Kulis.az Fərid Hüseynin “Ədəbiyyatımızın kədərli dəqiqələri” adlı esselər silsiləsindən "Doğuluşdan cəllada zillənən gözlər" adlı növbəti yazısını təqdim edir.
İki yaşındakı şəklində də gözləri heyrətdən, təlaşdan bərəlib...
Və həmin şəklə baxarkən əgər o çöhrənin uşağa aid olmadığını düşünsən, yaxud o şəklin ancaq gözləri olan hissəsi ayrıca kəsib yaxınlaşdıraraq baxsan, elə sanarsan ki, həmin uşaq bu saat cəllad önündədir, avtomat ona doğru tuşlanıb və bu saat qatil silahının darağındakı bütün güllələri onun qarnına dolduracaq. Fəqət o heyrətli, təlaşlı gözlər, o iki yaşlı uşağın baxışları qatilə, cəllada, əli qanlıya yox, gələcəyə dikilib, o gələcəyə ki, orada qan-qada, bəla, məşəqqət, zülmlü günlər bəs qədərdir.
Məhəmməd Füzuli “Leyli və Məcnun” əsərinin əvvəlində Qeysin – sonraların Məcnununun kədərini səs vasitəsi ilə oxucuya çatdırır. Məcnun anadan olanda gələcəkdə ona üz verəcək tale bəlalarından duyuq düşüb ağlayır, amma yuxarıdakı şəkildəki uşaq isə bədbəxt gələcəyi səslə yox, gözlərinin ifadəsiylə əks etdirir. Onun bəbəklərindən uzaq günlərin ələmləri, zülmlü anları, aqibət ağrısı aydınca oxunur. Söhbət Mikayıl Müşfiqin iki yaşında çəkilmiş fotosunda gedir. Fotoda sanki uşağın köynəyinin yaxasına (gözə görünməz şəkildə) məhbus nömrəsi də yazılıb, yaxasındakı rəqəmlər millətimizin bəla təvəllüdüdür: 1937.
İndiki telefonlarda insanların cavan çağlarında çəkilmiş şəkillər əsasında qocalığın təsvirini yaradan proqramlar mövcuddur. Bu cür proqramların görüntü effektlərini hansısaa şəkilə tədbiq edəndə istər-istəməz şəklinə yeni görkəm verilən adamın gözlərin ifadəsi də az-çox dəyişir. Ancaq o proqramların effektlərini Mikayıl Müşfiqin şəkillərinə tətbiq edəndə yenə də onun gözlərindəki kədərli ifadə dəyişmir, sanki onun baxışları yenə də cəlladının gözlərinə sancılıb və məchul bir boşluğa nicatsız, naümid-naümid baxmaqdadır. Sanki süni intellektin proqram daxilində idarə etdiyi bu sayaq dəyişikliklə də Mikayıl Müşfiqin həbs olunduğu günlərdə çəkilmiş şəklinin üz ifadəsinə qıymır, eləcə də digər şəklinə – 1910-ci ildə, yəni iki yaşındakı fotosuna...
Görkəmli şair Vaqif Bayatlı Odərin “Mikayıl Müşfiqin qocalıq şəkli” adlı bir şeiri var. Şeirin məzmunu belədir ki, bir rəssam cavankən Müşfiqin rəsmini çəkir, aradan illər sovuşandan sonra bu dəfə şairin qocalıq əyyamlarını fırçanın diliylə canlandırmaq fikrinə düşür və başlayır əlli il öncə istifadə etdiyi boyalardan yararlanmaqla yeni rəsm əsəri çəkməyə. Mikayıl Müşfiqin qocalıq şəklini çəkmək istəyən rəssamın tablosundakı digər təsvirlər – ağaclar, analar, bacılar qocalır, Müşfiqin saçları isə gəncliyindəki kimi qara qalır.
Tabloda balaca uşaqlar Müşfiqin öldürülüb atıldığı dənizdəki balıqlara çevrilirlər. Vaqif Bayatlı Odər şeirindəki bu detalla göstərir ki, dənizdəki balıqlar əbədidir, yəni uşaqlar həmişə uşaqdırlar, onlar zamanın fövqünə qalxıblar, vaxtdan azaddırlar. Deməli, onda uşaqların olduğu dəniz də zamandan azaddır, o dənizdəki Müşfiq də zamandan yuxarıdadır və ona görə qocalmır. Hər halda, şeirdə bir misrayla verilmiş bu poetik detalı mən belə mənalandırıram. Vaqif Bayatlı Odərsə öz fitri istedadı ilə o detalı, poetik fikri şeirin daha dərin qatında yerləşdirib. Şeirin finalı sadəcə heyrətamizdir:
İndi böyük bir akvariumun
divarını döyəntək
balaca burunlarıyla itələyirlər uzaqlara
dənizin dirəndiyi üfüqü.
Özünü yorma, rəssam qardaş,
qocaltmaq mümkün deyil Müşfiqi.
Yəni dənizdəki balıqlar (uşaqlar) üfüqü burunlarıyla kənara itələyirlər, Günəşi dənizdə batmağa qoymurlar ki, sabah gəlməsin, səhər açılmasın, nəhayət, dənizdə zaman dəyişməsin, vaxt ötməsin. Vaxt ötməsin ki, uşaqlar balıq kimi daim dənizdə uşaq qalsınlar, zaman adlamasın ki, o dənizə güllələnərək atılmış Mikayıl Müşfiq də əbədiyyən 29 yaşında olsun. Onu nə zaman qocaltsın, nə onu sağlığında görmüş, onunla otur-dur eləmiş adamların təsəvvürləri, nə də süni intellektin idarə etdiyi foto proqramlar.
***
Özümə sual edirəm ki, görəsən, Mikayıl Müşfiqin qocalıq şəklinin çəkilməsinin mümkünsüzlüyünü Vaqif Bayatlı Odər nə üçün yazıb, həmin şeiri qələmə alarkən nələri düşünüb, bu mövzuya müraciət ehtiyacı onda necə yaranıb?
Mən tanıdığım qədər Vaqif Bayatlı Odərin poetik təsəvvürlərinin sonu, axır nöqtəsi yoxdur, amma Mikayıl Müşfiqin qocalığı məsələsində onun təsəvvürlərinin sərhəddi dalan dirənib, onun gözünü önünə hər kəsin xəyalındakı cavan Müşfiqdən kənardakı Müşfiq, yəni yaşa dolmuş nakam şair gəlməyib.
Əslində, o şeirdə dənizə tökülərək balığa çevrilmiş, burnunun ucuyla üfüqi itələyən uşaqlardan biri Vaqif Bayatlı Odərin xəyalı, daxili dünyasındakı uşaq olub. O dənizdəki uşaqlar isə Müşfiqin dünyaya gəlməyən övladları idi.
O cür parlaq uşaq obrazları yaradanda, o sayaq pak bala qəhrəmanları ədəbiyyata bağışlayanda Vaqif Bayatlı Odərin övladı yox idi və hələ sevimli oğlu Odər dünyamızın sakininə çevrilməmişdi.
Təsəvvür edin, övlad həsrəti ilə yaşayan bir şair – Vaqif Bayatlı Odər vaxtsız dünyadan köçən başqa bir şairin – Mikayıl Müşfiqin gəncliyini, cavanlığını qorumaq, onu daim 29 yaşında saxlamaq üçün şeirində həmkarının dörd yanına üfüqü dənizdən qovan – Müşfiqi vaxtdan xilas edən “uşaq cangüdənlər” düzmüşdü və beləcə onlar hər il doğum günü gül atılan Xəzər dənizinin əbədi sakinləri idilər...
Vaqif Bayatlının təsəvvürlərinə sərhəd çəkdiyi, üfüqi uşaqların burunlarıyla kənara itələdiyi, daim fövqünə qalxdığı zamanın önündə durduğu anlar, o hissləri keçirdiyi an, o şeirin qələmə alındığı zaman kəsimi mənim üçün ədəbiyyatımızın ən kədərli, ən təsirli dəqiqələrindəndir. Həmişə insanları azadlığa, quşları hür uçuşlara səsləyən Mikayıl Müşfiq öz həyatı ilə bizlərdə, xəyalları dünyaya sığmayan, azadlığı ölçüyəgəlməz olan Vaqif Bayatlı Odərdə təsəvvür məhdudiyyəti, fikir çənbəri yaradıbmış...