Vüsalə Kərimova: “Mənim rayon təfəkkürümə restoranda oturmaq zidd idi”

Vüsalə Kərimova: “Mənim rayon təfəkkürümə restoranda oturmaq zidd idi”
22 iyun 2015
# 08:00

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı aparıcı Vüsalə Kərimovadır.

Vüsalə Kərimova ilə “Elmlər Akademiyası” metro stansiyasının çıxışı ilə üzbəüz olan “Künefe evi”ndə görüşdük.

- Vüsalə xanım, siz Qax rayonunda anadan olmusunuz. O bölgənin yeməklərinə münasibətiniz necədir?

- Çox gözəl. Bizim bölgədə xəmir xörəklərinə üstünlük verirlər. Sürfüllü, qirs çox gözəl yeməklərdir. Qirs həm ətdən, həm də gicitkandan hazırlanır. Bizim bölgədə gicitkana “cincəl” deyirlər.

Mən ümumiyyətlə Azərbaycan mətbəxinin bütün yeməklərini bəyənirəm.

- Özünüz sürfüllü hazırlaya bilirsiniz?

- Sürfüllünün hazırlanması çox çətindir. Daha doğrusu onun çəkilməsi çətindir. Tələbə vaxtı bir dəfə hazırlamışam. Amma o gözəlliyi əldə edə bilmədim.

Sürfüllünü hamı hazırlaya bilər. Amma söhbət İlisuda gedən sürfüllüdən gedirsə, onu yalan deyərəm.

Mən sürfüllünü ancaq Qaxda yeyirəm.

- Özünüz hansı yeməkləri bəyənirsiz?

- Düzü sevmədiyim yemək desəydiniz bir-iki yeməyin adını çəkərdim. Amma dadlı hazırlanmış bütün yeməkləri xoşlayıram. Duzsuz yeməkləri sevmirəm.

Yarpaq və “üç bacı” dolmasını bəyənirəm.

Sevmədiyim yeməklər borş və göbələkdən hazırlanmış yeməklərdir.

Şirniyyatı sevmirəm. Az şirinliyi olan şirniyyatlara üstünlük verirəm. Məsələn, elə Novruz bayramı olur ki, mən şəkərbura-paxlava yemirəm.

- Sizə nəyisə xatırladacaq yemək var?

- Bu sual çox yerinə düşdü. Bura gələndə Hüseyn Cavid parkının yanında bir kafenin qarşısından keçdim. O kafedə həmişə oğlumla birgə tiramisu yeyirdim. O kafe mənə tiramisu yeməyimi xatırladır.

- Tələbəlik illərində yemək məsələlərin necə həll edirdiz?

- Sözün açığı tələbəlik illərində heç vaxt kafedə yemək yeməmişəm. Mən 1994-cü ildən Bakıda yaşayıram. Rayonda orta məktəbi bitirib gəlmişdim. Rayon təfəkkürümə, məfkurəmə restoranda oturmaq zidd idi. O vaxtlar Bakıda belə kafelər yox idi.

Mən tələbə olanda birinci ili “Kubinka”da qalmışam. Özünüz bilirsiniz ki, ora necə yerdir. Vaxtında evə getmək lazım idi. Orda hər şeyin öz qanunu var.

Tələbəlik illərimdən söz düşəndə xatırladığım bir məqam var. Bir dəfə pulum qurtardı. Rayondan pul gec gəldi. Evdə yalnız pomidor və çörək var idi. Pomidoru duzlayıb çörəklə yedim.

Təbiət qoynunda yeyib-içməklə aranız necədir?

- Çox gözəldir. İctimai televiziyada işlədiyimiz vaxtlarda biz kollektivlə Qubaya, Xaçmaza, Xudata gedirdik. Çayı və yeməyi özümüz hazırlayırdıq. İndi işlədiyimiz kollektivlə elə yerlərə getmirik.

Bir neçə ildir ki, bu cür yerlərə getmirəm. Çünki vaxtım yoxdur. Yalnız getdiyim yer Qaxdır.

- Restoranların xidmət səviyyəsi sizi qane edir?

- Sözün açığı mən hər yerdə oturmuram. Getdiyim konkret məkanlar var. İndi hər şey o qədər gözəl inkişaf edib ki, hansısa restoran, kafe öz imicinə ziyan vurub köhnə yeməyi müştəriyə təqdim etməz.

Bizdə restoranlarda xidmət səviyyəsi tam formalaşmayıb. Bu gün Bakıda elə kafelər var ki, orda ofisiantdan bir şeyi iki dəfə soruşsan, menyunu adamın başına vura bilər.

Oturduğumuz “Künefə Evin”də bir şey xoşuma gəldi. Mən ofisiantdan dondurma soruşurdum. Ofisiant üzümə baxmadan sualıma cavab verdi. Bu mənim çox xoşuma gəldi.

- Kababla aranız necədir?

- Bütün azərbaycanlılar kimi çox yaxşıdır. Amma bütün azərbaycanlılardan fərqli olaraq lülə kababla aram yoxdur. İl yarım bundan öncə mədəmdə ağrılar oldu. Bəzi yeməklər var ki, onlar mədəmə düşmür. Lülə kabab da o yeməklər sırasına aiddir.

- Özünüz kabab bişirə bilirsiniz?

- Basdırma kababın ətin hazırlaya bilirəm. Amma özüm heç vaxt kabab bişirməmişəm. Yandırmaqdan qorxuram.

- Yol qırağı kafelərlə aranız necədir?

- Şamaxı ilə İsmayıllının arasında xoşladığım bir kafe var. Mən Qaxa gedəndə heç vaxt maşını saxlamıram. Qayıdanda maşında kim olmasından asılı olmayaraq həmin kafedə çay içirəm.

- Fast-foodla aranız necədir?

- Çox az hallarda pizza sifariş edirəm. Özüm evdə olanda heç vaxt fast-food sifariş vermirəm. Çünki özüm bütün yeməkləri bişirə bilirəm. Heç də dadsız hazırlamıram. Fast-food insanların çıxılmaz halında lazım olan şeydir. Əgər insan yemək hazırlamağa imkanı varsa, niyə fast-food sifariş versin?

- Ovla aranız necədir?

- Çox gözəl. Uşaqlıqda bir dəfə dayımla ova getmişim. Mənim dayılarım və xalamın əri çox gözəl ovçudur. Ondan sonra heç vaxt ova getməmişəm. Amma ovdan çox xoşum gəlir. Dayım mənə deyirdi ki, sən çox gözəl iy bilirsən. Səni ova aparmaq lazımdır.

- Oruc tutacaqsız?

- Bu gün məni yaxşı tutdunuz. Sabah oruc tutacam. (Müsahibə iyunun 17-i alınıb). Sizinlə yeməli söhbət edə bilməyəcəkdim.

Orucu sırf dini baxımdan tuturam. Mən namaz qılıram və oruc tutmaq vacibdir.

Mənim mədəmdə əvvəllər problem var idi. Bu problem aradan qalxandan sonra mən oruc tutmağa başladım.

Mən başqa vaxtlarda az yemək yeyirəm. Axşamlar az, səhərlər isə ümumiyyətlə yemək yemirəm. Amma oruc tutanda axşama kimi ayaqda durmaq üçün səhər nəsə yemək vacibdir.

Mən günorta yuxudan dursam belə birinci şirin çay içməliyəm. Yeməklə aram olmadığına görə, düşünürəm ki, çox rahat oruc tuta biləcəm.

- Namaz qılmadığınız vaxtlarda spirtli içkilərlə aranız necə idi?

- 2010-cu ildə avtomobil idarə edirəm. O vaxtdan bu günə qədər heç vaxt spirtli içki içməmişəm.

Bizim bölgə çaxırı ilə məşhurdur. 2010-cu ilə qədər yalnız evimizdə qardaşımla çaxır içmişəm.

Ümumiyyətlə içki ilə aram yoxdur. İçki heç vaxt məni özünə çəkməyib.

- Sevgilinizlə ilk dəfə harada yemək yemisiniz?

- Həyat yoldaşımla ilk dəfə yemək yediyimiz yeri xatırlamıram. Mən həyat yoldaşımla tələbə olanda bir yataqxanada yaşamışam. Çox güman ki, ilk dəfə onunla yataqxanada yemək yemişəm. Həyat yoldaşım Politologiya İnstitutunda oxuyurdu. Biz-dörd nəfər qız bir yerdə yemək hazırlayırdıq. Həmin o dörd qızın ikisi onun qrup yoldaşı olub. Ola bilər, ilk dəfə həyat yoldaşımla orda yemişik.

Çox o tərəfə apardınız e məni. 20 il qabağa.

Biz tələbə olanda qaldığımız otaqda ev işlərinin bölgüsünə görə cədvəl hazırlamışdıq. Tünzalə adlı bir qrup yoldaşım var idi. Çox gözəl yemək bişirirdi. Anam bəzən rayondan yemək hazırlayıb göndərirdi.

# 1695 dəfə oxunub

Müəllifin son yazıları

# # #