Asayişi pozur sərçələr...

Asayişi pozur sərçələr...
20 aprel 2015
# 11:52

Kulis gənc şair Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.

***

iki sərçə

budaqda ictimai asayişi pozur.

fikir vermirlər onlara baxan iki gəncə…

qızın xəyalında

sərçələri götürüb evə aparmaq,

oğlanın xəyalında

qızı götürüb budağa çıxmaq…

***

parkda nəvəsinə laylay deyən nənə

gün düşməsin deyə

özünü sipər edir körpənin gözlərinə.

dimdik ayaqda durub kölgə salır

yol kənarındakı ağacların yerinə.

yol kənarındakı ağaclar

sarı xalı toxuyur

yarpaq ipliklərdən.

başı nəvəsinə qarışan

parkdakı nənənin yerinə…

***

binalar boy yarışına çıxıb

kim ən hündürə çatsa günəş onundu…

binaların yarışına buraxılmayan

başına günəş düşməyən

bir gün görməyən

bəxti zənci bir kişi

səkidə oturub ayaqqabı boyayır

bəxtinin rəngini köçürür ayaqqabılara.

onu ayaqlar altına atan bəxtini

ayaqlar altına atmaq istəyir…

# 1579 dəfə oxunub

Müəllifin son yazıları

# # #