İnsan həyatını dəyişəcək anlar olur. Bəzən bu kiminsə dediyi sözlə baş verir. “Reddit” sosial şəbəkəsində insanlar onları dəyişən sözlərdən yazıblar.
Kulis.az onlardan bəzilərini təqdim edir.
Siz də öz hekayələrinizi şərhlərdə bölüşə bilərsiniz.
Ana
Anam can verirdi. Dostum mənə dedi: “Onun üçün ağlamağa vaxtın çox olacaq – bunu onun gözlərinin qabağında etmək lazım deyil...”
Onun bu sözləri həqiqətən mənə anlamağa kömək etdi ki, mənim hislərim həmişə o qədər əhəmiyyətli deyil. Əgər isterikanı təxirə sala bilərsənsə — təxirə sal. Bunu bacarmağım mənə bütün həyatım boyunca kömək etdi.
Təhsil
38 yaşım olanda təzə radioqrafiya sahəsində 2 illik təhsil alıb-almamaq barədə düşünürdüm. Dostumla söhbət edəndə dedim: “Yenidən təhsil almaq üçün çox yaşlıyam. 2 ildən sonra diplom alanda 40 yaşım olacaq”. Dostum cavabı belə oldu: “Sən gedib oxumasan da 2 ildən sonra 40 yaşın olacaq, amma o zaman sənin o səviyyədə təhsilin olmayacaq”. Mənim indi 60 yaşım var və aldığım təhsil həyatda layiq olduğum kimi yaşamağıma kömək etdi.
Ətrafımızdakı müəllimlər
“Qarşılaşdığın hər bir adam sənin bilmədiyin nəyisə bilir” – bir dəfə babam mənə belə demişdi. Bu sözdən sonra mən ətrafımda nə qədər müəllimlərin olduğunu anladım.
Hovuza tullanma
13 yaşım olanda 6 yaşlı bacıma hovuza bortdan tullanmağı öyrətməyə çalışırdım. O qorxurdu, narahatlıq keçirirdi, tullanmaq istəmirdi. Bu ümumi hovuz idi. Orda bir nəfər yaşlı qadın da üzürdü. O bizim gərginliyimizi görüb yaxınlaşdı. Həmin an mən bacım deyirdi: “Qorxuram! Çox qorxuram!” Qoca qadın dedi: “Qorx! Amma bütün hallarda bunu et!”
Unuda bilmədiyim bu hadisə 35 il əvvəl olmuşdu. Bu sözdən sonra anladım ki, qorxusuz olmaq vacib deyil. Əsas olan qorxsan da, hərəkət etməkdir!
Əlil arabası
Bir dəfə əlil arabasında oturmuş fiziki qüsurlu bir nəfərlə rastlaşdım. Dedi ki, bir dəfə ondan bu əlil arabasına “həbs olunmağın” çətinliyi barədə soruşublar. O da cavab verib ki, əlil arabası onu asılı vəziyyətdə saxlamayıb, əksinə azad edib. Araba olmasaydı, o xəstə halda uzanıb evdə qalardı və heç hara çıxa bilməzdi.