Savaşdan əvvəl kim idin?

Savaşdan əvvəl kim idin?
29 mart 2017
# 16:54

Kulis.az Hədiyyə Şəfaqətin “Teatr” yazını təqdim edir.

- Müharibədən əvvəl kim idin?

- Mən aktyoram

- Hər şey bitəndən sonra teatra gələcəyəm və səni alqışlayacam...

Bu günlərdə “Portağal bağçası” filminə baxırdım. Yuxarıdakı dialoq da həmin filmdəndir. Dünənki aktyor, bugünkü muzdlu döyüşçü. Ona vətən üçün vuruşduğu deyilib, onların hamısına beyninə yeridilir ki, vətən üçün vuruşurlar, lakin içdə səmimi və kədərli səbəb durur: “Yaxşı pul verirlər” və “Ailəm üçün burdayam...”

Hər səhər dəstəyi azacıq boşaldığından bir qədər çətinliklə açılıb-örtülən qapıdan məni küçə, şəhər və bir mənada dünyadan ayıran, hüzur duyduğum binaya daxil oluram. Əlimi dəstəyə uzadanda gülümsəyirəm, onu düzəltmək heç kimin ağlına gəlmir, bəlkə də bir vint bərkidilməlidir, amma bu, heç kimi narahat etmir.

Pilləkənləri hər gün eyni coşquyla qalxıram, dəhlizlərdən gülümsəyərək keçirəm. Adətən, səhər səssizlik olur, ara dəhliz qaranlıqdır, ancaq mən işıqları yandırmıram - bu keçid dəhlizinin mənim üçün xüsusi anlamı var - o bir işıqlı dəhlizdən digərinə körpü kimidir. Və bu körpünün üstündə üç geniş otaq - məşq otaqları var. Geniş pəncərəli, günəşli, işıqlı otaqlar. Onların qapısı açıq olanda dəhliz işıqlanır, lakin mən onları qapayıram.

Elə bilirəm ki, o işıq o otaqlarda qalmalıdır. Çünki həmin otaqlarda məşq edən aktyorlar hərəsi o işıqdan bir ovuc götürüb özləriylə səhnəyə aparacaqlar... Aktyorların ovuc-ovuc daşıyıb səhnəyə aparacağı, zaldakı tamaşaçıya ötürəcəyi işıq səhərlər sadəcə mənim ayağımın altını işıqlandırmaq üçün xərclənməməlidir. Mənim o işığa heyfim gələr...

- Yox, yox, yox! Alınmadı. Sən burda hökm etməlisən, öz şikarını ələ keçirib onu oynadan heyvan kimi. Bu rola özünü soyunub gəlməlisən. Unutmalısan özünü, özündəki adamı, sən onu atmalısan, unutmalısan, sən obraz olmalısan. Unutmalısan ki, onu oynayırsan, unutmalısan ki, sən o deyilsən - sən “O”-san...

Aktyor susur. Məşqlər təzə başlayıb, o, bilir, o, bilir ki, canlandıracağı obraz o deyil və ona yad olan xarakterə qarşı mübarizə hələ davam edir...

Mən səssizcə onu müşahidə edirəm. Gənc aktrisalar daha rahat yaşayırlar öz obrazlarını, lakin o, bir qədər yaş yetirmiş adam, mənfi, hiyləgər, pozuq əxlaqlı digər adamı qəbul edəmmir. Hələlik qarşı çıxır, özü deyil, qəlbinin dərinliyindəki bir hiss - o hiss ki, məsələn mən eyniylə həmin hisslə öldürməyə qarşıyam - ona mane olur...

Amma o, öz rolunu oynamalıdır. Ya da rejissorun dediyi kimi, onu oynamamalıdır, dönüb O olmalıdır...

Aktyor bilir ki, O ola bilməmək onun məğlubiyyətidir...

Obraz mənfidir, səhnə güzgüdür, o isə sadəcə yaxşı adamdır...

Amma o aktyordur, küçəylə bina arasındakı qapı kimi, o da vasitədir, hansı ki, zaldakı tamaşaçı ondan daxil olaraq xarakteri duyacaq və yaşayacaq, ona hopacaq və içində götür-qoy edəcək ki, “Nə üçün?”

Beləliklə, bu bir savaşdır.

Amma mən indi buna qarşı deyiləm...

Mən sakitcə aktyoru müşahidə edirəm və bilirəm ki, əgər ehtiyac yaranarsa, bu adam, oynamalı olduğu mənfi rola iç savaş verən adam daha dəhşətli şeylər edə bilər. Bəlkə bir gün bir yerdə ondan da soruşacaqlar:

- Savaşdan əvvəl kim idin?

- Aktyordum

- Niyə döyüşürsən?

- ....

Yox, artıq buna qarşılıq heç birimizin cavabı yoxdur.

Heç birimizin...

# 1284 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #