Yaddan çıxan qadınlar, kişilərin soyqırımı - Rəşad Məcid

Yaddan çıxan qadınlar, kişilərin soyqırımı  - Rəşad Məcid
21 aprel 2025
# 11:40

Kulis.az Rəşad Məcidin "Qələmsiz yazılanlar - status-esselər"ni təqdim edir.

Doğma Türkiyəmiz təlatümlü, gərginlik dolu günlər yaşayır. Hamımız baş verən prosesləri narahatlıqla izləyirik. Bir çoxları gündəmə soyuqqanlı, təmkinli, səmimi nigarançılıqla münasibət bildirsələr də, emosiyalarına hakim ola bilməyənlər, qarşı tərəflərdən biri barədə aşağılayıcı ifadələr səsləndirib çaşqınlıq yaradanlar da az deyil.

Nəzərə almalıyıq ki, tərəflərin hər birində dəyərli insanlar, istedadlı yaradıcı adamlar, nüfuzlu ziyalılar və siyasətçilər var, hər tərəfin arxasında geniş xalq kütlələri dayanır.

Rəğbətimizin ünvanından asılı olmayaraq, əsəblərin tarıma çəkildiyi belə günlərdə rəylərimizi, işlətdiyimiz ifadələri ciddi ölçüb-biçərək, gərginliyi, ictimai həssaslığı nəzərə alaraq bölüşmək çox vacibdir.

Xüsusilə Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə biləcək leksikondan maksimum dərəcədə çəkinməliyik. Hamımızın arzusu bu çaxnaşmalı dünyada Türkiyəmizin güclü qalması, daxili sabitliyini və beynəlxalq nüfuzunu qorumasıdır. Böyük dövlətçilik ənənələri olan qardaş xalqın bu çalxantılı dönəmdən də üzüağ, qüdrətli çıxması üçün dua edək.

Tanrı Türkiyəmizi qorusun!

***

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq prosesində iştirak edəcəyəm.

Həmkarlarımı - yazıçıları, jurnalistləri, filoloqları da Azərbaycan dili bilgilərini yoxlamağa dəvət edirəm.

Dövlət İmtahan Mərkəzi "Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər" sertifikasiya imtahanı modeli hazırlayaraq ictimaiyyətə təqdim edib.

Ötən il Bakı Kitab Mərkəzində bu metodik vəsaitin təqdimatında iştirak etmişdim. Çıxış edən mütəxəssislər xüsusən xaricilərin Azərbaycan dili biliyi səviyyəsinin müəyyənləşdirilməsi, dilimizin inkişafına, işgüzar dilə çevrilməsinə kömək göstərəcək bu vəsaitin çapını yüksək qiymətləndirmişdilər.

İngilis, alman və başqa dillərdə biliyin səviyyəsini müəyyənləşdirən imtahanlar barədə hamımız bilirik.

Bəs bizim doğma Azərbaycan dili bilgilərini sertifikasiya edən imtahan prosesi niyə də keçirilməsin?

Dünən keçirilən təqdimatda Məleykə Abbaszadə imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb.

Məleykə xanım ilkin 2000 datanın yaradılması üçün mütəxəssisləri, həmçinin yazıçıları sınaq prosesinə qoşulmağa dəvət edib. Qeyd olunub ki, iştirakçılar ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər. İmtahan nəticələri emal olunduqdan sonra iştirakçıların elektron poçt ünvanına göndəriləcək. Göründüyü kimi, anonimlik də saxlanacaq. Qorxulu nəsə yoxdu.

Təəssüf edirəm ki, bu cür vacib məsələnin müzakirəsi lüzumsuz istiqamətə yönəldi. Mən Azərbaycan dili bilgilərini yoxlamaq istəyən hər kəsi Məleykə xanımın çağırışına qoşulmağa, bu vacib sertifikasiya imtahanı üçün lazım olan ilkin 2000 datanın yaradılmasına töhfə verməyə çağırıram.

***

İP yığmaq naminə psixoloji problemli adamların cəfəng fikirlərinə meydan vermək, dəyərləri silkələmək, həm də bunu Jurnalistlərin Etik Davranış Qaydalarına riayət etmədən, qarşı tərəfin fikirlərini öyrənmədən, mövqeyinə məhəl qoymadan, cəmiyyətdə yaradacağı reaksiyanı nəzərə almadan yaymaq böyük qüsur, ciddi peşə naqisliyidir. Daha çox oyuncaq, telefonda qurama İnternet TV-lərinə xas olan bu üsulu ciddi media subyektlərinin özlərinə rəva görməsi isə bədbinlik, təəssüf və məyusluq doğuran haldır. Neqativ, ağılsız, sərsəm fikirlərlə cəmiyyətdə ajiotaj yaratmaq dəyərləri ucuzlaşdırmaq, diletantların, qeyri-peşəkarların hər addımda gözdən saldıqları mediamızı daha da urvatsız etməkdir.

***

Yuxuda qarlı-şaxtalı havada, buz bağlamış yolda tək yeriyən Zelenskini gördüm.

Dünənki görüşün videolarının və səngiməyən qarın təsiridir, yəqin.

***

Hər kəs öz maraqlarından baxır, öz arzularıyla qiymətləndirir...

***

Hamının sevimlisi olmaq, xüsusən, indiki sosial media dövründə mümkün deyil. Ona görə də hər addımbaşı özünüzdən bədgüman olmayın. Yaxşılıq etməkdən, mərhəmətli olmaqdan yorulmayın.

***

Əziz və doğma Qadınlar!

Yeni Dünya düzəni istədiyiniz kimi qurulsun!

Hər şey ürəyinizcə olsun!

Həyatınızdan xoş anlar, üzünüzdən təbəssüm əskik olmasın!

Sevgisiz qalmayasınız!

Ecazınız və cazibəniz heç vaxt azalmasın!

***

Səhər erkən, qar hələ adda-budda qalırkən quşların kövrək civiltilərini eşitmək martın gəlişini müjdələyirdi.

***

Deyir, Paris qocalıb, harsuna oxşayır...

***

Kişilərin soyqırımı günü...

***

Qəzetlərdə redaktorlar məsuliyyət hiss edirdilər; sərsəm, zərərli fikirləri, yanlış düşüncələri ya redaktə edir, ya da mətndən çıxarırdılar. Yeni mediada - saytlarda təəssüf ki, redaktorlar bəzən əksini edirlər - İP, çox baxış və hay-küy naminə hər hərzə-hədyana meydan verirlər. Sosial mediadan isə, ümumiyyətlə, danışmağa dəyməz. Xəbər və düşüncənin fərqliliyi və anormallığı nə qədər cazibədar olsa da, cəmiyyət, tarix, xalq qarşısında məsuliyyət hissi heç vaxt arxa plana keçməməlidir.

***

Yaddan çıxan qadınlar...

***

Bütün həqiqətlər keçmişdə, atalar sözlərində gizlənib.

***

Təcrübə keçən tələbələrə tamaşaya baxıb fikirlərini, düşüncələrini yazmağı tapşırmışıq. Gedib süni intellektin dediklərini köçürüb gətiriblər.

***

Həsən Həsənovun tariximizlə bağlı qeyri-adi, inqilabi və düşündürücü fikirlərini həmişə diqqətlə izləyirəm. Bu dəfə Novruz bayramı barədə mülahizələrini bölüşüb. Bayram şirniyyatlarımızın izahı isə lap qəribə gəldi; həm gülümsədim, həm düşündüm. Tabitini təpitməylə bağlamasına isə ürəkdən güldüm. Belə ideyaların tərəfdarıyam; tarixi biliklərlə əfsanələrin, elmlə arzuların çulğaşması düşüncələrə təsir edir, zamanla yeni gerçəkliklər ortaya çıxarır.

Həsən müəllimin şövqünə, enerjisinə, təlqin etdiyi fikirlərə sonsuz inamına, çılğın sevgisinə heyranam.

Bu fikirlərə meydan verdiyinə görə ARB kanalının rəhbərliyinə də ayrıca təşəkkürümü bildirirəm.

***

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanında dil bilgilərindən, dilimizi hiss etmək bacarığından savayı, həm də bədii təxəyyül, ədəbi yaradıcılıq, dolğun və səlis mətnlər yazmaq qabiliyyəti tələb olunur. Məhz buna görə də DİM sədri Məleykə xanım mütəxəssislərə, yazıçılara müraciət edib, ilkin 2000 datalıq səviyyəli bazanın yaradılmasına dəstək olmağa çağırıb. Həmkarlarımı bir daha bu bayram günlərindəki asudə vaxtdan istifadə edib sınaq prosesinə qoşulmağa, imtahanın onlayn platformasında iştirak etməyə çağırıram. Ödənişsiz və asan prosesdir. Bir az vaxt və səbr lazımdır. Gəlin birlikdə bu vacib prosesə dəstək olaq.

***

Ən nikbin, pozitiv yalanı kim danışacaq?

***

Gözəl şairimiz Vaqif Bəhmənli hələ 10 il qabaq qızların telefon sevgisini belə vəsf edib:

Telefon söyləmək ona, azdı, az -
fanardı, oyundu, şəkilçəkəndi.

...Atanı, ananı eşidən kimdi? -
Hamı telefonun sözünə baxır...

...Balaca əllərdə balaca qızlar
Elə bil balaca can gəzdirirlər.

...Telefonla gəzir qumlu sahili,
Telefonla girir dənizə qızlar...

...Telefon yollayır qızları dərsə,
elə telefon da... ötürür evə...

# 148 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur musiqi qrupunun direktoru vəfat etdi

Məşhur musiqi qrupunun direktoru vəfat etdi

14:00 21 aprel 2025
İlhamə Elşadqızının həbs müddəti uzadıldı

İlhamə Elşadqızının həbs müddəti uzadıldı

13:25 21 aprel 2025
Himnimizin sözlərini kim yazıb: Əhməd Cavad, yoxsa Cəmo bəy?

Himnimizin sözlərini kim yazıb: Əhməd Cavad, yoxsa Cəmo bəy?

13:02 21 aprel 2025
Ruhların səssiz addımladığı şəhər — Xocalı

Ruhların səssiz addımladığı şəhər — Xocalı

13:00 21 aprel 2025
Ancelina Colinin Qəzzaya dəstək mesajı

Ancelina Colinin Qəzzaya dəstək mesajı

12:30 21 aprel 2025
Roma Papası vəfat etdi

Roma Papası vəfat etdi

12:15 21 aprel 2025
#
#
# # #