Fəxri xiyabanda məzar daşlarına yazılan şeirlər – REPORTAJ

Fəxri xiyabanda məzar daşlarına yazılan şeirlər – REPORTAJ
17 noyabr 2023
# 12:00

Kulis.az Fərid Hüseynin Fəxri xiyaban haqqında reportajını təqdim edir.

Fəxri xiyabana dəfələrlə getmişəm, ancaq yörəsində olduğum qəbirlərə baxmışdım, asudə gəzməmişdim. Bu dəfə isə bütün məzarlara bir-bir baxdım. Yazımdasa şairlərin məzarlarından və üzərində şeir yazılmış baş daşlarından söhbət açacam.

Burda zamanın və dövrün böyük şairləri uyuyur. İlk rast olduğum şair qəbri Zəlimxan Yaqubundur. Məzarın üstü götürülməyib deyə hələ baş daşına şeir yazılmayıb. Sadəcə bu haylı-küylü şairin, kölgəli kişinin indiki susqunluğu mənə o qədər yad, ağrılı görünür ki, elə bilirəm, burda onunla ilk dəfə tanış oluram. Və bu susqun Zəlimxan Yaqub əvvəl tanıdığımdan tamam ayrı adamdır. Sonra isə onunla bağlı xatirələr yadıma düşür və ürəküşüdən xiffətlə çoxdan tanış olmağımızı xatırlayıb yaddaşımı təzələyirəm. Olsun ki, fərqli dünyalarda ayrı cür görünür adam adama...

Tanışlıqdan danışarkənsə yadıma bir məqam da düşdü: Məşhur türk şairlərinin xanımlarından alınan müsahibələrdən ibarət “Gəzindim boş otaqlarda” adlı maraqlı bir kitab var. Söhbətlərdən biri genişnəfəsli, məna şairi Atilla İlhanın həyat yoldaşı Biket İlhan ilədir. Müsahibədə ondan şairlə necə tanış olmasını soruşurlar. Danışır ki, biz gəmidə tez-tez rastlaşardıq və həmişə qeyd dəftərçəsinə nəsə qaralayan, öz aləmində olan bu oğlana baxardım. Bir dəfə arxasınca da getmişdim, ancaq evimizə çatanda dayanmışdım.

Biket xanıma qəribə gəlirmiş ki, necə olur, hamının diqqətini özümə cəlb edirəm, amma bu oğlan mənə gözünün ucuyla da baxmır. İş elə gətirir bir gün bir məclisdə onları tanış etmək üçün Biket xanımı Atilla İlhana təqdim edəndə şair deyir: “Gəmidən tanışıq...”


YAZI

Şairlərin qəbri üzərində yazılan şeirlər...

Şeir yazarkən hansı şairin ağlına gələr ki, bu gün qələmə aldığın misra, bir neçə illər sonra məzarının üstünə həkk olunacaq? Nə bilək ki, həvəslə çəkdirdiyimiz hansı şəklimiz sabah qara mərmərdən boylanacaq? Məncə, “dəftərxana xislətli” – hər şeyi ölçüb-biçən adamlar bu məsələləri fikirləşir, yerə qalanlarsa inanmıram...

ŞİRİN BİR XATİRƏTƏK

Səməd Vurğunun məzarının yanına gəlib çıxıram və onun məzarı üstünə bir vaxtlar Üzeyir Hacıbəyovun ölümünə həsr etdiyi “Eşq olsun sənətkara” şeirindən bu misralar yazılıb...

Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...

Səməd Vurğun hardan bilə-bilərdi ki, Üzeyir bəyin ölümündən sarsılanda yazdığı bu misralar bir gün öz məzarına həkk olunacaq?! Alın yazısı kimi məzar daşına yazıları da “seçimsizdir”...

“ÖLƏN ŞEİRLƏRİM”

Ölüm deyəndə biz nədənsə ancaq fiziki ölümü, insanın bu gözəlim dünyadan köçməsini təsəvvür edirik. Şair üçünsə bəzi şeirlərin ölümü də böyük, təsəllisiz itkidir. Səməd Vurğunun başqa bir ölümlə bağlı uzaqgörənliklə yazılmış şeiri belə adlanır: “Ölən şeirlərim”. Karl Marksdan epiqrafla başlayan həmin şeirdə “Tarixə Bolşevik yazılsın adım” misrası hər nə qədər zamanın ifadəsi olsa da, “şeirlərimi şüarlara döndərirəm” misrası həm də şairin başqa şeirlərinin “məzar yazısıdır...”

BİRCƏ FƏRQ

Gəzə-gəzə ancaq şair məzarlarını axtarıram, yazacağım esseylə bağlı məzarların üstündəki şeirləri oxuyuram. Bu dəm Fəxri Xiyabanda uyuyan bəzi şairlərin bizə tarixi faktlardan, dövrün mətbuatından məlum olan “başyeyən”, “gedərgəlməz bileti” sayılan məqalələri, danosları yadıma düşür. Şeytan qulaqlarına xəbər aparmasın, həzin-həzin Mirzə Şəfi Vazehin ölməz misralarını mızıldanıram:

Beşikdən ta qəbrə qədər yol var ki, şəksiz.
Əldə əsa və əsasız keçməliyik biz.
Arasında bunun yalnız fərq var ki bircə.
Kim həyatda həmin yolu keçəcək necə?

QAÇMAQ OLMUR

Məzarların üstündəki şeirlərə baxdıqca ürəyimdən keçir: “Olmur, olmur, hərənin bir qisməti var...” Öz dövrünün və estetikasının ötülməz şairlərindən olan türk şairi Orxan Vəli ilə bağlı belə bir məqamı da doğru müşahidə ediblər ki, şeirlərində qafiyədən istifadə etməməyə çalışan, sözləri qafiyələndirməkdən zəhləsi qaçan Orxan Vəli məzar daşında da qafiyədən canını qurtara bilmədi. “Orxan Vəli, 1914-1950”. Məzar daşına yazılmış yazını bu dəfə söz-söz oxuyaq:

Orxan Vəli
Min doqquz yüz on dörd
Min doqquz yüz əlli.

BİR CÜT AYAQQABI

Sovet dövründə yersiz pafos olub. Bu dövrün əsl mənzərəsini qaralamaq, görünməz etmək, çaşdırmaq üçün idi. Pafosdan xilas olmağa çalışanlar da var idi. Dövr elə dövr olub ki, şairlərin xarakterləri onların üslubu kimi qəbul edilirdi. Məsələn, daxilən sərbəst olan Vaqif Səmədoğlu şeirlərindəki ölçü və fikir sərbəstliyi həm də bir üslub kimi qəbul olundu. Həmin sərbəstlik nə yaxşı ki, Səmədoğlunun məzarından da duyulur. Onun məzarı üstə böyük hərflərlə yazılıb: “Mən burdayam, İlahi”. Və bir də bu şeir:

Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...

Vaqif Səmədoğlunun qəbri üstə bir cüt daşlaşmış ayaqqabı da var... Ancaq o ayaqqabını Vaqifsiz günlərin köksündən çıxardıb nə özü geyinib bizə qayıda bilər, nə də bir ayağıyalın geyinib gedə bilər...

***

Vaqif Səmədoğlunun daxilən sərbəstliyi əgər həm də onun üslubu kimi qəbul olunurdusa, Xəlil Rzanın da pafosu, hay-küyü onun dəsti-xətti kimi yadımızda qalıb. O püskürürdü... Onun səsi, gümanımca, əksər şeirlərindən daha uzun ömürlüdür. Qəbirüstü abidəsindəki iki şeirdə də həmin pafos, səs yaşayır:



Mən onsuz da əbədiyəm, cahangirlər gəldi-gedər.
Bir gün edam meydanında başım getsə, verərsəm can,
Sən yadların qarşısında heç bir zaman qara geymə,
Ey ağ donlu anam mənim, ağ çələngli AZƏRBAYCAN!

______

Qorxma mən sarsılmaz dağ qalasıyam.
Min-min ölüm gələ sağ qalasıyam.
Sabah azad olub hayqırasıyam:
“Canım ey azadlıq! Can Firəngizim”.

DƏRƏLƏR

Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə Göygölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə sənsən gümanım,
Canım-gözüm mənim, Azərbaycanım!

“Dərələr” şeiridir bu. Mahnını da xatırladınız yəqin. Emin Sabitoğlu bəstələyib. Sözləri Nəbi Xəzriyə aiddir. İndi Nəbi Xəzrinin məzarı üstə yazılmış yuxarıdakı şeiri oxuyanda qulağıma Şövkət Ələkbərovanın ecazkar səsi gəlir və elə bil Nəbi Xəzri də əbədi yuxuya həmin mahnının sədaları altında gedib...


“ÖMÜR”

Ənvər Əlibəyli günümüzdə çox anılan, xatırlanan şairlərdən deyil, ancaq tanıyanlar tanıyır, sevənlər sevir. Fəxri Xiyabanda dəfn olunub. Baş daşının üzərində “Ömür” adlı şeirindən bu misralar yazılıb:

İnsanlara
Lazım olan insan
Tək qalmaz heç bir zaman.
İstəmirəm ömrümdə
Bircə gün də tək qalam.
Yaşamaq istəyirəm
O qədər -
Nə qədər ki,
İnsanlara lazımam!


Ənvər Əlibəyli indi təkdir... Ümumiyyətlə insan təkdir... Ənvər Əlibəylini unudulmağa qoymayan – bircə gün də tək yaşamağa macal verməyən şeirləri var. Bəzi şeirlərində umduğundan da çox yaşayır. Onun sözlərinə bəstələnmiş bu mahnını xatırlamayan, yaxud orta məktəbdə oxumayan varmı?

Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların,
"Yurdum, yuvan, məskənimsən”, Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım...

ŞƏKİLLƏR

Məzar daşlarındakı şəkillər həmişə ürəyimi ağrıdıb. Elə bil arxanca boylanırlar. Baxırlar. “Bizi qoyub hara gedirsən” deyirlər. Dəfn günü mənə ən ağrılı gələn sevdiyini torpağa basdırıb ellikcə məzarıstandan ayrılmaqdır. O səhnəni görəndə də, təsəvvür edəndə də elə bil canıma acı qan yayılır.

Həyatda çox ayrılıqlar yazılıb alnımıza... ...Sunay Akının bir şeirində qəhrəman öz sevgilinə müraciətlə deyir:

Məni sənin kimi
bircə də anam tərk etmişdi
ki göbəyimdədir hələ
onun yoxluğundan
qalan çuxur

Və bütün ömrümüzcə insanlardan, doğmalardan istəkli-istəksiz ayrılırıq. Bəzən hansısa məzarların yanından biganəcə keçirik. Öz axtardığımız qəbri tapmaq üçün uzaqlaşırıq. Hər yerdə olduğu kimi məzarıstanlarda da hamıya qarşı diqqətli olmaq olmur. Nədənsə qəbirlərin yanından keçdikcə şəkillər ürəksıyıran xiffətlə adamın arxasınca boylanır. Marina Svetayevanın qəbrinin yanındakı dəmir lövhəyə yazılmış şeiri yuxarıda dediklərimi tamamlayır:

Uzaqlaşırsan yanımdan

Ey oxşarım, baxmadan.

Mən də sizdən biriyəm.

Əylən, ay yolçu, dayan.

5 MANAT YOX, 10 MANAT

İstedada qar şumlatmaqda, əzab verməkdə əvəzimiz yoxdur. Dövrünə sığmayan adamların qanadını yox, başını kəsmişik əksərən. “Zaman-zaman” deyirik, ancaq zamanın da namərdliyi tutanda tutur. Haqqı asimandan umanda bəzən göylər lal olur... Sonra başqa zaman gəlir və sanki qədirbilməzləri qədirbilməzlər əvəz edir. Nəticədə böyüklüyü dərk edilən, yenə də talesizliyini bir başqa şəkildə yaşayır. Məhəmməd Hadi də belə şairlərimizdəndir. Nədənsə HADİNİN ZAMANI dəyişən əsrdə də gəlib yetişmədi. Hadi haqqında sevdiyim şeirlərdən biri də Şair Kəramətə aiddir:

...əlləri piştaxtası
əlləri arxasında
şeir satırdı Hadi.
Hadinin dörd əli vardı
İkisiylə şeir satırdı
İkisiylə üzünü tuturdu.

Məhəmməd Hadinin şeirlərini satması ilə bağlı bir ağrılı əhvalatda nəql olunur ki, kefli vaxtı küçədə şeirlərini satarmış. Bir gün Abdulla Şaiqə rast olur və elə bilir yoldan ötəndir. Əlində tutduğu şeirini beş manata satmaq istəyir. Abdulla Şaiq 10 manat uzadanda diksinir və diqqətlə baxıb şair dostunu tanıyır.

Məhəmməd Hadinin məzarı Gəncənin “Səbiskar” qəbiristanlığındadır. Məni isə bu sual düşündürür: Kim bilir, bəlkə Hadi məzarına yazılacaq şeiri də satıb?!


3-5 NƏFƏR və MİNLƏR

Hüseyn Ərərblinski şair olmasa da, məzarı üstündəki şeir diqqətimi çəkir:

Hər qəbzə xaki sənət ikən qəlb-zarimin,
Hər səmti qəmli bir görünüşdür məzarimin.
Ruhum həmişə səhnədə, cismim məzaridə.
Hər qədr səhnə varsa, varam ruzigarida.


Onun məzarının üstündəki şeirsə Məmməd Səid Ordubadiyə aiddir. Ərəblinskinin ölümündən az qala yüz il keçir – 1919-cu il 4 mart. Həmin gün Bakı milyonçusu, neftxuda Musa Nağıyev də vəfat edibmiş. Musa Nağıyevin dəfnində 3-5 nəfər iştirak etsə də axın-axın minlər Hüseyn Ərəblinskinin hər sənətkara nəsib olmayacaq urvatda son mənzilə yola salıblar. Xalqın sənət arxasınca getdiyi günlər də varmış...


QORXU

Məzarlara baxa-baxa “bu gün varıq, sabah yox” havasında Məmməd Arazın məzarına yaxınlaşıram. Və bu fanilik təlqin edən misraların yanında “əbədiyyət”in dili qısalır:

Bu get-gəllər bazarında dəvədi dünya
Bu ömür-gün qatarında həvədi dünya,
Əbədiyyət qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
dünya mənim,
Dünya heç kimin.


DÜNYA

Rəhmətlik İsa Muğanna ilə müsahibə edəndən sonra bir neçə dəfə mənə zəng eləmişdi. Hər dəfə də uzun telefon danışığından, xoş sözlərindən sonra qətiyyətlə tapşırırdı ki, nəbada, müsahibədə təxəllüsüm Hüseynov gedər, Muğanna yaz. Ömrünün qurtaracağında onu yaxşı başa düşürdüm. Məzarı daşına yazılmış bu şeiri oxuyandan sonra isə mən ustad yazıçımızı bir az da yaxşı başa düşürəm:

Saf Ağ könül dünyasıdır
Baxşıları duru idi.
Onu başa düşən adam.
Gözlərinin nuru idi.

Onun elmi, onun fəhmi,
“Bağ” elmi yox, Bağ elmiydi.
Fikirlərdə, xəyallarda.
Min il yaşamaq elmiydi.


İsa Muğanna həm “bizim dünyamız” üçün, həm də “öz dünyası” üçün yaxşı əsərlər yazdı. Misraların bədii gücünə fikir bildirmədən deyə bilərəm ki, bizim dünyamız uzun yaşayacaqsa, bizimlə, öz dünyası əbədi olacaqsa özü və həmfikirləri ilə yaşayacaq...

SƏS

...gəlib çıxıram Cabir Novruzun məzarının yanına. Məzarın ayaq tərəfində daşdan 3 kitabını (formaca) hazırlayıblar: “İnsanları tanımaq olmur”, “Həyat sən nə qəribəsən” və “Sağlığında qiymət verin insanlara”. Bu üç “daş kitab”ın adında haqq var: Doğurdan da: İnsanları tanımaq olmur, həqiqətən də, həyat qəribədir, şübhəsiz ki, insanlara sağlığında qiymət vermək lazımdır. Cabir Novruz Fəxri Xiyabanda uyuyursa, deməli, sağlığında qiymət verilib ona. Qalır başqa bir şey: Şeirlərin sağ qalması, növbəti əsrlərdə salamat çıxması ki, başqa sağlar da onları qiymətləndirsin, səsi, sözü eşidilən olsun. Şamaxıda Seyid Əzim Şirvaninin məzarı üstə yazıldığı kimi:

Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

# 8921 dəfə oxunub

Müəllifin son yazıları

# # #