Ölülər üçün sosial şəbəkələr: Virtual qəbiristanlıq

Ölülər üçün sosial şəbəkələr: <span style="color:red;">Virtual qəbiristanlıq
2 iyul 2018
# 21:00

Yəqin əksəriyyətimizin Facebook dostları siyahısında dünyasını dəyişmiş insanlar var. Amerikalı texnologiya yazarı Rendel Manronun hazırladığı alqoritmə görə, 2060-cı ildə Facebookda ölü istifadəçilərin sayı yaşayanların sayını keçəcək. Yəni Facebook bir müddət sonra “virtual qəbirstanlığ”a çevriləcək.

Təsəvvür edin ki, təkcə 2013-cü ildə Amerikada 290 min Facebook istifadəçisi dünyasını dəyişib. Bəs ölümdən sonra hesabların aqibəti necə olur?

Elə düşünürsünüz, şəbəkələr ancaq “dirilər” üçündür? “Ölülər” üçün bəzi şəbəkələr mövcuddur. Gəlin onlarla tanış olaq:

Perpetu

Öləndən sonra profillərinizi idarə edən süni intellekt layihəsi sayəsində həmişə “online” olub, adınızdan müxtəlif paylaşımlar edə bilərsiniz. Əvvəlcədən verilən göstərişləri istifadəçi öləndən sonra aktivləşdirən sistem bir az qorxulu görünsə də, texnologiyanın uğurunun yaxşı nümunəsidir. “Perpetu” ilə dünyanızı dəyişəndən sonra profilinizdə sevdiyiniz bir mahnının paylaşılmasını, yaxud dostlarınıza son sözünüzü yayımlaya bilərsiniz. Hətta istədiyiniz şəxsə e-mail də göndərmək mümkündür. Zarafatcıl dostunuzu itirmisinizsə, belə qorxulu hallarla qarşılaşmağa hazır olun. Bu şəbəkədən istifadə üçün şifrə lazım deyil. Sadəcə illik 15 dollar verib üzv olmalısınız, yaxud birdəfəlik 100 dollar verərək proqramı almağınız kifayətdir. Bundan sonra bütün sosial media profilləriniz bu proqrama qoşulur.

Ghost Writer

Digər maraqlı proqram da “Ghost Writer”dir. Yəni “Ruh yazar”. Adı belə qorxunc olan şəbəkənin nələr edə biləcəyini yəqin təsəvvür etmək çətindir. “Ruh yazar” öləndən sonra sizin yerinizə tvit atır! “Perpetu”dan fərqli olaraq burada şifrə tələb olunur. “Ürəyin atmasa da, tvit atmağa davam et!” sloqanı ilə fəaliyyət göstərən şəbəkə əvvəlcədən yazdığınız tvitləri öləndən sonra yayımlayır.

If I Die

“Dead Social” və “If I Die” adlı başqa ölüm sonrası proqramlar da var. “If I Die” şəbəkəsi öldüyünüzü anlamaq üçün 3 dostunuzdan təsdiq istəyir, “Dead Social” isə “əbədi yaşa” sloqanı ilə öləndən sonra sosiallaşmağa şərait yaradır.

2014

# 4521 dəfə oxunub

Müəllifin son yazıları

# # #