Nizami Gəncəvi haradadır?

Nizami Gəncəvi haradadır?
5 dekabr 2023
# 14:00

Kulis.az “Xəmsə”nin poetik tərcümələri haqqında Fərid Hüseynin "Anladım ki, mən haqqın yox, nahaqqın tərəfdarıyam" adlı yeni yazısını təqdim edir.


Nizami
Gəncəvinin “Xəmsə”sinin poetik tərcümələrinin bir neçəsinə bəzən mən də ötəri irad bildirmişəm, amma zamanla anlamışam ki, bu məsələdə haqqın yox, nahaqqın tərəfdarıyam və buna görə də vaxtında yanlış yoldan çəkilmişəm. Fəqət aradan illər sovuşduqca poetik tərcümələrə qarşı hücumlar səngimir, ona görə də qərara gəldim ki, bir neçə irada cavab verim:

1. Əgər sətri tərcümələr poetik tərcümələrdən daha yaxşıdırsa (unutmayaq ki, poetik tərcümələrin çoxu sətri tərcümələr əsasında edilib) onda qələm əhli buyurub “Xəmsə”dən hansısa hekayəti sətri tərcümələr əsasında, orijinaldan sapmadan poetik tərcümə edib sanballı bir nümunə yaratsınlar. Necə deyərlər: bu meydan, bu da şeytan.

2. Artıq “Xəmsə”nin yazıldığı zamandan əsrlər ötüb, o zamanki dillər müasir dövrdə öz aydınlığına qovuşub. Yəni zaman-zaman poetik dillər sayılan orta əsrin aparıcı lisanları müasir dövrdə “izahlı dillər”ə çevriliblər. İzahı bir az da irəli aparaq, orta yüzillikdə şairin bir sözlə ifadə etdiyi fikri indiki oxucunun anlaması üçün bəzən 4-5 sözdən yararlanmaqla çevirirlər. Bu isə o deməkdir ki, orta əsrlərdə az sözlə ifadə edilən fikri, indi gərək daha əyani təsvirlər yaradan ifadələrlə oxucuya açasan. Bu halda isə, orijinala xələl gətirmək şansları birə beş artır. Deməli, daha bu prinsiplərlə məlum bəhrələri gözləyərək Nizaminin ədəbi irsini tərcümə etmək o qədər də asan deyil. Klassik əsərləri çevirərkən bu sayaq tərcümə problemləri Avropa dillərində də meydana çıxdığı üçün onlar da əksərən sətri tərcümələrə üstünlük verirlər.

3. Bir dəfə görkəmli alim Məsiağa Məhəmmədiyə təklif olunmuşdu ki, Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi”sini doğma dilimizə sətri tərcümə eləsin, sonra ünlü şairlərimizdən biri də onu poetik şəkildə çevirsin. Məsiağa müəllim bu qeyri-ciddi işin altına əlini qoymadı və “Məsnəvi”ni xalqımızın təfəkkürünə “səhvlər ensiklopediyası” kimi hopmasını rəva görmədi. “Məsnəvi”nin şərhçiləri bildirirlər ki, Mövlana əsərin girişində ney haqqında yazarkən xüsusi olaraq onun sədasından qadınların və kişilərin təsirləndini qeyd edir, amma o mətni çevirərkən “qadınlar və kişilər” sözlərinin əvəzində “hamı” yazsan məna itir. “Qadınlar və kişilər ” sözlərini əgər tərcüməçi heca sayına uyğun olsun deyə, qısaca “hamı” kimi qeyd etsə, onda tədqiqatçıların məntiqi şərhləri də öz işinin dalınca gedəcək.

4. Orta əsrlərdə şairlər yazdıqlarını kütləvi oxucudan daha çox, xiridarlara hesablayırdılar, ona görə də bir sıra ədiblər öz bədii bəhrələrini daha çox məna dilindən anlayanlara, zövq-əhlinin nəzərinə görə yazıblar. O cür mətnlərdə bir söz, hansısa hekayətə işarə ola bilər və belədə o bir sözü mətndə ayaq qeydi kimi yox, müstəqim söz kimi vermək məcburiyyəti meydana çıxır. Bu da tərcümə üçün ciddi problem yaradır. Nizaminin irsinin tərcüməsində isə bu cür problemlərin ortaya çıxma şansı daha çoxdur. Ona görə poetik tərcümələrdən birə-bir sədaqət ummaq çətindir.

5. Mən demirəm, Nizaminin əsərləri poetik tərcümə edilə bilməz, ədəbi-elmi mühitimizdə bu işi görə biləcək 3-4 qüdrət sahibi var, amma onların heç birinin “Xəmsə” tərcümə eləməyə, illərlə hər şeydən ayrılıb bu işlə məşğul olmağa zamanları, imkanları yoxdur. Bəlkə də, onlar bu işin çətinliyini anlayırlar deyə bu zor işə yaxın durmurlar. Kənardan baxana isə oyun həmişə asan görünür.

6. Hələlik ən ideal variant odur ki, əvvəlki tərcümələr orijinal və sətri tərcümələr əsasında yenidən redaktə olunsun. Və bu iş kollektiv şəkildə görülsün. Yəni orijinalı bilənlər, sətri tərcümələrin müfəssəlliyini anlayanlar, şairlər, tərcüməçilər və redaktorlar qrupu yaradılsın. Yekunda meydana çıxan iş isə kollektiv əməyin bəhrəsi kimi təqdim olunsun. Bu işə - “Xəmsə”nin poetik tərcüməsinə başlamazdan öncə isə sətri tərcümə, elmi-tənqidi mətn mükəmməl şəkildə hazırlanmalıdır.

7. Məşhur bir fikir var ki, “klassiklərin yazdıqlarını tam təhrif eləmək olmur”. Doğrudan da, Nizaminin əsərləri nə qədər yanlış tərcümə olunsa da, yenə də ümumi götürəndə, böyüklüyündən az şey itirir. Məhz bu səbəbdədndir ki, Nizaminin əsərləri həm ədəbiyyatımıza, həm də insanlara kifayət qədər təsir edib və etməkdədir. Nizaminin xalqımıza, ədəbiyyatımıza göstərdiyi təsir isə ayrı yazının mövzusudur. Amma yeri gəlmişkən o mövzuya da toxunmaq olar. Əgər siz:

Seyid Əzim Şirvaninin "Rəbiül-ətfal"nı oxuyun, Nizami sözünün çöhrəsini görəcəksiniz. Yeri gəlmişkən, Seyid Əzim Şirvani daim oxuduğu “Xəmsə”ni ölərkən Mirzə Ələkbər Sabirə verilməsini vəsiyyət edib.

Sabirin aşiqanə qəzəllərini oxuyun, orda Nizami lirikasının çalarlarını görəcəksiniz.

Süleyman Sani Axundovun “Qorxulu nağılları”nı oxuyun orada yenə də Nizaminin hekayətçilik üslubu ilə rastlaşacaqsınız.

Səməd Vurğunun “Fərhad və Şirin”ini oxuyun, Nizami sözünün təsir dairəsinin uzandığı əllərin imkanlarını anlayacaqsınız.

Fəxri Uğurlunun hekayələrini mütaliə edin, Nizami mahiyyətli qayıdışları sezəcəksiniz.

Bu misalları həbs olunarkən mülkləri ortaya çıxan məmurların varidat siyahısı qədər uzada da bilərəm. Amma çoxa nə hacət...

Dünyada elə şair yoxdur ki, özündən sonra Nəvai, Cami kimi ustadları təsirə sala bilsin, yaxud da Şərq dünyasının söz sehrkarlarını beş əsər boyunca “təqlid” yazmağa vadar eləsin. Necə ola bilər ki, o rabitə qırıla, o boyda şairin işığı xalqımızın ruhundan çəkilə?

Bir sözlə, Nizami təsiri həm ədəbiyyatımızda, həm mədəniyyətimizdə, həm də həyatımızda davam etməkdədir.

Nizaminin Mövlanəyə təsiri, sonra o təsirin günümüzədək Türkiyə ədəbiyyatına sirayəti da ayrıca mövzudur. İndi türk ədəbiyyatından əsən yellərin ədəbiyyatımıza yayılan xoş rahiyəsi də öz yerində...

Yəni, sadəcə, hissi və əqli “dəri”nin ədəbi hüceyrələri gərək diri ola ki, Nizaminin ədəbiyyatımıza bu sayaq toxunuşları, təmaslarını hiss edə biləsən. Dənizin acısını dərisiylə dadanların, suyun ortasında su-su deyib ləliməsi paradoksu barədə də Nizaminin beyti var, amma yazının sonunda daha sitat gətirməyə taqətim qalmayıb...

# 3743 dəfə oxunub

Müəllifin son yazıları

# # #