Əvvəl bəstəkar, sonra aşpaz olan dahi

Əvvəl bəstəkar, sonra aşpaz olan dahi
7 noyabr 2015
# 09:00

Kulis məşhur İtaliya bəstəkarı Coakkino Rossini haqqında məqaləni təqdim edir..

Bəstəkarın uşaqlığı

O, 29 fevral 1792-ci ildə İtaliyanın şərq sahilində yerləşən kiçik Pesaro qəsəbəsində dünyaya göz açıb. Rossini elə bir ailədə doğulmuşdu ki, gözünü açandan valideynlərinin musiqi ilə məşğul olduğunun şahidi olmuşdu. Çünki onun atası korno ifaçısı, anası isə opera müğənnisi idi. Atası 1796-cı ildə siyasi qarşıdurmalar zamanı Fransa inqilabının tərəfində olduğu üçün həbs edilmişdi. Anası müğənnilik edərək ailəsini saxlamaq məcburiyyətində idi.

Bəstəkarın yaradıcılığı

Rossini kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlayır, mahnı oxuyur, violonçel və korno ifa edirdi. O, bir müddət Angelo Teseidən dərs alır və qısa müddət ərzində özünü inkişaf etdirərək kilsədə solist olur. 1806-cı ildə Rossini Bolonyada Filarmoniya Məktəbinə daxil olur. O, Mobelli ailəsi üçün 1812-ci ildə səhnələşdirilən “Demetrio e Polibio” ilk opera seriyasını yazıb.

Rossini ilk ciddi operasını 1810-cu ildə bəstələyib və 1812-ci ilə qədər daha beş operanı ərsəyə gətirib. “Evlilik müqaviləsi” (“La Cambiale di Matrimonio”) adlnan ilk operası bəstəkarın 18 yaşı olanda Venesiyada səhnəyə qoyulub. O, “Tancredi” və “İtalyan qız Əlcəzairdə” (“L'Italiana in Algeri”) operaları ilə məşhurluq qazandı. “Tancredi”ni bəstəkar 1831-ci ildə Venesiyada yazıb. Rossini daha çox komik operaları ilə uğur qazanıb. “Tancredi”dən əlavə, “Guillaume Tell” və “Semiramide” də ən əhəmiyyətli komik operaları kimi qəbul edilir.

"İtalyan qız Əlcəzairdə" əsəri 2 pərdəlik operadır. Əsərin premyerası 22 may 1813-cü ildə Venesiyada “Teatro San Benedetto”da keçirilib. Bu əsər çox sevilib və bəzi dəyişikliklərdən sonra Viçentsa, Milan və Neapolda oynanılıb. Əsəri bəstələdiyi zaman Rossininin 21 yaşı var idi. Bəzi məlumatlara görə, bəstəkar bu əsəri 18 və ya 27 günə bitirib.

“Neapol Teatrı”nın rəhbəri Barbaji onlara ildə ən azı iki opera yazmağı üçün Rossini ilə müqavilə imzalayaraq ona 15.000 frank ödəyir. Bəstəkarın “Elizabeth” əsəri də uğur qazanıb. Bu uğurdan sonra o, 1816-cı ildə karnaval sezonu üçün Romaya çağırılır. Bəstəkarın Romadakı ilk operası uğursuz oldu. Orada ikinci operası “Almaviva” da uğursuzluqla qarşılandıqdan sonra əsər dəyişdirilərək “II Barbiere di Siviglia” oldu. Bəstəkarın ən məşhur əsərlərindən olan “Sevilya bərbəri” (“II Barbiere di Siviglia”) əsəri Pyer Bomarşenin eyniadlı pyesi əsasında yazılıb. Operanın ilk premyerası 20 fevral 1816-cı ildə “Romada Arcintina” teatrında oynanılıb.

Bəstəkar həmin il Neapolda “Otello”, 1817-ci ildə Sindirella nağılından ilhamlanaraq “La Cenerentola”, 1818-ci ildə isə “Musa Misirdə” adlı əhəmiyyətli operalar yazdı.

1822-ci ildə o, konsert turuna start verir və Londona səfər edir. Konsert turu 5 ay davam edir. Daha sonra həm konsert vermək, həm də özünü daha yaxşı tanıtmaq üçün Parisə gedir. Fransada əvvəlcə 18 ay “İtaliya Teatrı” rəhbərliyində musiqi müfəttişi və kral bəstəkarı kimi fəaliyyət göstərir. Bəstəkarın Venesiyada “Tancred”lə başlayan böyük uğurları “Guillaume Tell” operasıyla Parisdə bitir. Axırıncı operasından sonra bəstəkar opera yazmağı dayandırır və təqaüdə çıxır.

Rossini vaxt tapdıqca Avropa ölkələrini gəzərək əsərlərini tanıdırdı. Tək “Giyoom Tell” operası müxtəlif yerlərdə 40 il ərzində 600 dəfə nümayiş olunub. Musiqi aləmində “İtalyanların Motsartı” adlandırılan bəstəkar şən musiqiləri ilə opera aləminə yenilib gətirib.

Bəstəkar 18-37 yaşları arasında 39 opera bəstələyib. Yaşadığı dövrdə çox məşhur bəstəkar idi. Əsərlərinin bir qismi bu gün də tez-tez səhnələşdirilir. Bəstəkar Neapoldakı “San-Karlo” və Parisdəki “İtalyan Operası” kimi bir neçə yerdə dirijor olub. 1830-cu il Fransa inqilabından əvvəl Kral X Çarlzın bəstəkarı kimi çalışıb.

Rossini musiqi tarixinin yetişdirdiyi ən böyük bəstəkarlardan biri olub. Ancaq o, bəstəkarlıqdan əlavə 38 yaşından aşpazlıqla məşğul olmağa başlayıb. Onun yeməyə olan bağlılığı heç də musiqidən geri qalmırdı.

Bəzi məlumatlarda deyilənə görə, Rossini həyatında 3 dəfə göz yaşı töküb: Birincisi ilk operası “Evlilik Müqaviləsi” bəyənilmədikdə, ikincisi məşhur skripkaçı Paqaninini dinləyən zaman, üçüncüsü isə sevə-sevə bişirdiyi hind dolması mindiyi qayıqdan suya düşən zaman.

Bəstəkarın sevdiyi ifadələrdən biri bu imiş: “Yemək yemək, sevgi, mahnı oxumaq və içmək – həyat deyilən komik operanın 4 pərdəsi”. Rossini mətbəxə o qədər bağlı olub ki, ona heyran olan bir çox musiqisevər və aşpaz bəstəkara heyranlığını bişirdikləri yeməklərə adını verməklə sübut ediblər.

Şəxsi həyatı

1822-ci ildə, 30 yaşlı bəstəkar “Neapol Teatrı”nın ifaçılarından olan İzabella Kolbran ilə ailə həyatı qurub. İzabella bəstəkarın əsərlərinin bir çoxunda baş rol ifaçısı olan opera sənətkarı idi. İlk həyat yoldaşının ölümündən sonra 1846-cı ildə Rossini opera müğənnisi Olmpe Pelisie ilə evlənib. Rossini 1824-1836-cı illərdə yaşadığı Fransaya 1855-ci ildə birdəfəlik köçür. Onun evi sənətçilərin toplaşdığı məkana çevrilmişdi. Bu dövrdə “yaşlılıq günahları” adlandırdığı bəstələrini evinin salonunda səsləndirirdi.

Bəstəkarın ölümü

Bəstəkar 1868-ci il 13 noyabrda, 76 yaşında Fransada vəfat edir. Ancaq 18 il sonra İtaliya Rossininin məzarını Fransadan geri istəyir. Bundan sonra Rossininin cəsədi İtaliya hökumətinə təhvil verilib və vətənində dəfn edilib.

# 1672 dəfə oxunub

Müəllifin son yazıları

# # #