- Yolun haradır, “Rasim?”
- Son mənzilədir, “Seymur”.
Bir xəstə postmodernistin qulağına gələn səslərdən
Bundan yeddi günbatan əvvəl Kulis.az saytında bir müzakirə səsi qopdu, nəticələr batman ləngəri ilə yox, ildırım sürətiylə yayıldı. Nəticələrdən sonra “Ədəbi Baba Kahanın” oyumundan bir külək qopdu ki, sifətləri mis rənginə saldı. Yusif Səmədoğlunun “Qətl günü” romanı “Üç ən yaxşı Azərbaycan romanı” sorğusunda birinci yerə çıxdı.
Ancaq eşidəndə və oxuyanda ki, Rasim Qaraca və Seymur Baycan nəticələrdən razı deyil, qulağıma bir səs gəldi: “kökünüz kəsilsin, ikiayaqlılar”. Sonra biləndə ki, Şərif Ağayar da bu romanı bəyənmir, gördüm ki, ayaqların sayı çoxalır, bu xına o xınadan deyil...
Bəri başdan deyim ki, bir müddət sonra dəb küləyi gücdən düşüb Baba Kahada mürgüləndə, söz-söhbətlər tüstü kimi əriyib yoxa çıxanda “Qətl günü” yenə də öz əzəmətiylə bizi büyüləyəcək – həmişə olduğu kimi.
“Qətl günü” romanında nələr var?
1. İnsanı yaddaşının rahat buraxmaması, hər kəsi özü günahıyla cəzalandırılması – Sarıca oğlu Məhəmməd və Zülfüqar kişi
2. Əlyazmanın tapılması və mətnin özünün mətnə çevrilməsi.
3. Eyni problemin tarixi və yeni dövr planında açılması və bununla da dünyanın əsrlər ərzində mahiyyətcə dəyişməməsinə aşkar işarələr.
4. Qlobal məsələlərə o dövr üçün mümkün münasibət (“Oturum gözümün qorasını sıxım, nə var, nə var zəncilər bir-birini qırır”)
5. Əbülqasımın kitabına işarə ilə oluşmuş dəyərlərə ironiya, hər dəyərin yeni dildə dəyişməsi.
6. Simvollar, məsələn, su simvolları - həkimin çayın o biri üzündən gəlməsi, Zülfüqar kişinin çay yanında ölməsi, səs simvolu – ölümə çağırış, qulağa səda gəlməsi.
7. Realizm (Sovet dövrü hadisələri olduğu kimi), mistik realizm (Kirlikirlə bağlı hadisələr), simvolizm (qayıdış simvolları), postmodernizim (mətn içində mətn) və əlbəttə aşkar görünən modernizm elementləri.
8. Sosioloji plan – yaltaqlığın cövlan etdiyi Sovet rejiminin (Muxtar Kərimlinin timsalında) bütün çılpaqlığı ilə açılması.
9. İki həkim, iki xəstə, yeni və qədim dövr, iki qorunan mətn, iki yazı – “paralellər” və bunların mətndə ardıcıl və uğurlu öz yerini tapması.
10. Süjet dəyişimini izləyən uyğun, möhtəşəm dil. Ən əsası, tank kimi qarşısına keçəni əzib keçən Sovet ədəbiyyatdan aşkar fərqlər (bu sıranı boşboğazlıqla yox, arqumentlərlə artırmaq da mümkündür)
Bilmirəm niyəsə, nədənsə kürreyi-ərz bir yana üz tutanda, Rasim bəy və Seymur bəy üz tuturlar əks istiqamətə və doğru mətləblər tuği-lənət olub ilişir boğazlarına. Vaxt-bivaxt ədəbiyyatın bayquşi-xarabazarına bir quş uçurdan daş tolazlamaqda da əcəb fürsətkeşdirlər. Hərçənd ki, hər ikisi son dövrlərdə maraqlı nəşrlərin ərsəyə gəlməsində gözgörəsi yaxşı işlər də görürlər və hər bir yaxşı xidmətlərini təqdir edir, onların zəhmətlərini yüksək qiymətləndirəm. Özü də Rasim və Seymur bəylər haqqında hərdən nikbin düşünüb bu qənaətə gəlirsən ki, bunlar sıradan adam deyillər, bəlkə də bilərəkdən belə danışırlar. Yeri gəlmişkən, “Qətl günü” romanında Sədi yoldaşın Muxtar Kərimli haqda bir hırra çəkib gülməli sözü də var: “...ay ilanı yerindən oynadan kərtənkələ...”
P.S. “A bala məktəbinizdə bufet var?” Var”. “Bəs Ponçik satmırlar” “Ponçik nədir?” “Bıy?” “Xamırdan girdə şeydi, içində də pavidla”. (“Qətl günü” romanından)
P.P.S. A bala, heç postmodernist əsər oxumamısan? “Postmodernist əsər nədir?” “Bıy?” “Kağızdan yastı şeydir, içində də söyüş”. (Əbülqasımın kitabından “atalar sözü”)
Mövzu ilə bağlı digər yazılar:
"Azərbaycan ədəbiyyatında 3 ən yaxşı roman hansıdır?" SORĞU
Üç ən yaxşı Azərbaycan romanı məlum oldu 78 NƏFƏRLIK SORĞU
Rasim Qaracadan “Ən yaxşı Azərbaycan romanı”na ETİRAZ
“Qətl günü” kopyadırsa, Rasim Qaraca nədir?
Seymur Baycan: ““Qətl günü” mənasız romandır”
Çağdaş romançılıqdan danışıb zəif mətn yazanlar
Bir ən yaxşı Azərbaycan romanı