Yanğının nə olduğunu mən bilirəm

Yanğının nə olduğunu mən bilirəm
5 mart 2018
# 10:22

Hər dəfə yanğın haqqında xəbər eşidəndə o günlərə qayıdıram, gözümün önündə alovlar boy verir; mənşəyi bəlli olmayan alovlar.

Nənəm həmişə deyirdi ki, kibrit tükənəndə qorxuram, axı kibrit işıqdır, həyatdır. Müharibənin dəhşətini görmüş qadın kibrit yığıb saxlayırdı, kibrit əlindən tərpənməyə yer olmayanda onları xəlvəti divanın altına yığırdı. Ən çox atam anlayırdı onu, nənəmin kibrit yığmaq alışqanlığını üzünə vurmurdu. Anlayışlı idi atam. Amma nənəmin bir vaxtlar yaşamaq üçün yığdığı kibrit öldürdü onu. O kibrit ki, əvvəl siqaretini, sonra divanı, atamı və bizi yandırdı...

Bizi daha çox yandırdı, içimizi yandırıb külə çevirdi. Çox şeylər öldü ona. Amma atam bir az yaşadı - 11 gün. Onun 5 saylı xəstəxanada yatdığı 11 gün həyatımızın ən ümidli günləri oldu.

Həkimlər dedi ki, 15 gün gözləmək lazımdır, bəlkə yaşadı. Təqvimlər gözümüzdə böyüdü, özümüz də böyüdük təqvimə baxa-baxa, günləri saya-saya, atamın xəstəxanadan evimizə qayıdacağı günləri saya-saya.

Görəsən narkoloji dispanserdə yanıb külə dönən xəstələrin yaxınları neçə gün gözləmişdilər? Baxmışdılarmı təqvimə? Ümid etmişdilərmi? Əlbət ki etmişdilər. Ümid saman çöpü kimidir, bərk ayaqda adam ondan yapışır.

Atamdan sonra əlimi-ayağımı tez-tez yandırıram. Bəlkə də ehtiyatsız davrandığımdandır. Bəlkə də o ağrını təkrar-təkrar hiss etməli olduğum üçündür. Ufuldayanda atamın ağrıları içimi deşir. “Görürsənmi necə ağrıya bilər adam?” Tez susuram. Bu ağrılar o ağrıların yanında nədir ki?

Bu ağrı yaddaşın ağrılarıdır. O vaxt yanğından sonra xəstəxanada pul qarşılığında atama iynə vurub elə bil ağrılarımızdan həzz alan tibb bacısından asılılığın ağrısıdır. Pul verməsək, onun atamı ölümə tərk edəcəyi qorxusunun ağrısıdır.

Daşda ağrı yoxdu. Amma daşa olan qorxuda ağrı var, - deyir Dostoyevski “Şeytanlar” əsərində.

Yenidən bir anlıq təsəvvür elədim ki, bu adamlar necə köməksiz idilər. Biradamlıq quyudan çıxa bilməyəcək qədər gücsüz. Adətən narkotika asılılığı insanın özüylə mübarizəsindən başlayır. Və insan o vaxt narkotikaya aludə olur ki, özünə uduzur.

Onlar da özlərinə məğlub olmuş insanlar idi. Öz ağrılarının əlində əsir-yesir olan, özlərinə gücləri çatmayacaq qədər aciz. Bəlkə də müalicəyə ümid edirdilər, əgər müalicə olunmaq üçün güc tapmışdılarsa, ümidləri vardı. Bəlkə də faydası olacaqdı, kim bilir.

Xəstələrin ana-bacılarını - fəryad edənləri fotoşəkillərdə gördüm... Mən də o vaxt ağlayırdım. Amma səssizcə. Çünki təbiətim belədir. Amma insanın içində elə fəryadlar dolaşır ki. Bəlkə də üzə vursan çox şeylər yerinə oturar. Amma üzə vurmaq olmur. Çox şeyləri demək olmur.

Atamın - Natiq Səfərovun tərcümə kitabları adətən U.Folknerin “Yanğın” hekayəsiylə başlayır. Müəllifinin ölümünü əvvəlcədən hiss edən bədii mətnlərdən biri... Bu məqamın özü də ayrıca ədəbiyyatdır. Bu məqam da Folknerin ağrıları kimi lal-dinməzdir, amma çox şeydən xəbər verir.

Mən özüm də məlum yanğından sonra, hekayədəki - meşəyə sığınan o balaca oğlanın keçirdiyi hissləri keçirmişəm. Məşum alovdan sonra qəfil kəskin soyuğu içimdə hiss etmişəm, “Nə olar, pəncərələri bağlayın, Allah xatirinə” - “Allah xatirinə, Ebner”,- ailəsini yanğından qorumaq istəyən qadın da belə deyirdi.

Bunları reallıqdan uzaqlaşmaq, bədii mətnlərin təxəyyülə başımı qatmaq niyyətilə yazıram. Amma bədii mətnlər də canlıdır, hiss edə bilir, necə ki atamın ölümünü hiss eləmişdi və ona hekayənin yanğın olan hissəsini tərcümə etməyə “imkan verməmişdi”.

Söhbət “Uoş” hekayəsindən gedir. Nədənsə əsərin yanğın olan hissəsini tərcümə etməkdən vaz keçmişdi atam. Qəribə təsadüfdür, deyilmi? Tənqidçi Cavanşir Yusifli yazır ki, bu heç də təsadüf deyildi:

“Keçən əsrin 90-cı illərində “Cahan” jurnalında çalışanda U.Folknerdən hansısa mətni vermək istədik, çünki böyük yazıçının yubileyi yaxınlaşırdı. Mən tərəddüd etmədən gedib məşhur tərcüməçi ilə görüşdüm (Tərcümə Mərkəzində) və arzumuzu dedim. Tərcüməçi məni kompüter otağına yolladı ki, mətni ordan götürüm. Dedi ki, bu hekayə (“Uoş”) heç yerdə çap edilməyib. Burda bəlkə belə bir faktı qeyd etməyin yeri deyil, ancaq deyim, Folkner yazmağa başladığı hekayələrin əksərini sonradan böyük romana çevirirdi. Tərcüməni orijinalla tutuşduranda məyus oldum, sondan iki-üç, bəlkə daha çox səhifə edilməmişdi. O başqa bir hekayəni də verə bilərdi, ancaq niyə məhz axıra qədər eləmədiyi bu hekayəni verdi - şübhəsiz ki, o dəmdə bu sual ağlıma gəlməzdi.

“Uoş” hekayəsində yanğın var, qəhrəman əlində dəryaz yana-yana jandarmaya tərəf yürüyür, yana-yana... Tərcüməçi hekayənin bu hissəsinin tərcüməsindən qaçmışdı, yayınmışdı, ancaq “qəza mətnindən” qaçmaq olmur... Necə ki Kamyu qaça bilməmişdi...”

Folkner “Uoş” hekayəsini “Avessalom, Avessalom” romanına əlavə kimi yazıb. Fərz edək ki, roman bir rəsm əsəridir, hekayə isə kətanı amansız bir alovla yarıb keçən nəsnə. Yazıçı rəssam kimi işləyib əsəri, çünki bu ağrını nə demək, nə danışmaq olar. Bu ağrı lal və dinməzdir, hisslərimizin ən dərin qatlarından soyuq bir kədərlə boylanır, amma ən adi titrəyişlərə reaksiya verir, ən həssas nöqtələrə toxunur, incidir, tikan kimi dalayır. Bu ağrı hər bir an ölümcül virusa, yırtıcıya çevrilə bilər. Bu ağrı alçaldır bəzən. Və bu ağrını heç vaxt unutmaq olmaz.

Axı bu AĞRInı necə unutmaq olar?

Bu sualdan sonrakı yeri boş saxlayıram. Hər kəs öz fikrini yaza bilər bu boşluğa. Alovdan sonra daz qalmış boşluğa...

# 1639 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #