Azərbaycan toylarında rast gəlinən 10 tip

Azərbaycan toylarında rast gəlinən 10 tip
15 iyun 2019
# 16:07

Həftə sonları toylar daha çox keçirildiyindən Bakıdan şənbə axşamları kabab iyi gəlir. Həmin gün hər tərəf qalstuklu kişilər, günortadan gözəllik salonunu zəbt etmiş, özəl olaraq toy üçün bəzənmiş, iki toya eyni paltarı geyinməyən, geyinsə ikinci toyda təkrar adamların olma ehtimalını bir riyaziyyatçı dəqiqliyi ilə hesablayan qadınlarla dolu olur. Toylarımız da maşallah dünyanın ən dəbdəbəli tədbirləridir. Hamısı da bir-birinə oxşayır.

Kulis.az-ın təqdim etdiyi bu yazıda bütün Azərbaycan toylarında tez-tez rast gəlinən 10 tipi toplamışıq. Əlavəniz varsa, şərh bölməsində yazmağı unutmayın.

1. Təşkilatçı qohum. Hər toyda mütləq belə bir adam var. Bütün toy boyu ayaq üstə qalır. Gələnləri qarşılayır, yerləşdirir, şadlıq evinin adminstratoruna iradlarını bildirir. Şadlıq evinə hamıdan qabaq gələn bu adamın üzü gülmür, həmişə gərgindir. Amma toyun sonlarına doğru hər masada ayaq üstə içdiyi 50 qramlara görə axırda onu sürüyə-sürüyə toy salonundan çıxarırlar.

2. Toya zorla gətirilmiş yeniyetmə qohumlar. Valideynlərin onlara yalvarırlar ki, toya getsinlər. Yoxsa toy sahibi inciyər. Bu gənclər də məcbur qalıb toya gəlirlər. Amma fərqli geyinirlər. Fərqli geyinməyə çalışırlar. Guya bununla da öz etirazlarını bildirirlər. Toyun axırına kimi də başlarını telefondan yuxarı qaldırmırlar. Onları rəqsə dəvət edənləri hər an bıçaqlamağa hazırdırlar. Amma heç ağıllarına da gətirmirlər ki, elə 4-5 il sonra o bəy-gəlin masasında özləri oturmuş olacaqlar.

3. Rəqs etməyi bacaran qohumlar. Onlar rəqs etmək bacarığı ilə seçilirlər. Bəziləri hətta bu mərhələyə çatmaq üçün evdə rəqs havalarını qoyub aylarla məşq ediblər. Toylarda insanlarımızın ən sevdiyi məşğuliyyətlərdən biri də rəqs edənlərə tamaşa etməkdir. Onları da həvəsləndirən budur. Diqqət mərkəzindədirlər. Həm də onların əsas məqsədi camaatı oynatmaqdır.

4. İmkanlı qohum. Hər bir nəslin mütləq imkanlı bir qohumu var. Həmin insan toy zalına girəndə sifətindən başa düşürsən ki, bu gün getdiyi 7-ci toydur. Çünki bütün yaxın-uzaq qohumlar, tanışlar, bir dəfə çaşıb salam verdiyi adamlar onu toyuna çağırır. Adam var bir gündə toylara 1500-2000 manat xərcləyir. Bu imkanlı qohuma toyda mütləq söz verirlər. O, çıxış edərkən bəyin atası da mütləq yanında dayanır. İmkanlı qohum rəqs edərkən hər adamın cəsarəti çatmaz meydana girsin. Və toy sahibi gözünü o adamın cibinə dikib. Toya ən çox pul salacaq adamdır o.

5. Çox içən qohum. Əslində toyun ən səmimi adamıdır. Bu tip adətən bütün qohumlarla yaxşı yola gedir. Ona görə də hər masada mütləq bir az araq içir. Sərxoş olduqdan sonra kimi harada gəldi tutub öpür. Öpülməyi sevməyən balaca uşaqlar adətən bu insanlardan uzaq qaçırlar. Arvadının göz ağartmağına baxmayaraq toyun sonunda onu “sağ” tapmaq çətin məsələdir. Yediklərini qarnında evə aparmaz, şadlıq evinin ayaq yolunda geri qaytararlar.

6. Heç kimin tanımadığı və heç kimi tanımayan tənha qonaq. Adətən dilinin bəlasına düşən adamdır. Ola bilsin bəylə haçansa bir yerdə işləyib. Bəy çoxdan o işdən uzaqlaşıb. Amma bu tənha qonaq nə vaxtsa ona “toy eləsən məni də çağır” dediyinə görə, indi toya dəvətlidir. Bəyi bəlkə də 7 ildir görmür. Bu tiplər toyda lal-dinməz oturur. Heç kimi tanımadığına görə, söhbətləşməyə adamı da yoxdur. Bəlkə bəy də onu sifətdən xatırlamır. Bir də bu cür tiplərə atasının, qayınatasının, qardaşının, yaxud başqa bir adamın əvəzinə toya gedənlər arasında rast gəlmək olar.

7. Gəlinin bacısı. Xüsusilə saç düzümləri ilə, sinəni və ayaqları çöldə qoymaqla fərqlənirlər. Cem Yılmazın sözü olmasın, bəy artıq seçimini edib, bu geyim nəyə lazımdır axı? Onu adətən ortalıqda ora-bura gedən, gəlinin saçını, paltarını düzəldən, bəy oynamağa gedərkən onun yerində oturan görmək olar. Toya gəlindən daha çox hazırlaşır, ondan daha çox həyəcanlanır.

8. Qohumların uşaqları. Toyların vazkeçilməz obrazları. 50 dəfə ayaq altında qalsalar da, onlara heç nə olmur. Durub əvvəlki kimi aləmi bir-birinə qatmaqla məşğul olurlar. Kimsə oynayanda onları yıxır, sonra götürüb öpür və oynatmağa başlayır. İndiki uşaqlar xatırlamaz, vaxt var idi toylarda şabaş olardı. Göydən pul yağardı. Uşaqlar da o pulu yığardılar. İndiki uşaqların toyda tək əyləncəsi şarları partlatmaqdır.

9. Kənddən gələn qohumlar. Bu yazıda onları unutmaq günah olardı. Gəlişləri ilə şəhərdəkilərin həyatına rəng qatırlar. Əlbəttə, kənddən gələn sovqatları nəzərdə tuturuq. Onların şəhərdəki qadınlardan fərqli olaraq “iki toya eyni paltarı geyinməmək” kimi dərdi yoxdur. Şəhərdə yaşayan qohumları kimi toya qalstuk taxmaq, üzünü ağappaq qırxmaq məcburiyyətləri olmadığına görə, onları toyda hamıdan ayırmaq çox asandır.

10. Şair qohum. Ona söz veriləndə mütləq son yazdığı şeiri oxuyur. Bəzən isə bu şeir sırf bəylə gəlinə ithaf olunur. Heç kimin tanımadığı bu şairi toylarda elə təqdim edirlər ki, adam ədəbiyyatdan xəbərsiz olduğunu düşünür. Bir də elə tiplər var ki, onlar şair deyil, amma həmişə söz veriləndə şeir deyirlər. Özü də həmişə eyni şeiri.

# 16268 dəfə oxunub

Müəllifin son yazıları

# # #