Yenə də həyatı səndən umaydım... - GÜNÜN ŞEİRİ

Yenə də həyatı səndən umaydım... - GÜNÜN ŞEİRİ
25 may 2016
# 11:36

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...

İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Nüsrət Kəsəmənli: Sən gərək özünü tanıtmayaydın

Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın.
Yenə də həyatı səndən umaydım,
Elə biləydim ki, dünyada təksən.
İllərin ömrümdən apardığını
Elə biləydim ki, gətirəcəksən.
Bahar gözləyirdim,
yenə də qışdı,
Bir arzu, bir ümid öldürməkdənsə
Aldana-aldana yaşamaq xoşdu;
Sən gərək özunü tanıtmayaydın...

Sənə baxa-baxa sənin üzündə
Görünür özgəni sevmişəm onda.
Hər titrək sözümü sənin gözündə
Yəqin özgəsinə demişəm onda.

Hissin xumarında yumub gözünü
Onda məhəbbətim yuxulu imiş.
Sonradan oyanıb,
onda bilib ki,
Suyun lal axanı qorxulu imiş;
Sən gərək özünü tanıtmayaydın.

Sən gərək özünü tanıtmayaydın;
Ömür də beləcə keçib gedəydi.
Sən demə, marala atdığım güllə
Maral dərisində tülküyə dəydi...
Sadəlövh qəlbimdən,
məhəbbətimdən,
Keçdiyim yollardan utanıram mən;
Yuxulu gözümdən ağrılar keçir,
Yanımdan sevgisi doğrular keçir,
Səndən yox,
onlardan utanıram mən...
Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın..

# 1074 dəfə oxunub

Müəllifin son yazıları

# # #