24 yaşlı kimya elmləri doktoru olan dahi bəstəkar

24 yaşlı kimya elmləri doktoru olan dahi bəstəkar
14 noyabr 2015
# 11:00

Həyatı

O, Rusiyanın ən tanınmış bəstəkarlarından biri, eyni zamanda məşhur kimyaçı idi.

1833-cü ildə Sankt-Peterburqda Luka Semyonoviç Gedeanişvili adlı gürcü şahzadənin nikahdankənar oğlu dünyaya gəlib. Ancaq atası onu özünün deyil, köməkçilərindən Porfiri Borodinin övladı kimi qeydiyyata saldırıb. Bu uşaq məşhur kimyaçı və bəstəkar Aleksandr Porfiryeviç Borodin idi. Borodin piano dərslərini də əhatə edən çox yaxşı təhsil alıb. O, uşaq yaşlarından etibarən həm təhsil, həm də musiqi sahəsində öz qabiliyyətini göstərməyi bacarıb. Borodin sonrakı illərdə də hər iki sahə ilə sıx məşğul oldu. Musiqi ilə kiçik yaşlarından maraqlanan Borodin 9 yaşından bu sahədə təhsil almağa başladı. 1847-ci ildə o, fleyta konserti və simli alətlər üçün əsər bəstələdi. 1850-ci ildə Borodin Hərbi Tibb Akademiyasına daxil olub və 1855-ci ildə bitirib.

Borodin, Beynəlxalq rus musiqi məktəbinin yaradıcılarından olan “Ruslar beşliyi”nin üzvlərindən biri idi. Onunla birgə “Rus beşləri”nin digər üzvləri – Mili Balakirev, Cesar Cui, Nikolay Rimski-Korsakov və Modest Musorski idi. “Rus Beşləri”nin yaradılmasında məqsəd klassik Rus musiqisində Qərb təsirini uzaqlaşdırıb, “milli və orijinal” rus musiqisi məktəbini qurmaq idi. Borodin hər zaman bu çərçivə içərisində əsərlər bəstələməyə çalışıb və uğur da qazanıb.

Karyerası

Borodin 24 yaşında kimya sahəsi üzrə doktorluq dərəcəsini aldıqdan sonra Almaniyada, Heidelberqdə Emil Erlenmeyerin laboratoriyasında üç il çalışıb. O, Almaniyada olduğu vaxt daha sonra həyat yoldaşı olacaq Yekaterina Sergeyevna Protopopova ilə tanış olur. İstedadlı pianoçu olan həyat yoldaşı Borodində Şuman, Şopen və Lizstin əsərlərinə maraq yaradıb, onlardan təsirlənməsinə yardımçı olub. 1862-ci ildə Sankt-Peterburqa dönən Borodin Tibbi-Cərrahiyyə Akademiyasında müəllimlik etməyə başlayır. O, ölən gününədək bəstəkar və kimyaçı olmaqdan əlavə, araşdırmalar, akademiya xaricində dərs vermək və elmi nəşrləri tərcümə etməklə məşğul olurdu. Borodin deyirdi: “Qışda, yalnız dərslərə gedə bilməyəcək qədər yorğun və xəstə olduğumda musiqi bəstələyə bilirəm. Dostlarım da ona görə musiqi ilə daha çox məşğul olum deyə, sağlam deyil, xəstə olmağımı və evdə qalıb bu işlə məşğul olmağımı istəyirdilər”.

O, 1862-ci ildə Balakirevlə qarşılaşana qədər yalnız özü özünü inkişaf etdirirdi. O dövrdə Cui və Musoqrskiyə dərs deyən Balakirev Borodini də tələbəsi olmağa razı salır. Balakirevin güclü nəzarəti sayəsində o, 1867-ci ildə ilk simfoniyasını bitirir. Simfoniya Bakalevrin rəhbərliyi ilə 1869-cu ildə nümayiş olundu və çox professional olmasa belə maraqla qarşılandı. Birinci simfoniyası üzərində çalışdığı vaxtlar eyni zamanda ilk operası “Cəsur cəngavər”i bəstələyib. Bu operada bəzi bəstəkarların əsərləri ilə yanaşı öz musiqisini özünəməxsus şəkildə birləşdirib.

1867-ci ildə səhnələşdirilən opera maraqla qarşılanmır. Bəstəkar həmin il ikinci simfoniyasını da bəstələməyə başlayır. O, əvvəlcə simfoniyasında istifadə etmək üçün dörd mahnı bəstələyir. Bu mahnıları çox bəyəndiyi üçün simfoniya ilə bağlı fikrini dəyişir və ikinci operasını bəstələməyə başlayır. Bəstəkarın 1869-cu ildə başladığı ikinci simfoniya “Knyaz İqor” ən müvəffəqiyyətli əsərlərindən hesab olunur. Bu əsər eyni zamanda rus tarixi operaları arasında ən yaxşılarından hesab olunur.

Bu gün də bir çoxlarının konserdə istifadə etdiyi və Borodinin ən tanınmış əsərlərindən sayılan “Poleveç rəqsləri” də həmin operanın içində yer alır. Ancaq təəssüf ki, bəstəkar “Knyaz İqor” əsərini tamamlaya bilmir. Öldükdən sonra əsəri Rimski-Korsakov ilə Aleksandr Qlazunov tamamlayıb. Ən çox tanınan digər əsəri “Orta Asiyada” adlı simfonik şeiri ilə iki simli kvarteti də var. Bəstəkarın 1886-cı ildə başladığı üçüncü simfoniyasını da ölümünə görə tamamlaya bilmir. Ölümündən sonra əsəri Qlazunov tamamlayıb.

Borodin musiqi tarixinin ən lirik bəstəkarlarından biri idi. Boş zamanlarında musiqi bəstələməyinə rəğmən, professional bəstəkarlar kimi uğur qazanıb. Rus Beynəlxalq musiqi məktəbinin yaradılmasında böyük rolu olub. Musiqi ilə bağlı düşüncələrində hər zaman rus xalq musiqisinə önəm verib. Onun musiqi bacarığı anadangəlmə olub, yəni heç bir kompozisiya müəllimi olmasa da, gözəl əsərlər bəstələyə bilib. Borodin Rusiyadan çox Avropada məşhurlaşıb.

1877-ci ildə bir işlə bağlı Veymara gedəndə Lizstlə tanış olur, bu tanışlıq daha sonra dostluğa çevrilir. Lizstin köməkliyi ilə ilk simfoniyasını 1880-ci ildə Baden-Badendə nümayiş etdirib və Avropada daha da məşhurlaşıb.

1885-1886-cı ildə Belçikaya gedən zaman böyük sevgi ilə qarşılanıb.

Bəstəkarın ölümü

Bəzi məlumatlara görə, Borodin 27 fevral 1887-ci ildə Sankt-Peterburqda qatıldığı bir tədbirdə ani ürək tutmasından həyatını itirir.

Daima iki sənətlə məşğul olmaq Borodinin həyatında qarışıqlığa səbəb olurdu.

Bəstəkar Rimski-Korsakov onunla bağlı xatirələrində deyirdi: “Onunla görüşməyə gedəndə yan otaqdakı laboratoriyada çalışırdı. İşini bitirib mənimlə birgə digər otağa keçir, musiqi işlərinə və xoş söhbətə başı qarışırdı. Birdən nəyinsə qaynayıb yanmadığını yoxlamaq üçün tez ayağa qalxıb həyəcanla laboratoriya otağına qaçırdı. Həmin müddətdə koridorda böyük səs-küy yaranırdı”.

Bunlardan əlavə o, dostlarına, şagirdlərinə və xüsusilə qohumlarına qarşı çox mehriban idi. Tarixçi Riçard Antoni Leonard deyir: “İnananlar günün və hətta gecənin hansı saatında istəsələr onun evinə gedə bilirdilər. Evdəki bütün yataqlar, oturacaqlar, divan adamla dolu olurdu, bəziləri hətta dəhlizdə yatmalı olurdu. Ev ümumiyyətlə çox qarışıq və səliqəsiz idi. Bura köçdükdən 5 il sonra belə ər-arvadın kitab və musiqi materialları, bəzi əşyaları yerinə qoyulmamışdı, yeşiklərdə qalmışdı... Borodin heç vaxt sonuncu dəfə nə zaman yemək yediyini xatırlamırdı, bəzən axşam 11-də günorta yeməyini yeyirdi. Bu qonaqlar azmış kimi Borodin ailəsinin çoxlu pişiyi də var idi və onlar da süfrədəki yerlərini alırdılar. Bütün bu səbəblərə görə, Borodin musiqidə müasirləri qədər məhsuldar ola bilmədi...”

# 1669 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #