Kulis.az Hədiyyə Şəfaqətin yeni şeirlərini təqdim edir.
***
Necə də bir anda istəyirəm ölməyi...
Necə də istəyirəm
Pəncərəmdəki çiçəyi qoparmaq kimi
Kitabın bir vərəqini cırıb çıxartmaq kimi
Güldanımdakı çobanyastıqlarının suyunu boşaltmaq kimi
Aynaları qırmaq kimi
Və bir şüşə qırığını damarıma sıxmaq kimi
Məni hər şeydən ayırsın
Necə də bir anda istəyirəm ölməyi...
Sakitlik, huzur və sevgi yerinə
Günəş, səma və su səsi yerinə
İstəyirəm kimsə didib çıxarsın sinəmdəki nəfəsi,
Yerinə
Ölümü qoysun
Yaşamaq olmur sənin olmayan həyatla
Nə suallar bitir, nə keçmiş, nə hücum
Nə çıxıb getməyə bir dağ başında evim yoxdur
Nə də içimdə dayanmaq gücüm
Olmur,
Bu yaralarla daha yaşamaq olmur
Necə də bir anda istəyirəm ölməyi...
***
Sahil bağında
Gecə lampalarının işığında yaşıl rəngi dəyişir ağacların
Kölgəsi səkinin üstünə düşür keçib-gedən adamların,
çəkilib getmir kölgələr adamlar kimi
Kölgələr
Ayıq adamlar üçün
Və oyaq adamlar üçün əriyəndir
Sərxoş adamların gözündə hər şeyin yoxluğunda kölgələr qalır
Qarşımda sədd kimi ucalır
Dirəklərin kölgəsi
Evlərin kölgəsi
Maşınların kölgəsi
Küncdəki qəzet köşkünün kölgəsi, skamyaların kölgəsi,
Köpüklü fəvvarələrin kölgəsi
İşıqları söndürün, söndürün işıqları
Mən ulduzları tapmışam
şəhərin orta yerində bir parça göy üzündə
hər şey dumana bürünüb sərxoş baxışlarımda
və göz yaşları içində gülümsəyə bilirəm göy üzünə hələ də
Açmışam qollarımı növbəti dəli rəqsinin havasına həyatın
Çölümdəki Sahil bağının orta yerində
Dağılmaqdadır
İçimin gülümsəyə bilən adamlar ölkəsi
Dənizi verin, dənizi
Göyün kölgəsinin uyuduğu yeganə yeri
***
Ölüm
"Sim-sim, qapını aç"ın arxasındakı xəzinədir
Ölüm
Səsdir
Eşidirsənmi?
Gəzişir
Simlər üzərində uzun barmaqların
Sənin qəlbinin döyüntüsünü eşidirəm, tələsir,
Sənin dodaqlarına toxunuram, soyuqdur
Sənin gözlərindən içəridəki
Adam
Deyir ki,
Ölməyə haqqın yoxdur
Amma
Getməkdən bəhs edir özü də
Körpü...
Çay deyildi ayağımızın altında kükrəyən
Fəlakətdi, üz-üzə gəlməkdi bütün qəzəbimizlə
O bizi də sürüklədi apardı, körpümüzü də
Ölüm
Ən gözəl nəğmədir
Ən gözəl kəlmədir
Ən gözəl yoldur, Sevdiyim
O üzə çatdıracaq ikimizi də...
Üzülmə,
Yaxşımı?
Üzülmə və dənizi sıx ovuclarının arasında bir dəstə ot kimi
Mənim
Yanıma düşümüş əllərim
Hardasa göyə tərəf açılacaq qanad kimi
***
Bir qadın
Saçlarını kəsirsə nə olur?
Kim olur saçlarını kəsəndən sonra bir qadın?...
Rəqsdir
Yaşamaq qədər ölüm də,
Sevgi qədər ayrılıq da,
İçdə çalınan o hava səsləndikcə
Nə olacaq
Bir qadın saçlarının kəsirsə
Bu axşam kəsdim saçlarımı, sevdiyim,
Kəsdim saçlarımı
Üzümü gizlətməyəcək qədər,
Çiynimə tökülməyəcək qədər qaldı saçlarım
Əllərsiz
Saçlara yaraşan budur
Rəqs
Bir yandan da dup-duru sudur
Elə deyilmi,
Təki o axıb getsin...
Çayların nə olur-olsun yatağı var,
Rəqs edə biləcəyi
Saçların
Yoxdur
***
Uzaqdan heç duyulmaz qanad çırpınışları
Duyulmaz əllərdəki kölgə
Rəng
Səs
Sap-sarı
Sap-sarı ayrılıqlar
Sap-sarı kövşənlərin dikilib ortasında
Düşünmək ki, mən niyə, nəyə görə burdayam
Varkən ağ-ağ qanadlar
Varkən mas-mavi sular
Varkən sən
Varkən heç nə
Ürəyimin içinə dolan sərxoş gülüşlər
Harayacan aparıb çıxaracaqdır məni
Oynayarkən uşaqlar
Yam-yaşıl ağacların yerə doğru əyilən
Kövrək budaqlarını
Qırırlar
Ölür nəsə
Ən uzaq, yaxın kəsə
Söyləmək istəyirəm, söyləmək istəyirəm
Səni sevirəm - deyə
Səni sevirəm - deyə ən müqəddəs nəğməni
Sap-sarı ayrılıqlar toxunmadan kimsəyə
Aç qapıları
Mənəm
Mənəm, kimsəsizliyəm
***
Adam aşiq olmuş
Baxmış ki, günəş səhərdən gec oyanır, uzatmış əlini üfüqə
Demiş ki:
- Mən bunu bilmirdim
Baxmış ki,
Yağışdan əvvəl göy üzü bulud açır, demiş ki:
- Mən bunu bilmirdim
Yummuş gözlərini, qaranlığı görməmiş, işıq oynamış bəbəklərində,
Açmış əllərini, bir quş qonmuş barmaqlarına, ovcunu dimdikləmiş
Yuxusunun içinə
Qağayılar girmiş
Ömrü boyu görməmişsə də dənizi
Əvvəl sevinmiş adam, sonra kədərlənmiş
- Niyə mənim qanadlarım yoxdur - deyə
Gülmüşlər adama
Yol boyu daşları saya-saya getməyinə gülmüşlər
Üşüyən budaqları nəfəsiylə isitməyinə gülmüşlər
Gülmüşlər havalı-havalı dolaşmağına,
Adamı dəli oldu zənn etmişlər
Çaşmış adam,
Dayanmış adam,
Qırılmış adam
Çökmüş adam,
kürəyini söykəyib daş hasara,
Pıçıldamış ki
- Mən
Sizin hamınızdan nigaranam...