Başqa odalarda sevişməli – GÜNÜN ŞEİRİ

Başqa odalarda sevişməli – <span style="color:red;">GÜNÜN ŞEİRİ
14 iyul 2016
# 10:47

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Şəhriyar Del Gerani. Başqa sabahlarda oyanmaq.


nəsə,
başqa cür olmalıdı nəsə.
başqa günəşlə açılmalı səhərlər…

başqa gecələrdə içməli,
başqa odalarda sevişməli,
başqa qollarda üşüməliyik...

mütləq dəyişməlidi nələrsə.
məsələn,
başqa adam üçün darıxmalı,
başqa ümidlərlə yaşamalı,
başqa içkilərlə sərxoş olmalıyıq...

tanış adamlarla,
tanış küçələrlə
tanış dinlərlə də
tanrını asan tapırıq.
asan dönük çıxırıq
tanış günahlarla da…

nəsə
başqa dünya olmalı
tanış olmasın günahı
tanış olmasın allahı
tanış olmasın qadını...

nəsə
başqa ömür olmalı
tanış açılmasın sabahı…

sən də gec olmadan dəyişməlisən

nəsə,
başqa cür olmalısan mütləq.
ya da
mən tamam başqasına vurulmalıyam…

nəsə
başqa cür olmalıyıq necəsə…

# 1429 dəfə oxunub

Müəllifin son yazıları

# # #