Səni sevdiklərin daş-qalaq eylər... - Günün Şeiri

Səni sevdiklərin daş-qalaq eylər... - <span style="color:red;">Günün Şeiri
22 avqust 2019
# 14:07

Bu gün mərhum prezident Əbülfəz Elçibəyin anım günüdür. Kulis.az bu münasibətlə Ramiz Rövşənin ona həsr etdiyi şeiri təqdim edir.

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?

Silərsən gözündən axan yaşları
Öpüb əzizlərsən sən o daşları.
Deyərsən: “Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!”

Hər daş özü boyda köz olub yanar,
Cana damğa kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan-başa çılçıraq eylər.

Bircə tilsimin var, sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?
Tanrı Tanrıdırsa, öz Elçisini,
Min bir daş altında yenə sağ eylər.

Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan Tanrı sənə,
Bir ev tikib saray eylər.

# 4396 dəfə oxunub

Müəllifin son yazıları

# # #