28 ildən sonra Tap Qaraqoyunlu kəndindəki ilk ədəbi-bədii gecədən reportaj
Şanssız, abrına qısılan adamların öz haqqını ala bilməsi üçün gərək bir neçə görünməyən əlləri də ola. Əks təqdirdə, çox zaman onların haqqı tapdalanır, ana südü kimi halalları olana həsrət qalırlar. Yazıçı İsmayıl Qarayev haqqı olan şöhrətə, diqqətə nə sağlığında, nə də vəfatından sonra çata bilib. 15-ə qədər roman, 40-dan çox povest, yüzlərlə hekayə yazan və sağlığında ədəbi mətbuatın qaynar orqanlarında çalışan dəyərli bir yazıçının əsərləri unudulmalıdırmı? Onun əsərlərinin az qismi sağlığında nəşr olunub. Ölümündən sonra isə mərhum naşir, ədibin oğlu Qoşqar İsmayıloğlu atasının bütün əsərlərini çap edib. Bəs Qoşqar bəy olmasaydı İ.Qarayevin əlyazmalarının aqibəti necə olacaqdı? Fiziki övladları mənəvi övladların əvəzləməsinin vaxtı yetişməyibmi hələ?
Yol göründü...
27 iyuldakı tədbirə - İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr edilən "Gecə keçir” adlı ədəbi-bədii gecəyə yazıçının qızı, araşdırmaçı Vəsimə İsmayılqızı tərəfindən dəvət olunmuşdum. Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir yazıçının doğulduğu və dünyadan köçdüyü Tap Qaraqoyunlu kəndində keçirilirdi. Paytaxtdan gedəndə səfər yoldaşım ədəbiyyatşünas alim, astroloq Firudin Qurbansoy idi. Yol boyunca Nizami Gəncəvidən Hüseyn Cavidə, yerdən ərşə, ən pak adamlardan əli qanlı qəddarlığa qədər uzananlar haqda söhbətimiz gedəcəyimiz yolu "tükətdi” və gəlib mənzil başına çatdıq...
Yazıçının evi...
İ.Qarayevin yaşadığı evin həyətində Goranboy rayonunun tarixinə aid qədim, tarixi dəyərə sahib qablar, məişət əşyaları qoyulmuş, alça-palazlar sərilmişdi. Şəhərin mədəniyyət idarələrinin əməkdaşlarının təşkil etdiyi milli mətbəx hissəsində isə cürbəcür təamlar - təndir çörəyi, nehrə yağı, növbənöv şirniyyatlar, yazıçının həyətindən dərilmiş meyvələr iştirakçılara təqdim edilirdi. Eləcə də İ.Qarayevin çap olunmuş əsərləri, oğlunun nəşr etdiyi kitablar, habelə şairin qızı Xanım İsmayılqızının şeir topluları, Vəsimə xanımın hazırladığı müxtəlif şəhərlərə aid ensiklopediyalar qonaqlara paylanılırdı. Olduqca səmimi, qaynar atmosfer vardı, kənd sakinləri bu söz bayramının daha gözəl, təmtəraqlı keçməsi üçün cani-dildən çalışırdılar.
Həyətdəki ağacların arasında düzülən stol-stullar kənardan kənd toylarını xatırladırdı. Burada kənd mühiti ilə şəhər ab-havası, yazıçı həyatı ilə sadə insanın güzəranı təbii şəkildə bir-birini çulğamışdı.
İcra başçısının şükür etməsi
Sonra Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev əbədi-bədii gecəyə təşrif buyurdu. Həyətə girən kimi icra başçısı şükür etdi, dedi ki, biz illərdir bu kəndə ancaq camaata erməni gülləsindən yayınmağı, təhlükəsizlik qaydalarına riayət etməyi öyrətməyə gəlirdik, ekstremal şəraitdən çıxış yollarını başa salırdıq, indi isə müharibədən sonra ilk dəfə ədəbiyyat, söz, mədəniyyət bayramına yığılmışıq. Biz bu günə – mədəniyyətə, ədəbiyyata həsr olunan gözəl bayrama Cənab Prezident, Ali baş komandan İlham Əliyevin və Azərbaycan əsgərlərinin sayəsində gəlib çatdıq. Məhərrəm müəllim əvvəlcə tarixi eksponatlarla tanış oldu, daha sonra isə milli mətbəx yerləşən hissəyə keçib təndirə çörək yapan, cürbəcür təamlar hazırlayan xanımlarla söhbət elədi, çörək kəsdi...
Vətən yaxşıdır...
Tədbir şəhid Xudayarın ifasındakı məşhur "Xudayar təsnifi” ilə başladı. Xudayarın səsi şən duyğuları iftixar göz yaşlarına çevirdi. Ətrafa göz gəzdirəndə gördüm ki, neçə xanım içini çəkə-çəkə ağlayır, kişilərsə cib dəsmalları ilə göz yaşlarını silirlər. Bildiyiniz kimi, Tap Qaraqoyunlu kəndi müharibədən çox əziyyət çəkib və neçə-neçə insanlar savaş dönəmində öz yaxınlarını, əzizlərini itirib, bir sıra sakinin evinə ciddi ziyan dəyib. Daim döyüş həyəcanında yaşayan kənd sakinləri üçün Xudayarın səsi həm də ötən 28 ilin acı xatirələrini canlandıran "film lenti” idi.
Pirin kəraməti...
Qeyd edim ki, bu ocaqda – İ.Qarayevin həyətində tarixi pir var və uzun illərdir ki, inanclı insanlar bu müqəddəs məkanı ziyarət edirlər. Maraqlı fakt odur ki, 28 illik müharibə dövründə nə pirə, nə də yazıçının evinə düşmənin atdığı çoxsaylı mərmilərdən heç bir xətər toxunmayıb. Və inanclı insanlar bu faktı təsadüfi saymırlar. Ötən 28 illik dövrdə daim ölüm təhlükəsi altında yaşayan kənd əhli yaşadıqları yeri heç vaxt tərk etməyiblər və cəsurluq göstərərək bu kəndə "alınmaz qala” mətinliyi bəxş ediblər.
Bu günə yazılan qismət
Tədbirin başlanğıcında Aşıq Yolçu İ.Qarayevin şeirini oxudu. Sonra səhnəyə dəvət olunan Goranboy rayon icra hakimiyyətinin başçısı müharibədən, Qarabağ zəfərindən, İsmayıl Qarayevin həyat və yaradıcılığından ətraflı danışdı. Vokalist Şahin İsmayılovun ifasında "Goranboy” mahnısı ilə davam edən ədəb-bədii gecədə İ.Qarayevə həsr olunmuş "Öz ömrünü yaşamayan adam” filmindən bəzi kadrlar göstərildi.
F.Qurbansoy və mənim çıxışımdan sonra yazıçı Qərib Mehdi İ.Qarayevin yaradıcılığı və şəxsiyyəti barədə danışdı. Şairin qızı, tanınmış şairə, bəstəkar X.İsmayılqızının çıxışı da təsirli oldu. O, səmimi nitqi zamanı kövrələrək ürəyini və gözlərini boşaltdı. Atasından, qardaşından, dədə-baba ocağındakı xatirələrdən danışan X.İsmayılqızı nitqini belə bitirdi: "Biz bu tədbiri çox gözləmişik, atamın 80 yaşında bu günü gözlədik, olmadı, 85 də eynən, 90-da da alınmadı. Qismət bu günə imiş. Xatırlayaq ki, xatırlasınlar, unutmayaq ki, unutmasınlar”.
Bir neçə ziyalının çıxışları və müğənnilərin musiqi nömrələri ilə davam edən ədəbi-bədii gecə Vəsimə İsmayılqızının çıxışı ilə yekunlaşdı. O, ədəbi-bədii gecənin təşkilinə görə rayon rəhbərinə təşəkkür edərək bu tədbirin gələn il üçün bir başlanğıc olduğunu bildirdi. Çünki gələn il İ.Qarayevin 95 illik yubileyinin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, dəyərli yazıçının evi yaxın tarixdə yenidən bərpa olunub. Bircə, həyətdə üzərinə İ.Qarayevin şeiri yazılan iri banneri, kitablarının fotolarının sıra ilə düzüldüyü lövhəni görmək bəs edir ki, Vəsimə xanımın atasının ədəbi irsinə vurğunluğunun miqyasını anlayasan.
Yaxşı qurtardıq...
Tədbirin şirin yerində qəfil bir kişi peyda oldu. Gəlib əyləşdiyimiz masanın ətrafında X.İsmayılqızının yanında dayanıb soruşdu: "Məni tanıdın?” Xanım müəllimə ha düşünsə də, tanımadı. Bəy də "ağır şərt” irəli sürdü ki, əgər məni tanımasan çıxıb gedəcəyəm. Adını dilə gətirməsə də, sonradan insafa gəlib ipucu verdi: "İsmayılın oğluyam”. Düzü, o saat ağlıma gəldi ki, yəqin İ.Qarayevin başqa xanımdan olan övladıdır, indi qəfil "zühur” eləyib. Sən demə, mənim ağlıma gələn fikir masa ətrafındakıların hamısının ağlına gəlibmiş. Sonra məlum oldu ki, sadəcə həmsöhbətlərin ataları adaş imiş, özlərisə uşaqlıq dostları. Gülüşdük...
Pak sonluq...
Tədbir yekunlaşana yaxın şimşək çaxdı, ədəbi-bədii gecənin sonunda isə insanın ruhuna nur çiləyən narın yağış başladı. Tədbir hər mənada fərqli oldu: bu ədəbi-bədii gecə alqış yox, yağış sədaları ilə tamamlandı...
"Kaspi" qəzeti,
Kaspi.az