Kulis Fərid Hüseynin tərcüməsində Müzəffər Tayyib Uslunun şeirlərini təqdim edir.
Müzəffər Tayyib Uslu 1946-cı ildə, 24 yaşında vərəm xəstəliyindən ölüb.
Əsas uğuru sağlığında çıxan “Şimdilik” adlı kitabı olub.
Onun sənət müstəvisində yeganə davası “Yeni şeir”in nə olduğunu insanlara çatdırmaq idi.
Kitabına ön söz yazanda elə bilirdilər poeziyaya gəlir, ancaq başlanğıc dedikləri “axır-axırı” imiş.
Ölümündən az əvvəl ən çox sevdiyi dostu, şair Rüştü Onur dünyasını dəyişəndə o yazırdı: “Rüştü ölüb... Və mən elə indidən insanları yorulmamış küçələri yorulan bu kiçik şəhərdə hiss edirəm ki, təkəm... Rüştü ölüb... Deməli, mən daha Rüştü gəlsə bunu edərik, onu edərik deyə xəyallara dala bilməyəcəyəm...”
Orxan Vəlidən sonra türk ədəbiyyatında şeir “həyata qovuşmuşdu”, amma yenə də “belə şeir olmaz” deyib klassik şeirə qayıdışı istəyənlər, xalq ədəbiyyatı nümunələrini təqlid edənləri əl-əl axtaranlar vardı.
Uslu isə klassik təsvirçiliyin, təşbehlə yazmağın əleyhinə idi və təşbehlə yazan, həyat həqiqətlərindən uzaq, ancaq nəyisə nəyəsə bənzədən şairlərə üz tutub sual edirdi: “Niyə ağacı, ağac, buludu bulud və dənizi dəniz kimi seyr etməyək?”
Klassik şeirin romantizmin “hakimiyyəti altında” qaldığını vurğulayırdı. Düşünürdü ki, klassik şeirdə insan insan deyil, insanın xəyalıdır, ağac ağac deyil, ağacın xəyalıdır.
O, qərbçi idi.
“Ədəbiyyatın insandan məhrum edilməsi”nə qarşı idi.
“Həqiqi şair yaşadığının fərqinə varan insandır, əsl şeir yaşamaq sevincinin təzahüründən başqa bir şey deyil” fikrinin tərəfdarı idi.
Onlara Zonquldağ şairləri deyirdilər.
İllərdir hər iki nakam şair “unudulmuşdu”. Yılmaz Erdoğanın 2013-cü ildə çəkdiyi “Kəpənəyin yuxusu” filmi ilə təkrar yada düşdülər və kitabları, məktubları yenidən nəşr olunmağa başladı.
Qəribədir, sanki tale onların düşmənləri imiş, hər ikisi doyunca yaşamaq istəyirdi, hər ikisi cavan öldü.
Əlbəttə, hamı yaşamaq istəyir, ancaq onlar sadəcə yaşamaq istəyirdilər...
Şeir yazmaq istəyirdilər...
Ölümü isə siqaret kimi bir-birinin dodağından yandırdılar...
P.S. “Lənətə gəlim”, fikrimi təşbehlə tamamladım...
Fərid Hüseyn
Unutmaq
Sarı saçlı mələyim,
ilk qədəhi
səni unutmaqçün içmişdim.
İkincidə
bəh-bəh hər şeyi beləcə unutmaq
nə gözəldi demişdim.
Üçüncü qədəhdə,
yenə yadıma düşmüşdün,
sarı saçlı mələyim.
Şair
Siz mənə fikir verməyin,
mən şairəm
fışqırıq çala-çala,
hətta əllərim cibimdə,
lap istəsəniz “dimdiyimə” bir
siqaret qoyub
dənizin üstündə də yeriyə bilərəm.
Quş kimi
Deyirlər ki, adəm oğlu
uçaq quş kimidir
bir baxırsan burdadır,
bir də görürsən öldü.
Hə, bu da dünyamız, -
ağacın quşa,
quşun ağaca
heç nəyi oxşamır.
Mən də deyirəm ki,
ay Müzaffer Tayyib adlı bəndə
gözəl olan yaşamağımızdır,
nə vaxtsa ölməyimiz yox.
Bəli, gözəldir yaşamaq
nə baş versə də,
hətta sevdiyin qız
ərə tələssə də.
Qürbət
Sevirsən də,
nəyin gizləyirsən?
Oxuduğun mahnıdan da bəllidir ki,
sevdiyin qız
səni sevmir.
Üstəlik,
həm də qürbətdəsən,
məktub gözləyirsən,
gəlmir...
Kimə deyim görəsən
İndi bu şəhərdən gethagetdə
kimə və nətər deyim görəsən,
bu şəhəri çox sevdiyimi?
Mən axı darıxanda
bu kiçik şəhərdən
hamıya gileylənmişəm.
Rüştüdən Gələn Məktup
Oktay Rifata
Əvvəla bütün şairlərə salam,
sonrasa bir söz demək istəyirəm:
Ölüm yaxşı şey deyil,
nə sübh cağı, nə axşam.
Küçələrin əllərindən öpürəm,
mənə yaşamağı öyrətmişdilər.
Dosta da, düşmənə də
xoş günlər arzu edirəm.
Sarı saçlı gözəlçəyə de ki,
mən ölmüşəm ta.
Vəfasız dostlar çatdır:
heç kəsə qalmır dünya
Necə unuda bilərəm, doyunca baxmadım həyata.
Fəqət Oktay Rıfat da düz deyirmiş:
“Xatirələrə də budaq gəzirlər
quşlar kimi qonmağa”.
Öləndən sonra
Mən öləndən sonra
arxamca danışacaqlar:
Deyəcəklər ki, o ancaq şeir yazırdı
və yağışlı gecələrdə
əlləri cibində gəzirdi.
Xatirə dəftərimi oxuyanın
ürəyindən qara qanlar axacaq:
Nə bədbəxt adam imiş bu,
kasıblıqdan zillət ayaqlayırmış.
Qan
Əvvəlcə öskürdüm,
yavaşca öskürdüm beləcə,
elə o saat ağzımdan qan gəldi
günorta vaxtı, durğum yerdəcə.
O saat başa düşdüm ki, nə məsələdi,
Başa düşdüm, amma iş işdən keçmişdi.
Bir anlıq ətrafa boylandım,
baxdım ki, yaşamaq hələ də gözəldi.
Məsələn, göy üzü
maviydi bütün gücüylə,
xəyala dalan insanlarsa
öz aləmində.
Arzu
Aynalardan əvvəl
bir gözəli gözəlliyindən
xəbərdar etmək istərdim.
Müharibədən sonra
Dostum deyir ki,
hələ bu müharibə qoy qurtarsın,
birinci işim evlənmək olacaq.
Mən de eyni fikirdəyəm,
qoy bircə bu müharibə qurtarsın,
bircə bu müharibə qurtarsın...