Fərid Hüseyn
Yaxşı haldır ki, ölkəmizdə demək olar hər həftə kitab təqdim olunur, amma pis haldır ki, bu kitablardan çox az qismi peşəkar yazar-naşir əlindən çıxır. Səlim Babullaoğlunun “Polkovnikə heç kim yazmır” şeirlər kitabı istər tərtibat, istərsə də şeirlərin səviyyəsinə görə son illərdə çıxan, oxucuya hər baxımdan zövq verən azsaylı kitablardan birdir. Mətləblərin başına dolanmadan şeirlər haqda danışmaq istəyirəm...
Kitabda yer alan şeirləri oxuduqca “söz seçkinliyi”, qəribə deyim, fərqli intonasiya, dürlü eksperimentlər, diqqətdən yayınmır. Amma orası da var ki, bu şeirlər bugünkü yüngül, sentimental, Şərq ədəbi ənənələrinə xas özünü fəda etmə - “qurbanlıq poeziyası”na yaddır. Ona görə də bu şeirlər qismən hazırlıq tələb edir.
Bir də S.Babullaoğlunun şeirlərinin qəribə və müsbət auralı intonasiyası həmin şeirlərin udmuş tərəfidir, o mənada ki, bu şeirləri müəllifin ifasında və ya öz ifanda oxuyanda, ilkin baxışdan insanda belə bir hiss baş qaldır: “burda nəsə var, amma mən anlamıram”.
Milli ədəbiyyatımızda klassikləri çıxmaq şərtiylə şeir çox nadir hallarda düşündürmək və təkrar insanı özünə vadar etmək üçün yazılıb. Adətən, şeir insanları öz oxunuş prosesində heyran etmək üçün hesablanıb, bunu müasirlərdən çox az şair bacarıb. Səlim müəllim, bu cür gəldi-gedər şeirlərdən uzaq poeziya yaradır, doğrusu, bunun bugünkü ədəbiyyata öz sürətiylə daxil olması məni sevindirməyə bilmir.
“Polkovnikə heç kim yazmır” kitabında yer alan şeirlərin bir çoxunda fanilik hissi aydın nəzərə çarpır. Mənə elə gəlir ki, fani olanın - əbədi nəsə yaratmaq istəyi (“axı dünya fırlanır” – B.Vahabzadə) şair üçün də gülməli görünür. Amma nədənsə milli poeziyamızda şeirin əbədiliyi, şairin peyğəmbərlərdən sonra gəlməsi, bütün bunlarınsa ən əclaf, hər naqqalıqda bənna olan adamlar tərəfindən deyilməsinə Babullaoğlunun şeirlərində bir ironiya var.
Həm də, müəllifin irfani məqamlı şeirlərini nəzərə almış olsaq, faniliyə - dünyanın belə qurulmasına, məğlubluğa dözərək ədəbi qalib olmağa, cənnət hissinə heyranlıq gözə girmədən görünür:
Sevirəm bu yolun yolçuluğunu,
Qəm hərifliyini,
Hərifliyin puçluğunu
Milli ədəbiyyatımızın ən üfunətli məqamlarından biri də şairin öz ritorik sualları ilə oxucunu susdurmaq “qəhrəmanlığı”, yaxud da aydın-aşkar həqiqətlərlə insanları əliyalın qoymaq cəhdləri qəribədir ki, oxucuların da ürəyinə yatır, bu hətta aşıq ədəbiyyatındakı, bağlamalar səviyyəsində də yerli-yersiz könül ovlaya bilir.
Amma Səlim bəyin şeirlərində, ya özü susdurulur, ya da özünü sükutla ifadə edir. Yəni, aşkar ustalıqla böyük sualların qarşısında qalır, əsl “bağlama” effekti müdriklik məqamı ilə hazırlıqlı oxucunu heyran edir.
“Oğlumla söhbətlər I”
- Onlar neyləyirlər, ata?
- Daş yığırlar, balası.
- Niyə?
- Bir-birinə vuracaqlar.
- Niyə?
- Düşməndirlər.
- Niyə?
- Bir-birini sevmirlər?
- Niyə?
“Polkovnikə heç kim yazmır” kitabında ən uğurlu və öyrəniləsi məqamlardan biri də “dialoq şeirlər”dir ki, bu bizim ədəbiyyatda öz yeri olan “dedim dedi” şeirləri kimi bayağı deyil, əksinə, çox çətin yazılan şeir növüdür. Bilməmiş deyilsiz ki, nasirlərin də ən böyük problemi dialoq qurmaqdır, kağızda adamların dil tapması çox çətin məsələdir.
S.Babullaoğluda bu çox uğurla alınır. Şeirin ünvanladığı mesaj da olduqca canlıdır. Ona görə ki, bəzən müdriklik baxımından yaşlı insanlar uşaq saflığına uduzurlar. Məsələn, aşağıda misal çəkəcəyimiz şeirdə gələcəyi, sonranı, üç-beş il sonranın olub-olmayacağını haqq-taəladan başqa heç kəsin bilməməsi uşaq sadəliyi, uşaq ağlı ilə çox gözəl açılır.
“Kədərli hesablar” şeiri
-Nolub?
-Oğlundan soruş?
-Danış.
-İki almışam.
-Niyə?
-Müəllim soruşdu ki, üç il əvvəl neçə yaşın olub?
-Sonra…
- Mənim yeddi yaşım var.
- Demək yeddi çıx üç olmalıdır.
- Üç il əvvəl dörd yaşım vardı da, düzdür, ata?
-Elədir…
-Dedim dörd. Sonra da soruşdu ki,
üç ildən sonra neçə yaşım olacaq?
-Və?
-Bilmədim.
Gənc şair və həmkar kimi S.Babullaoğludan ithaf şeirlərini ustalıqla və vicdanla yazmağı öyrənmək olar. Eyni zamanda ithaf şeirində yazdığın adamı, hansısa hadisənin vacibliyini şişirtmədən bunu etməyin mümkünlüyünü bu kitabdan mənimsəmək mümkündür. Səlim müəllimin Çingiz Əlioğluna, Anar, Elçin Əfəndiyev, Ruslan Mollayev, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Salam, Elxan Zal, Rəbiqə Nazimqızı, Rafiq Həşimov, Məsiağa Məhəmmədi, Əlisəmid Kür, Orxan Vəli, Əli Seyidov, Nazim Şahverdi, Natiq Məmmədli, Fərid Hüseyn, Həmidə xanım (həyat yoldaşı), Sona (qızı) və atasına ithaf etdiyi şeirlərində kiminsə portretinin nəzərə çarpdırılmasına rast gəlmək olmur, əksinə bu şeirlər həyatın və situasiyaların həmin insanla əlaqəsi üzərində qurulur.
Bu çox yaxşıdır, belə olanda “şeirin yazılma səbəbi” hazırlıqlı oxucunu düşündürmür, şeir də, şairin şeir ithaf etdiyi insanla münasibəti də arxa planda qalır, oxucunun beynini qurdalamır. Bütün diqqət ancaq şeirə ünvanlanır. Hesabımca, bu çox uğurlu yoldur, çünki insanı insana bağlayan xarakterlər və durumlar ancaq bu halda səmimi görünür, hansısa xırdaca məsələlərin üstünə köklənmir.
Hazırlıqlı oxucu şeirin kimə və niyə yazılmasını, ithaf olunan adamın kimliyini, həmin şeirə hansı dərəcədə layiq olub-olmadığını düşünmür. Amma təəssüf hissi ilə deməliyəm ki, milli ədəbiyyatımızda ithaf şeirləri çoxu müəlliflə haqqında danışılanın “ortaqlığı”, ucuz hörməti kimi nəzərə çarpır, onların hansı münasibətdə olduğunu göstərir. Şeiridəki bu barizlik isə olsun ki, daha çox təcrübəsizlikdən, bir də yüngüllük xislətindən qaynaqlanır. Sözümdən elə çıxmasın ki, Səlim bəy bu cür yazmaqla həm də öz məqsədini gizlədir, əsla, sadəcə şair bu cür yolla mətinlə oxucunu çox rahat şəkildə baş-başa buraxır.
Bəlkə də, “Polkovnikə heç kim yazmır” kitabında ən çox hansı sözlərin işləndiyinə nəzər salsaq qarşımıza “susmaq”, “susqunluq”, “sükut” kimi sözlər çıxacaq. Səlim bəyin kitabında susmaq-sükut “kompazisiya”sı təkcə işlək sözlər kimi yox, həm də “niyyət və əməl” münasibətində üzə çıxır, bu həqiqətin göstəricisidir ki, Babullaoğlunun bu peyğəmbərlik yaşında, 20 illik şair həyatında çıxan kitablarının ölçüsü “əl boyda”dır.
Səlim müəllim, bundan sonra uzun illər yaşasa da hesab edirəm ki, elə Orxan Vəli kimi uzağı bir şeir kitabı olacaq. O oxuduqca və yaşadıqca susmağı öyrənmiş adamdır. Onun poeziyası “qurbağa gölünə daş atan” poeziya deyil, sükut poeziyasıdır.
Unutma:
külək bayraqdan vacib olmasaydı bayraq titrəməzdi;
uşaqlıq uşaqdan vacib olmasaydı adamlar qocalıb xiffət çəkməzdi;
sevgi vacib olmasaydı ehtiras bitməzdi;
ruh vacib olmasaydı bədəni qoyub getməzdi...
Səlim bəy “unutma” sözünün qarşısına bir “Sovet nidası” qoysaydı, özündən gənc rejissor Ruslan Mollayevə bir az “ağıl öyrətmiş” olardı, özü də bu çox da xoş görünməyən amiranəliklə baş tutardı. Amma xoşdur ki, o belə eləmir, o sadəcə “unutma” sözünün qarşısına qoşa nöqtə qoyaraq qənaətlərini bölüşür, izah edir. Sanki şeirdə Mollayevə də nəsə deməyə bir yer saxlayır. Çəkdiyim misalda “külək bayraqdan vacib olmasaydı bayraq titrəməzdi” misrası yenidir, digər misralarsa olsun ki, hansısa dini və ya didaktik kitablarda toxunulmuş mətləblərdir; amma ilk misranın arxasında dolğun intonasiya ilə eyni dərəcədə şəffaf təsir bağışlayır və şeir bütövlükdə yeni görünür.
Susmaqla bağlı “Sukuta ithaf” şeirində şeirin əvvəlində, ortasında və axırında işlədilən “susqunluq” sözü sanki şairin yaradıcılığında da var. Onun öz içində də vaxt-bivaxt susmaq giliz kimi gəzinir, bəzən onu narahat edir. Cübran Xəlil “Peyğəmbər” əsərində yazır ki, “Yalnız dağın zirvəsinə çatanda həqiqi yüksəlişiniz başlayacaq. Yalnız sükut çayından içəndə həqiqətən nəğmə oxuyacaqsınız”. Bu mənada, susmaq Səlim bəy üçün həm də həqiqətə çatmaq, yüksəlmək və özünü ifadə etmək imkanıdır.
Gəl, sənə, oğlum,
əlbəttə istəsən, özümdən danışım,
yəni ki, susum…
Səlim müəllimin şeirlərində qəribə bir görünməz etiraf pərdəsi də var. Özü də bu etiraf xüsusi arqumentlərlə-filan yüklənib oxucunun başını dəng eləmir, hadisəyə və ya fakta münasibətdə bu çox aydın nəzərə çarpır. Qətran Təbrizinin sevdiyim ifadəsi var: “Bir etiraf, min şahiddən qiymətlidir”. Bu məqamı şeirlərinə də şərhsiz aid etmək olar. Bunun poeziyada əlahiddə əhəmiyyəti ondan ibarətdir ki, şair öz görünməzliyini bir qədər göstərə, pafossuz mənini az-bir az aşkarlaya bilir. Hesabımca, bu çox yaxşı əlamətdir, çünki bizim poeziyamızda qadınına xəyanəti dilinə gətirmək və s. bu kimi yersiz, dırnaqarası qəhrəmanlıqlar və bu və ya digər dərəcədə böyük ədəbiyyatın ayağı altında qalan mövzular heç də əsl etiraf poeziyası deyil, “əvəzsiz çənə zəngulələridir”.
Sən çox yaxşı atasan,
mənsə pis oğul –
amma, vallah, elə belə də olur...
Bir də daha keçib, deyəcəm:
sən çox yaxşı baba olacaqsan,
elə mən də...
“Polkovnikə heç kim yazmır” kitabı öyrəşdiyimiz poeziya kitabları ilə müqayisədə çox yorucudur, o mənada ki, şeirlər ciddi, düşünməyi tələb edən bədii nümunələrdir. Bir şeiri bir oxuya və bir dəfəyə yalnız müəllifin özü anlaya bilər.
Bu gün S.Babullaoğlunun şeirləri kiməsə soyuq, hansısa şairlərdən təsir, yaxud mürəkkəb görünə bilər, amma inanıram və çox istəyərdim ki, gələcəyin şeiri belə olsun: az, yığcam, tutarlı, poeziya ənənəsinə deyil, fikir, din, düşüncə sisteminə dayalı. Bu təkcə poeziyamız üçün yox, həm də gələcək oxucular üçün müsbət təyinatlı arzudur.
Qaldı ki, Səlim bəyin şeirlərini bəyənməyənlərə, onlara deyə bilərəm ki, Rusiyada Anna Axmatovanın şeirlərinə “oynaş yatağı ilə ibadətgah arasında vurnuxan məhdud poeziya” deyirdilər, heç şübhəsiz ki, öz dövründə. Sonradan mənzərə başqa oldu, dəyişdi, insanlar anladılar və gəlib həmin məqama çatdılar. Həmin məqamsa vicdanların uzun yollardan keçərək doğru qiymət verib, ədalətə tapınıb rahatlaşdığı məqamdır ki, o məqamda şair öz həqiqətini sübut edir, oxucu da qəbul. Bunu anlamaq üçünsə U.Olcer demiş, - “Gəlin əvvəlcə insan olaq, amerikalı isə sonra, daha əlverişli vaxtda olarıq” - normal oxucu olmaq, həqiqətə yan çevirməmək bəs edir.
“Polkovnikə heç kim yazmır” kitabını oxuyandan sonra öz-özümə düşündüm ki, Səlim bəydən yaxşı nasir olmazdı, çünki o hər şeirində öz üslubu ilə təsdiq yaradır və bunun ardıcıllığını səhifələr boyunca gördükdə sırf şairlik amilinin üstündə dayanmalı olursan. Fikir vermişəm, bu cəhət mənim bir çox sevdiyim şairlərdə var, olduqca da qiymətli hadisədir.
Yaradıcılığın ağır tərəfinin şeirə sarı olması nisbi balans yaratmır, eyni güclə nəsr və ya şeir yazan yazarlarda isə bu nisbi balans çox aydın nəzərə çarpır. Yaşar Qarayevin “Faciə və qəhrəman” kitabını oxuyandan sonra dərk etdim ki, o öz təsdiqli üslubu ilə heç bir janra meyl edə bilməzdi. Kafka gündəliyində bu məsələyə belə toxunurdu ki: “yazdıqca hekayəni təsdiqləyirəm”.
Ərzim bir qədər də Səlim müəllimin şəxsiyyəti barədədir. Bugünkü ədəbi gənclik onu çox sevir, ona qarşı xüsusi ehtiram göstərir. Bu şəksiz ki, onun pedaqoji fəaliyyəti və bir qədər də şəxsi münasibəti nəticəsində gerçəkləşib. Hamının öz və özgə dərdindən bezdiyi, Etimad Başkeçid demiş, “Fələyin çərxinini işıq sürətiylə hərləndiyi vaxtda” bu qədər insana, gənc həmkarlarına vaxt ayırmaq, kömək etmək çətin məsələdir, bütün mümkün variantlarla haqqında danışdığım adam bunu edir.
Xüsusən, səhər tülküdən tez oyanıb, axşam bayquşdan gec yatan facebook əhli ilə dözümlə münasibət saxlamaq, görüşüb söhbətləşmək, kömək etmək və yol göstərmək çətin məsələdir. Amma o bütün bunları qəlbə dəymədən bacarır. Hərdən hələ Səlim bəylə dostluğumu xatırlayanda İsi Məlikzadənin “Dədə palıd” əsərinin qəhrəmanı Nurcabbarı xatırlayıram.
O daim öz dərdini ən yaxın adamı, iş yoldaşı Bağıra yox Kürə danışır. Dostu ondan soruşanda ki, niyə dərdini mənə danışmırsan, Nurcabbar ona belə cavab verir: “Tutalım ki, dərdimi sənə danışdım, nə xeyri? Sən hər gün mənə qulaq asa bilməzsən, təngə gələrsən”. Bu mənada Səlim müəllim adamın dərdinə əbədi qulaq asa bilən, mümkün variantda kömək edə bilən “Kür adamdır”.
Bundan başqa, bəzən bir qədər orta və yaşlı nəsil tərəfindən ona qarşı duyulan qısqanclıq və qəbul etməmək halı, arxadan çay kimi axıb gələn istedadlı gənc nəslin sevgisi ilə əvəz olunur. Bu fontan kimi axan sevginin qarşısına hərdən bir hövlnak çüy vurmaq istəyənlərin əbəs əməkləri isə qətiyyən göz qorxutmur.
***
Cübran Xəlil “Qəbirqazan” pritçasında yazır ki, “Bir gün ölmüş mənlərimdən birini dəfn edərkən yanımdan ötən qəbirqazan: “Burda ölüsünü basdıranlar içində bircə sən xoşuma gəlirsən” – dedi.
Bunu eşitmək xoşdur, - dedim mən, amma bilmək olarmı nə səbəbə?
- Ona görə ki, - o dedi, - başqaları ağlaya-ağlaya, gəlir ağlaya-ağlaya gedirlər. Bircə sən gülə-gülə gəlir, gülə-gülə də gedirsən”
Yaxşı ki, Səlim bəyin indiki halıyla, imanıyla gülməsini görmək, dost və həmkar kimi məni sevindirir. O özüylə bağlı “ölmüşləri”, “döndüklərini” xoş xatırlaya bilir. Şükür ki, bunu onun qəlbinə salan uca Yaradan var.