14 uşaq doğmaq istəyən müəllimə

14 uşaq doğmaq istəyən müəllimə
23 oktyabr 2017
# 10:30

Bir dəfə sosial şəbəkədə “Görəsən ehtiyac içində olanlar bunca problemin içində niyə çox uşaq dünyaya gətirirlər, imkanlı adamlarsa adətən bir-iki uşaqla kifayətlənirlər?”- deyə sormuşdum və bir kişinin tərs reaksiyası ilə üzləşmişdim.

Özünü təhqir olunmuş hesab edən kişi yəqin çoxuşaqlı ata idi. Uşaqlar da çox güman ki, şəxsi təşəbbüsü ilə dünyaya gəlmişdi. Yoxsa niyə mənim məsum sualıma acığı tutsun ki?

Anlamadığım bir şey var, maddi ehtiyacı olanlar uşaq doğmağa niyə bu qədər həvəslidirlər? Niyə insanlarımız bu məsələyə bu qədər məsuliyyətsiz yanaşırlar? Uşağı dünyaya gətirməklə iş bitmir axı. Əksinə, hər şey başdan başlayır. Yeni insan dünyaya gəlir. Dünyadan tamamilə xəbərsiz olan yeni insan. Yeni insanı dünyaya hazırlamaq sizə asanmı gəlir, əfəndilər?

Əfəndilər dedim, Nazim Hikmətin şeiri yadıma düşdü:

Xoş gəldin cocuk!

Yaşama sırası səndə

Sənin yolunu gözləyir xəstəlik, boğmaca, qızılca, qızdırma

Ürək infarktı, xərçəng, işsizlik-filan

Xoş gəldin çocuk

Yolunu gözləyir

Qara sevda, əyyaşlıq-filan

Xoş gəldin cocuk...

Yaşamağın nə qədər ağır olduğunu və kiçik insanın yolunu gözləyən böyük faciələri anladır bu şeirində ustad. Həqiqət acı olur, amma ondan qaçmaq da mümkün deyil, bir yerdə yaxalayır adamı.

Yaşamaq asan deyil. Üstəlik əgər siz özünüzdən başqa insanların həyatı üçün də məsuliyyət daşıyırsınızsa. Ev heyvanı saxlayan insanlar belə itləri, pişikləri üçün narahat olurlar, istər-istəməz onun sabahını düşünürlər.

Ailələr var ki, maddi və mənəvi problemlərlə baş-başadır, övladına verəcəyi heç nəyi yoxdur. Nə maddi, nə də mənəvi. Amma uşaq ardınca uşaq dünyaya gətirir. Özünü də, zavallı uşaqları da zillətə məhkum edir.

Bir müddət əvvəl ölkəmizə çalışmağa gəlmiş türkiyəli bir həkimlə söhbət edirdik, sözarası dedi ki, həftə sonu mütləq Ankarada olmalıyam, çünki həftə sonlarını oğluma həsr edirəm, onu gəzməyə çıxarıram, təbiət qoynunda müxtəlif mövzularda söhbətlər aparırıq.

Bu həkim çox məşğul adam idi, vaxt azlığından gileylənirdi, amma övladına ayrılan vaxt hətta işindən də vacib idi.

Söhbət zamanı məlum oldu ki, həkimin yalnız bircə oğlu var.

- Niyə bir uşaq? –mən maraqlandım.

- Bilirsiniz, indi ölkədə vəziyyət çətindir. Uşağı təmin etmək asan məsələ deyil.

Həkimin həyat yoldaşının da özüylə birlikdə təhsil aldığını, yəni onun da həkim olduğunu xatırlayıb susdum.

Təsəvvür edin ki, iki uğurlu həkim bir uşağın gələcəyi üçün narahatlıq hissi keçirir, ikinci uşağın məsuliyyətini üzərinə götürmək istəmir.

Bu, təkcə övlada deyil, həm də insanlığa verilən dəyərdir. Övladını, gələcəyin insanını təhsilli, təmin olunmuş görmək istəyir.

Amma cahil valideyn nə edir? İki həkim bir uşağın gələcəyi üçün təlaş keçirdiyi halda fəhlə baba bir düjün uşaq dünyaya gətirir.

Burda söhbət təhsildən getmir. Təhsilli cahillər də var. Məsələn, mən bir müəllimə tanıyıram, hansının ki, işi-gücü ancaq uşaq doğmaqdan bəhs etməkdir. Əlacı olsa, uşaqları çoxaltmaq naminə çoxsaylı layihələr təşkil edər.

Özünün 7 uşağı var. Əgər əri cavan ikən dünyadan köçməsəydi, uşaqların sayı yərin ki, iki dəfə çox olacaqdı.

Qəhrəmanımız uşaqlarının heç birinin təhsil alması barədə düşünməyib. Heç təlim-tərbiyələrinə də lazımi diqqət ayırmayıb. Bu ondan ötrü vacib də deyil. Vacib olan qadının bacardığı qədər çox uşaq doğmasıdır.

Uşaq doğmağın gərəkliliyini gəlinlərinə də bərk-bərk tövsiyə edir.

Müəllimə 20 il qabaq məzun olan şagirdlərindən bəhs edərkən gözləri yaşara-yaşara bunları deyir: “Təsəvvür edirsiz, şagirdim artıq nənədir!”

Onun şagirdləri arasından yəqin ki, mühəndislər, müəllimlər, həkimlər çıxmır. Çünki müəllimə heç vaxt bu barədə danışmır. Bütün qayğıları ancaq uşaq doğmaq problemindən gəlib-keçir.

Süjet xətti uşaq problemi ilə bağlı olan filmləri xüsusiə bəyənir və həmin kadrlardan ağız dolusu danışır.

Düşünürəm ki, bu qadın gərək müəllimə yox, mamaça olardı.

Və sizi inandırım ki, belə təhsilli cahillərimiz bir deyil, iki deyil.

Bizim ən böyük problemimiz maddiyyat deyil.

Bizim ən böyük problemimiz cəhalətdir.

# 2152 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #