Yumorist Səbuhi: “Timsah yeyirəm”

Yumorist Səbuhi: “Timsah yeyirəm”
24 noyabr 2014
# 09:45

Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı müxtəlif ləhcələrdə ustalıqla danışan yumorist Səbuhi Xanlarovdur.

- Bildiyimiz qədər yeməklə aranız yaxşıdır. Ümumiyyətlə hansı yeməklərdən xoşunuz gəlir?

- Mən yeməyi çox sevirəm. Ən çox sevdiyim yemək üç bacı dolmasıdır.

- Özünüz nə bişirirsiniz?

- Mən qurmanam. Yeməklərin dadını çox gözəl bildiyim üçün, özüm gözəl yeməklər hazırlayıram. Mən yaxşı qovurma, plov bişirirəm. Elə plov bişirirəm ki, heç nənələr elə yeməklər bişirmir.

- Kababla aranız necədir?

- Kababı çox xoşlayıram. Bişirməyi ondan da çox xoşlayıram. Amma bişirəndə iy tutduğuna görə, çox yeyə bilmirəm.

Mən özüm çox gözəl ərəb kababı bişirirəm. Bu kababı bişirməyi Dubayda öyrənmişəm. O kabab heyvanın bel ətindən hazırlanır. Əti iki gün ət otunda saxlayıb bişirirəm.

- Yol qırağı kafelərə münasibətiniz necədir?

- Baxır hansı kafedir. Məsələn İsmayıllıda bir dostumun yaxşı kafesi var. Ora tez- tez gedirəm.

- Sizin üçün hər hansısa xatirə oyadacaq yemək var?

- Mən uşaq olanda valideynlərimə xəstəliyimlə bağlı çox əziyyət vermişəm. Balaca vaxtı adətən qaynadılmış duzsuz toyuq əti yeyirdim. İndi toyuq soyutmasını görəndə yadıma o günlər düşür.

Xəstəxana ilə bağlı sizə maraqlı bir şey danışım. Türkiyədə xəstəxanada yatırdım. Yanımda qadın yatırdı. Bütün günü zarıyırdı. Mən ona dedim ki, ay xanım bizə də yazığın gəlsin dəə. Dedi ki, nə edim ağrıyıram, xoşun gəlmir get. Axşam gördüm həmin qadın telefonda bir tanışı ilə elə möhkəm kefi kök danışır. Elə bil bütün günü zarıyan bu qadın deyil. Məndə ayağa durub bunu çarpayıdan yerə yıxıb, xəstəxanadan çıxdım.

- Xarici səfərlərdə tez-tez olursunuz? Orda sizi nəsə təəccübləndirən yemək olub?

- Bu yaxınlarda Fransaya getmişdim. Orda bir restorana getdik. O restoranda kenquru, timsah əti verirdilər. Mən də çox rahat yedim.

- Spirtli içkilərlə aranız necədir?

- İnanın səmimiyyətimə mənim 33 yaşım var və bu yaşıma qədər dilimə nə siqaret, nə də spirtli içki vurmamışam. Bəzi adamlar deyir ki, video çarxlarda əlində spirtli içki tutursan, amma allahın adını çəkirsən. Vallah onların heç biri spirtli içki deyil.

- Dieta ilə aranız necədir?

- İndi dieta kimi bəzi oyunlar var. Dədə- babalarımız dieta saxlayıb? Mənim rəhmətlik babam buğlamanın suyunu stəkanla içirdi. 80 il yaşadı. Anamın nənəsi hər səhər doşabla bir stəkan nehrə yağını qarışdırıb içirdi. Həmin insan 105 il yaşadı.

Bizə gələndə xalestrol oldu, onlara sağlamlıq?

- Fast Foodla aranız necədir?

- Məni fast food kökəldib. Amerikada olanda tez-tez yeyirəm. Amma kökəlməyim vecimə deyil. Çünki məni sevən sevib, bəyənən bəyənib. Mənim belə şeylərə kompleksim yoxdur.

- Səbuhi bəy, sizinlə bir dəfə söhbətimizdə demişdiniz ki, ürəyimdə problemlər var. İndi vəziyyətiniz necədir?

- Bu yaxınlarda Çexiyada ürəyimdən əməliyyat olundum. Amma hazırda özümü normal hiss edirəm.

- Siz Qərbi Azərbaycandansız. Sizin mətbəxin özəlliyi nədir?

- Bizim mətbəx çox zəngindir. Qərbi Azərbaycanın spesifik yeməyi buğlama və xaşlamadır. Bizim bölgədən kimsə rəhmətə gedəndə tanıyan təbii ki, gəlib başsağlığı verir. Amma tanımayan adamların bəziləri sırf bizim mətbəxin buğlamasını yeməyə gəlir.

- Siz sosial şəbəkələrdə yayımladığınız xarici ölkələrdə hazırlanan videoların bəzilərində azərbaycan dilini bilməyən xariciləri tənqid, bəzənilərində isə hətta təhqir edirsiniz. Bu nə dərəcədə doğrudur?

- Bu gün Bakıda xarici vətəndaşlar çoxdur. Vallah onların bəziləri elə bizimkilərə də ingiliscə nəsə deyir. Amma biz onu yaxşı qəbul edirik və bəzən də sevinirik ki, bizə nəsə xoş söz dedi. Məndə xarici ölkələrdə bu prinsipdən çıxış edirəm.

- Bəzi videolarda insanları təhqir edirsiz. Bunu necə dəyərləndirirsiz?

- Bayaq sizin yanınıza çəkilişə gələndə Milli Parkda olan iri ticarət mərkəzlərinin birində yemək yeyirdim. Bir qadın əda və nazla mənə deyir ki, cavan oğlan mənə 20 min dollar 10 illiyə kreditə pul verin. Bu insan özü istəyir ki, mən onunla məzələnim. Qadın olmasaydı onun videosunu çəkib sosial şəbəkədə paylaşacaqdım.

Türkiyədə insanlar Cem Yılmazın konsertinə xeyli miqdarda pul verib gedir. Cemin söyüşləri hədsiz çoxdur. Amma cəmiyyətin bütün yaş qruplarından olan şəxslər ora gedir.

Məni bəzən qınayırlar ki, sən söyüş söyürsən. Amma inanın səmimiyyətimə mən söyüşü ancaq “manıs” dilində söyürəm. Mənim zarafatlarımı zarafatdan anlayışı olan adamlar başa düşür.

- Sizin yaradıcılığınız ancaq “Youtube” səviyyəsindədir. Yəni sizin yumorlarınızı ancaq sosial şəbəkədən izləmək olur. Diapazonu genişləndirib nəsə bir serial, kinoya çəkilmək istəmirsiz?

- Sizə bir söz deyim. Bu dəqiqə bütün dünya boşluğa gülür. Sadəcə Azərbaycanda məni kəşf edən adam yoxdur. Türkiyədə mənə rejissorlar dedi ki, sən anadan “İvedik” doğulmusan. Mən yanvar ayından Türkiyədə çəkilişlərə başlayıram. Maraqlı layihələr olacaq.

Amma Azərbaycanda mənə fikir vermirlər. Elə deyirlər Səbuhudir də. Deyib keçirlər.

- Yaşamaq üçün Türkiyəni niyə seçmisiniz?

- Oranı sevirəm. Mən təhsilimi də orda almışam. Azərbaycanda Türkiyəyə gedən ilk 30 nəfər tələbədən biri də mən olmuşam. Ora mənim üçün çox rahatdır.

- Evlisiz?

- Bəli. Bir qızım və bir oğlu var. Qızımın adı Elif, oğlumun adı isə Camidir.

- İlk videonuz necə yayılıb?

- Mənim Ordubaddan Nəcəflə Fidi adlı iki dostum var. Onlar birinci videonu gizlin çəkib, “Youtube” yükləmişdilər. İnanın səhər durdum gördüm populyaram. Həmin videonun bir gecəyə 1 milyon 361 min izləyicisi olmuşdu.

- Videolardan sonra sizinlə tanış olmaq istəyən xanımlar olur?

- Olub. Amma özünü apara bilməyənləri dərhal bloka atıram.

- Nə işlə məşğulsunuz?

- Mənim özümün şəxsi biznesim var. Başqa heç bir iş görmürəm.

- Səbuhi, sizi kim güldürə bilir?

- Mən səmimi adamam. Tahir Cabir qardaşları, Rəfael Coşqun. Amma ən çox xoşladığım ” Bozbash pictures”in Şəmi və Şoşusudur.

- Avtomobillə aranız necədir?

- Əla. Qadın qızı ilə tanınır. Kişi maşını ilə. Qədimdə maşını at əvəz edirdi. Mənim bir ərəb dostum var. Atının qiyməti 7 milyon dollardır.

Mən maşını tez-tez dəyişməyi xoşlayıram. Maşının yağının dəyişilməsi vaxtı çatanda onu dəyişdirirəm.

# 7072 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #