Gənc şair Aqşin Yeniseyə şeir yazdı

Gənc şair Aqşin Yeniseyə şeir yazdı
3 iyun 2014
# 13:02

Kulis.Az gənc şair Elvin Bakiroğlunun yenicə yazdığı “Aqşin Yenisey üçün” şeirini təqdim edir

necəsən, şair?

darıxırsanmı bütün pozalarda?

həyatın şirinliyini axtarırsanmı

damarına vurulan sistemin

içindəki qlükozalarda?

ağ xalatlıların neçəsi qəşəngdi orda?

mən birini sevmişdim - dəliydi.

düzdü qəşəng deyildi, amma çox gözəliydi...

görəsən bizim şeirlərdə sünilik çoxdu

yoxsa onların təbəssümündə?..

əvvəl uça bilirdin,

indi içə də bilmirsən,

harda gizlənəcəksən

əcəlin ov mövsümündə?

sağlıqlar səni sağlığından elədilərmi?

sənə də demişdilərmi tez böyü,

böyüyən kimi uşaqlığından elədilərmi?

orda

o dörd divarın arasında

yaxandan yapışırmı "bəlkələr", "amma"lar?

hər şey cəhənnəm

yazdığın sonuncu şeiri

göstərirmi kardioqrammalar?

yeri gəlmişkən,

soruşurlarmı rəngin niyə saraldı

o üzü qaralar?

deyirsənmi

"mən əbədiyyət üfüqündə doğan günəşəm,

günəş qürub edəndə əlbəttə rəngi saralar?"

# 3289 dəfə oxunub

Müəllifin son yazıları

# # #