Bu ilin yayında onun 49 yaşı tamam olub. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır. Bir müddət dünyanın ən varlı qadını olub.
Kulis.az dünyanın 65-dən çox dilinə tərcümə edilən “Harri Potter” seriyasının müəllifi, britaniyalı yazıçı Coan Ketlin Roulinqin həyatdan öyrəndiklərini təqdim edir.
MƏN MAGİYADAN bezmişəm.
BİR AMERİKAN JURNALİST MƏNDƏN SORUŞMUŞDU: “Düzdürmü ki, siz Harri Potterin birinci kitabını salfet üzərində yazmısınız?”. Cavab verməmək üçün özümü güclə saxladım: “Yox, əzizim, çay qutularının üstündə, əlbəttə ki”.
YOXSULLUQ — ALÇALMAQDIR, KƏDƏRDİR, QORXUDUR və çoxlu başqa dəhşətli sözlərdir. Yalnız axmaqlar yoxsulluğu romantikləşdirirlər.
BİR NEÇƏ İLƏ ÖNCƏ – mən hansısa bir amerikan təşkilatından məktub aldım. Onları mənə ilin adamı mükafatını təqdim etmək istəyirdilər. İmtina etdiyimi yazdım. Mənim varlanmaq istəyim yox idi, sadəcə yaxşı bir kitab yazdım və əvvəldən bu kitabın yaxşı olduğunu bilirdim.
ŞÖHRƏT MÜXTƏLİF OLUR. Yazıçı şöhrəti xüsusi bir şeydir. Heç kim sənin dalınca paparassi yollamayacaq ki, yazıçını bikinidə çək.
MƏNİM HƏYATIM OLDUQCA ADİDİR, amma bəziləri bunu hətta darıxdırıcı da adlandırır. Bişirməyi, uşaqlarla evdə vaxt keçirməyi sevirəm və yalnız hərdənbir gözəl don geyinib hansısa təqdimata yollana bilərəm.
İNDİ HƏYATIMDA ƏN DƏHŞƏTLİ ŞEY – boş soyuducudur. Bəli, mənim soyuducum bu dəqiqə bomboşdur. Mən hələ də bilmirəm ki, axşama nə yeyəcəyik. Belə-belə işlər. Bundan daha dəhşətli bir şey xatırlaya bilmirəm.
MƏNDƏ HEÇ VAXT iki həftədən artıq gündəlik tutmaq alınmayıb.
MƏN ÇALIŞIRAM Kİ, QADINLAR üçün olan və fantastika kitablarını oxumayım. Amma bir saat boş vaxtım varsa, yanımda olan bütün kitablara şans verməyə hazıram. Çünki yazmağı öyrənmək üçün, çoxlu oxumaq lazımdır, başqa yolu yoxdur.
NAĞILLARDA SEKS LAZIM DEYİL. Heç kim təkbuynuzların fonunda sevişmir.
MƏN ÖZ REDAKTORUMA and içdim ki, heç vaxt "Bozun əlli çaları"nı (İngiltərə yazıçısı Erika Ceymsin erotik romanı – kulis.az) əlimə götürməyəcəyəm.
MƏN ÖZ KİTABLARIMA UŞAQLARIMA YANAŞDIĞIM KİMİ YANAŞMIRAM. Oğluma baxıram, o mənim gözlərimdə idealdır. Amma kitablarıma baxanda düşünürəm ki, imkanım olsa, filan yerdə, filan şeyi dəyişərdim.
GƏNC ADAM EHTİRASIN NƏ OLDUĞUNU BİLMƏYƏ BİLƏR. Amma mən yaşlı adamların gənc olmağın nə demək olduğunu unutmasını başa düşmürəm.
BAŞA DÜŞMÜRƏM Kİ, niyə birdən-birə “kök” (çəki mənasında- kulis.az) sözü insanın ən qorxunc xarakteristikası oldu. Doğrudanmı “kök” kinli adamdan, paxıldan, dayazdan, şöhrətpərəstdən, darıxdırıcıdan və ya qəddardan daha pisdir?
İNSANLAR onlara ən az lazım olan şeyi seçmək bacarığına malikdir.
MƏN İNSANLARIN YADDAŞINDA ELƏ BİR QADIN KİMİ QALMAQ İSTƏYİRƏM Kİ, ona verilmiş istedaddan tam istifadə edib, hər şey qazandı.
DÜNYADA ƏN ÇOX ONA TƏƏSSÜF EDİRƏM Kİ, anam qızının yazıçı olduğunu bilmədi.
BU YAXINLARDA mağazada 20 yaşlı bir qıza rast gəldim. O yaxınlaşıb məni qucaqlamaq istədiyini dedi. Biz qucaqlaşdıq. Sonra o dedi: “Siz mənim uşaqlığımsınız”. Həyatda belə şeyləri çox az-az eşitmək olar.
MƏNƏ ELƏ GƏLİR Kİ, müharibənin ən dəhşətli tərəfi yetim qalmış uşaqlardı.
MƏN HƏMİŞƏ UCADAN DANIŞIRAM. Deməyə sözün varsa, pıçıldaya bilmirsən.
Mənbə: esquire.ru