Türkiyədə oxuduğum illərdə ədəbiyyat fakültəmizin dekanı professor Ayşehan Deniz Abik mənə Feridun Andaçın “Söz Uçar Yazı Kalır” kitabını bağışlamışdı. Kitabda tanınmış ədəbiyyatşünasın şair və yazarlardan aldığı müsahibələr yer alır. Bu günlərdə kitabı bir daha vərəqlədim və növbəti şairdən yazmaq əvəzinə onun kitabdakı müsahibəsini dilimizə çevirməyi məsləhət bildim. Müsahibədə şair həm yaşadığı ədəbi mühit, həm də özü haqda ətraflı, dolğun məlumatlar verir. Yəqin ki bunu bəndəniz bacarmazdı. Xatırladım ki, müsahib 20-ci əsr türk şairi Cahit Külebidir. Sizi həmin müsahibəylə baş-başa buraxıram.
Elvin Bakiroğlu
Feridun Andaç: Əvvəlcə şeir macəranızın əvvəlindən başlayaq. İlk şeirinizi neçənci il, harada yayımladınız?
Cahit Külebi: İlk şeirimi 1953-cü ildə “Yücel” dərgisində yayımladım. Bu şeir “Gidene” adlanırdı. Sivas litseyində son sinif şagirdiydim. Şeiri dərgiyə uydurma adla göndərmişdim. Ondan sonralar da bir çox təxəllüsdən istifadə etdim. “İnsan”, “İnkilapçı”, “Gençlik” dərgilərində şeirlərim çap olundu. O illərdə universitet tələbəsiydim. Yəni 1936-1938-ci illər. M.Cahit, Mahmut Cahit, Nazmi Cahit kimi təxəllüslərim varıydı. Əsl soyadım isə Erencanıydı.
Feridun Andaç: Külebi soyadıyla daha sonramı yazdınız?
Cahit Külebi: Bəli. Əsl təxəllüsüm olan Külebi imzasıyla “Varlık” dərgisində “Haziran” adlı şeirim yayımlandı. İlk ciddi hesab elədiyim şeiriydi bu və ondan sonra həmişə Külebi imzasıyla yazdım. Bu adla yazdığım bütün şeirlər kitabıma daxil olub. Bu şeirim çap olunanda Behçet Necatigillə birlikdə Yüksek Öğretmen Okulunda (Ali Müəllimlər İnstitutunda) tələbəydik. Behçet də Behçet Gönül, Behçet Necati imzalarıyla çap olunurdu. Mənim qaralamalarımla məzələnirdi. Özü yazdığı şeirləri gizlədirdi.
Bir dəfə Behçet bəhs etdiyim şeirimi götürüb sinif rəhbərimiz Tahir Alanguya göstərib. Deyib ki: “Mən yazdım, Tahir”. Behçetin mənə danışdığına görə Tahir də deyib ki: “Bu şeiri sən yaza bilməzsən”. Əvəzində Behçet: “Niyə yaza bilmərəm ki?” – deyə soruşub. Tahir də: “Çünki bu şeirdə romantika var” – deyə cavablayıb.
Feridun Andaç: Niyə uydurma adlar, fərqli imzalar işlətdiniz?
Cahit Külebi: Şeirin çox məhrəm olduğunu düşünürdüm. Heç bir sənət növünə bənzəmir. Çox şəxsidi və ona görə də hər kəs şeir yazır. Şeir yazan kiçildilir, gülüş obyektivinə çevrilir. Şeir yazanların ağlına da, şairliyinə də, şəxsiyyətinə də şübhəylə yanaşılır.
Feridun Andaç: O dövrdə beləmi baxırdılar şairlərə?
Cahit Külebi: Xeyr! Bu hər zaman belədi. Ancaq o günlərdə bir az daha çoxuydu və mən də orta məktəbdən bəri daima şeirlərimi gizlətmişəm.
Feridun Andaç: Bəs şeirə marağınız, meyliniz necə yaranıb?
Cahit Külebi: Fərqli imzalarla çap elədiyim şeirlər Nurullah Ataçın diqqətini çəkmişdi. Onun xoş sözləri qulağıma gəlib çatmışdı. Burada bunu qeyd etməliyəm ki, şeirim yaxşıdımı, pisdimi deyə heç kimdən soruşmaz, heç kimə göstərməzdim. Şeir mənim şəxsi malımdı. Bir ustadım da yoxdu və ustadlarla tanış olmağa da heç vaxt həvəsim olmayıb.
Əlbəttə ki Cahit Sıtkını, Ahmet Muhipi, Fazıl Hüsnünü tanımaq keçirdi içimdən. Onlarla görüşmək... Ancaq şeirimi göstərə bilməzdim.
O dövrdə şeirlərim bir əfsanə kimi əldən ələ gəzirdi. Kitablarımın heç birinə daxil olmayan bir şeirim varıydı: “Pembe Mendilli Kıza Şiir”... O şeir haqda çoxlu yazılar da yazıldı. Həmin ərəfələrdə mənə dedilər ki, Nurullah Ataç hüquq fakultəsində fransız dili müəllimi işləyir. Sənin şeirlərini çox tərifləyir, siniflərdə şeirlərini oxuyur.
İstanbula getmişdim. Yanılmıramsa, 1937-ci iliydi. Ataçdan bir məktub aldım. Tərif dolu sözlər yazırdı: “Vaxtınız varsa, adaya gəlin danışaq. Xarici dil bilmirsinizsə, sizə fransızca öyrədim”. Ancaq mən getmədim. Məktubu Nurullah Ataçla mübahisəmiz düşənə qədər gizlətdim.
Feridun Andaç: İlk xarici səfəriniz həmin ərəfədəmi oldu?
Cahit Külebi: Bəli. 1938-ci ildə. Müəllimimiz Raşit Rahmeti Arat çox yaxşı insanıydı. Gələcək üçün elm adamları yetişdirmək istəyənlərdən biriydi. Bizdən əvvəl xaricə Fahir İzi və Mehmet Kaplanı göndərmişdi. Həmin il məni də göndərmək istədilər, getmədim. Doğru-düzgün dil bilmirdim. Almaniyaya niyə getməliydim ki? Bir il sonra Fahir məni aldatdı. Dedi ki ordan Parisə keçərsən. Fransızcam zəifiydi. Düşünürdüm ki fransız dilini öyrənməsəm şair ola bilmərəm. Universitetdə qalıb işləmək kimi bir niyyətim də yoxuydu.
Behçetlə biz şair olmaq istəyirdik. Behçetin elmi üstünlüyü çoxuydu. Mən elə deyildim. İkimiz də qaçdıq.
Sabahattin Kudretlə həmin günlərdə dost olmuşduq. Mənim üstümə çox düşürdü. “Sokak” adında bir dərgi buraxmışdı. İki nömrəlik ömrü oldu. Sabahattinə şeirlər vermişdim. Bunlar mənim 19-20 yaşlarımda yazdığım şeirləriydi. Biri “İstanbul”, digəri “Həsrət”. Bunlar Qərb dünyasında ən çox tanınan şeirlərim idi. O zamanlar Orhan Veli şeirinə tamamən əks şeirlər... Eşitməmiş olmazsınız: “Kamyonlar kavun taşır ve ben, boyuna onu düşünüyorum” – deyə başlayır. “Hasret” şeirinin adını yeni nəşrlərdə “Özlem” qoydum. Bu iki şeir “Sokak” dərgisində Külebi imzasıyla çap olundu. “Varlık”dan sonra ikinci bir ciddi dərgidə şeirlərim çap olunurdu. O dövr Orhan Veligilin “Garip Akımı” (Qərib Cərəyanı) təzə-təzə ortaya çıxırdı. Şeirlərim məşhurlaşmışdı. Şeirlərimdə yeni bir ifadə tərzi varıydı.
Feridun Andaç: Onlar şəhərliydilər, sizsə, Anadoludan gəlmə biriydiniz. İfadə tərzləriniz fərqliydi...
Cahit Külebi: Ancaq onlar mənim istifadə etdiyim dildən istifadə etmək cəsarətini göstərə bilmirdilər.
Feridun Andaç: Yəni sizin şeirlərinizin damarı, qaynağı ayrıydı...
Cahit Külebi: Ayrı tərəfləri varıydı, əlbəttə. Amma əsas olan o fərqi duya bilmək, onu tapa bilmək idi.
1945-ci ilin sonuna qədər Külebi imzasıyla yazdım. Bu adla o qədər məşhurlaşdım ki, getdikcə şübhəli adam vəziyyətinə düşdüm. Türkiyədə polis həmişə şairlərdən şübhələnir. Şair şübhəli bir adamdır. Naim Tiralinin “Yenilik” dərgisində “Atatürk Kurtuluş Savaşında” şeirim çap olunanda polis tez-tez gəlib soruşurdu ki, bu adam kimdi axı belə?
Feridun Andaç: Bu macəralarınızın ortalarına qayıdaq. Nələr oxuyurdunuz? Nələrlə maraqlanırdınız? Sizə təsir edən, istiqamət göstərən nələriydi?
Cahit Külebi: Hər uşaq kimi mən də orta məktəbdə şair olmaq istəmişəm. Hələ məktəbə getmədən əvvəl Ziya Gökalpin “Altın İşık”, “Çocuk Cenneti” kitablarını oxumuşdum. Bir də “Altın Çiftlik” deyə bir kitab varıydı. Atam almışdı. Çox kiçik yaşda oxumağa başladım. Bir az sizə gülməli gələcək amma 3-cü sinifdə oxuyarkən “Hammer Tarihi”nin (Avstriya şərqşünası,diplomatı və Osmanlı tarixçisi Joseph von Hammer-Purgstall (1774–1856)) tərcüməsini başdan sona qədər oxumuşdum.
Şeirə həvəsim varıydı. Heç bir zaman roman və ya başqa janr haqda düşünməmişəm. Sivasda yaşayırdım. Şükürlər olsun ki çayxanalardan, meyxanalardan və şairlərdən uzaqdaydım. Amma Türk şeirini çox yaxından izləyirdim. O dövrlərdə “Kültür Haftası” adlı bir dərgi çıxırdı. Peyami Safa buraxırdı. Fazıl Hüsnünün ilk şeirlərini ordan oxumuşam. Sivasda “Kültür Haftası”nı gözləyirdim həmişə. Ahmet Muhipin “Fahriye Abla”sı yayımlanmışdı bu dərgidə. Baş verən hər şeyi yaxından izləyirdim dərgilərdə.
Feridun Andaç: Dediniz ki şeir çox şəxsidi. Bəlkə də bu şairin təbiətindən qaynaqlanan bir şeydi. Yəni istər şeirin yaranma müddəti olsun, istərsə şairin dillə əlaqəsi olsun bu “şəxsiliyə dönük” bir xarakter göstərir. O dövrdə yazılan şeirlərə, Türk şeirindəki yönəlişlərə- cərəyanlara baxdığımızda sizin şeirlərinizin fərdi və çox fərqli bir tərəfi var. Bir tərəfdə “Garip Akımı”, digər tərəfdə 1940-cı illər ədəbi nəsli və sizin şeir istiqamətiniz...
Cahit Külebi: Mən şeiri yazmağa başlayanda Garip (Qərib ) şeiri hələ yoxuydu.
Feridun Andaç: Amma Cahit Külebi kimi ortaya çıxdığınız zaman Garip şeirinin təsir meydanı olduqca geniş idi. Sizsə tamamən fərqli bir tərzdə şeir dünyasında yer tutmağı bacardınız. Bəlkə də onların çata bilmədiyi, qısqandığı bir şeyiyidi bu. Anadolu insanının həssaslığını, söz və ifadə xüsusiyyətlərini şeirə gətirirdiniz. Şeirin “xalqlaşması” da deyə bilərik buna. Bir yandan lirik, digər yandan ictimai, başqa bir yandan adət-ənənələrlə sıx əlaqəsi olan şeir. Şeirinizin belə bir quruluşu varıydı. Öz içində həll olan, inkişaf edən, müstəqilliyini həmişə qoruyub saxlayan bir şeir... Bunlara sözünüz?
Cahit Külebi: Bir şeyə inanıram ki şeirimi bəzi yoxsulluqlar, bəzi çətinliklər doğub. Şeirimin ortaya çıxmağında yaşadığım çətinliklərin payı var. Həmişə o çətinlikləri yaşadım. Gecələr səhərə qədər oturub fransız dilini öyrənirdim. Bir yandan da “geliyon mu”, “gidiyon mu” şivəsiylə danışırdım. Sivasa “Sıvaç” deyirdim.
Qarşımda dərs kitabı olaraq Mustafa Nihat Özönün ədəbiyyat kitabı varıydı. Bütün xoşbəxtliyim bu kitabdakı şeirləri oxumağıydı. Faruk Nafız Çamlıbeli, Orhan Seyfi Orhonu, Yusuf Ziya Ortaçı, Ali Mümtaz Arolatı bu kitabdan tanımışam. Onlar mənim şeir pəncərəmi açdılar. Necə oldu bilmirəm, amma o yaşda fərqinə vardım ki, şeirin bəzi sehrli tərəfləri var.
Orhon Seyfinin “Peri Kızı”nı oxuyurdum heyranlıqla: “Bu kız öyle güzel ki, çıldırtır aşkı beni”. Burada o, qızımı təsvir edir? Xeyir. Bax, mən bu zəif şeirlərin zəif olduğunun fərqinə vararaq işə başladım. O qızın necə olduğunu anlatmağa çalışdım.
Hesab edirlər ki, mən xalq ozanıyam. Halbuki mən indinin özündə belə xalq ədəbiyyatına, xalq musiqisinə nifrət edirəm. Ancaq əlbəttə ki hamısının faydalı bir tərəfi var. Bundan başqa mənim yaxşı tərəfimi Orhan Veli kəşf etdi. Deyəsən 1947-ci iliydi. “Ülkü”də kiçik yazılar yazırdı. Orhon Veli bu yazıların birində belə deyirdi: “Mən şeirdə şeiri şeir eləyən nə varsa hamısını atmağa çalışdım: vəzn, qafiyə, məcaz, müxtəlif bənzətmələr, təşbehlər, istiarələr... Hər şeyi atdım. Halbuki Külebi hamısından daha bol istifadə edir. Mən niyə Külebiyə heyranam? Çünki o, xalq məcazlarını işlədir. Daha doğrusu işlətdiyi məcazlar xalqın deyil amma bu damardan gəlir...”.
örün mən nə deyirəm: “Yumurta gibi soyulmuş, beyaz, Bursadaki komşumuzun kızı!” Qızı nəyə bənzədirəm? Və ya belə deyirəm: “Cins tavuklar, tahta gibi dümdüz göğüslerimiz...”. Bunların hamısı xalq məcazlarıdı. Bunları mən yoxluqdan çıxartmışam. Bu nə fransız şeirində var, nə onda, nə də bunda.
Həyatda gördüyüm , yaşadığım çətinliklər, çatışmazlıqlar məndə tərsini doğurub. Xarici dil bilmirdim, amma milliliyə enmədən Qərb şeirini yazmışam.
Feridun Andaç: Şeirinizin modern bir tərəfi var. Burada “Hikaye”, “Hasret”, “Yeşeren Otlar”, “Sivas Yollarında” şeirlərini yada salmaq istəyirəm. Poetik tərəfinizi ən yaxşı ələ verən şeirləriniz?
Cahit Külebi: Deyirəm ki: “Saçlarımı kesip rüzgara atacağım!”. Mən o vaxtlar yer üzündən Yesenin adlı bir şairin gəlib keçdiyindən xəbərsiziydim. Əlli il sonra baxdım ki, Yesenin də öz saçlarından bəhs edib.
“Hasret” şeirini yazanda ehtiyatda olan zabitiydim. Altı ay əvvəl itirdiyim sevgili həyat yoldaşım, əziz Süheylamdan uzaqdaydım...
Feridun Andaç: Bir şeirin yaranışında təsir mənbəyi önəmlidi. Şairin yaşadığı mühit də. Şairin təbiətində o təsirlərə bir meyil də var. Şairin fərdi mövqeyi şahid olduğu hadisələrə yozum verir. Qayıdaq şeirinizə. Şeirinizin ümumi quruluşunda bunları görmək mümkün olur. Qabarıq görünən digər tərəfiniz lirikadır. Lirikanızı “Güz Türküləri” toplusunda görürük...
Cahit Külebi: “Güz Türküleri”ni uzun bir sevgi şeiri yazmaq üçün yazdım. əslində uzun şeir yazmaq qısa şeir yazmaqdan daha asandı. Diqqətlə etsəniz görərsiniz ki, “Güz Türküleri”ndə bəzi yerlərdə enişlər var. Orda qısa şeirin yumuşaqlığını, müxtəlif formalarını verməyə çalışmışam. Bunu “Atatürk Kurtuluş Savaşı”nda da elədim.
İndi fikir verin, Türkiyədə düşüncə alt qatının əksikliyi var. Bunu Aziz Nesin “Türk halkı ahmaktır” deyə dilə gətirir. Aziz Nesin nəticələrlə əlləşir, onun sənət anlayışı da budu. Amma doğru deyir. Halbuki onu çox qınadılar. Əslində Türk xalqı düşünməyi bilmir. Düşüncə alt qatımız 15-ci əsrdən bəri xədim edilib. Fikir verirsinizsə, bizim ədəbiyyatda Qərblə əlaqə qurduğumuzdan bəri ancaq yenilikdən yapışıb qalmışıq. Dünyada yeniliyin brend olduğu harda görülüb? Bizim axmaqlığımız burdan gəlir. Biz şeirdə düşüncə deyəndə həmişə siyasəti fikirləşmişik. Namık Kemaldən, Nazım Hikmetə, Müslim Çeliyə qədər bu belədi.
Digər tərəfdən sənət deyiləndə, şeir deyiləndə ancaq yenilik düşünüldü. Bunun əksini düşünürəm. Pablo Neruda “Yaşadığımı İtiraf Ediyorum” yazısında belə deyir: “Orijinallıq, fantaziyalar, bunların hamısı boş şeydi. Şeirin iki kökü var: biri dil, digəri yaradıcılıq. Mənim şeirlərimin əsası da budu”.
Baxın, çox sevdiyim arvadım öldü, oturub hüznümü şeirə tökə bilmirəm. Bilirsinizmi niyə? Mən çox şeyi 18 yaşımdaykən yazmışam. 20 yaşımda “Ben yalnızlığı gökte uçar gördüm, Ben yalnızlığı garip, naçar gördüm, Ben yalnızlığı gelip geçer gördüm” – deyə yazmışdım.
İndi 80 yaşımda o yalnızlığı yaşayıram...
Yanvar, 1994-cü il