“Eyni suallar” layihəsində dünya şöhrətli yazarların müsahibələrində cavablandırdığı suallar azərbaycanlı yazara ünvanlanır. Layihədə hər iki yazarın cavabları təqdim edilir. Budəfəki layihədə 1995-ci ildə ədəbiyyat üzrə Nobel mükafatçı almış Simus Heneyin müsahibəsində cavablandırdığı suallar şair, tərcüməçi Səlim Babullaoğluna ünvanlanıb.
- Siyasi hadisələrin çətinləşdiyi, vəziyyətin qarışdığı dövrdə şairin hansısa məsuliyyəti olduğunu düşünürsünüzmü?
S.Heney:
Məncə, siyasi hadisələr gərginləşdiyi zaman özünü ətrafdakılarla müqayisədə daha məsul və məcbur hiss etməyən şair ya axmaqdır, ya duyğusuz. Tam münasib bir söhbətdə yeri göründüyü üçün Robert Pinskinin şairin məsuliyyəti ilə bağlı yazdığı yazını oxumağı tövsiyə etmək istəyirəm. O, “söz məsuliyyəti”ni məsuliyyət (responsibility) sözünün ilkin versiyası, kökü ilə (response) bağlayır və daha sonra bu sözün anqlo-sakson qarşılığı olan “cavab” (answer) sözü ilə müqayisə edir. Pinski bildirir ki, əgər insan özünü cavab verməyə hazır hiss edir və yazmağa başlayırsa, o həm də məsul olmalıdır. Bu cavabı necə verirsən, bu artıq başqa məsələdir.
S:Babullaoğlu:
Şairi cəmiyyətdən ayrı bir fərd kimi götürsəniz və ümumiyyətlə vərdiş olunmuş qaydada “bu dünyanın adamı hesab etməsəniz”, yox, şair əlbəttə heç bir məsuliyyət və ya konkret məsuliyyət daşımaz yəqin. O ancaq şeiri qarşısında məsuliyyət daşıyar. Amma şair həm də bir vətəndaşdır, özü də başqalarından daha fərqli, daha çox dərəcədə öz dili qarşısında məsuliyyət daşıyan vətəndaşdır. Əgər onun mətnləri pafosludursa, pafos isə bilirsiniz, adətən, əməliyyə ilə nəzəriyyənin üst-üstə düşmədiyi hallarda peyda olan bir şeydir, demək, o şair riyakar insanların yetişməyində misilsiz rol oynayacaq. Riyakar insanlar isə elə özü çətin vəziyyət deməkdir, o cümlədən elə çətin siyasi vəziyyət...
- Şeirləriniz necə yaranır? Yazmağa başladığınız şeyi axıra kimi tamamlayırsınız?
S.Heney:
Demək olar ki, başladığım heç nə yarım qalmır, hər şeyi tamamlayıb, sonra yazı masasından qalxıram. Amma arzulanan, təsirli, planlaşdırdığım sonluğu tapmaq və ya onu yazmaq hər zaman alınmır. Ən böyük problem isə ondadır ki, mən razılıq hissinin nədən qaynaqlandığını bilmirəm. Yəni nəyi necə yazanda ondan razı qalıram, məni yazdığımdan narazı edən detal hansıdır, onu anlamıram. Əsl Tom Paulinin təsvir etdiyi “əhlikef yazar”am.
S:Babullaoğlu:
Şeirlər müxtəlif cür yaranır, bəzən bir uğultu kimi. Bu məqamda Oktavio Pazın dediyi kimi ritm sözə çevrilir. Hərçənd şeiri səhvən bizdə sözün ritmikləşdirilməsi hesab edirlər. Və bir mövzu və bir istiqamətdə düşüncələr zamanı qısa-qısa qeydlər əmələ gəlir və sən onu qeyd edirsən, sonra isə vaxt ötür, həmin qeydlər muncuq dənələri kimi bir sapa düzülür… Bəzən ani bir təkan, görüntü, iztirab səbəb olur şeirin yazılmağına və sən heç vaxt düşünmədiyin və fəhm eləyə bilmədiyin mətləbləri yazırsan… Dəqiq reseptlər yoxdur. Düşünməyi və susmağı öyrənmək lazımdır. Dəqiq olan yalnız budur ki, sən mətninin üstündə düşünəsən, yazdığın, oxunduğun mətləbin yalnız sənin yazdığın variantda olmadığını biləsən və bu üzdən kamilləşmə üçün yorulmadan zəhmət çəkəsən. Simus Heney bir şeirində yazırdı ki, bir qisim şairlər bütün dünyanı bir sözlə əhatə edəcəklərinə sonsuz inam bəsləyirlər, digərləri ali təxəyyülə və ya yeganə eşqləri barədə xatirəyə inanırlar; mənə gəlincə, mən yazı yazan əlin səyinə, inadına, sükutda doğulan sətirlərə və bizi dəlilikdən xilas edən kitablara inanıram.
- Yazmağa başlayanda forma və ölçü ilə bağlı beyninizdə nə qədər dəqiqlik olur? Yoxsa bu prosesin özündə formalaşır?
S.Heney:
Bununla bağlı dəqiq bir şey demək çətindir. Məncə, ən azı bir-iki sətir yazmayınca heç kim formanın və şeirin hansı ölçüdə olacağını deyə və ya planlaşdıra bilmir. Şeirin canı mükəmməl yazılmış ilk bir neçə misradadır, gedişatı onlar müəyyənləşdirir. Düzünü deyim, mən adətən qulağımda səslənənləri izləyirəm.
S:Babullaoğlu:
Əslində poetik sitixiya öz ölçülərini özü ilə gətirir və yazı prosesinin əvvəlində sən bu haqda düşünmürsən. Amma uzun, narrativ əsərlər yazanda - yəni nəfəsin bunu diktə edəndə təbii ki, sonradan prosesə ağıl, məntiq və təhlil də qoşulur ki, sənin nəzəri və praktik hazırlığın hansısa korreksiya, hansısa məlum ölçü və qəliblərə müraciət etmək, eləcə də hətta bəzən sənə qədərki ölçülərlə bağlı improvizə imkanı yaradır, bəzən yarımşüuraltı, yarımşüurlu şəkildə hansısa sxemin və strukturun formalaşmasında iştirak edir və sən bunu anlayırsan.
- Özünüzü daha çox necə şair hesab edirsiniz – avtobioqrafik, sosial, pastoral, yoxsa siyasi?
S. Heney:
Əslində, yaradıcılığımı müəyyən mənada avtobioqrafik hesab etmək olar. Yəni yazdıqlarımın əksəriyyəti xatirələrə söykənir. Amma bu vəziyyətdə fikrimi açıq söyləməliyəm. Avtobioqrafik məzmunu yazının yaradıcı ünsürü saymıram. Bu yaşanmış həyəcanlara forma verməkdir. Onu da vurğulamalıyam ki, sırf bir neçə siyasi mövzuda şeir qələmə aldığım və ya dünyanı siyasi nəzərlərlə izləyərkən gəldiyim nəticələri əks etdirdiyim yazıların müəllifi olduğum üçün özümü Bertolt Brext, Allen Ginzberq və ya Adrienne Riç kimi siyasi yazar da hesab etmirəm.
S:Babullaoğlu:
Düşünürəm ki, hər bir insanın, o cümlədən şairin həyatında bu dediyiniz məziyyətlərin hamısı var.
- Sizcə, zamanla daha çox tanınmaq daha böyük risklər qarşısında qalmaq, məsələn, kiməsə bənzəməkdə və ya özünü təkrarlamaqda ittiham olunmaq ehtimalı artır?
S. Heney:
Məncə, bu qaçılmazdır, insan müəyyən ifadə vərdişlərinə aludə olur. Amma orijinal yaradıcılığa malik insan üçün bu risk deyil, sıradan hadisədir. Əgər şeir yazanda yaranan o həyəcanı duymaq üçün yazırsansa, insanın 35 və ya 55 yaşda olmağının, az və ya çox tanınmağın elə də böyük əhəmiyyəti olmur. Sadəcə hisslərindən xəbərdar olanda zaman qələmi əlinə alır və hər an sənə verilə biləcək bu mükafatdan yararlanmağa çalışır.
S:Babullaoğlu:
- Sənətinə münasibətdə ağıllı, dürüst adamlar belə şeydən çəkinməməlidir.
- Sizin üçün yazmaq çox çətin işdir?
S.Heney:
- Əlbəttə. Təzə-təzə başlayanda mənə elə gəlirdi ki, hamı ən yüksəyə nail olmaq üçün yazır. Tamamlanmış əsərlərə, şeirlərə qarşı qəribə tendensiya var idi, hamı dərhal mükafat istəyir, təcili şəkildə yüksəliş, fərqlənmə gözləyirdi. Amma indi ədəbiyyata münasibət fərqlidir, müasir dövrdə ən çox sevdiyim şey insanların prosesdən zövq aldıqları üçün ədəbiyyatla məşğul olmasıdır, özüm də məhz bu yaradıcılıq prosesinin həvəskarıyam. Ağlıma bir ideya gələndə, yazmağa tələsmirəm, onu uzun müddət beynimdə fırlayır, nə qədər genişlənə biləcəyini görməyə çalışıram. Amma əvvəllər ideya gələn kimi dərhal yazmağa döşənir, altı-yeddi bənd yazıb, şeiri tamamlayırdım. Daim yeniliyə açıq olmağın tərəfdarıyam.
S:Babullaoğlu:
- Yazmaq çətin deyil, yaşamaq, dürüst yaşamaq, səni yazmağa sövq edən ali dəyərlərə vəfa göstərərək yaşamaq və yazmaq çətindir.
Zəruri qeyd: S.Heneyin bu müsahibəsi Elcan Salmanqızının tərcüməsində “Kaspi” qəzetinin ədəbiyyat əlavəsində dərc olunub.