“Eyni suallar” layihəsində dünyaca məşhur yazarların müsahibələrində cavablandırdığı sualların bir neçəsi azərbaycanlı yazarlara ünvanlanır. Bu dəfə müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Hans Maqnus Ensensberqgerin cavablandırdığı suallar şair Məmməd İsmayıla ünvanlanıb.
Həyat və yaradıcılıq fərqli sferadı?
H.M.E.:
Bəli, hər şey elə də sadə deyil. Bizdə də hər şey elə ürəkaçan deyil... Məsələn, mən Bertold Brextlə şəxsi tanışlıqdan israrla yayınırdım, imkanım olsa da mən onunla üzbəsurət görüşmək istəmirdim. Mən onunla kənardan qürur duymağa üstünlük verirdim. Çünki bilirdim o, yaxın adamlarına qarşı özünü elə də yaxşı aparmır. Onun xarakterindəki bu, heç də xoş olmayan cizgilərdən xəbərdar idim. Bu halda niyə axı, öz ayağımla onun görüşünə gedim, yaxşısı budu elə əsərlərindən həzz alım.
M.İ.:
Gül, qönçənin qürbətidir, amma qönçə olmasaydı, gül də olmayacaqdı. Ağacın içi ilə çölünün fərqi nə qədərdirsə, həyatla yaradıcılıq arasındakı fərq də bir o qədərdir. Yeraltı süxurlardan gün işığına çıxmağa can atan suyla bulaq suyun fərqini axtarmağa dəyərmi? Həyat olmasaydı yaradıcılıq da olmayacaqdı. Onlar bir-birini tamamlaya-tamamlaya sənətin zirvəsinə yollar axtarır. “Səni dəli edən şey yenə səndədir, səndə”, deyirdi Yunus Əmrə. Fransız şairi Valeryi isə fərqli düşüncəyə sahibdi: “Bir əsəri anlamaq üçün yazarın həyatını bilməyə ehtiyac yoxdur”.
Sizin mövzu seçiminizin yazacağınız əsərin janrına hansısa təsiri olurmu?
H.M.E.:
Xeyr. Bilirsiz, əslində poeziyada da hardasa müəyyən qədər ixtisaslaşma var. Məsələn, birisi siyasi lirikada, o biri məhəbbət və yaxud təbiət lirikasında və sairə daha mükəmməldi. Mən isə hesab edirəm ki, poeziyanın qapısı hər şeyə açıqdı. Bu qapıdan riyaziyyat da, siyasət də, seks də keçə bilər, hansısa xırda bir bitki də onun diqqətinə layiq ola bilər. Başa düşürsüz, poeziya məndən ötrü ölçü-tərəzi tanımır, insan üçün maraqlı olan hər şey burda öz yerini tuta bilər. Amma özlərini əsl mütəxəssis adlandıranlar başqa qənaətdədir: onların öz mövzuları, seçib biryolluq təyin etdikləri yolları var. Amma mən əbədi dəyişməz qalmaq istəmirəm, axı insan kimi də bir yerdə dayanıb-durmamışam, daim hərəkətdəyəm.
M.İ.:
“Şair kəndi nabzını bulacaq insandır” Yahya Kamala görə: “Bildim nədir üfüqdəki sonsuzluğun dadı.” Nəbzini bulmaq, ədəbi tərzini bulmaq, öz mövzularını bulmaqdır bir baxıma. Şerin ahəngi bir millətin dili ilə münasibətdə bulunmalıdır. Şeir ən əvvəl musiqidir, başdöndürən havadır, misra isə bir neçə kəlmədən oluşan qanadlı kəlmədir. Şeir ya dua, ya da səsin özü kimi səslənməlidir. Şeir zamanın, gözəllik irqin röyasıdır, bir düşünürə görə. Şeir qəbilənin xatirə dəftəriydi bir zamanlar.
Bütün bu gəzişmələri niyə etdim? Şair ilhamın, sözün gəlişinə çiçəkli budaq quş qonuşuna hazır olduğu kimi hazır olmalıdır. Bir “quşum qondu” ifadəsi də var axı?! Ekstaz anı varsa, mövzu və janr məsələsi öz-özünə tənzimlənir. Heç axacaq sel keçəcəyi yollar haqqında düşünürmü? Amma sel keçib getdikdən sonra buraxdığı izlər üzərində düşünmək qalır. Mövzu tərzini bəlirləyir, sonradan araya-ərsəyə gələnlərin üzərində işləmək, çəki-düzən vermək şairin işidir. Şeirdə də Medeleyev cədvəli var və hər şairin o cədvəldə öz yer vardır. Böyük şair özündən əvvəli silməyi bacaran adamdır. Nə zaman ki, həqiqi şair dünyaya gəlir, hər şey onunun qarşında əmrinə hazır durur.
Nəsr sizin üçün poeziya qədər hüdudsuz deyil, eləmi?
H.M.E.:
Mənim üçün ən hüdudsuz janr essedi. Elə bu səbəbdən də məni özünə cəlb edir. Mən adətən, əvvəlcə tezisin irəli sürüldüyü, ardınca sübut-dəlillərin gətirildiyi akademik esselər yazmıram. Nəsə mənim diqqətimi çəkəndə, bu barədə nə düşündüyümü özüm üçün də aydınlaşdırmaq istəyirəm. Axı, əvvəlcə hər şey mənim üçün də qaranlıq olur. Hər dəfə bu, bir sınaq, eksperiment, Monten “Təcrübə”si kimi bir şeydi.
Forma nöqteyi nəzərindən bu janrın çox üstünlükləri var. Essedə sən nəsə nəql edə, nədənsə iqtibaslar gətirə, öz şəxsi təəssüratlarına istinad edə bilərsən.
Burda reportajvari üsul, müəyyən qədər tərcümeyi-haldan istifadə də mümkündür. Esse müəllif qarşısında ciddi tələblər qoymayan çox sərbəst janrdı. Ola bilsin, bu janr məndə digərlərindən daha yaxşı alınır. Mən povestlər yazsam da, nasir-romançı sarıdan özümü elə də güclü hesab eləmirəm.
M.İ.:
Doğrudur, son illərdə mən nəsr əsərləri də yazıram, amma şeir mənimçün əsasdır. Arzularımın əlindən tutub məni ədəbiyyata gətirən şeirdir. Sualın cavabına gəldikdə isə nasir başqalarının şair isə hardasa, öz həyatını yazır. Burada fərqli istisnalar da az deyil! Şeir dillə yapılan bir oyundur deyir A.H Tanpınar. Nəsri isə belə adlandırmağa haqqımız yoxdur. Şeirlə nəsri dağlardan tökülüb ovalara axan çaylara bənzətmək olar. Şeir, o çayın dağ yamaclarından dərələrə can atan başı daşdan-daşa dəyən çılğın, nəsir isə çoxdan dərələrdən aran obalarına çıxmış, sönüb səngimiş, tənbəl-tənbəl, amma amacı böyük dənizə qovuşmaq olan ləngər halıdır! Əgər dilə hakimsənsə, nəsrin elə atgetməz, xəyalişləməz ənginləri var ki? Flober “Madam Bavari” əsərini, Nazim Hikmət “İnsan mənzərələri”ni yazarkən söylədikləri sözlər fikrimə söykək ola bilər, - artıq əsəri yönləndirən mən deyiləm, əsərin gözəgörünməz ruhudur, heç bilmirəm məni hansı uzaq, naməlum sahillərə aparacaq?!
Əslində, şeirlə nəsri bir-birindən ayırmaq doğru deyil, onlar bir-birilərinin içindən doğulublar. Freydə qədər ədəbiyyatı bəsləyən röya idi. Sartrın əsərləri başdan başa röyalardır. Bizim romanlarımız isə xalq mahnılarımız, muğamlarımız idi bir zamanlar, nağıl və tarix bir-birinə qarışmışdı. Böyük başlanğıclar nağılın ətrafında təşəkkül edirdi. Bizim yaratdığımız ədəbi qəhrəmanlar hardasa bizim xatirələrimizin övladlarıdır. Avropa ədəbiyyatında isə durum bir az fərqlidir. Avropa ədəbiyyatı ilə müqayisədə bizim ədəbiyyatımızın əsas materialı nə yazıq ki, çox zaman xatirələr olur.
Siz dünyanı özünüzdən keçirmək həvəsinə görəmi, tərcüməylə məşğul olmusuz?
H.M.E.:
Hər şeyi özündən keçirmək və eyni vaxtda geri qaytarmaq. Bu, daha maraqlıdı. Bundan başqa mən ekzoqamiya tərəfdarıyam. Həyat yoldaşını yalnız öz kəndindən seçməyin vacib deyil. Başqa kənddən olsa daha maraqlıdı, deyilmi? Amma rusun vətən xiffəti, əlbəttə, tamamilə fərqli, məxsusi bir hissdi. Qürbətdə olan rus, sanki ömrünün sonunacan vətən həsrətiylə zingildəyən it kimidi. Bu, həqiqətdi. Bu nəsə bir nağıldı, özüm də bilmirəm, necə deyim, nəsə xüsusi bir hissdi. Qürbətdə olan rus üçün həmişə nəsə çatışmır–xüsusən qayıtmaq imkanı olmayanlar üçün. Qayıdanlar da intihara əl atırdılar...
M.İ.:
Rus şairi Jukovski deyirdi ki, şerin tərcüməçisi əsərini tərcümə etdiyi şairin rəqibi, nəsrin ki, isə köləsidir. Sənət bir müqavilədir, bir düşünürə görə, şərtlərini özünün təspit etdiyi bir müqavilə. Doğrusu, mən özümü elə də uğurlu tərcüməçi hesab etmirəm. Bunun əsas səbəbi içimdəki ədəbi ritmi tərcümənin pozacağı qorxusudur. Amma yenə də olsun, istər rus şairlərindən, istərsə də dünya şairlərindən bir çox tərcümələr etmişəm. Əgər tərcümə edəcəyin əsəri öz ilham səviyyənə ucalda bilməyəcəksənsə, boşuna zəhmət çəkməyə dəyərmi?
Sabirin dediyi kimi “Osmanlıcadan türkçəyə tərcümə” Anadolu türkcəsindən dilimizə uyğunlaşdırmaları tərcümə adlandırmaq nə dərəcədə doğrudur, bunu bilmirəm! Dünyanı “özündən keçirməyə” qalsa, belə çıxır ki, daha çox dünyanı yox, Türk dünyasını özümdən keçirmişəm. H.N.Atsızın “Bozkurtlar” romanı və bir çox önəmli Anadolu şairlərinin əsərlərinin dilimizə uyğunlaşdırılmasını bu sıraya aid edə bilərəm.
Ədəbiyyatın hansı dövrü sizə daha yaxındı. Brodski kimi sizin də digər yüzilliklərdə məsləkdaşlarınız varmı?
H.M.E.:
Elə dövr var ki, orda özümü rahat, eləsi də var ki, narahat hiss edirəm. XVIII əsr mənə daha doğmadı, Didronu isə məni himayə edən tanrılardan biri sayıram. O, temperamentinə görə mənə yaxındı. Didro dialoqların əvəzolunmaz dahisiydi–həm şifahi, həmdə yazılı formada. Hammerştayndan olan kitabda qəhrəmanlarımın söhbəti Didrosuz əmələ gəlməzdi. Söhbətin tonu da ordan gəlir.
M.İ.:
Sualına cavab olaraq ağlıma ilk gələn haçansa yazdığım misralarım oldu:
Gedərsən, hər şeyi alarsan gözə,
Açılan təsəlli yerimi sirr də:
Səni dəli kimi sevəcək gözəl,
Bəlkə doğulacaq başqa əsirdə.
Gecikib payıza açan lalə, ya bənövşəni də az görməmişik. Tənqidçi Kiril Ankudionvun rus şairi Y.Kuznetsovla bağlı belə bir fikrini oxumuşdum: Kuznetsov haqqında onu düşünmək olar ki, o, XX yüz ilin mifoavanqardının gecikmiş təmsilçisi və Yeytsin, Eliotun, Traklya və Lorkanın tam hüquqlu davamçısıdır.
Bəli ədəbiyyatda belə “gecikmələr” və “tələsmələr” sadəcə şair fantaziyası deyil. Bir növ buna gecəylə gündüzünü qarışıq salan körpə yuxusu da deyə bilərsən! Təbiətdə silsilələr olduğu kimi insanların və xalqların da həyatında silsilə təkrarları olur. Bəlkə səhv edirəm, bilmirəm, mən də təbiətim etibarı ilə L.N.Tolstoy, C.Bayron kimi J.J.Russo düşüncəsinə yaxın adamam.
Neçin keçmiş zaman bizi bir quyu kimi içinə çəkir? Dünyadan umduğu nəydi Russonun? Dünyanın idillik çağlarına dönüş canaatımımı? J.J.Russonun yaşadığı elə bir dönəm idi ki, insanlıq ağaların istismarından qurtarıb artıq amansız paranın-pulun hakimiyyəti altına keçmişdi. Allahı, tanrıları pul əvəz etməyə başlayan kapitalizmin sənaye caynağı bütün dünyaya uzanmağa başlamışdı. İnsan təbiət üzərindəki qələbəsini hər adımda təsdiqləməyə çalışırdı. Amma Russonun dünyanın idillik çağlarında yaşamaq arzuları arzu olaraq qalmağa məhkumdu. Elə mənim də! Nə yazıq ki zamaniçi yolçuluqda geriyə yol bağlıdır, durmadan, dayanmadan hər zaman irəli! Amma haraya qədər?!
H.M.E.:
Sizcə, yazıçı oğurluq etmədən keçinə bilərmi?
Bizə qədər olan bu bir cüt minilliyin əvvəlində artıq nəsə edilib. Bizə yalnız davamını gətirmək qalıb. Yazıçı üçün orijinallıq ümumiyyətlə şərti anlayışdı.
M.İ.:
Arı şirə çəkmədən bal ifraz edə bilərsə, yazıçı da “oğurluq” etmədən keçinə bilər. Bir əfsanədən neçə “Leyli və Məcnun” yarandı. “Dantenin “İlahi komediya”sından sonra XX əsrdə rus şairi Yuri Kuznetsovun aşağı-yuxarı eyni mövzuda və hardasa eyni içərikli poema yazması, şair cəsarəti örnəyi deyilsə, bəs nə idi? Çiçəkdəki şirəni bala çevirdiyinə görə nəticəsinə arı balı deyirik. Oysa ki, şirə arının deyil, çiçəyindir.
Mən buna oğurluq yox, yaradıcı istifadə deyərdim. Elə bir istifadə ki, nə oxuyanın, nə istifadə edilən mənbənin ruhu duyuq düşməsin. Su pərisi, ya da dəniz qızı bizim folklorumuzdan tutmuş yunan mifologiyasına qədər çox yerdə vardı. Amma onu böyük ədəbiyyata ilk dəfə Andersen gətirdi.
Onsuz da günəşin altında yeni deyə bir şey yoxdur, köhnə qəliblərə yeni “don geydirmək” var. Buna dünyəvi xatirənin sirrinə varılacaq yerindən çıxıb gəlmək də demək olar. Burda yenidən Yunus Əmrəni xatırlamaq yerinə düşəcək: “Hər dəm yeni doğarız, bizdən kim usanası”. Amma bu da doğrudur ki, sənət təkrarı sevməz, təkrar musiqinin malıdır, o da bir dərəcəyə qədər. Hər şeyin səviyyəsi dəyişir. Axşam inandıqların səhər dəyərini itirir və yeni heç bir şey yoxdur. “Adətlər arxasınca başqaları gəldiyi üçün, ya da onların varlığına ehtiyac qalmadığı üçün yox olub gedirlər…”
Siz maska arxasında gizlənməyi xoşlayırsız?
H.M.E.:
Mən oynamağı xoşlayıram.
M.İ.:
Z.Freydin “Yuxuların yozumu” əsərində bir məqam var. Freyd Götenin məşhur “Bildiyin bütün gözəl sözlərin hamısını uşaqlara söyləyə bilməzsən” misralarını misal gətirərək yazır ki, bu hadisə eyni ilə siyasətə qarışmaq istəyən yazıçının da başına gəlir. Senzuradan, tərəfdaş tənqiddən çəkinən yazıçı özünə, sözünə çəki-düzən verməyə, fikrini qəbul görə biləcək bir şəkildə ifadə etməyə çalışacaq, ya da tənqidini hansısa günahsız maska altında gizləyəcək.
Gərək siyasi olaylarda, gərəksə də ədəbi tənqiddə – azacıq istisnalarla – bütün qələm sahiblərinin maneralarında bu və ya başqa bir şəkildə maska var. Allaha şükürlər olsun ki, onun yardımyla mən belə “maska”dan uzağam. Amma onu da deməyi unutmayaq ki, yazda açdığı yarpaqlar ağacın maskasıdırsa, yazanın da şairlik maskası ola bilər. Yarpaqlar ağacın öz içindən gəldiyi kimi, içdən gəlirsə, Anadolu türkləri demiş mən “şairlik pozuna” el də pis baxmıram. Foto-makinanın qarşısında oturanların hansı birisi poz verib olduğundan gözəl görünmək istəmir ki?! Olsa-olsa, mənim maskam ağac yarpağı misalı bir maska ola bilər.
Bəzi adamlar ceviz ağacına bənzər, kimsəni yaxınına yaxınlaşdırmaz, kirpinin özünə çəkilməsi, gicitkənin əlimizi dalaması nə qədər təbiidirsə, yaradıcı adamın da gözəgörünməz maskasının olması o qədər təbiidir. Sirr açıldığında heydən düşür, könül qapılarını hər kəsə açarsa, şair büyüsü pozulmazmı? Zatən sənətkarın maskası yazdıqlarında açılmırmı? Üzündə göz izi var, sənə kim baxdı, yarımdakı “göz izi” nədir bəs?!
Zəruri qeyd: Hans Maqnus Ensensberqgerin bu müsahibəsi “Xəzər” jurnalında yazıçı Yaşarın tərcüməsində dərc edilib.