Səlim Babullaoğlu-40 TƏBRİKLƏR

Səlim Babullaoğlu-40 TƏBRİKLƏR
10 dekabr 2012
# 12:43

Bu gün şair, tərcüməçi Səlim Babullaoğlunun 40 yaşı tamam olur. Kulis.Az 40 illik yubiley münasibətilə S.Babullaoğlunun qələm dostlarının fikirlərini öyrənib.

Səlim Babullaoğluyla 20 ilə yaxındır ki, dostluq edən tanınmış diktor Rafiq Həşimov Azərbaycan ədəbi ictimaiyyətinin və oxucuların Səlim Babullaoğlu imzasını çox yaxşı tanıdığını söylədi: “Səlim gözəl şairdir. Ədəbiyyat adamlarımız onun haqqında xoş sözlər səsləndirə bilər. Kiçik bir hadisəni danışım sizə. Vaxtilə layihə hazırlayırdıq. Həmin layihə çərçivəsində Ukraynanın görkəmli ədəbiyyatşünası Dmitrov Sus bizim qonağımız idi. Günün sonunda gəzintiyə çıxmışdıq. Dmitrov Sus Səlim haqqında maraqlı fikirlər səsləndirdi: “Səlimi ukraynalı oxucular da çox sevir. Onun şeirləri dilimizə tərcümə olunaraq Ukraynada çap edilib. Səlim böyük şairdir, xahiş edirəm onu qoruyun”. Səlim mənim yaxın dostumdur. Səlimi 40 yaşı münasibətilə təbrik edirəm, öpüb, bağrıma basıram və yaradıcılıq uğurları arzulayıram”.

“525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli Səlim Babullaoğlunu Azərbaycan ədəbiyyatında yenilikçi biri kimi xarakterizə etdi: “Səlimlə bizim tanışlığımızın tarixi on ili ötüb. Səlim, seyid cəddinə arxayın olan kimi ilhamına arxayın olan şairlərdən deyil. Onun şairliyinin arxasında dərin bir mütaliə, nəzəri-elmi baza dayanır. Dünya ədəbiyyatındakı yaxşı xüsusiyyətlərin bizim ədəbiyyatda görünməsinin də şərəfli yükü Səlimin üzərinə düşüb. Müşahidələrim bunu deməyə əsas verir ki, Səlim bu işi yüksək səviyyədə həyata keçirib. İkincisi, Səlim həm də gözəl tərcüməçidir. Həm nəsr, həm esselər, həm də xüsusən şeir tərcümələrində Səlimin xüsusi yeri var. Təkcə son 10 ilə nəzər salsaq görərik ki, Azərbaycan ədəbiyyatında elə bir yenilik olmaz ki, Səlimin adı keçməsin. Səlim öz insanlığını, şəxsiyyətini qoruyub saxlayan qələm yoldaşlarımızdandır. İstər yaşlı, istərsə də cavan nəslin hörmətini qazanıb. Səlim həm dəyərli övlad, həm də dəyərli atadır. Onu ailəsinə bələd olan biri kimi bunu deyirəm. Səlim hər sahədə istedadlıdır. Səlim qardaşıma can sağlığı, yaradıcılıq uğurları arzulayıram”.

Şair Qismət Rüstəmov isə S. Babullaoğlunu ərəb şairi Adonislə müqayisə etdi: “Son aylar Adonisin yaradıcılığı ilə maraqlanıram. Adonisdə diqqət ediləsi vacib məqam onun tərcümələri, buraxdığı jurnallar, yazdığı iki cildlik "Ərəb şeirinin poetikası" kitabı və təbii ki, şeirləri ilə vahid bir proqrama sadiq qalmasıdır. Adonis özünə qədərki ərəb poeziya ənənəsini tamam silib atmadan, inkar etmədən, Qərb şeirinin özünə yaxın bildiyi tərəfləri ilə, ənənəvi ərəb şeirini öz yaradıcılığında birləşdirən, klassik şeirin dərinliyini saxlamaq şərtilə, forma və ölçü baxımından bu şeirin sərhədlərini genişləndirən adamdır. Adonisi oxuya-oxuya düşündüm ki, bizdə eyni məşəqqətli işi Səlim Babullaoğlu görür. Səlim mənə görə modernist Azərbaycan şeirinə yeni ölçü, yeni forma keyfiyyətləri qazandırıb. Bütün bunlar hələ ki, layiqincə araşdırılmayıb. Səlimin yazdığı poetik analizlər təkcə, zəngin şeirin bilgisinin praktik müstəviyə keçməsi deyil, bu yazılar həm də bir növ bədii mətnin estetik tərəflərinə göz yumub, mətn müəlliflərinə difirambalar qoşan ədəbiyyatşünaslığa, ədəbi tənqidə protestdir. Səlim bəyin məxsusi şəkildə dilimizə çevrilməsinə çalışdığı, aktuallaşmasını istədiyi dünyaca ünlü şairlərin hamısını haradasa ortaq bir tale birləşdirir: öz poetik proqramını müəyyənləşdirmək və bu proqrama əsasən yeni ölçülərlə, yeni formalarla özünüifadə. Səlimin bütün yazdıqları konseptualdır və dərd orasıdır ki, onun yazdığı hər analitik yazı, şeir, tərcümə etdiyi hər əsər ona - Səlimə yalnız intellektual tənhalıq gətirir. Səlim bəyi 40 yaşı münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.

Şairə Rəbiqə Nazimqızı da düşüncələrini bu cür ifadə edib: "Dünən ən yaxın dostu zəng vurdu. Çox ehtiyatla, tərəddüd edərək dedi ki, bəlkə də, xatırlatması artıqdır, bəlkə də, ehtiyac yoxdu, amma sabah (bu gün - red.) Səlimin ad günüdür, qırx yaşı tamam olur, yubiley yaşıdır...


Əlbəttə, xatırlatmasına ehtiyac yox idi, amma mən bu yaxın dostun məhz mənə zəng eləməsindən sevindim. Düşündüm ki, Səlim həmişə hər şeyin ən yaxşısını seçir - sözlərin, mətnlərin, adamların, dostların. Çünki... Yox, "çünki"sini yazmayım, bu, artıq metafizikadır, metafizik bilgiləri isə açıqlamazlar. Elə bunu da Səlim öyrədib...

Səlimin mətnləri haqqında uzun-uzadı danışmaq olar, amma mən onun meditasiya effekti verən vizual-metafizik şeirlərindən, onun riyazı dəqiqliklə yazılmış esselərindən, qısametrajlı film üçün əla material olan hekayələrindən, miloşlu, kafkalı, borxesli, brodskili söhbətlərindən yazacaq qədər böyümədim, bu, zərgər dəqiqliyi istəyir, mənsə olsam-olsam, şagirdəm, hərçənd, pis şagird olmamağa çalışıram.

Hə, Səlim yaxşı şairdi, yaxşı müəllimdi, yaxşı ədəbiyyatçıdı, yaxşı dostdu və yaxşı insandı. Bir gün bu barədə böyük və ciddi material yazmağa imkan verəcək qədər. Bir gün, dedim axı, yəni, mən böyüyüəndə...

Biz yaradıcı adamlar həmişə qırxıncı qapının sirrini axtarırıq, həmişə də mənə elə gəlir, Səlim bu sirrə bizdən ən azı, bir neçə addım yaxındır. Ona görə də nədən və necə yazmağı, nə barədə susmağı yaxşı bilir. Məsələn, bəlkə də, o bilir ki, qapını açmaq olmaz və ya qapı zamanında özü açılacaq...

Mən ona işıq arzulayıram, həmişə və hər yerdə, daha çox yaşılını və sarısını, çünki qırmızı işıqları harada gözləmək lazım olduğunu özü yaxşı bilir...

Təbriklər, əziz dost. Özün demişkən, qırx yaşı nədir ki, şair..."

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar da şair, tərcüməçi Səlim Babullaoğlunu ad günü münasibəti ilə təbrik edib.

O, Kulis.az verdiyi açıqlamada aşağıdakıları bildirib: “Səlim, indi bildim ki, sənin 40 yaşın tamam olur. Səni ürəkdən təbrik edirəm. Arzu edirəm ki, neçə on illiklər yaşayasan, yaradasan. Bir yerdə olaq. Nəşr eləmək istədiyin jurnal da vaxtlı-vaxtında çıxsın. Bir daha təbriklər!”

# 3298 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #