısası, öz novruzumu bu il mən bu cür qarşıladım.
Bəs siz?
Hava küləkli, soyuqdu.
Məktəb şagirdləri məndən kənarda dayanmağa üstünlük verirlər.
Mənə ancaq külək yaxınlaşır burda...
Novruz tonqalı da, deyəsən, daxilimdədir.
Eşikdə deyil.

Bayatı-metro

"Balaların toyunda əvəzini çıxacam"...
"Koroğlu" metro stansiyasında qulaqlarım bu nisgilli ifadəni eşitsə də...
Gözlərim müəllifini görmədi.
Acı siqaret tüstüsüylə barışdım.
Çəkdim bu tüstünü öz dərinliklərimə.
Dörd tərəfim basabasdı.
Kimsə ayaq pəncəmi basdı.
Hamı bir-biriylə dalaşdı.
Balaların sünnət toyunda
Guya hamı çox-çox sonra barışacaqdı.


Son görüş

Qapı-qapı düşub
Deputatlığa namizədlərdən birinə
İmza toplayırdım.
Ağzıma gələni goplayırdım.
Gördüm külək də sevmir
Namizədlərin divar şəklini.
Günəş də var gücuylə saraldır
O şəkillərin rəngini.
Xalqımla son görüşüm
Bu cür oldu.
Gözlərim doldu.
Xalq çoxdan yoxdu öz evində.
Evlər ucdantutma
Xarıcilərə kirayə verilmişdi.
Köhnə evimizi də
Əclafın biri
Kirayələmışdi
Uzun müddətə.
Bir gözəl hətta belə
Yarıaçiq qapısından
Mən tərəfə boylanmadı.
Qapılardan çoxdan silinmışdi
Bu köhnə bayatı...
Unudulmaz
Bakı həyatı.

# 1008 dəfə oxunub

Müəllifin son yazıları

# # #