Kulis.az gənc şair Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.
1.
ahım da tutmaz səni -
gəlib oxşar saçını.
mən dilənçi deyiləm,
əlim sənə açılır.
əllərim əllərinin
ayağına sərilir.
görürsən ki hər dəfə
sənin işin görülür.
mən sənin gözlərinin
qabağında ölmüşəm.
mən sənin əllərinin
ayağında ölmüşəm.
can da çıxıb qutarmaz,
canım çıxıb çoxalar.
ürəyin daş bağlayıb,
ürəyini ovxala.
ovxala ürəyinin
boş olan tərəfini.
ovxalayıb təmizlə
adımın baş hərfini.
itim də hürməz sənə -
dilinə de hürməsin.
dodaqlarına tapşır
üzümə tüpürməsin.
dodaqların üstümə
birləşib gələ bilər.
dodaqların üzümdə
vurulub ölə bilər.
daşım da dəyməz sənə -
havadaca asılar.
qovuşmasaq, bu dua
hər ağaca asılar.
hər ağacın budağı
yarpaqlar adımızı.
hər payız əzbərləyər
torpaqlar adımızı.
çiçək-çiçək dolaşıb
arıların dilində.
görüş-görüş gəzərik
cavanların əlində.
bax ha, ehtiyatlı ol,
çiçək var ki ev yıxar.
birdən onun aldığı
güldən adımız çıxar...
2.
mənim adım hər qadının sinəsinə yazılmaz,
adım sənin necə qondu sinənə?
məni niyə belə rahat buraxdın
darmadağın, yerlə yeksan, gecəqondu sinənə?
kişi qadın, adam qadın!
sevginin diqqət, yastığın vicdan olduğunu xatırladan qadın...
indi mən xoşbəxt olmaq üçün yox,
xoşbəxt etmək üçün yaşayıram
təqvimin son yarpağını.
səndən öyrəndim insanlığın müqəddəsliyini,
səndən öyrəndim kişiliyin hamılığını,
qadınlığın heç kəsliyini.
tənha qadın, divar qadın!
gecənin qaranlığına hönkürən canavar qadın...
gözlərin səhərin ilk işıqları...
3.
ağ gün bizdən bir bina aralıda yaşayır -
“Mutlu apartmanı”nda
biz yaşayan binanın adı “Çiləm”di
səhər gözümlə gördüm
bizim bina əyilib sizin binaya sarı ağ gün diləndi...
günəşin qabağını kəsir sizin binanız, gün düşmür bizimkinə
bizim binaya köçsən bitər bu savaş artıq.
çox şey istəmirik ki
camaat dağlar aşır
sən bizimçün bircə bina aş artıq.
hər dəfə eyni marketdə təsadüfən görüşürük
iki bina arasında rastlaşırıq
üstəlik
o ağ gün də bəzənib səninlə çıxır çölə
nə vaxt öpmək istəsəm dodaqların qırmızı kart göstərir...